Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2479/2023 25.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı ŞİH Başçısı Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın iclasının 28 dekabr 2005-ci il tarixli 14B nömrəli protokolu ilə "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsi, 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində 22 kv.m ölçüsə qeyri-yaşayış sahəsinin hazırkı İddiaçı verilməsi qərara alınmışdır. 28 dekabr 2005ci il tarixli həmin iclas protokolu həmin tarixdə Bakı ŞİH Başçısının müvafiq sərəncamı ilə təsdiq edilmişdir. Bundan sonra, qeyd edilən qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi ilə bağlı "xxxx" MTK-nın payçılarının 5 iyul 2021-ci il tarixdə keçirilmiş ümumi yığıncağında qərar qəbul olunmuşdur. Yığıncağın qərarı MTK-nın 26 saylı 5 iyul 2021-ci il tarixli protokolunda əksini tapmışdır. İddiaçı istifadəsində olan 22 kv.m ölçüdə həmin qeyriyaşayış sahəsi üzərində tikinti işlərini tamamlamışdır. O, həmin qeyri-ya.ayış sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən məsələnin həllindən imtina olunmuşdur. İmtinanın səbəbi kimi göstərilmişdir ki, inventarlaşdırma işləri aparılan zaman göstərilən tikili 10 mərtəbəli yaşayış binasından 0,75m aralıdadır, qeyd olunan tikili barədə çoxmənzilli yaşayış binasının Bakı ŞİH tərəfindən təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi hada dövlət qəbul komissiyasının aktı”nda və razılaşdırılmış layihədə məlumat aşkar olunmamışdır. Hesab olunur ki, cavabdehin imtinası əsassızdır. Bakı ŞİH-in 29 iyul 1999-cu il tarixli 679 nömrəli sərəncamı ilə məişət xidməti və yaşayış binasının layihələndirilməsi üçün 0,002 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsi şəhid ailəsi kimi X3 (iddiaçının anasına) verilmişdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 15.1, 16.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə, İPM-in 2.2.3, 45-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsi, 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində 22 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı münasibətində bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 29 iyul 2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər qeyri-yaşayış sahəsinə aid olsa da, müraciət olunan daşınmaz qeyri-yaşayış binasıdır və qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin inventarlaşdırma işləri aparılan zaman qeyri-yaşayış binasının çoxmənzilli yaşayış binasından 0,75 m aralıda yerləşdiyi məlum olmuşdur və təqdim edilmiş çoxmənzilli binanın istismara qəbul aktında və razılaşdırılmış layihədə öz əksini tapmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 5 sentyabr 2022ci il tarixli məktub ünvanlanmışdır. Qeyd edilən əmlaka baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasında qapının yeri dəyişdirilmişdir və faktiki ölçüsü 14 kv.m-dir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 146.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9, 8.0.10, 11-ci maddələrinə və digər normativ-hüquqi aktların müddəalarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiç olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 5 iyul 2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 1-ci mərtəbəsində 22 kv.m qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan Bakı ŞİH MŞBİ-nin Bakı şəhəri Nizami RİH-ə ünvanlanmış 9 aprel 2007-ci il tarixli məktubunda bildirilmişdir ki, şəhid ailələrinə göstərilən qayğı nəticəsində 9 uşaq anası, şəhid ailəsi X4 Bakı ŞİH başçısının 27 iyul 1999-cu il tarixli 679 saylı sərəncamı ilə Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişdiyi ərazidə ya.ayış binasının tikintisinə icazə verilmişdir. 11063 saylı inşaat pasportu əsasında Bakı ŞİH-in 23 dekabr 2002-ci il tarixli H-937 saylı məktubu ilə eskiz layihəsi, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 25 sentyabr 2003-cü il tarixli 18/04-645 saylı məktubu ilə işçi layihəsi razılaşdırılmşdır. 2006-cı ilin dekjabr ayında vətəndaş R.Hacıyeva Bakı ŞİH-ə müraciət edərək, binanın 2-ci mərtəbəsində əlavə quraşdırma işlərinin aparılmasına icazə verilməsini xahiş etmişdir. Tikinti norma və qaydalarına uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 25 dekabr 2006-cı il tarixli 18/03-8/7282 saylı məktubu ilə təqdim olunmuş eskiz layihəsi razılaşdırılmışdır. İş materiallarından görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 5 sentyabr 2022ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 18 iyul 2022-ci il tarixli ərizəyə baxılmışdır. İnventarlaşdırma işləri aparılan zaman göstərilən tikilinin 10 mərtəbəli yaşayış binasından 0,75 m aralıda yerləşdiyi məlum olmuşdur. Bundan başqa, çoxmərtəbəli yaşayış binasının Bakı ŞİH başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nda və razılaşdırılmış layihədə qeyd olunan tikili haqqında məlumat aşkar edilməmişdir. Azərbaycan respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklər edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Qeyd olunanları nəzərə alaraq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının 29 iyul 1999-cu il tarixli 679 nömrəli sərəncamı ilə Nizmi RİH başçısının 22 yanvar 1999-cu il tarixli 02/25 nömrəli məktubu nəzərə alınaraq, X2 təsisçisi olduğu “Rövşən-Elnurlu” müəssisəsinə Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişdiyi yerdə 2568-ci məhəllədə məişət xidməti və yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0,02 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının 28 dekabr 2005-ci il tarixli 355 nömrəli sərəncamı ilə Bakı ŞİH başçısı aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının 28 dekabr 2005-ci il tarixli 12 nömrəli, 12A nömrəli və 14B nömrəli protokolları təsdiq edilmişdir. İş materiallarından görünür ki, "xxxx" MTK-nın 5 iyul 2021-ci il tarixli 26 saylı protokolu ilə İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89a ünvanında yerləşən çoxmərtəbəli binasındakı 22 kv.m qeyri-yaşayış sahəsinə pay haqqı ödəməklə üzvlüyüə qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyularaq, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsi 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində 22,0 kv.m qeyriyaşayış sahəsinin həmin binadan kənarda, yaxud binaya bitişik və ya binanın daxilində yerləşməsinin müəyyən edilməsi; - Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsi 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində 22,0 kv.m qeyriyaşayış sahəsinin həmin bina ilə bağlı Bakı ŞİH başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nda və razılaşdırılmış layihədə əks olunub-olunmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhjkəməyə ünvanlanmış 5 iyul 2023-cü il tarixli məktubu ilə Mərkəzin ekspertinin həmin tarixli 10/1375 nömrəli ekspertiza rəyi təqdim edilmişdir. Rəydə aşağıdakılar bildirilir: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 22 kv.m qeyri-yaşayış sahəsinin həmin yaşayış binasına bitişik inşa olunduğu müəyyən edilmişdir. Tədqiq olunan binanın faktiki vəziyyəti ilə həmin binaya dair tərtib olunmuş layihə sənədləri müqayisə edilərkən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 22 kv.m qeyri-yaşayış sahəsinin həmin bina ilə bağlı Bakı ŞİH başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nda və razılaşdırılmış layihədə əks olunduğu müəyyən edilmişdir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə mövcud qanunvericiliyin aşağıdakı normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunvericiliyin sadalanan normalarına görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilik mənzil-tikinti kooperativlərinə pay haqqını ödəməklə üzv qəbul olunmuş şəxslərin bu barədə ödəniş sənədini və MTK üzvlərinin yığıncağının müvafiq qərarını pay haqqının müqabilində yaşayış və (və ya) qeyri-yaşayış sahələrinə hüquqların qeydiyyatının aparılması üçün əsas kimi müəyyən etmişdir. Hazırkı işin hallarına görə İddiaçı ona "xxxx" MTK-ya pay haqqını ödəməklə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində 2568ci məhəllə ünvanında yerləşən 22 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin verilməsi barədə MTK üzvlərinin protokolunu (qərarını) və pay haqqı ödənişi barədə MTK-nın maliyyə arayışını təqdim etməklə hüquqların qeydiyyatını aparan orqan kimi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Göründüyü kimi, iddiaçı mülkiyyəti kimi əldə etdiyi müvafiq qeyri-yaşayış sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, inzibati icraatı aparan cavabdeh onun müraciəti üzrə qaldırdığı məsələnin müsbət həllini təmin etməmişdir. Cavabdehin imtinasının əsası kimi təqdim etdiyi hala, yəni qeyri-yaşayış sahəsinin MTK-ya məxsus (istismara qəbul edilmiş) Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində 2568-ci məhəllədəki yaşayış binasından aralıda yerləşməsinə gəldikdə isə, məhkəmə vurğulayır ki, qeyri-yaşayış sahəsinin həmin binanın 1-ci mərtəbəsində yerləşməsi və bina ilə bağlı Bakı ŞİH başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nda və razılaşdırılmış layihədə əks olunması işdə olan mötəbər sübut kimi 5 iyul 2023cü il tarixli ekspert rəyi ilə təsdiqini tapır. Qeyd olunmalıdır ki, hazırkı məhkəmə icraatında məhkəmə qərardadı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 5 iyul 2023-cü il tarixli 10/1375 nömrəli nömrəli ekspertiza rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Cavabdeh tərəf də həmin rəydə göstərilənləri təkzib edən heç bir tutarlı sübut təqdim etməmişdir. Odur ki, ekspert rəyi mötəbər sübut qismində qəbul edilir. Rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Belə olan halda məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsi, 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində 22 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsi, 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində 22 kv.m ölçüdə qeyriyaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2479/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2479/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver