Məhkəmə qərarları › İş №2-1(112)-2476/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2476/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2476/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininə qarşı “Azəriqaz” İstehsalat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “tikinti obyektinin istismarına icazə verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininə qarşı “Azəriqaz” İstehsalat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “tikinti obyektinin istismarına icazə verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin istimarına icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, “Azəriqaz” İstehsalat Birliyi üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov 21K ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin altındakı 0,0010 ha torpaq sahəsi (tikintialtı sahə 9,68) dövlət mülkiyyətində olmaqla İddiaçı istifadəsindədir. İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində inşa etdiyi 1 mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə verilməsi üçün “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun icraata başlamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, FHN X5 Xidməti, FHN X3 Görülməsi və X1 müraciətlər etmiş, sadalanan orqanlardan müsbət cavab gəlmiş və xx.xx.2024-cü il tarixdə “Obyektin istismara hazır olması barədə FHN-in rəyi” tərtib edilərək Fərmanın 1.1.3-cü yarımbəndinə əsasən həmin layihə və rəy Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi planla birlikdə elektron qaydada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixdə 3-35-1/2-S-36- 1408/2024 nömrəli məktubla istismara qəbul prosesinin ona aid olan hissəsindən imtina edərək qeyd etmişdir ki, qeyri-yaşayış binası tərtib edilmiş yerquruluşu planına əsasən magistral boru kəmərlərinin mühafizə zolağında yerləşir, həmçinin Fərmanın 1.7-ci bəndinin tələbərinə cavab vermir. Həmçinin, təqdim olunmuş tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi qeyri-yaşayış obyektinin mövcud vəziyyətini əks etdirmir. Halbuki, “Azəriqaz” İB-nin xx.xx.2024-cü il tarixdə tərtib etdiyi akt və məktubundan görünür ki, qeyri-yaşayış binasının qarşısından keçən D530 mm-lik (istismar verildiyi tarix- 1989) və D325 mm-lik (istismar verildiyi tarix-1975) qaz kəmərləri yeraltıdır və orta təzyiqlidir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir İddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin hallarından müəyyən olunur ki, iddiaçı “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, FHN X5 Xidməti, FHN X3 Görülməsi və X1 müraciətlər etmiş, sadalanan orqanlardan müsbət cavab gəlmiş və xx.xx.2024-cü il tarixdə “Obyektin istismara hazır olması barədə FHN-in rəyi” tərtib edilərək Fərmanın 1.1.3-cü yarımbəndinə əsasən həmin layihə və rəy Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi planla birlikdə elektron qaydada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixdə istismara qəbul prosesinin ona aid olan hissəsindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin qeyd edilən imtinasının əsassız hesab edilməklə, ona həmin ərazidə qeyriyaşayış binasının istismarına icazə verilməsini mübahisələndirir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyri-yaşayış obyekti SOCAR-ın istismarında olan qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. İş materiallarında olan Bakı Regional Qaz İstismarı Departamentinin “Azəriqaz” İstehsalat Birliyinə ünvanlanmış məktubunda mübahisə predmeti tikinti obyektinin qarşısından D530 və D325 mm-lik yeraltı orta təzyiqli qaz kəmərlərinin keçdiyinin, lakin iddiaçıya və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış məktubda isə həmin ərazidə qaz xətləri və qaz qurğularının mövcud olmadığının bildirildiyi barədə məlumatlardakı uyğunsuzluğa aydınlıq gətirilməsinə dair qaldırılan məsələ ilə əlaqədar bildirilmişdir ki, Bakı Regional Qaz İstismarı Departamentinin “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığı məktub daxili məktubdur və həmin məktubda sözügedən qaz kəmərlərinin obyektin 5,2 metr məsafəsindən (L=5.2) keçdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2 nömrəli əlavəsinə əsasən, təhlükəsizlik tədbirləri ilə əlaqədar orta təzyiqli yeraltı qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan təhlükəsizlik zonası 4 metr müəyyən olunmuşdur. Qanunvericiliyin qeyd olunan normasından göründüyü kimi, sözügedən obyekt qeyd olunan qaz kəmərlərinin təhlükəsizlik zonasından kənarda yerləşir və bu səbəbdən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçıya və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış məktubunda həmin ərazidə qaz xətləri və qaz qurğularının mövcud olmadığı qeyd olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. 101.3. Bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş müddəa tikintisinə icazə tələb edilməyən obyektlərə şamil olunmur. 101.4. Tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə verilməsi üçün müraciətə sifarişçi tərəfindən bu Məcəllənin 102.1-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.1-1. Reklam qurğularının istismarına icazə üçün müraciətə sifarişçi tikintiyə icazəni əlavə edir. 102.1-2. Bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.3. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. 102.4. Tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verir və ya verilməsindən imtina haqqında qərar qəbul edir. 102.4-1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikinti obyektinin istismarına icazənin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə məlumatı 2 iş günü müddətində sifarişçiyə göndərir. Bu məlumat sifarişçiyə daxil olduqdan sonra icazənin verilməsi üçün dövlət rüsumu 5 iş günü müddətində sifarişçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilir. 102.4-2. Sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə göndərilir. 102.4-3. Bu Məcəllənin 102.4-2-ci maddəsində göstərilən əsasla icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə edilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə göndərir. 102.5. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə ilə bağlı sənədləri tikinti obyekti sökülənədək və ya müvafiq sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun arxivə təhvil verilənədək saxlamağa borcludur. 102.6. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı ilə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma göndərir 102.7. Tikinti obyektlərinin istismarına icazə verildiyi andan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, dərhal bu məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 102.7-1.Tikinti obyektinin istismarına icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. 102.8. Bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 102.9. Tikinti obyektinin istismarına icazə icraatı üzrə bu Məcəllənin 102.1-102.4-3cü, 102.6-cı və 102.7-ci maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023cü il tarixli, 2181 nömrəli Fərmanı:

1. Müəyyən edilsin ki: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyriyaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; 1.1.3. Nazirlik:

1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 30 (otuz) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda, habelə infrastruktur obyektinə münasibətdə həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir;

2. bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini onun tərtib edildiyi gündən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərir; 1.1.4. Mərkəz bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən göndərilmiş layihəni və rəyi aldıqdan sonra 3 (üç) iş günü müddətində həmin sənədləri kameral şəraitdə təhlil edir və qeyri-yaşayış binası (infrastruktur obyekti) barədə məlumatları Tikintilərin Dövlət reyestrində uçota alınmaq üçün Komitəyə təqdim edir;[6] 1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı:

1. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının (infrastruktur obyektinin) istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;

2. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür;

3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir; 1.2. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət bu müraciəti edən şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (infrastruktur obyekti) ilə bağlı olduğu halda şəxs müraciətinə torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədin surətini, müraciət başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin xüsusi mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (infrastruktur obyekti) ilə bağlı olduqda isə müraciət edən şəxs müraciətinə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini əlavə edir;[8] 1.3. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət edən şəxs müraciətinə bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasında göstərilən layihəni əlavə edir; 1.4. dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki və ya qeyridövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının (infrastruktur obyektinin) bu Fərmana uyğun olaraq istismarına icazə aşağıdakı şərtlər yerinə yetirildikdə verilir: 1.4.1. dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (infrastruktur obyektinə) münasibətdə – onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra; 1.4.2. bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (infrastruktur obyektinə) münasibətdə – onun yerləşdiyi torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq bələdiyyə tərəfindən həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra; 1.5. bu Fərmanın 1.4-cü bəndində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə satılması və ya icarəyə verilməsi tələbi qeyri-yaşayış binasının (infrastruktur obyektinin) “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən fiziki şəxslərin qanuni istifadəsində olan və əvəzsiz olaraq onların mülkiyyətinə verilən torpaq sahəsində yerləşdiyi hallara şamil edilmir; 1.6. bu Fərmanın məqsədləri üçün qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi və fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri torpağın ayrılması barədə və ya torpağa dair hüquqmüəyyənedici sənədlərdə göstərilən, yaxud tikinti layihəsində əks olunan tikinti ərazisinin hüdudları ilə müəyyən olunur. Belə sənədlər olmadığı hallarda fiziki və ya qeyridövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri qeyri-yaşayış binasının (infrastruktur obyektinin) tikinti sahəsindən az olmamaq şərtilə Xidmət tərəfindən müəyyən olunur; 1.7. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyriyaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir; 1.8. şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir; 1.9. qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisi (sahibi) bu Fərmanın 1.1.3-cü yarımbəndinin 2-ci abzasına əsasən göndərilən rəydə göstərilmiş çatışmazlıqları aradan qaldırdıqda, bu Fərmanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan müayinənin yenidən aparılması üçün Nazirliyə müraciət edə bilər.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərman qəbul edilmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçının inşa etdiyi qeyri-yaşayış obyektinin istismarına icazə verən səlahiyyətli orqan qismində hazırkı halda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi çıxış edir. Qeyd edilən Fərmanda tikinti obyektinin istismara qəbul edilməsi üçün izlənilməli olunan prosedur qaydaları göstərilmişdir. İddiaçı “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, FHN X5 Xidməti, FHN X3 Görülməsi və X1 müraciətlər etmiş, sadalanan orqanlardan müsbət cavab gəlmiş və xx.xx.2024-cü il tarixdə “Obyektin istismara hazır olması barədə FHN-in rəyi” tərtib edilərək Fərmanın 1.1.3-cü yarımbəndinə əsasən həmin layihə və rəy Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi planla birlikdə elektron qaydada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubla tələbin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, obyekt yerquruluşu planına əsasən magistral boru kəmərlərinin mühafizə zolağında yerləşir, həmçinin Fərmanın 1.7-ci bəndinin tələblərinə cavab vermir, təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi qeyriyaşayış obyektinin mövcud vəziyyətini əks etdirmir. İş materiallarında olan, Bakı Regional Qaz İstismarı Departamentinin “Azəriqaz” İstehsalat Birliyinə ünvanlanmış məktubunda mübahisə predmeti tikinti obyektinin qarşısından D530 mm=lik və D325 mm-lik yeraltı, orta təzyiqli qaz kəmərlərinin keçməsi bildirilmişdir. Bakı Regional Qaz İstismarı Departamentinin iddiaçıya və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış məktubunda isə həmin ərazidə Bakı Regional Qaz İstismarı Departamentinə məxsus qaz xətləri və qaz qurğularının mövcud olmaması bildirilmişdir. Göstərilən işin obyektiv araşdırılması məqsədi ilə, qeyd edilən məlumatlardakı uyğunsuzluğun nədən irəli gəlməsi barədə məlumatın, o cümlədən mübahisə predmetin obyektin qaz kəmərlərinin mühafizə zonasında yerləşib-yerləşməməsinə dair məlumatın təqdim edilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə tərəfindən sorğu ünvanlanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2025-ci il tarixli məktubu ilə qeyd edilən məsələlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müraciət edilməsi tövsiyə edilmiş, məhkəmə tərəfindən sorğu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ünvanlanmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyri-yaşayış obyekti SOCAR-ın istismarında olan qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. İş materiallarında olan Bakı Regional Qaz İstismarı Departamentinin “Azəriqaz” İstehsalat Birliyinə ünvanlanmış məktubunda mübahisə predmeti tikinti obyektinin qarşısından D530 və D325 mm-lik yeraltı orta təzyiqli qaz kəmərlərinin keçdiyinin, lakin iddiaçıya və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış məktubda isə həmin ərazidə qaz xətləri və qaz qurğularının mövcud olmadığının bildirildiyi barədə məlumatlardakı uyğunsuzluğa aydınlıq gətirilməsinə dair qaldırılan məsələ ilə əlaqədar bildirilmişdir ki, Bakı Regional Qaz İstismarı Departamentinin “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığı məktub daxili məktubdur və həmin məktubda sözügedən qaz kəmərlərinin obyektin 5,2 metr məsafəsindən (L=5.2) keçdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2 nömrəli əlavəsinə əsasən, təhlükəsizlik tədbirləri ilə əlaqədar orta təzyiqli yeraltı qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan təhlükəsizlik zonası 4 metr müəyyən olunmuşdur. Qanunvericiliyin qeyd olunan normasından göründüyü kimi, sözügedən obyekt qeyd olunan qaz kəmərlərinin təhlükəsizlik zonasından kənarda yerləşir və bu səbəbdən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçıya və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış məktubunda həmin ərazidə qaz xətləri və qaz qurğularının mövcud olmadığı qeyd olunmuşdur. Qeyd edilənlərdən müəyyən olunur ki, cavabdehin obyektin magistral boru kəmərlərinin mühafizə zonasında yerləşməsi ilə bağlı dəlili öz təsdiqini tapmır. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdeh istismara icazədən imtinası zamanı istinad etdiyi Fərmanın 1.7-ci bəndinin tələblərinə cavab verməməsi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin qeyri-yaşayış obyektinin mövcud vəziyyətini əks etdirməməsi kimi dəlilləri əsaslandırılmamışdır . Cavabdeh iddiaçının təqdim etdiyi layihənin mövcud vəziyyətlə hansı uyğunsuzluq təşkil etdiyini, hansı tələblərə uyğun olmadığını araşdırmamış, Fərmanın 1.7-ci bəndinə uyğunluğu üçün iddiaçının hansı hərəkətləri etməli olduğunu bildirməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur (maddə 5.1). İnzibati orqan, bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, 15 günədək uzadıla bilər (maddə 5.1-1). Eyni Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmin Qanunun: 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Sadalanan normalardan görünür ki, qanun inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, öz səlahiyyətləri və imkanları daxilində inzibati orqanların bir-birinə hüquqi yardım göstərməsini nəzərdə tutur, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçinin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. Qeyd olunanları işin faktiki halları ilə müqayisə etdikdə müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı “İnzibati icraat haqqında” Qanunun, eləcə də Fərmanın tələblərinə formal yanaşılmaqla lazımınca əməl olunmamışdır. İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). Hazırkı iddia tələbi İPM-nin 73.3.3-cü maddəsinin təsir dairəsinə aiddir. Məhz bu baxımdan qiymətləndirmə apararaq məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh orqanın imtina məktubunda istismara icazə verilməsindən imtina üçün gətirdiyi dəlillərin hüquqi əsası olmamaqla bu imtina iddiaçının hüquq və qanuni mənafeyini pozmuşdur. İddiaçının müraciəti ilə bağlı əlavə araşdırmanın aparılması zəruridir və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün deyildir. Belə ki, inzibati məhkəmə nəzarətinin məqsədi inzibati orqanın yerinə inzibati icraat aparmaq deyil, əsaslandırılmış inzibati icraatın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Eyni zamanda məhkəmə qeyd edir ki, əgər inzibati orqan yuxarıda sadalanan Fərmanın tələbləri baxımından istismara icazə verilməsi yenidən müvafiq sənədlərin toplanılmasını tələb edirsə bu halda cavabdeh “İnzibati icraat” haqqında Qanunun 15, 19, 24-cü maddələrinə əsasən sənədlərin toplanılması və araşdırılması ilə bağlı iddiaçı tərəfə yardım etməklə yeni inzibati icraat aça, yeni icraat zamanı Qanunla tələb olunan layihə və əsaslandırmanı qəbul edərək yoxlama apara bilər. Beləliklə, məhkəmə hazırkı iş üzrə bu nəticəyə gəlir ki, cavabdehin üzərinə iddiaçının müraciətinə yenidən baxmaq, yeni inzibati icraat zamanı xx.xx.2024-cü il tarixli məktubda olan imtina dəlillərinə əsaslanmamaq, qanunvericiliyin tələbləri çərçivəsində zəruri araşdırmalar həyata keçirməklə iddiaçının ərizəsi ilə bağlı müvafiq qərar qəbul etmək və bu zaman iddiaçının xeyrinə olan hüquqi mövqeni, yəni obyektin magistral boru kəmərlərinin mühafizə zonasında yerləşməməsini nəzərə almaq öhdəliyi qoyulmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin istimarına icazə verilməsi ilə bağlı müraciəti üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin istimarına icazə verilməsi ilə bağlı müraciəti üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar