Məhkəmə qərarları › İş №2-1(112)-2477/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2477/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2477/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh Dövlət Mineral X1rşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh Dövlət Mineral X1rşı “qərarın ləğv edilməsi” barədə iddia ərzəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunan sənədlərdən görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsində bütün icazə və lazımı razılaşmalar alınmışdır. Lakin cavabdeh 27 may 2021-ci il tarixli qərar əsasında yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydası və icazə şərtlərinin pozulmasına əsaslanaraq yerin təkindən istifadə hüququnu pozmuşdur. Halbuki, MMC tərəfindən aparılan dağ mədən işləri müvafiq ekspert rəylərinə, ekoloji pasporta və təsdiq edilmiş plana uyğun olaraq aparılmışdır. Lakin cavabdeh heç bir araşdırma aparmadan, ekspertiza keçirmədən yerin təkindən düzgün istifadə edilmədiyi qənaətinə gəlmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki aidiyyələ bağlı da iddia hazırkı məhkəmədə baxılmalı olan iddiadır. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun 19.14-cü maddəsindən də göründüyü kimi lisenziya (icazənin) özünün verilməsi ilə yanaşı lisenziyanın (icazənin) əlavəsinin de verilməsi halları nəzərdə tutulmuşdur. Həmin maddədən də görünür ki, lisenziyada göstərilən fəaliyyət növü və icazədə göstərilən hərəkət ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi (icra edildiyi) halda lisenziyanın (icazənin) əlavəsinin verilməsi qaydası nəzərdə tutulmuşdur. İş materiallarından da görünür ki, hazırkı fəaliyyətin vaxtı ilə lisenziyalı fəaliyyət hesab edildiyi dövrdə “Dağ-mədən ayırması” aktı ilə yanaşı ərizəçiyə 21 may 2020-ci il tarixli lisenziya da verilmişdir. Həmin lisenziya dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması ilə əlaqədar olmuş, lisenziyada fəaliyyətin ərazi sferası göstərilməmiş, ona əlavədə “Qudyalçay” qum-çınqıl yatağı ünvanında dağ-mədən işlərinin həyata keçirilməsinə icazə verilmişdir. Göründüyü kimi lisenziyanın özündə yox, əlavəsində ərazi sahəsi ilə bağlı məsələyə toxunulmuşdur. Belə anlaşılır ki, əlavə ilə digər ərazilərdə də hazırkı fəaliyyətin göstərilməsinə icazə verilməsi mümkün olan hal olmuşdur. Bu zaman lisenziyanın yenidən verilməsi tələb olunmur. Deməli Azərbaycan Respublikasının müxtəlif bölgələrində lisenziya (icazə) və lisenziyaya (icazəyə) əlavə nəticəsində müvafiq fəaliyyətlə məşğul olması mümkün olan şəxsin lisenziyası (icazəsi) ləğv olunacağı təqdirdə yaranacaq mübahisənin daşınmaz əmlakla bağlı olmayacaqdır ki, əks halda müxtəlif inzibati məhkəmələrin yurisdiksiyası altında olan torpaq sahələrinə münasibətdə yeganə icazə sənədinin ləğvinin baxıldığı məhkəmənin müzakirəsi araşdırılmalı olardı. Bu zaman halhazırda olan fəaliyyətin lisenziya ilə həyata keçirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi, hazırkı fəaliyyətin icazə tələb edən fəaliyyət olması da məsələnin mahiyyətini dəyişmir. Belə ki, 27 may 2021-ci il tarixli Qərardan da görünür ki, ərizəçiyə verilmiş yerin təkindən istifadə ilə bağlı hüquq yuxarıda adıçəkilən Qanunun 26.1.7-ci maddəsinə, eləcə də “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 6-cı bəndinə əsasən ləğv edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun 26.1.7-ci maddəsi lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə Lisenziya və icazənin (onun əlavəsinin yox) ümumilikdə ləğv edilməsi ilə bağlıdır. Digər adıçəkilən Qanunun 19-cu maddəsinin 6-cı bəndində də qeyd edilir ki, yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmçinin, qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2755/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərardadında qeyd edilmişdir ki, hazırkı növ mübahisələrin predmetini inzibati aktın ləğv edilməsi təşkil edir. Göründüyü kimi hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir və işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, inzibati məhkəmə mübahisəsi ilə əlaqədar məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsi Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin nəzərdə tutulmuş prosessual qaydadan daha geniş mənada qiymətləndirmə tələb edir. Belə ki, oxşar məsələ ilə bağlı, yəni daşınmaz əmlakla, o cümlədən torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələrində məhkəmə aidiyyəti ilə bağlı tənzimləmə müəyyən edən AR MPM-nin 39.1-ci maddəsi hər daşınmaz əmlakla, həmçinin torpaq sahəsi bağlı olan iddianı müstəsna aidiyyət hesab etməmiş torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar üzrə torpaq sahəsinin olduğu yerə görə iddianın verilməsini müəyyən etmişdir. İnzibati məhkəmə icraatı isə, təkcə həmin tələblərlə, yəni vindikasiya və neqator (hərçənd hazırkı iş üzrə verilmiş iddia da neqator iddia hesab edilir) iddialar üzrə yox, həmçinin müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar bütün növ iddialar üzrə işə ərazinin yerləşdiyi səlahiyyətli inzibati məhkəmədə inzibati mübahisəyə baxılmasını zəruri hesab etmişdir. Lakin mülki prosessul qanunvericilikdə daşınmaz əmlakla bağlı 39-cu maddədə nəzərdə tutulmuş iddia tələblərinə baxılmalı olan məhkəmə ilə bağlı mövqe konkret və imperativdir. Eyni zamanda MPM-nin 36.13-cü maddəsinə görə də bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Göründüyü kimi mülki prosessual qanunvericilikdə müstəsna aidiyyətə aid olan işlərin baxılma yeri ilə bağlı tələb konkretdir. İnzibati prosessual qanunvericilikdə iddia daşınmaz əmlakla bağlı olsa belə hər bir halda həmin növ iddianın digər aidiyyət qaydaları nəzərdə tutulduğu halda daşınmaz əmlakın yerləşdiyi məhkəmə işin göndərilməsi mənası kəsb etmir. Belə ki, İPM-nin 8.1-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydaları birinin digərinə münasibətdə üstünlüyü mənası daşımır. Başqa sözlə, 8.1.1-ci maddə 8.1.2-ci maddəyə münasibətdə müstəsna aidiyyət hesab edilmir və hər iki aidiyyət qaydası nəzərdə tutulduğu təqdirdə hansı məhkəmənin seçilməsi iddiaçının hüququdur. İddiaçının nümayəndəsi isə işə Bakı İnzibati Məhkəməsində baxılması ilə bağlı mövqe nümayiş etdirmişdir. Beləliklə, hazırkı növ iddia mübahisələndirmə növündə iddiadır və onun daşınmaz əmlakla bağlılığı yoxdur. Həmin bağlılıq olsa belə, həmin hal hazırkı işin Bakı İnzibati Məhkəməsində baxılmasını istisna etmir. Belə ki, 8.1.1-ci maddə mülki prosessual qanunvericilikdən fərqli olaraq daşınmaz əmlakla bağlı müstəsna aidiyyət müəyyən etmir. Həmin aidiyyətin müəyyən edilməməsi inzibati icraatda baxılan işlərin spesifikliyi ilə əlaqədardır. Fərqliliyin mövcud olması isə bariz bir misal əhatəsində izah edilə bilər. Belə ki, döyüş şəraitində olan dövrdə hərbi qulluqçu ilə inzibati orqanın hər hansı daşınmaz əmlakla bağlı inzibati mübahisəsi yarandığı zaman (misal 2 otaqlı yox 3 otaqlı mənzilin verilməsi, təmirli mənzilin verilməsi və s) həmin daşınmaz əmlak hərbi qulluqçunun xidmət yerindən başqa ərazidə yerləşirsə bu zaman müstəsna aidiyyət tətbiq edildiyi təqdirdə hərbi qulluqçunun öz xidməti ərazisindən uzaqlaşması ilə nəticələnəcəkdir. Halbuki, 8.1.1-ci maddə, 8.1.3-cü maddəyə münasibətdə üstünlük müəyyən etməməklə ikili aidiyyət qaydasını, yəni hər iki inzibati məhkəməni işə baxmaqda səlahiyyətləndirir ki, bu zaman da hansı məhkəmədə işə baxılmasını seçmək iddiaçının hüququdur. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının 10 ha su fondu torpaqları kateqoriyasında olan torpaq sahəsinə icarə hüququ dövlət qeydiyyatına alınmışdır Dağ-mədən ayırması aktından görünür ki, “Qudyalçay” qum-çınqıl yatağında qumçınqıl hasilatı aparılması ilə bağlı 10 hektar torpaq sahəsində iddiaçıya 5 il müddətinə müvafiq icazə verilmişdir. Ekoloji ekspertiza rəyindən görünür ki, “dağ-mədən işlərinin inkifaş planı”nı qanunvericiliyin həmin rəydə göstərilmiş şərtlərinə riayət edilməsi şərtləri daxilində razılaşdırılmışdır. Lisenziyadan və lisenziyaya əlavədən görünür ki, iddiaçıya dağ-mədən işləri, dağ və buruq qazmaların aparılmasına, konkret olaraq “Qudyalçay” qum-çınqıl yatağında dağmədən işlərinin aparılmasına icazə verilmişdir. 2020-2021-ci illər ərzində çay yataqlarında aparılmış arayışdan çıxarışda qeyd edilmişdir ki, Qudyalçayda yerləşən qum-çınqıl yataqlarının ehtiyatları tam tükənməsə də, xammal ehtiyatı çox zəif getdiyindən çay yatağı texnogen fəaliyyəti nəticəsində kəskin parçalanmışdır. Həmçinin, həmin ərazidə su anbarının tikintisi nəzərdə tutulduğundan çayın aşağı axın zonasında karxana fəaliyyətinin aparılması məqsədəuyğun hesab edilmir. Uyğunluq sertifikatlarından görünür ki, iddiaçının fəaliyyəti beynəlxalq şərtlərə uyğundur. İddiaçının fəaliyyəti barədə arayışda qeyd edilmişdir ki, yataqlara baxış keçirərkən iddiaçıya ayrılmış yerin təki sahəsindən kənar 0,7 ha sahədə orta istismar dərinliyi 2.42 metr olmaqla 16 980 kub metr həcmində hasilat aparılmışdır. 1.72 ha sahədə qanunsuz faydalı qazıntı aparılması aşkar edilmişdir. Peyk şəklində iddiaçının fəaliyyət göstərdiyi sahə ilə ona ayrılmış sahənin arsında olan fərq müşahidə edilir. Cavabdehin 14 dekabr 2020-ci il tarixli qərarı ilə yerin təki sahəsindən istifadə hüququ icazə şərtləri və yerin təkindən istifadə qayda və normativləri pozulmasına görə əvvəlcədən 2 ay müddətindək dayandırılmış, dövlətə maddi ziyanın vurulduğu aşkar edilmişdir. 6 mart 2021-ci il tarixdə baxış keçirilmiş və əvvəlki hallar yenidən müəyyən edilmişdir. İddiaçı fəaliyyətin dayandırılması barədə qərara məhəl qoymamış, hasilat işləri davam etdirilmiş, bu səbəbdən də dağ-mədən ayırması aktı ləğv edilmişdir. Arayışda qeyd edilmişdir ki, çayın məcrasında qum-çınqıl yataqlarının uzunmüddətli və intensiv istismarı nəticəsində çay vadisinin morfologiyası kəskin dəyişikliyə uğramış, xammal ehtiyatının bərpa rejimi minuma düşmüşdür. Həmçinin, ətraf mühitə və sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranmış, çay məcraları kəskin eroziyaya məruz qalmış, çayların ekoloji axımları dəyişmiş, torpaq sahələri və digər təbiət obyektləri yararsız hala salınmışdır. Hazırda Quba rayonunda su qıtlığı problemi yaşanmaqdadır və sakinlər həm içməli, həm də əkin sahələrini sulamaq üçün yararlı texniki su təminatı ilə bağlı çətinlik çəkirlər. Beləliklə, Quba rayonunda çaylarda karxanaların fəaliyyəti nəticəsində ekosistemə çox böyük zərər vurulur. Mübahisələndirilən 27 may 2021-ci il tarixli yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi barədə qərarda qeyd edilmişdir ki, 14 dekabr 2020-ci il tarixli qərar əsasında iddiaçının yerin təkindən istifadə hüququ qanunvericiliyin tələblərinin pozulması, o cümlədən yerin təkindən istifadə qaydası və icazə şərtlərinin pozulmasına görə 3 ay müddətinə dayandırılmış, müvafiq tədbirlərin görülməsi və cavabdehə məlumat verilməsi öhdəliyi müəyyən edilmişdir. Lakin, iddiaçı həmin öhdəliyə münasibət bildirməmişdir ki, odur ki, yerin təkindən istifadə hüququ ləğv edilməlidir. İddiaçıya ünvanlanmış 01 fevral 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, 10 ha sahənin xaricində qanunsuz olaraq qum-çınqıl hasilatı aparılmış, su ehtiyatlarını tükənməsi, çirklənməsi və ekoloji tarazlığın pozulması kimi hallar müəyyən edilmişdir. İşin məhkəmə araşdırması zamanı məhkəməyə daxil olmuş iş materiallarında olan: Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən tərtib edilmiş Qum-çınqıl yatağı haqqında məlumatdan görünür ki, dağ-texniki şərait əlverişlidir. Yataqda örtük süxurlarının olmaması müsbət faktor hesab edilir. Uzunmüddətli müşahidələr göstərir ki, rayonda sürüşmələr, kart hadisələri, sel axınları baş verməmişdir. Yatağın hidrogeoloji şəraiti əlverişlidir, qış-yaz aylarında yataq suludur. Çay il boyu yerüstü axınlara malikdir ki, yay aylarında suvarma kanalı ilə su götürülür. Karxanada içməli suya olan tələbın ödənilməsi mümkündür. Agentliyin 08 iyun 2021-ci il tarixli subartezian quyusunun qazılması ilə bağlı rəyindən görünür ki, ümumiyyətlə görüləcək işlər nəticəsində ən çox təsir məruz qalan atmosfer havası olacaqdır ki, tikinti işləri texnoloji prosesə müvafiq olaraq ardıcıllıqla yerinə yetiriləcəyindən ətraf mühit komponentlərinə gözlənilə təsir qısa müddətli və lokal xarakterli olacaqdır. 2022-ci il üçün iddiaçının dağ işlərinin inkişaf planı aidiyyəti qurumlar kimi cavabdeh və X5 Görülməsi və X7 Agentliyi tərəfindən nı razılaşdırılmışdır. 21 sentyabr 2022-ci il tarixli cavabdehin iddiaçıya ünvanladığı məktubdan görünür ki, dağ işlərinin 2022-ci il üçün inkişaf planı razılaşdırılmasına adıçəkilən məktubda göstərilən şərtlər daxilində etiraz mövcud deyil. Qeyd olunur ki, işin faktiki halları nəzərə alınmaqla iddiaya münasibətdə məhkəmənin mövqe bildirməsi müvafiq ixtisaslı bilik tələb edən sualların cavablandırılması ilə bağlı olduğundan məhkəmənin qərardadı ilə məhkəmə torpaqşunaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş ekspert rəyində: "xxxx" MMC tərəfindən “Qudyalçay” qum-çınqıl yatağında aparılmış hasilat işləri xx.xx.2019-cu il tarixli, 01222 nömrəli Dağ-Mədən ayrılması aktına əsasən Quba rayonunun inzibati ərazisində hüquqi şəxsə ayrılmış 10 ha torpaq sahəsinin hüdudları daxilində, yoxsa kənarda aparılmışdırla bağlı suala cavab olaraq qeyd edilmişdir ki, baxış zamanı müəyyən edilir ki, ərazi mərz nişanları ilə əhatə edilmişdir. Faktiki vəziyyətdə mərz nişanları ilə əhatə olunan ərazinin daxilində bəzi hissələrdə hasilat işləri aparılmış, bəzi hissələrində isə hasilat işləri aparılmamışdır. Kənar hissədə hər hansı qazma işləri aparılmamışdır. Faktiki vəziyyətdə mövcud olan mərz nişanları ilə ayrılmış torpaq sahəsinin koordinatları üst-üstə düşür. Göründüyü kimi aparılan hasilat işləri 10 ha torpaq sahəsinin hüdudları daxilindədir. "xxxx" MMC tərəfindən “Qudyalçay” qum-çınqıl yatağında aparılmış hasilat işləri “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas texniki tələblərə uyğun həyata keçirilib-keçirilməməsi ilə bağlı ekspert müəyyən etmişdir ki, “Yerin təki haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair əsas texniki tələblərə uyğun olaraq fəaliyyət aparılmışdır. Belə ki, ayrılmış ərazi hüdudlarında işlər aparılıb. “Qudyalçay” çınqıl-qum yatağından ayrılmış 10 ha torpaq sahəsində "xxxx" MMC-nin fəaliyyətin təşkili və davam etdirilməsi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə dağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarları üçün neqativ ekoloji proseslərin baş verməsinə səbəb ola bilərmi və “Qudyalçay” çınqıl-qum yatağından ayrılmış 10 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən aparılan hasilat zamanı çay sudan istifadə edilibedilməməsi müəyyən edilsin. Həmin ərazidə artezan su quyusu qazılıb istimara verilmişdirmi? Əgər həmin su quyusu qazılmışdırsa, həmin qazıntının aparılması qanuni əsaslarlar həyata keçirilmişdirmi ilə bağlı suallara cavab olaraq qeyd edilmişdir ki, hasilat işləri zamanı və qum-çınqıl emalı zamanı çay suyundan istifadə edilməmiş, artezian quyusundan istifadə edilmiş və dövri su sisteminin qurulduğu müəyyən edilmişdir. Bundan əlavə, subartezian quyusunun layihə sənədləri aidiyyəti qurum ilə razılaşdırılmışdır. Su anbarları üçün neqativ ekoloji prosesin müəyyən edilməsi isə tikinti-texniki ekspertizasının predmeti deyil. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 41.1. İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. 41.2. İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir. 41.3. Maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar. 45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. 45.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Ümumiyyətlə qeyd edilməlidir ki, yuxarıda adıçəkilən Qanunun giriş hissəsində müvafiq müddəalar sadalanmazdən əvvəl mütərəqqi olaraq qeyd edilmişdir ki, Bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Bu səbəbdəndir ki, adıçəkilən qanunun yuxarıda adıçəkilən müddəalarının qanunun aliyinə nail olunması və insan hüquq və azadlıqlarına əməl olunmasının təmininə münasibətdə riayət edilməsi mütləqdir ki, hazırkı iş üzrə qəbul edilən inzibati aktla bağlı cavabdehin yekun nəticəyə gəlməsi zamanı həmin müddəaların tələblərinin pozulduğu aşkardır. Belə ki, inzibati orqan yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi barədə inzibati akt qəbul etsə də yuxarıda adıçəkilən prosessual normaların tələblərinə əməl etməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, müvafiq ekspert və mütəxəssis cəlb etmədən, iddiaçının inzibati icraatda iştirakını təmin etmədən, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edərək qərar qəbul etmişdir. Halbuki, inzibati orqan əlavə sübutların cəlb edilməsi zərurəti yaranarsa xidməti vəzifəsinə uyğun olaraq həmin araşdırmanın aparılmasını da həyata keçirməli, bundan sonra isə yekun nəticəyə gəlməli idi. Halbuki, mübahisələndirilən qərarda ümumiyyətlə hansı sənəd və sübutlara istinad edildiyi qeyd edilmir. Cavabdeh tərəf heç bir sübuta və sənədə, o cümlədən ekspert rəyinə və ya mütəxəssis əsaslandırılmasına istinad etmədən iddiaçı tərəfindən yerin təki ilə bağlı texniki tələblərin pozulmasına istinad etmişdir ki, mahiyyəti baxımından düzgün olsa belə prosessual baxımından hazırkı qərarın düzgünlüyündən yuxarıda sadalanan normaların tələbləri baxımından məhkəmə hesab edir ki, söhbət gedə bilməz. Maddi hüquqi baxımından da məhkəmə hesab edir ki, qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, adıçəkilən Qanunun tələbindən də göründüyü kimi inzibati akt o zaman qanunsuz sayıla bilər ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş olsun. Hətta inzibati akt qanunsuz olsa belə, onun əlverişli inzibati akt olması nəzərə alınmaqla ləğv olunması o zaman mümkündür ki, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmuş olsun. İndiki halda da cavabdeh iddiaçının hərəkətlərinin dövlət və ictimai maraqlara ziyan vurması qənaətindədir ki, məhkəmə bununla bağlı ekspert rəyini də nəzərə almaqla cavabdehin qənaətinin düzgün olmadığı mövqeyindədir. Belə ki, cavabdehin qərarda iddiaçının “Yerin təki haqqında” Qanunun 21-ci maddəsinin pozduğuna istinad edir. Adıçəkilən Qanunun 21-ci maddəsindən isə görünür ki, Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər aşağıdakılardır: yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi; yer təkinin geoloji öyrənilməsi, səmərəli və kompleks istifadəsi və mühafizəsinin dolğunluğunun təmin edilməsi; faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilən yer təki sahəsinin xüsusiyyətlərini təyin edəcək qabaqlayıcı geoloji və geoekoloji işlərin aparılması; yer təkinin geoloji öyrənilməsi və ondan kompleks istifadəni təmin etmək məqsədilə hər bir faydalı qazıntı yatağı üzrə kondisiyaların müəyyən edilməsi; faydalı qazıntı ehtiyatlarının, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilən yer təki sahələrinin dövlət ekspertizasının və dövlət uçotunun aparılması; faydalı qazıntıların və yanakı komponentlərin yerin təkindən daha dolğun çıxarılmasının təmin edilməsi; faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu; faydalı qazıntı yataqlarının su basmasından, şüalanmadan, yanğından və faydalı qazıntıların keyfiyyətini aşağı sala bilən, yataqların sənaye əhəmiyyətini azaldan və ya onların işlənməsini mürəkkəbləşdirən digər amillərdən mühafizə edilməsi; yerin təkindən istifadə edilərkən, habelə neft, qaz və başqa maddələr, materiallar yer altında saxlanılarkən, zərərli maddələr və istehsal tullantıları basdırılarkən, çirkli sular axıdılarkən yer təkinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması, qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda, faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə istehsalat və məişət tullantılarının basdırılmaması; [37] faydalı qazıntılar çıxaran müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların fəaliyyətinin müvəqqəti dayandırılması və ləğv edilməsi qaydalarına riayət edilməsi; faydalı qazıntıların yerləşdiyi sahələrdə özbaşına tikinti işləri aparılmasının qarşısının alınması və bu sahələrdən başqa məqsədlər üçün istifadənin müəyyənləşdirilmiş qaydasına əməl edilməsi; çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində sənaye və məişət tullantılarının yığılmasının qarşısının alınması, habelə yeraltı içməli suların minerallaşmış və ya kondisiyaya uyğun gəlməyən sularla qarışması təhlükəsi olan sahələrdə yeraltı içməli suların rejiminə nəzarət edilməsi; ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası və yaxud ləğvi qaydalarına əməl edilməsi; balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən işlərin aparılması, müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizasının “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq keçirilməsi. Bu maddənin tələbləri pozularsa yerin təkindən istifadə üçün verilmiş hüquq qanuna müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dayandırıla və ya ləğv edilə bilər. Göründüyü kimi adıçəkilən maddənin tələbi pozulmamışdırsa yerin təkindən istifadə hüququn pozulmasından söhbət gedə bilməz ki, məhkəmə mötəbərliyi şübhə doğurmayan iş üzrə verilmiş ekspert rəyinin sübut qismində nəzərə alınması qənaətindədir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Hazırkı halda isə, ekspert əyinin razılaşmama əsaslarının mövcud olmadığı aşkardır. Belə ki, cavabdehin imtina dəlillərinə münasibətdə ekspert tərəfindən aparılmış ekspertiza fəaliyyəti nəticəsində tərtib edilmiş rəydən də müəyyən edilmişdir ki, faktiki vəziyyətdə mərz nişanları ilə əhatə olunan ərazinin daxilində bəzi hissələrdə hasilat işləri aparılmış, bəzi hissələrində isə hasilat işləri aparılmamışdır. Kənar hissədə hər hansı qazma işləri aparılmamışdır. Faktiki vəziyyətdə mövcud olan mərz nişanları ilə ayrılmış torpaq sahəsinin koordinatları üst-üstə düşür. Göründüyü kimi aparılan hasilat işləri 10 ha torpaq sahəsinin hüdudları daxilindədir. Hətta cavabdehin dediyi kimi nəinki hasilat işləri kənar ərazidə aparılmışdır, hətta ayrılmış ərazinin hüdudlarında belə bəzi yerlərdə hasilat işləri iddiaçının istəyindən asılı olaraq aparılmamaqdadır. Eyni zamanda, cavabdehin yuxarıda redaksiyası verilən 21-ci maddənin texniki tələblərinin pozuntusuna istinad etsə də ekspert rəyi həmin maddənin tələblərinin pozulmadığı qənaətindədir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, təbiidir ki, qanunvericilik tələblərinin pozulub-pozulmaması məhkəmənin səlahiyyətindədir. Lakin, qanunvericilik normasının pozulub-pozulmaması texniki bilik tələb etdiyi halda texniki biliyə malik prosesual şəxsin rəyinin və ya əsaslandırılmasının alınması mütləqdir. Hazırkı halda da inzibati məhkəmə icraatında prosessual şəxs kimi maddənin məhz texniki aspektdən tələblərinin pozuntusunun olub-olmaması ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, maddədə nəzərdə tutulan texniki tələblərə iddiaçı tərəfindən riayət edilməkdədir. Bu hissədə rəy kifayət qədər əsaslandırılmış, aidiyyəti əmlak orqanının iştirakı ilə aparılmış yoxlamalar nəticəsində cavabdehin adıçəkilən dəlilinin düzgün olmadığı nəticədə müəyyən edilmişdir. Həmçinin, digər suallara münasibətdə də ekspertin qiymətləndirməi mötəbər hesab edilir. Belə ki, ekspert digər suallara münasibətdə qeyd etmişdir ki, hasilat işləri zamanı və qum-çınqıl emalı zamanı çay suyundan istifadə edilməmiş, artezian quyusundan istifadə edilmiş və dövri su sisteminin qurulduğu müəyyən edilmişdir. Bundan əlavə, subartezian quyusunun layihə sənədləri aidiyyəti qurum ilə razılaşdırılmışdır. Su anbarları üçün neqativ ekoloji prosesin müəyyən edilməsi isə tikinti-texniki ekspertizasının predmeti deyil. Göründüyü kimi çay suyundan istifadə edilməməsi, artezian quyusunda istifadə edilməsi və dövri su sisteminin qurulduğu müəyyən edilmiş, həmçinin cavabdeh və onun tabe olduğu Nazirliyin aidiyyəti qurumu tərəfindən müvafiq razılaşmalar da nəzərə alınmaqla rəy həmin hissədə də kifayət qədər əsaslandırılmışdır. İş materiallarından da görünür ki, cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilsə belə müvafiq işlərin görülməsi ilə bağlı razılaşma verilmiş, mahiyyət etibarı ilə mübahisələndirilən qərarın ləğvinə yaranmış zərurətin mövcud olmadığı öz təsdiqini tapmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, su anbarları üçün neqativ ekoloji prosesin müəyyən edilməsinin nədən ibarət olması ümumiyyətlə əsaslandırılmamışdır. İddiaçının fəaliyyətinin su anbarının tikintisinə hansısa bir maneəsinin olması cavabdeh tərəfindən sübut edilməlidir ki, belə bir sübutun olmadığı aşkardır. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 35-ci, 68-ci, 69-cü, 85-ci mаddələrini rəhbər tutаrаq qərara aldı: İddia təmin edilsin. X6 X3 İdarə Heyəti tərəfindən qəbul edilmiş “Yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” 87 nömrəli 27 may 2021-ci il Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar