Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2484/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə qarşı “hərbi xidmətə yararsız hesab edilməsi barədə qərar qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin hərbi həkim komissiyasının hərbi xidmətə yararlılıq barədə qərarının qanunsuz hesab edilməsi, hərbi xidmətə çağırış vərəqəsinin ləğv edilməsi, hərbi xidmətə yararsız hesab edilməsi barədə qərar qəbul etmək öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci il təvəllüdlü olmaqla 2013-cü il tarixdən hərbi xidmətə çağırılarkən tibbi müayinələrdən keçərkən yararsız olaraq 3 ildən bir tibbi komissiyadan keçib. Bütün komissiyalarda yararsız hesab edilib. 2014-cü ildə varikoz genəlmə ilə cərrahi əməliyyat keçirib, 2015-ci ildə isə Baş Klinik Hospitalda digər cərrahi əməliyyat keçirib. 8 il ərzində sağalma prosesi əvəzinə yenidən ağırlaşmalar olmuşdur. Ayaq üstə 30 dəqiqədən artıq dura bilmir, lakin 14 sentyabr 2023-cü ildə keçirilmiş komissiyanın nəticəsində ona bildirildi və çağırış vərəqəsi təqdim edildi ki, xx.xx.2023-cü il tarixə çağırışa gəlməlidir. Eyni zamanda qeyd edir ki, atası 2-ci qrup əlildir, ailənin tək övladıdır. Hesab edir ki, tibbi komissiyanın qərarı qanunsuzdur, çağırış vərəqəsi ləğv edilməlidir.
3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin rəisi tərəfindən imzalanmış çağırış vərəqəsinə əsasən 1995-ci il təvəllüdlü İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2023-cü il tarixdə saat 09:00-da hərbi xidmətə yola düşmək üçün idarəyə gəlməsi əmr edilmişdir.
4. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən iddiaçı barəsində tərtib olunmuş sənədlərin surəti təqdim edilmiş, həmin sənədlər arasında iddiaçı 1995-ci il təvəllüdlü İddiaçı çoxsaylı müayinələrinin nəticələri mövcud olmaqla əvvəllər hərbi xidmətə yararlı hesab edilməsə də, yekunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Mərkəzi Hərbi- Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə sağ böyük dərialtı venaların seqmantik varikozu, xroniki venoz çatışmazlıq yoxdur, sol tərəfli varikosele İ dərəcə diaqnozu ilə “Xəstəliklər cədvəli"nin 45ç, 73ç, 49ç maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) hərbi xidmətə yararlıdır-3 hesab edilmişdir.
5. Məhkəmənin hazırkı iş üzrə müvəqqəti xarakterli müdafiə barədə ərizə üzrə icraat qaydasında (iş№15(112)-381/2023) işə baxılarkən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasından aşağıdakı məsələ barədə mütəxəssis rəyi alınması qərara alınmışdır. - xx.xx.1995-ci təvəllüdlü İddiaçı sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılıq kateqoriyası; İddiaçı müayinə üçün ona aid tibbi sənədlərlə birlikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasında iştirakını təmin etməsi həvalə olunmuşdur.
6. Həmin qərardad əsasında çağırışçı Qasımov X2 Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tibbi müayinədən keçmiş və şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən xəstənin adına tərtib edilmiş 12043 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”ni məhkəməyə təqdim etmişdir.
7. Həmin şəhadətnaməyə əsasən, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsində qeydiyyatdadır. Boyu 175 sm. Bədən çəkisi 94 kq. Döş qəfəsinin çevrəsi (sakit vəziyyətdə) 98 sm. Şikayətləri: aşağı ətrafda olan ağrıdan, şişkinlikdən, yeriş zamanı topuqda, baldırda əmələ gələn ödemdəndir. Anamnezi: Özünü uzun müddətdir ki, xəstə hesab edir. Hərbi xidmətdə qulluq etməyib. Əvvəllər məhkum olunmayıb. Ağır somatik xəstəliklər keçirməyib. xx.xx.2011-ci il tarixdə X9 Mərkəzində Doppler müayinəsində "Sol aşağı ətrafının İİİ dərəcəli venoz çatmamazlılığı. Baldır venalarının lll-İV dərəcəli varikoz genişlənməsi” diaqnozu təyin edilmişdir. Xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2014-cü il tarixdə City Hospitalda müayinədə, xx.xx.2014-cü il tarixdə X5 varikoz xəstəliyinə görə müayinə və müalicədə olmuşdur. xx.xx.2014-cü il tarixdə "Soltərəfli flebektomiya” cərrahi əməliyyatı icra edilmişdir (əsas: X6 xx.xx.2014-cü il tarixli arayışı). xx.xx.2015-ci il tarixdə SQ BKH-nın Urologiya bölməsində "Soltərəfli İİ dərəcəli varikosele” diaqnozuna görə "Soltərəfli varikoselektomiya” cərrahi əməliyyatı icra olunmuşdur (əsas: xx.xx.2015-ci il tarixli 609 nömrəli arayış). xx.xx.2017xx.xx.2017-ci il tarixədək SN Akademik M.A.Topçubaşov adına X4 “Sol aşağı ətrafda flebektomiyadan sonrakı vəziyyət. Sağda böyük dərialtı venanın birincili varikozu. Soltərəfli varikoseleyə görə aparılmış əməliyyatdan sonrakı vəziyyət. Sağ xayanın olmaması” diaqnozu təyin edilmişdir (əsas: sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı). Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi tərəfindən hərbi xidmətə yararlılığın təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. MN BKH-nın baş nevroloqu, psixiatrı, hematoloqu və otolorinqoloqu ilə konsultasiya olunmuşdur. xx.xx.2023-cü il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur, Obyektiv müayinənin məlumatları: Düzgün bədən quruluşludur. Fiziki inkişafı, qidalanması kafidir. Dəri örtüyü və görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy normal inkişaf etmişdir. Periferik limfa vəzləri böyüməmişdir. Hər iki ağciyər tənəffüsdə simmetrik iştirak edir. Perkussiya zamanı ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. Ürəyin hüdudları normal, tonları aydın. Dili nəmdir, təmizdir. Qarnı yumşaq, palpasiya zamanı ağrısızdır. Bel nahiyəsində döyəcləmə hər iki tərəfdə ağrısızdır. Fizioloji aktlar sərbəst, adekvatdır. A/T 120/70 mm cv.st. Nəbzi ritmik, dəqiqədə sayı 74 vurğudur. Status localis: Sol bud və baldırda çapıqlar var. Hər iki baldır, topuq şişkindir. Vena damar çatmamazlığı əlamətləri müsbətdir. Pıçıltı nitqinin hər iki qulaqda 6 metr məsafədən eşitməsi ilə. Visus CD-1,0. Visus CS-0,8, korreksiya 1,0. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: Qanın ümumi kliniki analizi (xx.xx.2023): WBC-6.14 x 10 3/uL, RBÇ-4.73 x 10 9/uL, HGB-14.9 g/dL, MCV-89.0 fL, PLT-229 x 10 3/uL, EÇS-7 mm/saat. Qanda virusların təyini (xx.xx.2023): HbsAg- neqativ, Anti-HCV İgG-neqativ, QİÇS-İ HİV 1+2-neqativ, Sifilis Screen-neqativ. Sidiyin ümumi kliniki analizi (xx.xx.2023): xüsusi çəkisi-1018, rəngi-sarı, reaksiyası-turş, zülal-yox, şəkər-yox; duzlar (+). EKQ (xx.xx.2023): sinus ritmi. ÜEO sola meyilli. ExoKQ (xx.xx.2023): müayinə taxikardiya və subotimal görüntü fonunda aparıldı. Aorta və ürək kameraları (LA=4.0) norma. Aorta qapağı üç taylı, sol mədəciyin sistolik funksiyası normal, RD Exo KQ fiz. MR. DQOF (xx.xx.2023): ürək, ağciyərlər normaldır. Abdominal U SM (xx.xx.2023): Qaraciyər, öd kisəsi, böyrəklər, dalaq, mədəaltı vəzi normaldır. Sidik kisəsi boşdur. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Sol aşağı ətrafın dərialtı venalarının lll-İV dərəcəli varikoz genişlənməsinə görə aparılmış soltərəfli flebektomiya cərrahi əməliyyatından (xx.xx.2014) sonrakı residiv varikozu. Sağ aşağı ətrafın baldır venaların varikoz xəstəliyi, sağ aşağı ətrafın qan dövranının və funksiyasının cüzi dərəcədə pozulması ilə. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75 D nəticəsində görmə itiliyinin solda 0,8-ə qədər azalması, korreksiya 1,0 olmaqla. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Soltərəfli kriptorxozm. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə. İkincili hissəvi adentiya. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 45c maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.
8. İddiaçının “Sol aşağı ətrafının İİİ dərəcəli venoz çatmamazlılığı. Baldır venalarının lll-İV dərəcəli varikoz genişlənməsi” diaqnozu ilə müayinə və müalicədə olması, eləcə də "Soltərəfli flebektomiya” cərrahi əməliyyat keçirməsinə dair sənədlər iş materiallarına əlavə olunmuşdur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarına uyğun izahat verdi.
II. İddianın növü
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 4-1.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulmuşdur.
12. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundan: 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır.
13. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
14. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi hərbi xidmətə yararsız hesab edilməsi barədə qərar qəbul edilməsidir. Odur ki, iddia məcburetmə növündə iddiadır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. İddiaçının “Sol aşağı ətrafının İİİ dərəcəli venoz çatmamazlılığı. Baldır venalarının lll-İV dərəcəli varikoz genişlənməsi” diaqnozu ilə müayinə və müalicədə olması, eləcə də "Soltərəfli flebektomiya” cərrahi əməliyyat keçirməsi, həmin diaqnozla əlaqədar əvvəllər iddiaçının hərbi ximətə yararsız hesab edilməsi işin mübahisəsiz halıdır.
17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundan: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.2. sağlamlıq vəziyyətinə görə; 20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.
18. Mübahisə iddiaçının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması ilə bağlı olduğu və iddiaçının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən yararlılıq barədə müvafiq qərar qəbul edilərkən normaların tətbiqi şərtləri cavabdehin qiymətləndirməsinə əsasən müəyyən olunduğundan məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz
19. Odur məhkəmə hesab edir ki, işin konrket halında iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün deyildir, lakin məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə qərar qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
20. Belə ki, məhkəmə müəyyən edir ki, iddiaçı əvvəllər eyni xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab edilmiş, sonuncu müayinə zamanı sol tərəfli varikosele İ dərəcə diaqnozu ilə hərbi xidmətə yararlı-3 hesab edilmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən xəstənin adına tərtib edilmiş 12043 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən Sol aşağı ətrafın dərialtı venalarının lll-İV dərəcəli varikoz genişlənməsinə görə aparılmış soltərəfli flebektomiya cərrahi əməliyyatından (xx.xx.2014) sonrakı residiv varikozu diaqnozu ilə HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 45c maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
21. Məhkəmə nəzərə alır ki, istər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, istərsə də Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyaları öz səlahiyyətləri daxilində müstəqil qurumlar olmaqla çağırışçıların (İ halda) və hərbi qulluqçuların (İİ halda) hərbi xidmətə yararlılıq kateqoriyalarını müəyyən edir. İddiaçı hazırda çağırışçıdır. Lakin müddətli həqiqi hərbi xidmətə çağırıldığı təqdirdə hərbi qulluqçu hesab ediləcəkdir. Belə olan halda müddətli həqiqi hərbi xidmətdə olan şəxsə münasibətdə səlahiyyətli olan Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyası şəxsi “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirdiyi təqdirdə (həmin şəhadətləndirmə zamanı istinad edilən müayinə və müalicələr barədə sənədlər iş materiallarına əlavə edilmişdir) çağırışçıya münasibətdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hərbi-Həkim Komissiyası tərəfindən “hərbi xidmətə yararlı-3” kimi şəhadətləndirmə faktiki olaraq xidmətə cəlb edildikdən sonra hərbi qulluqçunun xidmətdən tərxisi ilə nəticələnmiş olacaqdır. Bu isə şəxslərin hərbi vəzifə və hərbi xidmətin yerinə yetirmələri tələbinə mütənasib deyil. Belə ki, qeyd edilən halda şəxsin hərbi xidmətə cəlb edilməsi onun sağlamlıq vəziyyətinin ağırlaşması ilə nəticələnə bilər.
22. Məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil.
23. Məhkəmə eyni zamanda qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 20.2-ci maddəsi sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verildiyi 3 ildən sonra sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçıların ya müddətli həqiqi hərbi xidmətə çağırılması, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılması, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilməsinə dair inzibati orqanın qiymətləndirmə azadlığı əsasında diskresion səlahiyyətlərini müəyyən etmişdir.
24. Odur ki, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının hərbi xidmətə yararlığı müəyyənləşdirilərkən Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının şəhadətləndirilməsi nəzərə alınmaqla müvafiq qiymətləndirmə aparılmalıdır.
25. İPM-dən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;
26. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
27. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının iddia tələbindəki marağını təmin edən (xeyrinə) qərar qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ: İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla hərbi xidmətə yararlılığı ilə bağlı İddiaçı xeyrinə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva