Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2475/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi və mənəvi ziyana görə cavabdehdən 35000 manat məbləğində maddi ziyan və 15000 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixində 3 saylı X3 məxsus 5 saylı Hamam binasının satışı ilə əlaqədar keçirilən hərracın qalibi olmuş, həmin gün hərracın yekunlarına dair protokol tərtib edilmiş və həmin protokola əsasən bu əmlaka 6098,4 manat məbləğinə satılmışdır. Həmin hamam binası Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1677/2-303 saylı icra vərəqəsinə əsasən satışa çıxarılmışdır. O qanunvericiliyin tələb etdiyi qaydada aldığı hamam binası üzrə hüquqlarını qeydiyyatdan keçirmək üçün İdarəyə müraciət etsə də müraciəti təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-2429/07 saylı qətnaməsi ilə iddiası təmin edilərək 5 saylı Hamam üzərində mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən şəhadətnamə verilməsini təsdiq edən şəhadətnamənin verilməsi cavabdehə tapşırılmışdır. Lakin cavabdeh qətnamənin icrasından yayınaraq bu qətnaməni qərəzli şəkildə icra etməmiş, bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, 12 il davam edən məhkəmə çəkişmələrində 30-a qədər məhkəmə aktları olmasına baxmayaraq, cavabdeh yenə də mülkiyyət hüququnu təsdiq edən sənədi verməkdən imtina etmişdir. Qətnamənin icrası ancaq cavabdehin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edildikdən sonra cinayət işinin başlanması barədə təqdimat veriləndən sonra təmin olunmuşdur. Bu müddətdə sağlamlığına ciddi ziyan dəymiş, maddi və mənəvi zərər çəkmişdir. Keçirdiyi stresslərin nəticəsində açıq ürək əməliyyatı keçirmişdir. 2014-cü ildə isə beyin infarktını (insult, paraliç) keçirmişdir. Keçirdiyi stress və əsəblə əlaqədar hazırda sağlamlığına qovuşa bilmir. 12 il ərzində o xeyli maddi ziyan çəkmişdir. 2006-cı ildə əmlakın alınması zamanı əmlak komissiyasına 6098 manat məbləğində pul ödəmişdir. Cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində o öz əmlakından istifadə edə bilməmişdir. Eyni zamanda 6098 manat məbləğində pul cavabdeh tərəfindən istifadə olunmuş və sahibliyindən çıxmışdır. 12 il ərzində gedən məhkəmə prosesləri nəticəsində ödədiyi dövlət rüsumları, digər xərcləri və öz müalicəsi ilə əlaqədar sərf etdiyi xərclər də onun çəkdiyu ziyan məbləğinə aiddir. Cavabdeh orqana ona dəymiş maddi və mənəvi ziyanı ödənilməsinə dair pretenziya məktubu ilə müraciət etmişdir. Lakin cavabdeh orqan **********85 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə əsassız imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2429/07 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək İddiaçı Zəlimxan oğlunun adına Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən 5 saylı hamam üzərində mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Dövlət X6 üzrə Dövlət Komitəsinə tapşırılmışdır. - Xətai rayon məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinin surətindən görünür ki, məhkəmənin qətnaməsi xx.xx.2008-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2008-ci ildə icraya yönəldilmişdir. - Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il tarixli qərarla icraata başlanmış icra işinin materiallarına məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd olunan icra sənədinin icrası ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmiş, icra sənədini icra etmədiyinə görə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə İdarənin rəisi X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Qaradağ rayonu Səngəçal qəsəbəsi, Suvorov küçəsi 12R ünvanında yerləşən ümumi sahəsi 651,8 kv.m. olan qeyri-yaşayış binasına İddiaçı Zəlimxan oğlunun mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********85 №li məktubun surətindən görünür ki, İdarə tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, ona maddi və mənəvi ziyan vurulmamışdır. İdarə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəalarına əsasən öz prosessual hüquqlarından istifadə etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. X8 Məhkəməsinin bir sira Qərarlarında ifadə olunan hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi “mülki hüquq və vəzifələrin müəyyən edilməsi” ilə bağlı hüquqi prosedurların bütün mərhələlərində, o cümlədən qərarın çıxarılmasından sonrakı mərhələdə də tətbiq olunur. 6-cı maddənin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40). Odur ki, “mülki hüquq və vəzifələrin müəyyən edilməsi” ilə bağlı qüvvədə olan məhkəmə qərarının icra edilməməsi məhkəməyə müraciət hüququnun səmərəsizliyinə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxxxx 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə xx xxxxx 2011-ci il tarixli, C.İsmayılzadənin şikayəti üzrə x xxxx 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” x xxxx 2014-cü il tarixli Qərarları). Hazırki iş üzrə Xətai rayon məhkəməsinin qətnaməsi isə şübhəsiz “mülki hüquq və vəzifələrin müəyyən edilməsi” ilə bağlı olmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, məhkəmə qətnaməsinin icra olunması ilə bağlı cavabdehə dəfələrlə qanunvericliyin tələblərinə uyğun olaraq xəbərdarlıq edilmiş, məcburi icra tədbirlərinə dair qərarlar qəbul edilmiş, idarənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilmiş, cavabdeh icra məmurunun icraata başlamaq haqqında qərarını mübahisələndirmiş, müxətlif iddialarla məhkəməyə müraciət edilsə də iddia tələbləri rədd edilmiş (mümkün hesab edilməmiş), nəhayətdə məhkəmə qərarı icra edilərək iddiaçı xx.xx.2019-cu ildə mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarış verilmişdir. Mülkiyyət hüququnu tanıyan məhkəmə qərarlarının icra olunmaması zamanı Avropa Məhkəməsi dəfələrlə oxşar məsələlərlə bağlı işlərdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci bəndinin pozuntusunu müəyyən etmişdir (bax. “Burdov Rusiyaya qarşı” (Burdov v.Russia) işi üzrə Avropa Məhkəməsinin qərarı, 59498/00 saylı şikayət, §34; “Qerasimova Rusiyaya qarşı”(Gerasimova v.Russia) işi üzrə xx xxxxxxx 2005-ci il tarixli Avropa Məhkəməsinin qərarı, 24669/02 saylı şikayət, §17; və “Qizzatova Rusiyaya qarşı”(Gizzatova v.Russia) işi üzrə xx xxxxxx 2005-ci il tarixli Avropa Məhkəməsinin qərarı, 25124/03 saylı şikayət, §19). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, məhkəmə qərarının vaxtında icra edilməməsi ilə bağlı cavabdehin hərəkətləri qanuni olmamışdır. Məhkəmə İddiaçı məhkəmə qərarının vaxtında icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri və hərəkətsizliyi nəticəsində ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında inzibati orqan tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Məhkəmə iddia tələbinin maddi ziyanla bağlı hissəsi ilə əlaqədar hesab edir ki, iddiaçı ona 35.000 manat məbləğində maddi ziyanın vurulmasını iddia etsə də həmin maddi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının ödədiyi 6098 manat isə hərracın nəticəsində hamamın dəyəri ilə bağlı olmuşdur ki, həmin məbləğ maddi ziyan hesab edilə bilməz. Belə ki, hərracın nəticələri üzrə ödənilən 6098 manat onun hüquqlarının tanınmasına əsas olan məhkəmə qətnaməsinin çıxarılması və nəticə etibarilə daşınmaz əmlaka iddia edilməsinə səbəb olmuşdur. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar hesab edir ki, məhkəmə qətnaməsinin uzun müddət icra edilməməsi nəticəsində iddiaçı mənəvi sarsıntılara və iztirablara məruz qalmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tə--rəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ha-be-lə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın uzun müddət ərzində məhkəmə qərarını icra etməməsi nəticəsində iddiaçı mənəvi sarsıntılara məruz qaldığından mənəvi ziyana görə iddiaçıya ödənilməli olan məbləğin 1000 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən 1000 (min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən 1000 (min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2475/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2475/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver