Məhkəmə qərarları › İş №2-1(112)-2476/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2476/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2476/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2 cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə iddiaçının hüquqlarının qeydiyyata alınması və plan-ölçünün tərtib edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə iddiaçının hüquqlarının qeydiyyata alınması və plan-ölçünün tərtib edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, Bakı Şəhər XDS İK-nın X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 5 may 2005-ci il tarixli 34915 nömrəli icarə müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Dübəndi bağ massivində yerləşən 260/2450 nömrəli bağ sahəsi sonuncunun icarəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinin özəlləşdirilməsi məqsədi ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan **********56 saylı 10 iyun 2021-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda göstərilmişdir ki, təqdim edilən keçmiş X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 5 may 2005-ci il tarixli 34915 nömrəli müqavilədə bağ sahəsinin ölçüsü qeyd edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Coğrafiyaçı” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılan torpaq sahəsinin ayrıc aktında kənarda yerləşir. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənəd – icarə müqaviləsi inzibati orqana təqdim edilmişdir. Həmin icarə müqaviləsinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı (qətnaməsi) mövcud deyil. Bundan əlavə, sözügedən müqavilədə bağ sahəsinin həcminin göstərilməməsi və elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin “Coğrafiyaçı” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılan torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi məsələsi iddiaçının iradəsindən, asılı olan hal deyil. Əvvəla, müqavilədə bağ sahəsinin həcminin göstərilməməsi o zaman səlahiyyətli dövlət orqanı olan Bakı Şəhər XDS İK-nın X1 və İstismarı Birliyinin məsuliyyətidir. Bu xüsusat iddiaçının hüquqlarının realizəsinə maneə ola bilməz. İkincisi, elektron kadastr məlumatlarında iddiaçının istifadəsində olan bağ sahəsinin “Coğrafiyaçı” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılan torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi məsələsinə gəldikdə isə, bu məsələ iddiaçının iradəsindən asılı olan hal deyil. Dolayısı ilə, bu əsasa görə cavabdeh olan şəxs DƏDRX 1 saylı Bakı Ərazi İdarəsidir. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Yuxarıda yazılanları nəzərə alaraq və İPM-in 45 və 46 maddələrini rəhbər tutaraq, Bakı Şəhər XDS İK X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 5 may 2005-ci il tarixli 34915 nömrəli icarə müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Dübəndi bağ sahəsi ünvanında yerləşən 260/2450 nömrəli bağ sahəsinə dair iddiaçının (İddiaçı) mövcud vəziyyətdə faktiki ölçülərə uyğun olaraq adına plan və ölçünün tərtib olunması və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş 2 dekabr 2021-ci il tarixli məktubunda iddia ilə bağlı məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 8 may 2021-ci il tarixdə DƏDRX 1 saylı bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən keçmiş X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 5 may 2005-ci il tarixli 34915 nömrəli müqavilədə bağ sahəsinin ölçüsü qeyd edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi “Coğrafiyaçı” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılan torpaq sahəsinin “ayrıc aktı”ndan kənarda yerləşir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 10 iyun 2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyat alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən ica müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatın üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasını protokolundan çıxarış təqdim edilməlidir. «Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2181 sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı ŞİH-in nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 23-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 66.1-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş olunur. İPM-in 54.1-ci mçaddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının Bakı ŞİH X1 və İstismarı Birliyi ilə bağlanmış 5 may 2005-ci il tarixli 34915 saylı müqavilə əsasında ona ayrılmış Bakı şəhəri, Dübəndi bağ massivində yerləşən 260/2450 nömrəli 1.200 kv.m ölçüdə bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması, reyestrdən çıxarışın verilməsi və “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması» kmi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin dördüncü hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Bakı ŞİH X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 5 may 2005-ci il tarixli 34915 saylı müqaviləyə əsasən Bakı şəhəri, Dübəndi bağ massivində yerləşən 260/2450 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsaslanaraq, həmin bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi, eləcə də “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinanı belə əsasandırmışdır ki, təqdim olunmuş müqavilədə bağ sahəsinin ölçüsü göstərilməmişdir, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi “Coğrafiyaçı” bağçılıqyoldaşlıq təsərrüfatına ayrılan torpaq sahəsinin “ayrıc aktı”ndan kənarda yerləşir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı Xidmətinin mütəxəssis rəyində aşağıdakılar bildirilir: - İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağlar massivindəki 260/2450 nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi 1.200 kv.m torpaq sahəsi Xəzər dənizindən 62 – 67 metr aralı məsafədə, ümumi ərazi daxilində yerləşir. Bağ sahəsinin döngə nöqtələrinə şərti olaraq 40 sm hündürlüyündə armatur basdırılmış və 1 ədəd mişar daşı qoyulmuşdur, üzərində tikili mövcud deyil. Ümumi ərazinin dəniz tərəfi şərti, qalan tərəfləri mişar daşı ilə hasarlanmışdır. Qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil edir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə ilə "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən ölçülmüş sahə arasında fərq var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Cavabdeh DƏDRX 1 saylı Ərazi İdarəsinin imtinasında göstərilən dəlillərə gəldikdə isə, məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır: - iddia edilən bağ sahəsinin ölçüsünün dəqiqləşdirilməsi ilə bağlı inzibati icraatda yetərli tədbirlər görülməsə də, məhkəmə icratında toplanmış sübutlarla bağ sahəsinin 1.200 kv.m ölçüdə olması müəyyən edilir; - bağ sahəsinin kadastr baza məlumatlarına əsasən ayrıc aktından kənar əraziyə düşməsi iddiaçının iradəsindən asılı hal deyil, müvafiq uyğunsuzluğun aradan qaldırılması isə cavabdeh inzibati orqanın səlahiyyətləri daxilindədir; - imtina məktubunda göstərilənlər həmin bağ sahəsinə hüquqların qeydiyyata alınmasından imtina üçün əsas deyil, bu hal «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 15-ci maddəsinin tələbləri ilə uzlaşmır; - iddiaçıya bağ sahəsinin ayrılması barədə 5 may 2005-ci il tarixli müqavilə qüvvədədir və qanunla bu qəbildən olan müqavilələr reyestrdə hüququn qeydiyyat alınması üçün əsasdır. Müqavilə qüvvədə olduğundan, iddiaçı «Torpaq islahatı haqqında» AR Qanununun 9 və 25-ci maddələrinə əsasən həmin bağ sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı Bakı ŞİH X1 və İstismarı Birliyi ilə bağlanmış 5 may 2005-ci il tarixli 34915 saylı müqavilə əsasında ayrılmış və Bakı şəhəri, Dübəndi bağ massivində yerləşən 260/2450 nömrəli bağ sahəsinə mövcud vəziyyətdə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı, müvafiq reyestrdən çıxarış verilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Bakı ŞİH X1 və İstismarı Birliyi ilə bağlanmış 5 may 2005-ci il tarixli 34915 saylı müqavilə əsasında ona ayrılmış, Bakı şəhəri, Dübəndi bağ massivində yerləşən 260/2450 nömrəli 1.200 kv.m ölçüdə bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması, reyestrdən çıxarışın verilməsi və “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı ŞİH X1 və İstismarı Birliyi ilə bağlanmış 5 may 2005-ci il tarixli 34915 saylı müqavilə əsasında ona ayrılmış, Bakı şəhəri, Dübəndi bağ massivində yerləşən 260/2450 nömrəli 1.200 kv.m ölçüdə bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması, reyestrdən çıxarışın verilməsi və “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar