Məhkəmə qərarları › İş №2-1(112)-2480/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2480/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2480/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli **********372900 nömrəli “Vergilərin sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdirlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********372900 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik haqqlarının hesablanması barədə” Qərarına əsasən müəssisəyə avqust 2023-cü il hesabat dövrü üzrə 25720,80 manat məbləğində əlavə ƏDV hesablanmışdır. İddiaçı aşağıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, sözügedən qərar əsassızdır və məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, kassa məlumatlarına əsasən 2023-cü ilin avqust ayında cəmi 7172,61 manat ƏDV-yə cəlb olunan tutulan dövriyyə olmuş, ona uyğun olaraq 1291,07 manat ƏDV məbləği hesablanmışdır. Lakin vergi orqanı qeyd olunan dövriyyəni qəbul etməmiş, ƏDVyə cəlb olunan dövriyyəni 150065, 97 manat müəyyən etmiş və buna müvafiq olaraq 25720,80 manat məbləğində əlavə ƏDV hesablamışdır. ƏDV-yə cəlb olunan dövriyyənin 150065, 97 manata artırılması anlaşılan deyildir. Eləcə də bu hərəkətlə cavahdeh VM-nin 166-cı maddəsinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 166.1-cı maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: - 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Həmçinin, nəzərə alınmalıdır ki, xx.xx.2024-cü il tarixli **********372900 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar qəbul edilməsilə nəticələnən inzibati icraat düzgün aparılmamış və inzibati orqan tərəfindən inzibati icraatın aparılması üçün qanunvericiliklə müəyyən olunmuş prossessual qaydaya əməl edilməmişdir. Belə ki, tərəfimdən xx.xx.2024-cü il tarixdə 2023-cü ilin avqust ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş, lakin inzibati orqan həmin bəyannamə üzrə hansı çatışmazlıqların olmasını müəyyən etmədən, bununla bağlı məndən əlavə sənəd, məlumat, izahat və s. tələb etmədən bəyannamə üzrə araşdırmanı iddiaçının iştirakı olmadan aparmış və nəticədə bəyannaməni qəbul etməyərək xx.xx.2024-cü il tarixli **********372900 nömrəli “Vergilərin sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar əsasında iddiaçıya 25720,80 manat məbləğində əlavə ƏDV hesablamışdır.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, Cavabdeh iddia tələbi ilə razılaşmır və aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) uçot-baza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “yanacaq doldurma məntəqələrinin fəaliyyəti” olduğu müəyyən edilmişdir. Bildirilir ki, 2022-ci ilin mənfəət vergisi bəyannaməsindəki dövriyyə məbləği (10512 805,57 manat) ilə 2022-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrində qeyd olunan cəmi dövriyyə (9753 998,32 manat) arasında 758807,25 manat fərqin yaranması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Yaranmış kənarlaşma barədə artan yekunla 2023-cü ilin avqust ayına hesablama aparılması üçün xx.xx.2023-cü il tarixli **********686900 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 136585,31 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-ci il tarixli **********588800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi xx.xx.2024-cü il tarixli **********403901 nömrəli, xx.xx.2024-cü il tarixli **********568800 nömrəli məktublarla müraciət edərək 2022-ci il Mənfəət vergisi və 2023-cü il avqust ƏDV bəyannaməsi üzrə hesablanmış əlavə vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Təkrar araşdırma zamanı kameral vergi yoxlaması ilə hesablama aparılarkən 758807,25 manat məbləğdən 291529,86 manat hissəsinin yol vergisi olduğu üçün 52475,37 manat (291529,86 x 18%) ƏDV məbləğinin çox hesablandığı müəyyən edilmişdir. Eyni zamanda 758807,25 manat kənarlaşma məbləğindən 467277,39 manat hissəsinin isə (758807,25 -291529,86 ) 2022ci ilin sonuna bəyan etmədiyi (dəqiqləşmiş bəyannamə təqdim edərək sonradan bəyan etdiyi və ya qalıq göstərdiyi) mal qalığıdır ki, (ticarət əlavəsi daxil) 2023-cü il üçün təqdim etdiyi ƏDV bəyannamələrində bəyan etmişdir. Qeyd olunanlara əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin avqust ayı üçün hesablanmış 136585.81 manat əlavə vergi məbləğinin 109573.94 manat hissəsi azaldılmış və bu barədə vergi ödəyicisinə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə yenidən 2023-cü ilin avqust ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilərək kameral vergi yoxlaması zamanı müəyyən edilmiş vergi məbləği 25720,8 manat azaldılmışdır. Lakin, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37- ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 25720.8 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********372900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 130.1ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (gəlirin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən çəkilən xərclər mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməli və iqtisadi cəhətdən əsaslandırılmalıdır. İqtisadi əsası olmayan xərclər (şişirdilmiş xərclər) xərclərdən çıxarılmalı və vergilər faktiki iqtisadi göstəricilər əsasında hesablanmalıdır. 23.1.1- ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1- ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən "xxxx" MMC-nin iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

4. İddiaçı məhkəməyə ərizə təqdim edərək (elektron məhkəmə informasiya sistemi vasitəsilə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmamış saxlanılmasını xahiş etmişdir. II. İddianın geri götürülmüş sayılması

5. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

7. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

10. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar