Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2475/2024 08.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - 3-cü şəxs) “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - 3cü şəxs) “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2003-cü il tarixli icarə müqaviləsi əsasında istifadəsinə verilmiş torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31.2 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin torpaq sahəsinin istifadəyə verilməsi haqqında xx.xx.2003-cü il tarixli, № 01/034 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 34875,5 kv.m olan torpaq sahəsi iddiaçıya ayrılmışdır. İstifadəsində olan həmin torpaq sahəsində layihə əsasında fərdi yaşayış evi tikmişdir. Bununla əlaqədar olaraq, istifadəsində olan ümumi sahəsi 34875,5 kv.metr torpaq sahəsində tikdiyi fərdi yaşayış sahəsinin dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq reyestrdən çıxarışın və texnki pasportun verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina məktubu ilə hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Məhkəmə qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş 3-cü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Cavabdehin etirazında bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim olunan müqavilədə tərəf olaraq İddiaçı göstərilsə də, müqavilə "xxxx" MMC-nin nümayəndəsi qismində İddiaçı tərəfindən imzalanmışdır. Həmin müqavilədə Balaxanı Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 06 saylı qərarına istinad olunsa da, qərar İdarəyə təqdim edilməmişdir. Müqavilədə torpaq sahəsinin istehsalatla məşğul olmaq üçün ayrıldığı qeyd edilsə də, iddiaçı tərəfindən həmin torpaq sahəsində yerləşən əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınması xahiş olunur. Lakin fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1 və 8.0.10.2-ci maddəsinə uyğun sənədlər təqdim olunmamışdır. xx.xx.2022-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı müəyyən olunmuşdur ki, göstərilən ərazidə talvardan ibarət daş sexi mövcuddur. xx.xx.2022-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 3.878 ha təşkil edir və ərazidəki tikili ikimərtəbəli olmaqla 3 otaqdan ibarətdir və hal-hazırda gözətçi evi kimi istifadə edilir. Elektron baza məlumatlarına əsasən torpaq sahəsinin 5289 kv.m. hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir və torpaq sahəsindən 8.4 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir və faktiki göstərilən sahənin 731 kv.m. hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, sözügedən “Torpaq sahəsinin plan və ölçü” sənədindəki torpaq sahəsinin koordinatları ilə faktiki sahə arasında konfiqurasiya və perimetrik ölçü fərqi var. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********80 saylı məktubu ilə etirazda göstərilənlər bildirilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 3.3154 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 6655 saylı xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən qeydiyyata alınmışdır. - Fərdi yaşayış evinin memarlıq-planlaşdırma bölməsindən görünür ki, fərdi yaşayış evinin ümumi sahəsi 31.2 kv.m-dir. - Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixli, 01/034 saylı torpaq sahəsinin istifadəyə verilməsi haqqında müqavilə əsasında Balaxanı bələdiyyəsi tərəfindən 34875,5 kv.m torpaq sahəsi ayrılmış, həmin sənəd Balaxanı bələdiyyəsinin arxivində mövcuddur. - İddiaçı ilə Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsi arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, Balaxanı qəsəbəsində sənaye ərazisində istehsalatla məşğul olmaq üçün torpaq sahəsi 99 illik iddiaçının istifadəsinə verilmişdir. - A № 537024 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-2394/2014 saylı qərarına və Bakı şəhəri Sabunçu rayonu, Balaxanı Bələdiyyəsi üzvlərinin ümumi yığıncağının xx.xx.2014-cü il tarixli 21 saylı Protokolu əsasən Sabunçu rayonu Balaxanı qəsəbəsində iddiaçının istifadəsinə verilmiş 34875.5 kv.m torpaq sahəsinin faktiki vəziyyəti və koordinatlarını əks etdirən plan-ölçüsü Dövlət Kadastr kitabında xx.xx.2015-ci il tarixli 41441 nömrə ilə uçota alınmışdır. - Sabunçu rayonu Balaxanı bələdiyyəsinin 109 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2003-cü il tarixli, 01/034 saylı sərəncam və digər sənədlər Balaxanı Bələdiyyəsinin arxivində aşkar edilməmişdir. Lakin İddiaçı torpaq sahəsinin daimi istifadəsinə verilməsinə dair xx.xx.2014cü il tarixli 21 saylı protokol mövcuddur. (əlavə olumuşdur).
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
1. Torpaq üzərində bələdiyyə mülkiyyəti "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək Maddə 5. Bələdiyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsi 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. 5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. 5.4. Müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyrihökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçıya Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsi ilə bağlanmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən Balaxanı qəsəbəsində sənaye ərazisində istehsalatla məşğul olmaq üçün torpaq sahəsi 99 illik iddiaçının istifadəsinə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtiadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-2394/2014 saylı qərarına əsasən müqavilədə dəyişiklik edilərək torpaq sahəsinin iddiaçının istifadəsinə daimi verilməsi vəzifəsi Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsinə həvalə edilmişdir. Cavabdeh tərəfindən torpaq sahəsi ilə bağlı A№537024 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət Kadastr kitabında xx.xx.2015-ci il tarixli 41441 nömrə ilə uçota alınmışdır. Beləliklə də iddiaçı qanuni istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. İnşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı ərizəsi cavabdeh tərəfindən araşdırılmış, nəticədə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi müvafiq sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Odur ki, cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının istifadəsində olan torpaq sahəsində inşa etdiyi ev üzərində qanuni istifadəçi olması təsdiqlənir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-8.0.10.2.-ci maddələrinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədlər cavabdehə orqana təqdim edilmişdir.maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Ən vacib hal isə ondan ibarətdir ki, cavabdeh orqan iddiaçının inşa etdiyi evin qanuni əsaslarla istifadə etdiyi torpaq sahəsinə dair təqdim etdiyi Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsi ilə bağlanmış xx.xx.2003-cü il tarixli müqaviləni nəzərə almadıgı halda inzibati iş məhkəmə icraatında oldugu dövrdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışla həmin torpaq sahəsi üzərində iddiaçının icarə hüququnu dövlət qeydiyyatına almışdır. Beləliklə işin yuxarıda şərh edilən hallarından göründüyü kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan müvafiq sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla istifadə etdiyi torpaq sahəsində inşa etdiyi ev üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla baglı deyildir. Cavabdehin formal dəlilləri ilə baglı məhkəmə bildirir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir... Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Torpaq sahəsinin neft sahələrinin mühafizə zolağında yerləşməsi ilə bağlı cavabdehin digər dəlilləri ilə baglı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşibyerləşməməsindən asılı olmayaraq, iddiaçının 2003-cü il tarixdə bələdiyyə ilə baglanmış müqavilə əsasında qanuni istifadəsində olan torpaq sahəsində inşa etdiyi ev üzərində gözlənilən mülkiyyət hüquqları 8 il daha əvvələ yaranmışdır. Torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı cavabdehin digər dəlilləri ilə baglı isə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2372/2023 saylı xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7). Məhkəmə kollegiyası oxşar iş üzrə həmin qərarında qeyd etmişdir ki, göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrindən istifadə zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir. X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Beləliklə də iddiaçının fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeyd alınmasını zəruri edən bütün faktiki şərtlər mövcuddur. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir. Yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsi arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilə əsasında istifadəsinə verilmiş torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31.2 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsi arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən istifadəsinə verilmiş torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31.2 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5
Hakim Mehriban Qarayeva