Məhkəmə qərarları › İş №2-1(112)-248/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-248/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-248/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X19 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X4, 3-cü şəxs X6 iştirаkları ilə, İddiаçı Ədliyyə Nazirliyinin X9 cаvаbdеh Sabunçu rayon Maştağa Bələdiyyəsinə qarşı X13, X11 və X14 3-cü şəxs qismində cəlb edilməklə “qərarların və sərəncamın ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Ədliyyə Nazirliyinin X15 cаvаbdеh Sabunçu rayon Maştağa Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07.04.2006-cı il tarixli 33/7 saylı, 07.04.2006-cı il tarixli 33/8 nömrəli qərarları, Maştağa Bələdiyyəsinin sədrinin 30.09.2005-ci il tarixli 16/13 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Nəzakət Bədəlovanın müraciətinə baxılarkən müəyyən edilmişdir ki, Maştağa Bələdiyyəsinin 07.04.2006-cı il tarixli 33/7 saylı qərarı ilə vətəndaş Südabə Bədəlovaya 1000 kv.metr torpaq sahəsi, 07.04.2006-cı il tarixli 33/8 saylı qərarı ilə vətəndaş Tahir Əliyevə 1000 kv.metr torpaq sahəsi, Maştağa Bələdiyyəsinin sədrinin 30.09.2005-ci il tarixli 16/13 nömrəli sərəncamı ilə vətəndaş T.Əliyevə 1000 kv.metr torpaq sahəsi qanunsuz ayrılmışdır. Müəyyən edilmişdir ki, qeyd edilən qərarlar bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmadan qanunsuz tərtib olunmuş, 16/13 saylı sərəncam həmin dövrdə bələdiyyə sədri olmuş Seyidməhsum İbrahimov tərəfindən səlahiyyəti olmadığı halda, təkbaşına, bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmadan verilmişdir. Yuxarıda qeyd olunan bələdiyyə qərarlarının və sərəncamın ləğv edilməsi üçün X15 tərəfindən Maştağa Bələdiyyəsinə 24.04.2019-cu il tarixli B-469/2 saylı təklif məktubu göndərilmiş, təklif məktubu Maştağa Bələdiyyəsinin 30.04.2019-cu il tarixli iclasında (05 saylı protokol) müzakirə olunaraq təmin edilməmişdir. Bildirilir ki, bələdiyyə tərəfindən 30.04.2019-cu il tarixli qərar qəbul edilərkən torpaq mübahisəsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq qərar qəbul edildiyi əsas gətirilmiş, bu səbəbdən X9 təklifi təmin edilməmişdir. Qeyd olunur ki, qanunvericiliyin tələblərinə görə məhkəmə qərarının icrası məcburi olsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli qərarında torpaq sahələri ayrılması barədə Maştağa Bələdiyyəsinin yuxarıda qeyd olunan qərarlarına və sərəncama hüquqi qiymət verilməmişdir. Göstərilən bu hal isə bələdiyyə tərəfindən nəzərə alınmamışdır. Qeyd olunur ki, bələdiyyə tərəfindən əmlak, o cümlədən torpaq sahəsi ilə bağlı sərəncam verilməsi üçün ilk növbədə həmin əmlak (torpaq) üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Bələdiyyənin sözügedən torpaq sahələri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.08.2016-cı il və 22.02.2018-ci tarixli məktublarında Maştağa Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahələrinin Xəzər rayonunun inzibati ərazisində yerləşməsi və dövlət mülkiyyətində olması göstərilir. Həmin dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilirdi. Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinin ikinci cümləsinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi). Həmin dövrdə qüvvədə olan “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 8-ci bəndinin iyirmi dördüncü abzasına əsasən torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş akt tərtib edilməli idi. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Şifahi məhkəmə baxış iclası 08 iyul 2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi üçün məhkəmə bildirişləri göndərilsə də iddiaçının nümayəndəsi və üçüncü şəxslər X13, X11 məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X15 məhkəməyə 07.07.2021-ci il tarixli 09/3- 108 saylı məktub ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin və 3cü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddiaçının tələbinin əsassız olduğunu, müvafiq məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 01.10.2018-ci il tarixli 2(102)-6469/2018-ci il tarixli qərarı ilə qiymət verildiyini, X10 torpaq sahəsinin satılmasına dair qərar və sərəncamın mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X14 izahatında bildirmişdir ki, Sabunçu rayon Maştağa Bələdiyyəsi tərəfindən 16/13 saylı, 30 sentyabr 2005-ci il tarixli sərəncamı və 33/8 saylı, 07 aprel 2006-cı il tarixli qərarı ilə alqı-satqı yolu ilə Maştağa-Buzovna yolunun sağ tərəfindəki Xanlar yaşayış Massivində yolun 550 metrliyindəki 52 saylı 25x0 kvm ölçüdə 1000 kvm torpaq sahəsi fərdi ev tikmək üçün ona ayrılmış və yerə uyğun cizgi sxemi tərtib edilərək ona verilmişdir. O da oradakı 1000-dən artıq sakinlər kimi ev tikmiş, işıq, qaz, su çəkmiş, bütün kommunal müqavilələr onun adınadır. Hal-hazırda orada yaşayır. Onun sənədləri bir sıra məhkəmələr tərəfindən dəfələrlə yoxlanılmış, hamısı qaydasındadır. Həmin ərazinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6469/2018-ci il 23 oktyabr 2018-ci il tarixli qərarı ilə ona aid olması bildirilmişdir. X1 və X2 adına olan cizgi saxtadır. Ləğv olunası qərar 33/7 saylı 07 aprel 2006-cı il tarixli torpaq sahəsinin X7 ayrılmasına dair qərardır. Qeyd edilənlərə əsasən iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, vətəndaş X7 Sabunçu rayon Maştağa bələdiyyəsinin 33/7 saylı 07.04.2006-cı il tarixli qərarı ilə Xanlar yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 1000 kv.m, X10 Sabunçu rayon Maştağa bələdiyyəsinin 33/8 saylı 07.04.2006-cı il tarixli qərarı və 16/13 saylı 30.09.2005-ci il tarixli sərəncamı ilə Xanlar yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində inzibati nəzarət qaydasında araşdırma aparılan zamanı müəyyən edilmişdir ki, vətəndaş X3 mülkiyyətinə Cavabdeh 07.03.2006-cı il tarixli, 33/7 nömrəli qərarı əsasında fərdi mənzil tikintisi məqsədilə 1000 kvm torpaq sahəsi ayrılmışdır. S.Babayeva 28.10.2014-cü ildə həmin torpaq sahəsinin idarə edilməsini etibarnamə əsasında N.Bədəlovaya etibar etmişdir. Həmçinin, vətəndaş X8 istifadəsinə Sabunçu rayonu, Maştağa bələdiyyəsi sədrinin 30.09.2005-ci il tarixli, 16/13 nömrəli sərəncamı əsasında fərdi mənzil tikintisi məqsədilə 1000 kvm, daha sonra isə Maştağa bələdiyyəsinin 07.04.2006-cı il tarixli, 33/8 nömrəli qərarı əsasında T.Əliyevin mülkiyyətinə fərdi mənzil tikintisi məqsədilə 1000 kvm torpaq sahəsi ayrılmışdır. Vətəndaş N.Bədəlova və T.Əliyev arasında yaranmış torpaq mübahisəsi ilə bağlı ƏMDK yanında DƏDKÜRX tərəfindən əraziyə baxış keçirilmiş, torpaq sahəsinin Xəzər rayonunun inzibati ərazisində yerləşdiyi və dövlət mülkiyyətinə aid olduğu məlum olmuşdur. Maştağa bələdiyyəsi tərəfindən qeyd olunan torpaq sahələri ayrılarkən “Bələdiyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələbləri pozulmuşdur. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimata uyğun olaraq, məktuba bələdiyyə iclasında baxılması və qeyd edilən qərarların və sərəncamın ləğv edilməsi Cavabdehnə təklif edilmişdir. -Maştağa bələdiyyəsinin 30.04.2019-cu il tarixli növbəti iclasının 05 saylı protokolundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X9 24.04.2019-cu il tarixli 09/B-469/2 saylı rəsmi müraciətinə əsasən, Maştağa Bələdiyyəsinin torpaq sahəsi haqqında vətəndaş X8 adına verilmiş 30.09.2005-ci il tarixli, 16/13 saylı sərəncamın, vətəndaş X3 adına verilmiş 07.03.2006-cı il tarixli, 33/7 saylı və eyni zamanda vətəndaş X8 adına verilmiş 07.04.2006-cı il tarixli 33/8 saylı qərarlarının ləğv edilməsi barədə bələdiyyə iclasına ünvanlanmış təkliflərinin Maştağa bələdiyyəsi tərəfindən icra olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 01.10.2018-ci il tarixli 2(102)-6469/2018 saylı qərarının səlahiyyətliliyindən irəli gələn tələblərdən sayılması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 iyun 2021-ci il tarixli **********77 saylı mütəxəssis rəyindən görünür ki, Xidmətin tabeliyində olan "xxxx" MMC-nin elektron kadatsr məlumat bazasına əsasən mübahisələndirilən torpaq sahəsi Xəzər rayonu inzibati ərazi hüdudları daxilində, dövlət mülkiyyəti torpağıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 33/7 saylı 07.04.2006-cı il tarixli, 33/8 saylı 07.04.2006-cı il tarixli qərarlarının və 16/13 saylı 30.09.2005-ci il tarixli sərəncamının ləğvi tələb edir. İşin mübahisələndirilməyən halı odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X15 tərəfindən inzibati nəzarət qaydasında Maştağa bələdiyyəsinin inzibati aktlarına baxılmış, bələdiyyə tərəfindən qəbul olunmuş 33/7 saylı 07.04.2006-cı il tarixli, 33/8 saylı 07.04.2006-cı il tarixli qərarlarının və 16/13 saylı 30.09.2005-ci il tarixli sərəncamın ləğv edilməsinə dair təklif məktubu göndərilmiş, cavabdeh tərəfindən mübahisə predmetini təşkil edən qərarların ləğvi ilə bağlı bələdiyyə iclası təyin olunmuş və qərarların ləğv edilməməsi qərara alınmışdır. Məhkəmə tərəfindən araşdırmalı hal -Maştağa bələdiyyəsi tərəfindən qəbul edilən 33/7 saylı 07.04.2006-cı il tarixli, 33/8 saylı 07.04.2006-cı il tarixli qərarlar və 16/13 saylı 30.09.2005-ci il tarixli sərəncam qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilibedilməməsidir. İddianın mahiyyətinə keçməzdən əvvəl, məhkəmə ilk öncə iddianın mümkünlüyünə münasibət bildirir. İddia mümkün iddiadır. Belə ki, “Bələdiyyə statusu haqqında” Qanunun 52-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bələdiyyə, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1, 3.2 və 3.3-cü bəndlərinə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. Bələdiyyələrin fəaliyyətinin inzibati nəzarət qaydasında araşdırılmasının nəticələri bələdiyyə tərəfindən əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Ədliyyə Nazirliyi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16.03.2007-ci il tarixli 9-T nömrəli əmri ilə X15 haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 7.5 və 7.6-ci maddələrinə əsasən bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitutsiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirlməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət edilə və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırıla bilər. Qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X9 hüquqlarından biridir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti dedikdə, bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı qismində çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X9 Sabunşu rayonu Maştağa bələdiyyəsi tərəfindən qəbul edilən qərarları və sərəncamın ləğvini tələb etmək hüququna malikdir. İddiaçının irəli sürdüyü tələb mübahisələndirmə haqqında iddiaya deyil, İPM-in 2.2.8-ci maddəsində nəzərdə tutulmuş “...inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddiaları” növünə aiddir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun qeyd edilir ki, 5.0. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bələdiyyələrin normativ aktlarının və bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktların bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olması barədə kifayət qədər əsas olduqda; (...) 6.0. Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: (...) 6.0.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; (...) 8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. 8.5. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. İşdən göründüyü kimi, iddiaçı 24 aprel 2019-ci il tarixli təklif məktubu ilə cavabdehə müraciət etmiş, həmin müraciət təmin olunmadığından məhkəmədə hazırkı məzmunda iddia irəli sürülmüşdür. İddianın mahiyyəti üzrə əsaslıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ilə iddiaçı Maştağa Bələdiyyəsi tərəfindən qəbul edilmiş 3 inzibati aktı mübahisələndirir: -Xanlar yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün X6 istifadəsinə 1000 kv.m torpaq sahəsinin verilməsinə dair 16/13 saylı 30.09.2005-ci il tarixli sərəncamı; -Xanlar yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün X7 1000 kv.m torpaq sahəsinin ayrılmasına dair 33/7 saylı 07.04.2006-cı il tarixli qərarı; -Xanlar yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün X10 1000 kv.m ayrılmasına dair 33/8 saylı 07.04.2006-cı il tarixli qərarı. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənini 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. Həmin Məcəllənin 47-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.1-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti vardır. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin 3-cü bəndinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 6.1-ci və 6.2-ci maddələrinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən (hazırkı işdə istinad edilən bələdiyyə aktlarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada), torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada), torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Hazırkı işdə həmin normaların tələbləri Bələdiyyə tərəfindən təmin olunmamışdır. Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli, 709-İQ saylı Qanunu ilə təsdiq edilmiş X1 İV fəslinin “Bələdiyyənin iclası”na aid 2-ci bəndinin tələbinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək hüququ bələdiyyənin iclasının səlahiyyətlərinə aiddir. Hazırkı iş üzrə mübahisələndirilən aktların məzmununa görə, onlar Bələdiyyənin sədri tərəfindən təkbaşına qəbul edilmişdir. Həmin aktların bələdiyyə iclaslarında qəbul edildiklərinə dair sübut işdə yoxdur. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 fevral 2018-ci il tarixli **********18 saylı məktubundan, məhkəmənin sorğusu əsasında həmin Xidmət tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli **********77 saylı mütəxəssis rəyindən və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan aydın görünür ki, mübahisələndirilən torpaq sahəsi Xəzər rayonu inzibati ərazi hüdudları daxilində yerləşir və dövlət mülkiyyəti torpağıdır. Cavabdeh Maştağa bələdiyyəsinin nümayəndəsi E.Hüseynovun və 3-cü şəxs T. Əliyevin hazırki məsələ üzrə mülki qaydada mübahisələrin olduğunu, mülki qaydada qəbul edilmiş məhkəmə aktları ilə torpaq sahəsinin Əliyev Tahirə məxsus olduğunun müəyyən edildiyinə dair dəlillərini Məhkəmə əsasız hesab edir. Belə ki, iş materialarına əlavə edilmiş məhkəmə aktlarından göründüyü kimi, mübahisə mülki qaydada vətəndaşlar arasında olmuş, bələdiyyənin inzibati aktlarına hüquqi qiymət verilməmiş, hətta Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-6469/2018 saylı 01 oktyabr 2018-ci il tarixli Qərarında “ ümumiyyətlə, sözügedə torpaq sahəsi hətta dövlət mülkiyyətində olmuş olsaydı belə, bunun tərəflər arasında yaranmış hazırki mübahisə üçün hər hansı əhəmiyyəti yoxdur. Bu hal, yəni, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması müvafiq dövlət orqanının həmin torpaq sahəsi ilə bağlı idddiaçıya qarşı qaldırdığı hər hansı iddianın həlli üçün əhəmiyyət kəsb edir” qeyd edirmişdir. Beləliklə, mülki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları hazırki inzibati iş üzrə inzibati orqan tərəfindən qaldırılmış iddia üzrə preyudisial əhəmiyyətə malik deyildir. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olur ki, torpaq sahələrinin istifadəyə və mülkiyyətə verilməsinə dair yuxarıda qeyd edilən bələdiyyə aktlarının qanunsuzluğuna dair iddia əsaslıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri pozulduğundan Cavabdeh 07.04.2006-cı il tarixli 33/7 saylı, 07.04.2006-cı il tarixli 33/8 nömrəli qərarları, Maştağa Bələdiyyəsinin sədrinin 30.09.2005-ci il tarixli 16/13 nömrəli sərəncamı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İşdə olan mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 01/21/212 saylı smetadan görünür ki, mütəxəssis rəyi ilə əlaqədar prosessual xərclər 311 (üç yüz on bir) manat təşkil edir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 4.1, 52, 58, 68-69, 75, 81, 85-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. Cavabdeh 07.04.2006-cı il tarixli 33/7 saylı, 07.04.2006-cı il tarixli 33/8 nömrəli qərarları, Maştağa Bələdiyyəsinin sədrinin 30.09.2005-ci il tarixli 16/13 nömrəli sərəncamı ləğv edilsin. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 311,00 (üç yüz on bir) manat məbləğində prosessual xərcin "xxxx" MMC-nin hesabına ödənilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar