Məhkəmə qərarları › İş №2-1(112)-2485/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2485/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2485/2022 22.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (hazırkı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 16.08.2021-ci il tarixli, **********3731 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 14 saylı ərazi Vergilər İdarəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş 22.07.2021-ci il tarixli DVX seriyalı 007131 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında 16.08.2021-ci il tarixli, **********3731 nömrəli qərar qəbul edilmiş və Cəmiyyət 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb olumuşdur. Çıxarılmış qərarı prosessual cəhətdən əsassız və qeyri-qanunidir. 14 saylı ərazi Vergilər İdarəsi tərəfindən həyata keçirilən yoxlama işinin materiallarında olan hüquqi sənədlərə əsasən İddiaçı MMC-nin Tovuz rayonu, Qovlar, Şəhriyar 18B ünvanında yerləşən və **********-73032 kodu ilə fəaliyyət göstərən Tovuz 29 Aptekində nəzərdə tutulsa da, faktiki olaraq ünvan 3 ünvanında **********-73018 kodu ilə fəaliyyət göstərən Tovuz 14 Aptekində həyata keçirilmişdir. Bu isə yoxlama planından kənara çıxmaqla vergi əməkdaşları tərəfindən prosessual normaların ciddi surətdə pozulması anlamına gəlir. Yoxlamanın nəticəsi olaraq tərtib olunan 22.07.2021-ci il tarixli, DVX 007131 saylı aktda “hüquq pozuntusunun” digər əsas əlamətlərindən də biri olan rəsmi subyekti də mövcud olmamışdır. Belə ki, tərtib edilən aktda “hüquq pozuntusunu” törədən kimi Tovuz 29 Aptekin “işçisi” hesab edilən, rəsmi olaraq isə Tovuz 14 Aptekdə 1495 S/K saylı, 12.10.2020-ci il tarixli işə qəbul əmri ilə satıcı vəzifəsini həyata keçirən X5 imza etmişdir. Bu faktdan görünür ki, “hüquq pozuntusunun” subyekti yanlış təyin edilmiş, deməli “hüquq pozuntusunun” baş verməsi üçün onun digər əsas əlamətlərindən biri olan subyekt də mövcud olmamışdır. Yoxlamanın nəticəsi olaraq tərtib olunan 22.07.2021-ci il tarixli, DVX 007131 saylı aktda Tovuz 14 Aptekin satıcısı X3 rəsmi imza etmək səlahiyyəti olmaya-olmaya akt onun tərəfindən imzalanır. Halbuki İddiaçı MMC tərəfindən ona imza səlahiyyəti təqdim edilməmişdir. Beləliklə, işin materiallarından aydın olunur ki, yoxlamanın aparılma məkanı kimi Tovuz 29 Apteki nəzərdə tutulsa da, faktiki olaraq yanlışlıqla Tovuz 14 Apteki təyin edilmişdir. Cavabdeh orqan 28.10.2021-ci il tarixli, **********085800 nömrəli etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, 22.07.2021-ci il, saat 14:10-da Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar 18B ünvanında yerləşən İddiaçı MMC-yə məxsus obyektdə müştəri tərəfindən alınmış nimesil və maskaya görə işçi X4 0,70 manat vəsait ödənilmişdir. Ödənilən vəsait müqabilində NKA-ya çek vurulmamış və müştəriyə çek təqdim edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, nəzarət-kassa aparatı obyektdə yoxdur. Nəzarət-kassa aparatı işləmədiyi dövrdə nəzarət-kassa aparatına aid kitablar (aparılan əməliyyatların uçotu kitabı) obyektdə mövcud olmuş, lakin həmin məbləğ qeyd edilməmişdir. 14:12-də 0,70 manat həmin kitaba qeyd edilmişdir. Bununla bağlı nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Vergi orqanı tərəfindən 22.07.2021-ci il tarixli DVX seriyalı 007131 nömrəli Akt tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Sözügedən aktın doğruluğu nümayəndə (işçi) tərəfindən imzalanmışdır. Vergi orqanı tərəfindən tərtib edilmiş sözügedən Akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması barədə” 16.08.2021-ci il tarixli, **********3731 saylı qərar qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, operativ vergi nəzarəti tədbiri 22.07.2021-ci il tarixli, **********8765 nömrəli qərarda qeyd edilən ünvanda həyata keçirilməmişdir, halbuki əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktda qeyd edilənlərin doğruluğunu nümayəndə (işçi) öz imzası ilə təsdiq etmişdir. Sahibkarlıq fəaliyyəti həyata keçirilən zaman nəzarət-kassa aparatı texniki səbəbdən obyektdə quraşdırılmamış və operativ vergi nəzarət tədbiri həmin ərəfədə həyata keçirilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə əsasən istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-Kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.7-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifələrinə aiddir. Beləliklə, nəzarət-kassa aparatının işləmədiyi, bu barədə vergi orqanına məlumat verilmədiyi və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabının mövcud olmadığı müəyyən edildiyindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı 16.08.2021-ci il tarixli qərarın mübahisələndirilməsi üçün 14.09.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 22.07.2021-ci il tarixli, **********8765 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-yə məxsus Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar 18B ünvanında yerləşən Tovuz 29 adlı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə 22.07.2021-ci il tarixdən 31.07.2021-ci il tarixədək (31.07.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - 22.07.2021-ci il tarixli, KY211591953 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat 22.07.2021-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad olunmuşdur. - 22.07.2021-ci il tarixdə tərtib edilmiş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı, 007131 nömrəli aktdan görünür ki, Dövlət Vergi Xidmətinin əməkdaşları böyük dövlət vergi müfəttişləri X8 və X11 tərəfindən İddiaçı MMC-yə məxsus Tovuz rayonu Qovlar, Şəhriyar 18B ünvanda yerləşən Aptek Tovuz 29-da işçi X3 iştirakı ilə operativ vergi nəzarəti həyata keçirilərkən müəyyən olunmuşdur ki, quraşdırılmış **********PC0034410 zavod nömrəli AzSmart markalı nəzarət-kassa aparatı 23.03.2021-ci il tarixli, **********0 nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. 22.07.2021-ci il tarixdə saat 14:10-da keçirilən OVN tədbiri zamanı müştəri tərəfindən alınmış nimesil və maskaya görə işçi X4 0,70 manat ödənilmiş, NKA-ya çek vurulmamış və müştəriyə çek təqdim edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, nəzarət-kassa aparatı obyektdə yoxdur. Nəzarət-kassa aparatı işləmədiyi dövrdə nəzarət-kassa aparatına aid kitablar (aparılan əməliyyatların uçotu kitabı) obyekdə mövcud olmuş, lakin həmin məbləğ qeyd edilməmişdir. 14:12-də 0,70 manat kitaba qeyd edilmişdir. Bununla da əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16.08.2021-ci il tarixli, **********3731 nömrəli Qərarından görünür ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində üç və daha çox dəfə yol verdiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri digər hallarla yanaşı aşağıdakı qeyd olunan halların aşkar edilməsi üçün həyata keçirilir: - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Həmin Məcəllənin: -50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslardan biridir. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının Vergilər nazirinin 14.01.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi -7.1-ci bəndinə görə bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -7.2-ci bəndinə görə əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. -7.3-cü bəndinə əsasən vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. -7.4-cü bəndinə əsasən NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X16), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. -7.5-ci bəndinə görə alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. İşin sadalanan hallarından aydın olur ki, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə iddiaçının fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış, bu barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş, operativ vergi nəzarəti zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması aşkar edilərək bu hüquqpozmaya görə akt tərtib edilməklə məsuliyyətə cəlb etmə barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Bu zaman istinad etdiyi hallardan biri vergi orqanının vergi nəzarətini yanlış təsərrüfat obyektində aparmasıdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdən məlum olur ki, iddiaçının Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsində iki təsərrüfat obyekti mövcud olmuş, 04.07.2018-ci il tarixdə uçota alınmış **********-73032 kodlu ünvan 9 ünvanında, 22.05.2015-ci il tarixdə uçota alınmış **********-73018 kodlu Aptek ünvan 10 ünvanında yerləşmişdir. İddaçı operativ vergi nəzarətinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 22.07.2021-ci il tarixli qərarda göstərilən Tovuz 29 adlı obyektdə deyil, Tovuz-14 adlı obyektdə keçirildiyini, bununla da prosessual pozuntuya yol verildiyini bildirmiş, bu halı sənədləri imzalayan şəxsin Tovuz 14 adlı təsərrüfat obyektində işləməsi ilə əsaslandırmışdır. İşdə olan 4CZHH4Z000202 saylı 09.02.2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 ilə iddiaçı arasında 12.10.2020-ci il tarixdə 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. İddiaçının təqdim etdiyi 12.08.2020-ci il tarixli 1495S/K nömrəli əmrdən görünür ki, X5 12.10.2020-ci il tarixdən ünvan 11 ünvanında fəaliyyət göstərən “ünvan 12mayılova ilə bağlanmış əmək müqaviləsində onun iş yeri kimi Tovuz-14 saylı aptek göstərilmişdir. Həmçinin İddiaçı MMC-nin məhkəmə sorğusuna cavab olaraq göndərdiyi 837/04 nömrəli, 15.04.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, 22.07.2021-ci il tarixdə əmək müqavilələri əsasında İddiaçı MMC-yə məxsus Tovuz 14 X1 satıcı-aptek vəzifəsində, Tovuz 29 Aptekində isə X9 operator vəzifəsində işləmişlər. X5 hazırda da satıcı-aptek vəzifəsində Tovuz 14 aptekində işləyir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sübutlar S.İsmayılovanın iddiaçının operativ vergi nəzarəti keçirdiyi təsərrüfat obyektində -Tovuz 29-da deyil, digər təsərrüfat obyektində - Tovuz 14 adlı aptekdə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir. Mübahisələndirilən halın araşdırılması zamanı operativ vergi nəzarətinin keçirilməsində iştirak edən və məhkəmə iclasında şahid kimi izahat verən X8 izahatında Şəhriyar küçəsində yalnız 1 aptek olduğunu, həmin aptekə daxil olmaqla nəzarət tədbirləri həyata keçirildiyini, qərarda göstərilən ünvanın doğruluğunun işçi tərəfindən təsdiq edildiyini, aptek binasının üzərində təsərrüfat obyektinin adı ilə bağlı hər hansı qeyd olmasını xatırlamadığını, əməliyyatların uçotu kitabında isə təsərrüfat obyekti ilə bağlı heç bir məlumat qeyd olunmadığını, buna görə də təsərrüfat obyektinin qərarda qeyd olunan obyekt olmasını müəyyən etməyin mümkün olmadığını, elektron informasiya sistemi vasitəsilə işçinin iddiaçı müəssisədə işləməsinin müəyyən edildiyini, lakin əmək müqaviləsi tələb olunmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında şahid kimi izahat verən yoxlayıcı X11 da Şəhriyar küçəsində 1 aptek olduğunu, aptek binasının üzərində aptekin nömrəsinin yazıldığını təxminən xatırladığını, işçinin düzgün ünvana gəldiklərini təsdiq etdiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh mübahisəli qərarda göstərilən təsərrüfat obyektində yoxlama aparılmasını təsdiq edən və iddiaçının dəlillərini təkzib edən hər hansı bir sübut təqdim etməməklə yanaşı, operativ vergi nəzarətini keçirən şəxslər də düzgün ünvanda nəzarət tədbirləri keçirmələrini yalnız Şəhriyar küçəsində 1 aptekin olması və bu halın obyektdə olan işçi tərəfindən təsdiq edilməsi ilə əsaslandırmışlar. Halbuki yuxarıda sadalananlara əsasən Şəhriyar küçəsində 1 deyil, 2 təsərrüfat obyektinin olması mübahisəsizdir, həmçinin məhkəmə iclasında şahid kimi izahat verən işçi X5 uzun müddət Tovuz 14-də işlədiyini, yoxlayıcılar aptekə daxil olarkən hər hansı bir məlumat soruşulmadığını, Şəhriyar küçəsində 2 aptekin fəaliyyət göstərdiyini, lakin yoxlama zamanı Tovuz 29 adlı aptekin bağlı olduğunu, vergi işçilərinin qeyd etdiyi sənədləri imzaladığını, bu zaman həmin sənədlərin məzmunu ilə tanış olmadığını bildirmişdir. Cavabdeh operativ vergi nəzarətinin yanlış təsərrüfat obyektində aparılması ilə bağlı iddiaçının dəlilini təkzib edən əsaslı sübut təqdim etmədiyindən məhkəmə iş materiallarını nəzərə alaraq iddiaçının bu dəlilini əsaslı hesab edir. Bundan başqa, mübahisəli qərardan görünür ki, cavabdeh iddiaçı tərəfindən müştərinin aldığı məhsula görə NKA-ya çek vurulmamasına istinad edərək ona maliyyə sanksiyası tətbiq etmişdir. Həm 22.07.2021-ci il tarixdə tərtib edilmiş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı, 007131 nömrəli aktdan, həm də tərəflərin məhkəmə iclasındakı izahatından görünür ki, yoxlama günü obyektdə NKA olmamışdır. Belə olan halda aydındır ki, NKA-ya çek vurulması mümkünsüzdür. İddiaçı həmin dövrdə NKA nasaz olduğundan təmirdə olduğunu bildirmiş, bununla bağlı "xxxx" MMC-nin AZS/017/22 nömrəli, 30.03.2022-ci il tarixli arayışını təqdim etmişdir. Həmin arayışdan görünür ki, s/n:**********Pİ0055817 nömrəli NKA 21.07.2021-ci il tarixindən AZ Smart MMC şirkəti tərəfindən təmir məqsədilə obyektdən götürülmüşdür. Eyni zamanda məhkəmə sorğusuna cavab olaraq həmin MMC tərəfindən 14.04.2022-ci il tarixdə təqdim edilmiş AZS/019/22 nömrəli, 11.04.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, NKA (s/n:**********P********) 21.07.2021-ci il tarixindən həqiqətən də Az Smart MMC şirkəti tərəfindən təmir məqsədi ilə obyektdən götürülmüş və 23.07.2021-ci ildə təmir olunaraq obyektə qaytarılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli 338 №-li “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Qərarın 5-ci bəndinin 5.2 ci yarımbəndinə əsasən NKA nasaz vəziyyətdə olduqda, operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. Qeyd olunan NKA tələb olunan zamandan daha az müddətdə servis olunaraq obyektə qaytarılmışdır. Bu səbəbdən servis xidməti zamanı bu barədə Dövlət Vergi Xidmətinə məlumat verilməmişdir. Nasaz NKA üzərində təmir işləri aparılan zaman nəzarət mexanizmi qurğusuna heç bir müdaxilə olmadığından orada olan bütün məlumatlar Dövlət Vergi Xidmətinə ötürülməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 5.2-ci bəndinə əsasən NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 7.9-cu bəndinə əsasən nəzarət-kassa aparatından istifadə edilməsi mümkün olmadıqda nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd edilib-edilməməsi araşdırılır. Həmin Qaydaların 7.10-cu bəndinə əsasən nəzarət zamanı vergi ödəyicisi nəzarətkassa aparatının hər hansı səbəbdən təmirə aparıldığı barədə məlumat verdikdə, həmin məlumatın düzgünlüyü vergi ödəyicisinin servis texniki xidmət mərkəzinə (bundan sonra “STXM”) və nəzarət-kassa aparatının qeydiyyata alındığı vergi orqanına rəsmi qaydada müraciət edib-etməməsi və STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalında aparatın təmirə götürülməsi barədə qeydinin olubolmaması ilə dəqiqləşdirilir, bununla bağlı nəzarətin nəticələri barədə tərtib olunan aktda müvafiq qeydlər edilir. İşdən cavabdehin bu tələblərə əməl etməsi müəyyən olunmur. Belə ki, 22.07.2021-ci il tarixli aktda nəzarət-kassa aparatı işləmədiyi dövrdə nəzarətkassa aparatına aid kitabların (aparılan əməliyyatların uçotu kitabı) obyektdə mövcud oduğu, lakin həmin məbləğin qeyd edilmədiyi, saat 14:12-də 0,70 manat məbləğin kitaba qeyd edildiyi göstərilmiş, lakin cavabdeh tərəfindən vergi ödəyicisinin STXM-ə və nəzarətkassa aparatının qeydiyyata alındığı vergi orqanına rəsmi qaydada müraciət edibetməməsi, STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalında aparatın təmirə götürülməsi barədə qeydinin olub-olmaması araşdırılmamış, bu barədə aktda hər hansı bir qeyd aparılmamışdır. Digər tərəfdən, məhkəmə iclasında şahid kimi izahat verən yoxlayıcı Elsevər Alıyev aktda yazılanları təsdiq edərək, müvafiq məbləğin kitaba qeyd edildiyini göstərsə də, digər yoxlaycı Nəcəf Eynalov bu məlumatı, o cümlədən aktda aparılan qeydi təkzib etmiş və təqdim edilən əməliyyatların uçotu kitabında vergi ödəyicisini eyniləşdirən hər hansı bir məlumat olmadığından həmin kitabı mötəbər sənəd kimi qəbul etməyərək orada hər hansı bir qeyd aparılmadığını bildirmiş, bununla da yoxlayıcılar məsələ ilə bağlı iki fərqli və ziddiyyətli izahat vermişlər. Bu ziddiyyət cavabdeh tərəfindən verilmiş etirazda da müşahidə olunur. Belə ki, etirazda həmin akta istinad olunaraq müvafiq məbləğin kitaba qeyd olunduğu göstərilsə də, sonda əməliyyatların uçotu kitabı mövcud olmadığından maliyyə sanksiyası tətbiq edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Normadan müəyyən olunur ki, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyası tətbiq edilir. Lakin cavabdeh bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmçinin İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Məhkəmə qeyd edir ki, hazırkı halda yoxlayıcı NKA-nın STXM-ə müraciət edilməsini, STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalında aparatın təmirə götürülməsi barədə qeyd aparıb aparmamasını araşdıracağı halda həmin NKA-nın təmirdə olub olmaması halını, həm də NKA-nın qeydiyyat nömrəsinə əsasən düzgün təsərrüfat obyektində nəzarət həyata keçirməsini müəyyənləşdirə bilərdi ki, bu halda fərqli qərarın qəbulu imkanı da istisna olunmurdu. Lakin cavabdeh yuxarıda göstərilən normalara əməl etməmiş, nəticədə iddiaçının istinad etdiyi dəlillləri inkar etmək, habelə mübahisəli inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək imkanından məhrum olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda VM-in 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Lakin cavabdeh 22.07.2021-ci il tarixli, **********8765 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında VM-in 50.2-ci maddəsində göstərilən hər hansı bir əsasa istinad etməmiş, bununla da VM-in 50.3-cü maddəsinin tələblərini pozmaqla operativ vergi nəzarətinin keçirilməsi barədə qərarını əsaslandırmamışdır. Göründüyü kimi, cavabdeh obyektdə yoxlama apararkən müvafiq qaydalara riayət etməmiş, qanunvericiliyin tələblərini pozmuşdur. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16.08.2021-ci il tarixli, **********3731 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar