Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2480/2022 19.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə texniki pasportun verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin faktiki yeri və ölçüləri nəzərə alınmaqla texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 5 yanvar 2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. O, həmin əmlakı öz adına rəsmiləşdirilməsi üçün aidiyyəti üzrə müraciət etmiş və daşınmaz əmlakın dövlət reyestrindən 2 fevral 2021-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarış almışdır. Lakin ona təqdim edilən 1 fevral 2021-ci il tarixli məktuba əsasən fərdi yaşayış evinə dair texniki pasport verilməsindən imtina olunmuşdur. Səbəb olaraq bildirilmişdir ki, texniki pasportda qeyd edilən sahənin çox hissəsi qonşu sahənin istifadəsində qalır. Lakin nəzərə alınmalıdır ki, evin əvvəlki sahibinin adına həm reyestrdən çıxarış, həm də texniki pasport verilmişdir. Həmin imtina ilə bağlı iddiaçı yenidən müraciət etsə də, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 28 aprel 2021-ci il tarixli məktubu ilə məsələnin həllindən təkrarən imtina olunmuşdur. «Daşınmaz əmlakın dövət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri daşıyırlar. Göstərilənlərə və İPM-in 33.1-ci maddəsinə əsaslanaraq, ünvan 2 ünvanında yerləşən fərdi yaşyış evinə faktiki yeri və ölçüləri nəzərə alınmaqla texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə ünvanlanmış 30 noyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı 8 yanvar 2021-ci il tarixdə ərizə ilə İdarəyə müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən texniki pasport ilə texniki sahə arasında ciddi uyğunsuzluq var. Texniki pasportda qeyd edilən sahənin çox hissəsi qonşu sahənin istifadəsində qalır və bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Bu barədə iddiaçıya 1 fevral 2021-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 11.1, 23-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə, «Azərbaycan Respublikası Əmlak Məısələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» Əsasnamənin 3.0.24-cü bəndinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «fərdi yaşayış evinə texniki pasportun verilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdehin nümayıəndəsi gəlmiş, iddiaçı gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı İddiaçı ünvan 4 ünvanındakı fərdi yaşayış evinə alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ əldə etmiş və onun hüququ hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmış, bu barədə müvafiq reyestrdən çıxarış verilmişdir. Sonradan iddiaçı həmin qeydiyyat əsasında sözügedən fərdi yaşayış evinə texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən texniki pasportla faktiki sahə arasında ciddi uyğunsuzluq var, texniki pasportda qeyd edilən sahənin çox hissəsi qonşu sahənin istifadəsində qalır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Suraxanı rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.24) tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək, (3.0.29) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Suraxanı rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: (10.2.1) hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, (10.2.2) torpaq sahəsinin planı və ölçüsü, (10.2.3) torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, (10.2.4) dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri» təsdiq edilmişdir. Sənədin 2.1-ci bəndinə görə nümunəsi bu sənədin 1 nömrəli əlavəsində göstərilən dövlət reyestrindən çıxarışda aşağıdakılar göstərilir: - (2.1.4) hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs haqqında məlumat: - (2.1.4.1) fiziki şəxs olduqda - soyadı, adı, atasının adı; - (2.1.4.2) hüquqi şəxs olduqda - tam adı (o cümlədən təşkilati-hüquqi forması); - (2.1.5) daşınmaz əmlakın növü; - (2.1.7) daşınmaz əmlakın mülkiyyət növü; - (2.1.8) daşınmaz əmlak üzərində hüququn növü; - (2.1.9) daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); - (2.1.10) torpaq sahəsinin mülkiyyət növü; - (2.1.11) torpaq sahəsi üzərində hüququn növü; - (2.1.13) torpaq sahəsi (ölçüsü, hektarla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericilik normaları daşınmaz əmlaka, o cümlədən fərdi yaşayış evinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həmin əmlakın müvafiq əlamətlərini özündə əks etdirən texniki pasportun tərtib edilməsi ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, deməli göstəriciləri əks olunan texniki pasport tərtib edilmiş fərdi yaşayış evinə müvafiq alqı-satqı müqaviləsi əsasında alıcının mülkiyyət hüquqlarının qeydiyyatı aparılsa da, yeni texniki pasport tərtib olunması təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının müvafiq fərdi yaşayış evinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin evə dair texniki pasportun tərtib edilərək iddiaçıya verilməsindən imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşyış evinə dair texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşyış evinə dair texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2480/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2480/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver