Məhkəmə qərarları › İş №2-1(112)-2477/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2477/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2477/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “nikah akt qeydinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “nikah akt qeydinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X2 ilə 6 may 1993-cü il tarixdə bağlanmış nikah akt qeydinin bərpa edilməsi vəzifəsinin Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 6 may 1993-cü il tarixdə X2 ilə nikaha daxil olmuşdur. Bu barədə nikah haqqında Şəhadətnaməsi vardır. Lakin halhazırda vərəsəlik işi ilə bağlı qeydiyyat şöbəsinə müraciət edərkən ona bildirilmişdir ki, nikah qeydi sistemdə görünmür. Nikah akt qeydinin bərpa olunması üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin imtina cavabı almışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsasə Müddəalar”ın 13-cü maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadığı ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Müvafiq qaydaların 14-bəndində qeyd edilmişdir ki, aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edir ki, nikah haqqında akt qeydinin bərpa edilməsi məqsədi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, lakin orada ərizəyə baxılmamış, inzibati icraat qaydasında İnzibati Məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən İddiaçı X2 ilə 6 may 1993-cü il tarixdə bağlanmış nikah akt qeydinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Əvvəlki məhkəmə hazırlıq icraatı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdehin xx.xx.2020-ci il tarixli, 162 saylı imtina məktubundan görünür ki, iddiaçının Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının nikah haqqında akt qeydinin bərpa olunması barədə müraciəti araşdırılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətədaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edildiyi, sözügedən müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edildiyi bildirilərək müraciətini təmin etməkdən imtina edilmişdir. İddiaçı nikah haqqında akt qeydinin bərpa edilməsini tələb etdiyindən, məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 13-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin müddəaların 14-cü bəndinə əsasən İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin müddəaların 15-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. Həmin müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında” Qaydalarının 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qanunvericiliyin tələblərindən görünür ki, nikahın bağlanması haqqında itirilmiş akt qeydi yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilməsi mümkündür. Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası üçün həmin qeydin həqiqətən olduğunu təsdiq edən sənədlərin müvafiq icra hakimiyyəti orqanına, yəni hazırki halda qeydiyyat şöbəsinə təqdim edilməsi zəruridir. İş materiallarına əlavə edilmiş, -AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. -Nikahın bağlanması haqqında Şəhadətnamənin kserosurətindən görünür ki, İddiaçı ilə X2 arasında bağlanmış nikah Şəki şəhər VVAQ şöbəsində qeydiyyata alınaraq bu barədə Vİ-ЖГ№354590 saylı 06 may 1998-ci il tarixli Şəhadətnamə verilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli ******* №li arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 18 oktyabr 2003-cü il tarixdən, xx.xx.1950-ci il təvəllüdlü X2, xx.xx.1993-cü il təvəllüdlü X3, Bakı şəhəri, Təbriz küçəsi, ev 17, mənzil 7 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanan Bakı Məhkəmə Tibbi Ekspertiza və X6 AZ seriyalı, 101728 №li xx.xx.2020-ci il tarixli tibbi şəhadətnamədən görünür ki, X1 ölüm akt qeydi aparılmışdır. Hazırki halda İddiaçı ilə X2 arasında 06 may 1993-cü il tarixdə bağlanmış nikah akt qeydinin bərpa edilməsi vəzifəsinin Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən verilən imtina məktubunda qeyd olunan məsələnin araşdırılması məqsədilə İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü, Şəki şəhəri) hazırda rəsmi nikahda olub-olmaması və ya nikahın pozulması barədə məlumat sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsindən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilən cavab məktubunda İddiaçı xx.xx.1993-cü ildə Şəki rayon qeydiyyat şöbəsində xx.xx.1950-ci il təvəllüdlü X2 ilə nikaha daxil olduğu, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2021-ci ilədək olan dövrə aid daxil edilmiş məlumatlar öyrənilərkən həmin nikahın pozulmasına dair hər hansı məlumatın aşkar olunmadığı, xx.xx.2020-ci ildə vəfat etmiş B.Mustafayevin ölümünün xx.xx.2020-ci ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı bildirilmişdir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X2 06 may 1993-cü il tarixdə nikaha daxil olmuş, bu barədə Şəki şəhər VVAQ şöbəsində akt qeydi aparılaraq Vİ- ЖГ№354590 saylı 06 may 1998-ci il tarixli Şəhadətnamə verilmişdir. İddiaçı əri və övladı ilə birlikdə Bakı şəhəri, Təbriz küçəsi, ev 17, mənzil 7 ünvanında yaşamışlar. Məhkəmə araşdırması zamanı tələb olunan müvafiq sorğular əsasında məhkəməyə təqdim edilmiş ölüm akt qeydindən də müəyyən edilir ki, X1 ölümünü xəbər verən arvadı İddiaçı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunan hallara istinadən məhkəmə hesab edir ki, iddiaçı sözügedən nikah akt qeydinin bərpa olunmasını tələb etməkdə haqlıdır və cavabdeh tərəfindən onun müraciətini təmin etməkdən imtina edilməsi əsassız olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılan halları ilə həmçinin iddiaçının X2 ilə faktiki və qanuni nikah münasibətlərində olmaları, onların nikahlarının rəsmiləşdirərək, buna dair nikah haqqında akt qeydinin olması, onların həmin nikah münasibətlərindən uşaqlarının olması müəyyən edildiyindən, istinad olunan dəlillər əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə X2 arasnda 06 may 1993-cü il tarixdə bağlanmış nikah akt qeydinin bərpa edilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ilə X2 arasnda 06 may 1993-cü il tarixdə bağlanmış nikah akt qeydinin bərpa edilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar