Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2483/2024 20.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (bundan sonra mətndə DİN) üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixdə verilmiş RX №-li ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olmaqla, ünvan 1 ünvanında yerləşən 55 saylı mənzilin üzərinə, DİN-nin xx.xx.2015-ci il tarixli, 1/107 m nömrəli məktubu ilə qoyulmuş məhdudiyyətin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 55 saylı mənzil, Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013 cü il tarixdə verilmiş, RX №-li ******* saylı Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə onun xüsusi mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan sözügedən mənzilə dair yüklülük haqqında (Forma-1) arayışının alınması üçün DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətinə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunan mənzilinin üzərinə DİN-nin xx.xx.2015-ci il tarixli, 1/107m nömrəli məktubu əsasında məhdudiyyət qoyulduğu qeyd olunmuşdur. Bundan sonra o, qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı DİN-nə rəsmi olaraq müraciət etmişdir. DİN tərəfindən həmin müraciəti cavablandırılmadığından, həmin müraciətinin təmin edildiyini düşünərək, xüsusi mülkiyyəti üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı 2023-cü ilin iyul ayının sonunda, təkrarən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətinə cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli 3_21-30/2-P-0081-8/2023 **********84 saylı məktubu ilə cavab verilərək, bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli məlumata əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 55 saylı mənzilin üzərinə DİN-nin xx.xx.2015-ci il tarixli, 1/107m nömrəli məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin həmin məhdudiyyətin götürülməsi ilə bağlı müraciət idarəyə daxil olmamışdır. Onun barəsində DİN-də və ya digər hüquq mühafizə orqanlarında hər hansı bir araşdırma aparılmamış, heç bir istintaq orqanına çağrılmamışdır və heç bir məsuliyyətə cəlb edilməmişdir. Əmlakının üzərinə məhdudiyyət qoyulmasından onun heç bir məlumatı olmayıb. Mənzilinin üzərinə həbs və ya məhdudliyyətin qoyulması barədə hər hansı bir məhkəmə qərarı istintaq orqanının qərarı mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 21 sentyabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizələr ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********13 xaricolma nömrəli və xx.xx.2023-cü il tarixli, **********84 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixinə olan məlumata əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 55 saylı mənzil üzərinə DİN-nin 1/107m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı müraciət idarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1954-cü ildə Ucar rayonunda doğulmuş İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********47 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilmiş 021169 №-li, xx.xx.2007-ci il tarixli orderin surətindən görünür ki, ünvan 6 ünvanında, 1-ci giriş, 15-ci mərtəbədə yerləşən 86,7 kv. m. olan 4 otaqlı mənzil İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 257 №-li xx.xx.2007-ci il tarixli sərəncamı ilə ayrılmışdır. - "xxxx" MTK-nın üzvlərinin 23 may 2013-cü il tarixdə keçirilmiş iclasının 60 saylı protokolundan çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 1-ci giriş, 15-ci mərtəbə, ümumi sahəsi 165.5 kv. m. yaşayış sahəsi 86,7 kv.m., 4 otaqlı 55 nömrəli mənzilin İddiaçı adına Dövlət reyestrində qeydiyyata alınması üçün vətəndaş X1 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsinə göndərilməsi qərara alınmışdır. - "xxxx" MTK tərəfindən verilmiş 261 saylı maliyyə arayışında Bakı şəhəri, S.Rəhman küçəsi, 943-cü məhəllədə yerləşən kooperativ yaşayış binasının "xxxx" MTK-ya məxsus olduğu, binanın 1-ci girişi, 15-ci mərətəbəsində ümumi sahəsi 165,5 kv.m., yaşayış sahəsi 86,7 kv.m olan 4 otaqlı 55 saylı mənzilin pay dəyərinin payçı İddiaçı tərəfindən tam ödənildiyi, MTK-ya borcunun olmadığı göstərilmişdir. - "xxxx" MTK tərəfindən verilmiş 313 №-li, xx.xx.2013-cü il tarixli Forma № 2 arayışında İddiaçı Bakı şəhəri, Sabit Rəhman küçəsi, 943 №-li məhəllə, 45 №-li binada, 1 №-li blok, 16 mərtəbəli 2 (iki) bloklu binanın 15-ci mərtəbəsində yerləşən 55 №-li mənzildə yaşadığı qeyd olunmuşdur. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən mənzil xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1906 nömrəli reyestr kitabının 175528 nömrəli vərəqində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. - DİN tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış 1/107m №-li, xx.xx.2015-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə xx.xx.2015-ci il tarixli, 1/99m nömrəli sorğuya əlavə olaraq hazrkı məktubla siyahısı təqdim edilən daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması üçün göstəriş verilməsi xahiş edilmişdir. Məktubun üzərinə vurulmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “daxil olma ştampı”ndan görünür ki, məktub Komitəyə xx.xx.2015-ci il tarixdə daxil olmuş və “Məxfi” məktub kimi qeydə alınmışdır. Məktubun üzrındə aparılmış qeydə əsasən “DİN-nin 001-13360-1216 nömrəli xx.xx.2016-cı il tarixli məktubu ilə məxfilik qrifi ləğv edilib”. Məktuba əlavə olunmuş siyahıda İddiaçı adı və ona məxsus olan ünvan 3 ünvanında yerləşən 55 saylı mənzil qeyd olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********84 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 55 saylı mənzil üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə müraciətinə baxılmışdır. xx.xx.2023-cü il tarixinə olan məlumata əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 55 saylı mənzil üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/107m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı müraciət İdarəyə daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.3. Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). Maddə 13.8. Dövlət reyestrində hər bir daşınmaz əmlak barədə məlumat saxlanılan (göstərilən) bölmələr vardır: - mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti (13.9.3-cü maddə) Maddə 14.5. Bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Maddə 14.6. Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilməlidir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14 və 15-ci maddələri) hüquqların dövlət qeydiyyatının dayandırılması və hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarının dairəsini konkret müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydaların 5.4-cü bəndində əsasən bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş müddətdə daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanılmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair hüquqların dövlət qeydiyyatının dayandırılması üçün qanuni əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan mənzillə bağlı müvafiq cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmamış, bununla bağlı məhkəmə icraatı olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: ..... 3.1.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.5. qanunla müəyyən edilmiş əsaslar olduqda, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (həmin Qanunun 19.1, 19.2, 24.2-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixdə verilmiş RX №-li ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla, ünvan 1 ünvanında yerləşən 55 saylı mənzilin üzərinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1/107 m nömrəli məktubu ilə qoyulmuş məhdudiyyətin ləğv edilməsi öhdəliyi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixdə verilmiş RX №-li ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla, ünvan 1 ünvanında yerləşən 55 saylı mənzilin üzərinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1/107 m nömrəli məktubu ilə qoyulmuş məhdudiyyətin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2483/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2483/2024
20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver