Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2477/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı "qaz sayğacının quraşdırılması" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı "qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi" iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş yanlış aktın ləğv olunması, fərdi mənzilinə qaz sayğacı qoyulmasına icazə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə ünvanındakı evin sahibidir. Torpağı xx.xx.2021-ci il tarixdə alıb həmin ünvanda ev tikmişdir. Ev tikiləndən sonra xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinə qaz çəkilməsi üçün "Asan Kommunal’’ mərkəzinə rəsmi müraciət etmiş, lakin “Azəriqaz" İB tərəfindən qaz sayğacının quraşdırılmasından imtina edilmişdir. Nizami rayon Qaz istismar sahəsinin Rahat adlı işçisi iddiaçının iştirakı olmadan ünvana baxış keçirmiş, lakin ona bu barədə məlumat verməmiş və texniki baxış aktının sürəti təqdim olunmamışdır. Nizami rayon Qaz istismar sahəsində baş mühəndisin qəbulunda ona 10 il qabaq qaz xəttinin dəyişilməsinə görə məsuliyyətinin olmadığı, baxış zamanı kiminsə ehtimalına görə vətəndaşın əziyyət çəkməli olmadığı bildirilmiş, həmin ünvana təkrar baxış keçirilməsi, qaz xəttindəki dəyişikliyin həqiqətən illər öncə və ya təzə vaxtda olunduğunun müəyyən edilməsi tapşırılmışdır. Təkrar baxış keçirildikdən sonra iddiaçıya zəng edib (dəfələrlə danışmışlar) qaz xəttindəki dəyişikliyin həqiqətən köhnə dövrdə olduğunu bildirilmişdir. Lakin tərtib olunmuş aktda düzgün qeyd olunmamışdır. 10 ildir “Azəriqaz" İB əməkdaşlarının təhkim olunmuş əraziyə düzgün nəzarət etməməsinə görə, nə vaxtsa qaz xəttinin dəyişilməsinə göz yumduqlarına görə əziyyəti iddiaçı çəkir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı ilə təbii qazın alqı-satqısına dair müqavilənin bağlanması, evinə abunə kodunun verilməsi və sayğacın quraşdırılmasına icazə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin iddiaya dair etirazı (münasibəti) məhkəməyə daxil olmamaışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Abşeron rayon DonuzKökəltmə Zovxozunun 135 saylı xx.xx.1990-cı il tarixli əmrindən çıxarışın surətinə görə X2 0,03 ha torpaq sahəsi ayrılmışdır. - X1 notariat qaydada təsdiq edilmiş **********011 saylı ərizəsinə görə o, Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən istifadəsində olan 0.03 ha torpaq sahəsini müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi məqsədilə İddiaçı vermişdir. - Bakı Regional Qaz İstismarı Departamentinin xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X01139 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Bakı Regional Qaz İstismarı Departamentinə Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə ərazisində yerləşən fərdi yaşayış evinin qarşısından keçən küçə xəttinin qanunsuz olaraq yerinin dəyişdirilməsi ilə bağlı daxil olmuş xx.xx.2022-ci il tarixli SOCAR**********0560046X03118 saylı müraciətinə mütəxəssislər yerində baxış keçirmişlər. Baxış keçirilən zaman mövcud küçə qaz xəttinin yerinin dəyişdirilməsi öz təsdiqini tapmışdır. (kordinatlar: 40.435637; 50.101077;) - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçının mənzilinin qazlaşdırılması ilə əlaqədar müraciəti əsasında həmin ünvanda olarkən məlum olmuşdur ki, mənzilin küçəyə açılan qapısında keçən qaz xəttinin yeri dəyişdirilmişdir. - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, öz şəxsi vəsaitini hesabına evinin qazlaşdırılmasına və abunəçi kodunun açılmasına köməklik göstərilməsini xahiş etmişdir. - İddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli AK-1/0776-22 saylı razılaşma protokolundan görünür ki, iddiaçı fərdi yaşayış evinin qazlaşdırılmasına etiraz etməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçının izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı özbaşına tikilinin qaz təchizatı ilə təmin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmiş, imtina onunla əsaslandırılmışdır ki, küçə qaz xəttinin yeri dəyişdirilmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 oktyabr 2012-ci il tarixli “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən “təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.” Qeyd edilən qərarda həmçinin qeyd edilmişdir ki, dövlət tərəfindən təbii inhisar müəssisələrinə publik xarakterli səlahiyyətlər həvalə edilə bilər. Bu halda təbii inhisar müəssisəsi ilə digər subyektlərin münasibətləri hakimiyyət – tabeçilik prinsipi üzərində qurulur. Eyni zamanda, təbii inhisar müəssisəsi publik maraqların təmin edilməsi ilə bağlı hər hansı bir subyektə məhdudlaşdırıcı təsir göstərə bilər. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1.2-ci bəndinə əsasən təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə aiddir. Cavabdeh “Azəriqaz” İB-nin qəbul etdiyi aktları, o cümlədən təbii qazın alqısatqısına dair müqavilənin bağlanması, abunə kodunun verilməsi və sayğacın quraşdırılmasına icazə verilməsinə dair qərarı publik - hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 1-ci maddəsinə əsasən texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir, həmin Qaydaların 1.2-ci bəndinə əsasən texniki şərt - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Qaydalarda texniki şərtlərin alınması yalnız aşagıdakı hallarda mümkün olması xüsusilə göstərilmişdir: tikintisi və ya yenidən qurulması nəzərdə tutulan texniki obyektlər üçün, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün (2.1). Qaydalara əsasən müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış tikinti obyektlərin sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, FHN-in və ENin səlahiyyətli nümayəndələrindən ibarət işçi komissiyası tərəfindən, qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirilir. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. (2.2) Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.37-ci maddəsinə əsasən mühəndis-kommunikasiya təminatı sistemi – obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğularıdır. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən tikinti obyektlərinin mühəndiskommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsini təmin edir. Texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblərin məcmusu kimi texniki şərtlərdə aşağıdakılar nəzərdə tutulur: 84.1.1. tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblər; 84.1.2. tikinti obyektinin mühəndiskommunikasiya təminatı mənbələri; 84.1.3. müvafiq mühəndis-kommunikasiya təminatı sisteminə qoşulma nöqtələrinə dair tələblər; 84.1.4. mövcud mühəndis-kommunikasiya təminatı sisteminin genişləndirilməsinin əsaslandırılması. 84.2. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum texniki şərtlərin alınması üçün təchizat müəssisələrinə sorğu göndərir. Sorğuya tikinti ərazisinin vəziyyət planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. Lakin iş materiallarından göründüyü kimi iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evi üzərində heç bir hüquqmüyyənedici sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, fərdi yaşayış evinin tikintisinə və istismarına icazə tələb edilməsə də, məhkəmə araşdırması zamanı evin tikintisi zamanı məlumatlandırma icraatına nə iddiaçı, nə də ki fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmış X3 tərəfindən riayət edilməmişdir. Bundan başqa, qaz paylacı tərəfindən texniki şərtlərə və təhlükəsizlik qaydasına riayət edilməsi onun vəzifəsi kimi müəyyən edilmişdir. Hazırki fərdi yaşayış evinin qazla təchizatının təmin edilməsi üçün baxış keçirilən zamanı küçə qaz xəttinin yerinin dəyişdirilməsi müəyyən edildiyi üçün fərdi yaşayış evinin qazla təmin edilməsi paylacının təqsiri üzündən deyil, obyektiv səbəblərdən mümkün olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, sakinlərin təhlükəsizlik məqsədilə özbaşına tikilini qazla təmin etməməkdə cavabdeh tərəfindən qanunsuzluğa yol verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı "qaz sayğacının quraşdırılması" barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ: İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5
Hakim Mehriban Qarayeva