Məhkəmə qərarları › İş №2-1(112)-2483/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2483/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2483/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı (Ünvan: Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsi, 15, 56; ixtisası: ali təhsil; iş yeri: işləmir) və onun nümayəndəsi, eyni zamanda vəkili X2 (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 70, mənzil 17; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsifərdi qaydada fəaliyyət göstərən vəkil), cavabdehin nümayəndəsi X3 (Ünvan: Bakı şəhəri, S.Rəhimov küçəsi 205, 5; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin hüquq şöbəsinin mütəxəssisi), 3-cü şəxsin nümayəndəsi X14 (Ünvan: Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi ev 49, mənzil 136; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətində Bakı şəhər idarəsində baş məsləhətçi – baş əmək müfəttişi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə 3-cü şəxs - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsi qarşı “əmrlərin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsi) “İddiaçı dövlət qulluğundan azad edilməsi haqqında” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, 276/k №-li əmrinin ləğv edilməsinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti sektorunun baş məsləhətçisi vəzifəsinə və dövlət qulluğuna bərpa olunmasına, məcburi işburaxmaya görə əməkhaqqının hesablanıb ödənilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, cavabdeh, “İddiaçı dövlət qulluğundan azad edilməsi haqqında” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, 276/k №-li əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti sektorunun baş məsləhətçisi vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. Tutduğu vəzifədən azad edilməsi və dövlət qulluğuna xitam verilməsinə dair əmri qərəzli, əsassız və qanunsuz hesab edir. Bildirir ki, 2020-ci ilin avqust ayında ona qarşı olan qərəz və ayrı seçkilyiə görə, pandemiya dövründə onu məcburi işlətdikləri halda özlərinə bir əmək haqqı həcmində əlavə mükafat yazdıqları, ona yazmadıqları üçün koronavirus pondemiyasndan və müharibə vaxtından sui-istifadə edərək 50-dən artıq ölü canlar saxladıqları, 40 milyon manatdan artıq dövlət vəsaitinin özlərinə yaxın Firma və Şirkətlərlə saxta yolla mənimsədikləri və korrupsiyaya qurşanmaları barədə o, Kənd Təsərrüfatı nazirinə İP telefonu ilə (10 00) məlumat vermiş və onu şəxsən qəbul etməsini xahiş etmişdir. Həmin gün nazirliyin Daxili nəzarət və Audit şöbəsinin müdiri və İnsan resusları şöbəsinin müdiri onu dinləyib qaldırdığı məsələləri nazirə çatdıracaqlarını və onu nazirin qəbuluna salacaqlarına söz verdilər. AXA da neqativ hallar aşkar edildiyi üçün xx xxxxxxxx 2020-ci il tarixində AXA-nın sədri işdən çıxarılaraq AKİA ya sədr, AKİA-nın sədri isə AXA- ya sədr təyin edildi. O, AXA-nın yeni sədri Mirzə Əliyevə yaxınlaşaraq onu təcili qəbul edib dinləməsini xahiş etmişdir. Lakin, onu qəbul etmədi. Ona qarşı tələ qurulduğunu, həyatına təhlükə olduğu barədə nazirin köməkçisinə zəng edərək onu qəbul etməsinə kömək etməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə o, Əliyev Rahib və Quliyeva Gülşən adlı əməkdaşlarla bir yerdə iş otağında olarkən Azad Nəhmətov otaqda qəsdən mübahisə yaratdı. İddiaçı onu intizama dəvət edib otaqdan çıxmasını xahiş etsə də Azad Nəhmətov üstünə hücum edərək onu vurmaq istəyərkən Əliyev Rahib onu zorla itələyib otaqdan çıxardı. X23 dəhlizdə onun ünvanına əxlaqsız küçə söyüşləri söyərək əməkdaşların yanında onu təhqir etdi. Onu görmədən, dinləmədən saxta ittihamla onun barəsində sərt cəza tədbiri görülməsinə göstəriş verildi. Ona qarşı təşkil olunan şər- böhtandan bərk sarsıntı keçirdi. O, xx xxxxxxx 2020-ci il tarixində həftənin 5-ci günü şəkəri və qan təzyiqi yüksəldiyi üçün şöbə müdirindən icazə alıb saat 17:20 də evə getdi. O, uzun müddətdir ağır şəkərli diabet, ürək çatışmazlığı və hipertoniya xəstəliyindən əziyyət çəkir. O, əlacsız qalaraq Dia.az saytı vasitəsi ilə Ali Baş komandan cənab prezidentdən, Birinci vitse- prezidentdən və Baş prokurordan ona qarşı edilən haqsızlığın qarşısının alınması üçün kömək istədi. Dia.az saytı onun müraciətini xx.xx.2020-ci il tarixdə dərc etdi. Həftənin birinci iş günü şəkəri və qan təzyiqi yüksəldiyi üçün xx.xx.2020-ci il tarixdə səhər qan analizi verib kordiaqram və USİ müayinəsindən keçib şəkərə qarşı güzəştli dərmanlarını aldı. Analiz və müayinələr barədə xx.xx.2020-ci il tarixdə tibb kartında da qeydiyyat aparılıb. Xəstə olduğu üçün həkimə gedəcəyini şöbə müdirinə bildirmişdi. Həkimdə olarkən səhər Daxili nəzarət şöbəsinin müdir müavini ona telefon edərək rəhbərliyin yanına gəlməsini tələb etdi, yarım saat sonra o, iş yerinə bir başa Daxili nəzarət şöbəsinin müdir müavinin iş otağına gəlib səhər həkim müayinəsində olduğu barədə izahat yazdı və ərizə yazıb ona qarşı olan təzyiq və təqiblərə son qoyulmasını, onu təhqir etdiyi üçün Azad Nəhmətov barədə tədbir görməsini xahiş etdi. xx xxxxxxx 2020-ci il tarixdə sədr, kadr sektorunun müdiri və Daxili Nəzarət şöbəsinin müdiri ilə birlikdə və Dia.az saytına müraciət etdiyi üçün ona məzəmmət etdi və xx xxxxxxx 2020ci il tarixli 271/K nömrəli əmrlə ona töhmət elan etdi. xx xxxxxxx 2020-ci il tarixində işdə olarkən kadr sektorunun müdiri öz iş otağında şiddətli töhmət verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli 272/k nömrəli əmrin surətini və işdən azad edilərək dövlət qulluğna xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli 276/k nömrəli əmrin surətini ona təqdim edərək iş yerini tərk etməsini tələb etdi. Qeyd edilən əmrlər qərəzli və qanunsuzdur. Bu günə qədər əmək kitabçası ona təqdim edilməyib və son haqq-hesabı ona yalnız xx xxxxxxx 2020-ci il tarixdə ödənilib. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinin, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ə, 79.1, 83.1, 84.1, 143.1, 172.4, 186 və 187.1.2-ci maddələrinin tələbləri kobud surətdə pozmuşlar. Qeyd olunan qanun pozuntuları və pozulmuş əmək hüquqlarının bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinə də müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, aparılmış məhkəmə araşdırması, şahidlərin izahatları, iş materiallarının öyrənilməsi göstərdi ki, cavabdeh AR KTN yanında Aqrar Xidmətlər Agentliyi qanunsuz və qərəzli olaraq İddiaçı dövlət xidmətinə xitam vermiş, onunla əmək müqaviləsini ləğv etmişdir. Belə ki, məhkəmədə ifadə vermiş Agentliyin əməkdaşları və İddiaçı və onunla birgə otaqda oturan iş yoldaşları Əliyev Rahib və Quliyeva Gülşən göstərmişdirlər ki, başqa sektorun əməkdaşı olan X10 şəhid olmuş şəxsin ailəsi üçün könüllü yardım toplamaq üçün onların otağına gəlmişdir. Bu zaman İddiaçı ona 50 manatlıq əskinaz təqdim edərək oradan 20 manat saxlayıb, 30 manatı qaytarmağı demişdir. Azad Nehmətovun qaytarmağa pulu olmamışdır. Eyni zamanda Rahib Əliyev də Azad Nehmətova 100 manatlıq əskinaz təqdim etmişdir ki, 20 manat çıxsın. Azad Nehmətov narazılıq bildirmişdir ki, xırda pul verin, mən sizə pulu hardan xırdalayım. Bu zaman İddiaçı təklif etmişdir ki, Rahibin pulunu qaytar, 50 manatdan hər ikimizin pulunu 40 manat çıx. Bir daha pulun qalığının qaytarılması məsələsi qalxır, A.Nehmətov narazılığını bildirir, İddiaçı da qarşılıqlı olaraq narazılığını bildirir ki, bu işlə sən məşğulsan sa sən də bu məsələyə hazır olmalısan, pulun çıxaraq qaytarılmasını təmin etməlisən. Biz gözləməmişik ki, indi pul yığılacaq. Bir də ki, hər pul ödəyən əskinaz xırdalamağa qaçsa, nə vəziyyət yaranar? Bu zəmində tərəflər biri birini acılamışlar. Deməli, Azad Nehmətov və İddiaçı arasında qarşılıqlı konflikt olmuşdur və hər ikisinin hərəkətinə rəhbərlik tərəfindən qiymət verilməliydi. Lakin nə baş verir? A.Nehmətovdan şikayət ərizəsi İddiaçı isə izahat alınır. Və sonda intizam tənbeh tədbiri yalnız İddiaçı qarşı tədbiq edilir. AR Konstitusiyasında 25-ci, 35-ci və AR Əmək Məcəlləsinin 2.3-cü, 16-cı maddələrində vətəndaşların əmək və bərabərlik eləcədə ayrı- seçkiliyin yolverilməzliyi təsbit olunub. Bu tələblərin pozuntusu baş verib. İddiaçıla əmək müqaviləsi Əmək Məcəlləsinin 72 “ə” maddəsinə əsasən pozulub. Halbuki, əmrin məzmunundan görünür ki, onu əmək intizamı qaydalarını pozduğuna görə işdən çıxarıblar. Bu kimi əsaslar isə Məcəllənin 70-ci maddəsində göstərilmişdir. Məcəllənin 72-ci maddəsi isə 70 “ç” maddəsinin açıqlaması olaraq əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanıb. ƏM-nin 72 “ə” maddəsi müstəqil olaraq əmək müqaviləsinin pozulması üçün norma kimi nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdeh əmrin əsası kimi iki sənəd göstərir: xx.xx.2020 tarixli F.Qəniyevin 10/M-49 saylı təhriri məruzəsini və X6 Komitəsinin İdarə Heyyətinin iclasının xx.xx.2020 tarixli protokolunu. Birincisi, F.Qəniyevin məruzəsi KİV-də getmiş məlumatla bağlıdır, bu isə dövlət qulluğunda qulluqkeçmə ilə bağlı olan məsələdir və heç bir halda əmək münasibətlərinə xitam verilməsi üçün əsas deyil. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununda bu cür hallarda tənbeh vermə qaydaları və əsasları müəyyən edilmişdir. Lakin, cavabdeh bunu əsassız və yanlış olaraq ƏM-in 72 “ə” maddəsi ilə əlaqəli şəkildə müqavilənin xitamına əsas kimi göstərmişdir. İkincisi, Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyyətinin iclas protokolu hazırki halda cavabdehin birmənalı olaraq hüquqi çaşqınlığını, gördüyü işdə dürüst mövqedən çıxış etmədiyini göstərir. Qanunverici həmkarlar ittifaqı hansısa komitəsinin idarə heyyətinin yox, həmkarlar ittifaqı təşkilatının razılığının alınmasını tələb edir. Yəni, bütün həmkarlar təşkilatının üzvlərinin yığıncağının. Digər tərəfdən, göstərilməlidir ki, Əmək Məcəlləsi (maddə 80.2) yalnız əmək müqaviləsinə 70-ci maddənin “b” və “ç” bəndi ilə xitam verilərkən bu razılığın mütləq olmasını müəyyən edib. Əmrdə cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 18.0.4-cü maddəsinə istinad edir. Həmin normada əsas vəzifələrdən biri kimi göstərilmişdir ki, başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli. Hansı başqa dövlət qulluqçusunun işini çətinləşdirmişdir? Başqa işçi Azad Nehmətov yardım üçün kollektivdə razılaşdırılmış şəxsi təşəbbüslə pul yığırdı və Azad Nehmətov gəlmişdi İddiaçı iş yerinə. Qanunun 18.0.12 maddəsində etik davranış qaydalarına əməl edilməsi tələb edilir. Burada bir daha qayıdılmalıdır İddiaçı qarşı göstərilmiş ayrıseçkilik məsələsinə. İddiaçı da, A.Nehmətovda qeyri-etik ifadələrlə biri birinə müraciət etmişdir. Bəs niyə A.Nehmətovun əməlinə qiymət verilməyib? Deməli qərəz olub və məqsəd İddiaçı provokasiyaya sürükləmək olub. Göründüyü kimi, cavabdeh bir qısa zamanda İddiaçı hədəfə alaraq qanunların tədbiqində yanlışlıqlara və qarmaqarışıqlığa yol verərək qərəz və ayrı-seçkiliyini biruzə vermişdir. Hesab edir ki, əmr qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsində və izahatda göstərilənləri müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Agentliyin 2019cu il 01 noyabr tarixli 145 k nömrəli əmrinə əsasən İddiaçı - X1 Toxum analizləri şöbəsinin baş aqronomu 2019-cu il 01 noyabr tarixindən tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Agentliyin 2019-cu il 01 noyabr tarixli 146 k nömrəli əmri ilə İddiaçı 2019-cu il 01 noyabr tarixindən Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektoruna baş məsləhətçi vəzifəsi üzrə daimi dövlət qulluğuna qəbul edilmişdir. 2020-ci il 07 oktyabr tarixində Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektorunun baş məsləhətçisi İddiaçı həmin şöbənin Bitki sortlarının qeydiyyatı sektorunun böyük məsləhətçisi X7 təhqir etmişdir. Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Bitki sortlarının qeydiyyatı sektorunun böyük məsləhətçisi X4 2020-ci il 08 oktyabr tarixli izahatı və Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri X15 2020-ci il 08 oktyabr tarixli 10/M-47 nömrəli təhriri məruzəsi əsasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə"nin 5.5.6-cı yarımbəndini rəhbər tutaraq Agentliyin 2020-ci il 08 oktyabr tarixli 77/a nömrəli əmri ilə İddiaçı X7 təhqir etməsi ilə bağlı müraciət Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən xidməti qaydada araşdırılmışdır. Araşdırma zamanı 2020-ci il 08 oktyabr tarixində sözügedən şöbənin Toxum nəzarəti sektorunun baş məsləhətçisi X8 və qeyd edilən şöbənin həmin sektorunun böyük məsləhətçisi X11 izahatları alınmış, İddiaçı X7 təhqir etməsi faktı öz təsdiqini tapmışdır. Bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü, 18.0.4-cü və 18.0.12ci maddələri və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu il 08 may tarixli 65 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin X17”nın 4.1.1-ci və 4.1.3-cü yarımbəndləri İddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Həmin Qaydaların 8.5.6-cı yarımbəndinə əsasən işçinin daxili intizam və etik davranış qaydalarını pozması intizam tənbeh tədbirinin tətbiqi əsaslarından biridir. 2020-ci il 09 oktyabr tarixində İddiaçı təxminən saat 17:15 radələrində heç bir üzrlü səbəb olmadan və əvvəlcədən məlumat vermədən iş yerini özbaşına tərk edib və iş vaxtının sonunadək işdə olmayıb. 2020-ci il 10 oktyabr tarixində www.dia.az saytında Agentliyin nüfuzuna xələl gətirən saxta məlumatları ehtiva edən məqalə dərc olunmuşdur. Müəyyən edilmişdir ki, müvafiq məqalə İddiaçı tərəfindən adıçəkilən sayta müraciət edilərək yerləşdirilmişdir. 2020-ci il 12 oktyabr tarixində İddiaçı ilə görüş zamanı yazdığı ərizədə etdiyi əməli etiraf etmişdir. Bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü və 18.0.12-ci maddələri, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələri İddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində qeyd olunur ki, etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri X15 2020-ci il 12 oktyabr tarixli 10/M-48 nömrəli təhriri məruzəsi əsasında dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanının nüfuzuna xələl gətirə biləcək halların qarşısının alınması, başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verilməməsi və dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət edilməsi məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü, 18.0.4-cü, 18.0.12-ci, 25.2.1-ci maddələrini və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndini rəhbər tutaraq Agentliyin 2020-ci il 12 oktyabr tarixli 271/k nömrəli əmri ilə İddiaçı töhmət elan edilmişdir. Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin müdiri X5 2020-ci il 12 oktyabr tarixli 07/M-08 nömrəli təhriri məruzəsi əsasında dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət edilməsi və müəssisəX17na əməl edilməsi məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü maddəsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndini və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndini rəhbər tutaraq Agentliyin 2020-ci il 13 oktyabr tarixli 272/k nömrəli əmri ilə İddiaçı şiddətli töhmət elan edilmişdir. Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri X15 2020-ci il 14 oktyabr tarixli 10/M-49 nömrəli təhriri məruzəsi və X6 Komitəsinin İdarə Heyətinin iclasının 2020-ci il 14 oktyabr tarixli 2 nömrəli protokolu əsasında dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi və dövlət orqanının nüfuzuna xələl gətirə biləcək halların qarşısının alınması məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü, 18.0.12-ci və 25.2.6-cı maddələrini, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələrini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndini rəhbər tutaraq Agentliyin 2020-ci il 15 oktyabr tarixli 276/k nömrəli əmri ilə kütləvi informasiya vasitələrinə razılaşdırılmamış müsahibə verməsi, dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsi ilə bağlı qeyri peşəkarlıq göstərməsinə görə İddiaçı tutduğu vəzifədən azad edilərək 2020-ci il 15 oktyabr tarixindən dövlət qulluğuna xitam verilmişdir. Agentliyin 2020-ci il 29 oktyabr tarixli 80 nömrəli əmri ilə Agentlik üzrə 2020-ci il 15 oktyabr tarixli 276/k nömrəli əmrdə dəyişiklik edilərək həmin əmrin preambulası aşağıdakı redaksiyada verilmişdir: “Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi və dövlət orqanının nüfuzuna xələl gətirə biləcək halların qarşısının alınması məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü, 18.0.12-ci və 25.2.6-cı maddələrini və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələrini rəhbər tutaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən”. 2020-ci il 19 noyabr tarixində saat 10:45-də işin hazırlıq icraatı üzrə məhkəmə iclasında İddiaçı bildirmişdir ki, onun dövlət qulluqçusu olmasına baxmayaraq İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Agentliyin 2020-ci il 15 oktyabr tarixli 276/k nömrəli əmri ancaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi rəhbər tutularaq verilmişdir. İddiaçı sözügedən mövqeyi həqiqətə uyğun deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianın əsaslı olduğunu və təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2020-ci il tarixli 276/k nömrəli əmrini mübahisələndirir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi xx.xx.2020-ci il tarixli məktubla mübahisələndirilən əmrin və digər sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin “İddiaçı daimi dövlət qulluğuna qəbul edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 146k nömrəli Əmri ilə İddiaçı - xx xxxxxx 2019cu il tarixindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektoruna baş məsləhətçi vəzifəsi üzrə daimi dövlət qulluğuna qəbul edilmişdir. İş materiallarından görünür ki, Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Bitki sortlarının qeydiyyatı sektorunun böyük məsləhətçisi X4 2020-ci il 08 oktyabr tarixli izahatı və Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri X15 2020-ci il 08 oktyabr tarixli 10/M-47 nömrəli təhriri məruzəsi əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin “Araşdırma aparılması haqqında” 77/a nömrəli xx.xx.2020-ci il tarixli Əmri ilə Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektorunun baş məsləhətçisi İddiaçı Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Bitki sortlarının qeydiyyatı sektorunun böyük məsləhətçisi X9 təhqir etməsi ilə bağlı müraciətin Nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən xidməti qaydada araşdırılması və Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsi və Nəzarət və qiymətləndirmə şöbəsi bu əmrdən irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll edilməsi əmr edilmişdir. İş materiallarından görünür ki, araşdırma zamanı 2020-ci il 08 oktyabr tarixində sözügedən şöbənin Toxum nəzarəti sektorunun baş məsləhətçisi X8 və qeyd edilən şöbənin həmin sektorunun böyük məsləhətçisi X13 izahatları alınmış və xx.xx.2020-ci il tarixli 10/M-48 nömrəli Təhriri məruzəyə əsasən İddiaçı Azad Nehmətovu təhqir etməsi faktı öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin “İddiaçı töhmət verilməsi haqqında” xx.xx.2020-ci il tarixli 271k nömrəli Əmri ilə Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektorunun baş məsləhətçisi İddiaçı töhmət elan edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli 07/M-48 nömrəli Təhriri məruzəyə əsasən xx xxxxxxx 2020-ci il tarixdə Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin baş məsləhətçisi İddiaçı təxminən saat 17.15 radələrində heç bir üzürlü səbəb olmadan və əvvəlcədən məlumat vermədən iş yerini özbaşına tərk edib və iş vaxtının sonunadək işdə olmayıb. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin “İddiaçı şiddətli töhmət verilməsi haqqında” xx.xx.2020-ci il tarixli 272k nömrəli Əmri ilə Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektorunun baş məsləhətçisi İddiaçı şiddətli töhmət elan edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli 10/M-49 nömrəli Təhriri məruzəyə əsasən 2020-ci il 10 oktyabr tarixində www.dia.az saytında dərc olunan və Aqrar Xidmətlər Agentliyinin nüfuzuna xələl gətirən saxta məlumatları ehtiva edən məqalənin müəllifinin müəyyən olunması istiqamətində Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, müvafiq məqalə Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektorunun baş məsləhətçisi İddiaçı tərəfindən adıçəkilən sayta müraciət edilərək yerləşdirilmişdir. 2020-ci il 12 oktyabr tarixində İddiaçıla görüş zamanı yazdığı ərizədə etdiyi əməli etiraf etmişdir. İş materiallarından görünür ki, İddiaçı dövlət qulluğundan azad edilməsi barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyətinin iclasının xx.xx.2020-ci il tarixli 2 nömrəli Protokoluna əsasən Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektorunun baş məsləhətçisi İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması nəticəsində “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin “25.2.6’’-cı bəndi və Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə” bəndi ilə nəzərdə tutulmuş hala yol verdiyi üçün dövlət qulluğundan azad edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin “İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli 276/k nömrəli Əmri ilə Kütləvi informasiya vasitələrinə razılaşdırılmamış müsahibə verməsi, dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsi ilə bağlı qeyri peşəkarlıq göstərməsinə görə Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektorunun baş məsləhətçisi İddiaçı tutduğu vəzifədən azad edilərək xx.xx.2020-ci il tarixindən dövlət qulluğuna xitam verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi üzrə xx.xx.2020-ci il tarixli, 276/K nömrəli əmrdə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli 80 nömrəli Əmrində göstərilmişdir: “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi üzrə xx.xx.2020-ci il tarixli, 276/K nömrəli əmrin preambulası aşağıdakı redaksiyada verilsin: 1.1. “Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi və dövlət orqanının nüfuzuna xələl gətirə biləcək halların qarşısının alınması məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü, 18.0.12-ci və 25.2.6-cı maddələrini və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələrini rəhbər tutaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən””. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyətinin iclasının 2020-ci il 14 oktyabr tarixli 2 nömrəli protokoluna dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyətinin iclasının xx.xx.2020-ci il tarixli 3 nömrəli Protokolunda göstərilmişdir: “Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektorunun baş məsləhətçisi İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilsin.” İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə müraciət edərək İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasının elektron informasiya sistemində dəyişdirilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişinin 1.2-ci bəndində “Əmək müqaviləsinə xitam verilməsinin əsası: 33.1.6 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə (intizam tənbehi) uyğun olaraq dövlət qulluğundan azad edildikdə” göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi qəbul etdiyi inzibati aktı (xx.xx.2020ci il tarixli 276/k nömrəli əmri) iddiaçının kütləvi informasiya vasitələrinə razılaşdırılmamış müsahibə verməsi, dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsi ilə bağlı qeyri peşəkarlıq göstərməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 18.0.4-cü maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Həmin Qanunun 18.0.12-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq etik davranış qaydalarına əməl etməlidir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci (18.0.12-ci maddəsinə uyğun olaraq etik davranış qaydalarına əməl edilməməsi), 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində töhmət, bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması, həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi, ixtisas dərəcəsinin bir pillə aşağı salınması, dövlət qulluğundan azad edilmə intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Həmin Qanunun 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Həmin Qanunun 33.1.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. İş materialları ilə də müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin müddəaları gözlənilərək müvafiq olaraq araşdırma aparılmış və dövlət qulluqçusundan yazılı izahat alınmışdır. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə (Loyallıq) əsasən dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Həmin Qanunun 9-cu maddəsinə (Mədəni davranış) əsasən dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı şahidlərin ifadələrindən də müəyyən olunur ki, Xidmətin digər əməkdaşı Azad Nehmətovla İddiaçı tərəfindən mədəni davranış qaydaları qarşılıqlı olaraq pozulmuşdur. Beləliklə də, iddiaçı tərəfindən etik davranış qaydalarının (Mədəni davranış) pozulması öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə etik davranış qaydasını, yəni mədəni davranış qaydasını pozaraq digər əməkdaş olan Azad Nehmətovu təhqir etməsi və nəticədə xx.xx.2020-ci il tarixli Əmrlə ona töhmət elan edilməsi, daha sonra iddiaçı tərəfindən müəssisəX17 pozulduğuna görə ona xx.xx.2020-ci il tarixli Əmrlə şiddətli töhmət elan edilməsi, həmçinin iddiaçı tərəfindən növbəti dəfə etik davranış qaydasının (Loyallıq) pozulması, yəni iddiaçının müraciəti əsasında www.dia.az saytında müvafiq (Aqrar Xidmətlər Agentliyinin nüfuzuna xələl gətirən saxta məlumatları ehtiva edən) məqalənin yerləşdirilməsi və nəticədə hazırkı iddia ilə mübahisələndirilən Əmrin qəbul edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı barəsində yuxarıda göstərilən əmrlər qəbul edilməzdən əvvəl mövcud qanunvericiliyə uyğun olaraq araşdırma aparılmış, dövlət qulluqçusundan, yəni İddiaçı yazılı izahat alınmış və iddiaçı həmin izahatında (xx.xx.2020ci il tarixli yazılı izahatında) 2020-ci il 10 oktyabr tarixində www.dia.az saytında müvafiq (Aqrar Xidmətlər Agentliyinin nüfuzuna xələl gətirən saxta məlumatları ehtiva edən) məqalənin onun müraciəti əsasında yerləşdirildiyini etiraf etmişdir, yəni qulluq keçdiyi dövlət orqanının, onun rəhbərlərinin fəaliyyəti ilə əlaqədar kütləvi informasiya vasitələrində tənqidi ictimai mülahizə və çıxışlar etməsi artıq işin mübahisələndirilməyən halıdır. Məhkəmə qeyd olunan qanunvericilik normaları baxımından mübahisəyə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən dövlət qulluğuna dair qanunvericiliklə müəyyən olunmuş vəzifələrə və məhdudiyyətlərə əməl edilmədiyindən, yəni onun tərəfindən vəzifələrin icrası zamanı mütəmadi olaraq pozuntulara (etik davranış qaydalarını (Loyallıq və Mədəni davranış) pozduğuna) yol verildiyindən cavabdehin mübahisələndirilən xx.xx.2020-ci il tarixli 276/k nömrəli əmri - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə müvafiq olaraq İddiaçı dövlət qulluğuna xitam verilməsi qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsi) “İddiaçı dövlət qulluğundan azad edilməsi haqqında” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, 276/k №-li əmrinin ləğv edilməsinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti sektorunun baş məsləhətçisi vəzifəsinə və dövlət qulluğuna bərpa olunmasına, məcburi işburaxmaya görə əməkhaqqının hesablanıb ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar