Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2485/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində (2007-2017-ci illər) qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası alır. Əmək pensiyası ona Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Ona pensiya təyin olunduqdan sonra-2007-ci ilin oktyabr ayından 2017-ci ilin yanvar ayınadək əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Lakin müraciətinə xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı isə əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş 02 noyabr 2022-ci il tarixli yazılı etirazda göstərilmişdir ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirilmişdir ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 1 iyun 2019cu il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib.Sonrakı artımlar nəzərə alınmaqla iddiaçıya əmək pensiyası 614,32 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 30684,65 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 30684,65 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (30684,65:72-426,18 manat) əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla iddiaçının pensiyasının sığorta hissəsi 669,48 (243,30+426,18) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (371,02 manat) sığorta hissəsinin artım məbləğindən (426,18 manat) az olduğundan 0 manat təşkil edəcəkdir. Buna görə də əmək pensiyası yalnız sığorta hissəsindən ibarət olmaqla 669,48 manat müəyyən edilir. Hazırda isə iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-61,43 manat maddi yardım və 614,32 manat (ümumilikdə 675,75 manat) əmək pensiyası ödənilir. Belə olduğu halda ona ödənilən ümumilikdə 675,75 manat pensiya məbləği azalaraq 669,48 manat təşkil edəcəkdir. Buna görə də əmək pensiyasının ərizəsində qeyd etdiyi əsaslarla yenidən hesablanması təxirə salınmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1960-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddia ona cavab verməli olan inzibati orqana qarşı qaldırılmışdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları: İş materiallarında olan: İddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsi (surəti) üzrə məlumatlardan müəyyən olunur ki, o, xx.xx.1960-cı ildə Şərur rayonu, Şahtaxtı kəndində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********8 №li 14 noyabr 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş (001592 №-li pensiya işi) pensiya işinə dair materiallarda olan: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 2019cu il 13 may tarixli 001749 nömrəli məlumat vərəqəsinə əsasən, iddiaçı xx.xx.2005-ci il tarixdən ehtiyata buraxılmışdır. DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının təyin edilməsi haqqında” **********1 №-li, xx.xx.2019-cu il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı Dövlət Sərhəd Xidmətinin məlumat vərəqəsi əsasında pensiya hüququ yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə 511,53 manat məbləğində pensiya təyin olunmuşdur. (Əlavə məlumat: cəmi xidmət illəri 32 il 08 ay, cəmi təminat xərcliyi 887,00 manat, pensiya faizi 57,67 faiz). DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2019-cu il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı pensiyası keçmiş fərq məbləğinin hesablanması ilə əlaqədar yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 511 manat 53 qəpik müəyyən olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli Qərarın surətindən müəyyən olunur ki, İddiaçı pensiyası məhkəmə qərarı ilə əlaqədar yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 614 manat 32 qəpik müəyyən olunmuşdur. Pensiyanın yenidən hesablanması zamanı təminat xərcliyindəki dəyişikliklər: vəzifə maaşı 575,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə əlavə (20 faiz) 145,00 manat, ərzaq payı 64, 00 manat, məharət dərəcəsinə görə (15 faiz) 86,25 manat, təminat xərcliyinin cəmi 1077 manat, 75 qəpik. Qərarın 12-ci bəndində ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri: xx.xx.2006-xx.xx.2007-ci illər üzrə 131,24 manat; xx.xx.2007xx.xx.2007-ci illər üzrə 215,55 manat; xx.xx.2008-xx.xx.2008-ci illər üzrə 219/,68 manat; xx.xx.2008-xx.xx.2008-ci illər üzrə 371,64 manat; xx.xx.2008-3.08.2010-cu illər üzrə 389,88 manat; xx.xx.2010-xx.xx.2011-ci illər üzrə 414,63 manat; xx.xx.2011-xx.xx.2013-cü illər üzrə 443,60 manat; xx.xx.2013-xx.xx.2015-ci illər üzrə 472,53 manat; xx.xx.2016xx.xx.2018-ci illər üzrə 472,53 manat, xx.xx.2018-xx.xx.2019-cu illər üzrə 505,59 manat; xx.xx.2019-cu il üzrə 614,32 manat qeyd olunmuşdur. Qərarın 13-cü bəndində ötən dövr üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat xx.xx.2006-xx.xx.2020-ci il üzrə 358,69 manat, xx.xx.2020-ci il üzrə 614,32 manat müəyyən olunmuşdur. İddiaçı aid “X4 Sistemi”ndən çıxarışdan müəyyən olunur ki, ona keçmiş hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan (2006-cı ildən) sonra işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində 30684,65 manat məbləğində pensiya kapitalı toplanmış, sığorta hissəsi 213,09 manat təşkil etmişdir. İddiaçı ünvanlanmış “Keçmiş dövr üzrə hesablanmış pensiya məbləği haqqında” **********0 saylı xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 14 iyul 2020-ci il tarixində daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılmışdır. O, 24 may 2019-cu il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Azəbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 13 may 2019-cu il tarixli 001749 nömrəli məlumat vərəqəsinə əsasən Mərkəzi Filial tərəfindən ona 1 iyun 2019-cu ıl tarixindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün (1 iyun 2016-cı il tarixindən) hesablanmışdır "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvədə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 17591,58 manat pensiya məbləği xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2020-ci il tarixli 2-1(102)-1105/2020 nömrəli qərarına əsasən 01.01 2006-cı il tarixindən əmək pensiyası keçmiş müddət üçün yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 43042,80 manat pensiya məbləği cari ilin oktyabr ayından etibarən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (358,69 manat) pensiyasının (614,32 manat) üzərinə əlavə olunmaqla (614,32+358,69=973,01 manat) müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, qanunvericilikdə ötən dövr üzrə hesablanmış pensiya məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “keçmiş müddət üçün ödənilməmiş əmək pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2020-ci il tarixli 2-1(102)-1105/2020 nömrəli qərarının surətindən görünür ki: - İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2005-ci il 23 avqust tarixdən 2019-cu il 1 iyun tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 06 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 2019-cu il 13 may tarixli 001749 nömrəli məlumat vərəqəsinə əsasən İdarə tərəfindən ona 2019-cu il 4 iyul tarixində “Əmək pensiyaları haqqında” Qanunun 20.14.2-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin (887 manat) 57,67 faizi – 511,63 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 17591,58 manat məbləğində vəsaitin cari aydan etibarən həmin maddənin tələblərinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. - İddiaçı 2019-cu il 5 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2005-ci il 23 avqust tarixdən 2019-cu il 1 iyun tarixədək olan müddət üçün ona ödənilməmiş əmək pensiyasının hesablanaraq, birdəfəlik qaydada ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2006-cı il 1 yanvar tarixdən 2016-cı il 1 iyun tarixədək olan müddət üçün ona ödənilməmiş əmək pensiyasının hesablanaraq, ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 oktyabr tarixli 2-1(81)- 3837/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 2- 1(103)-239/2020 nömrəli qərarı ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan qərarı ilə cavabdeh tərəfindən veriliş kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 2- 1(103)- 239/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********3 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. X5 tərəfindən 1 iyun 2019-cu il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 614,32 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib:əmək pensiyasının sığorta hissəsi-243,30 manat:-qulluq stajına görə əmək pensiyasına əlavə-371,02 manat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq, əmək pensiyası yenidən hesablanır Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29 2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29 1 -ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. 30684,65 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (30684,65:72=426,18 manat) əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 669,48 (243,30+426,18) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (371,02 manat) sığorta hissəsinin artım məbləğindən (426.18 manat) az olduğundan 0 manat təşkil edəcəkdir. Buna görə də əmək pensiyasının yalnız sığorta hissəsindən ibarət olmaqla 669,48 manat müəyyən edilir. Hazırda isə ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-61,43 manat maddi yardım və 614,32 manat (ümumilikdə 675,75 manat) əmək pensiyası ödənilir. Belə olduğu halda ona ödənilən ümumilikdə 675,75 manat pensiya məbləği azalaraq 669,48 manat təşkil edəcəkdir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Göründüyü kimi, iddiaçı ona keçmiş hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 2007- 2017-ci illərdə işləməklə sığorta və yığım hissəsində pensiya kapitalının toplanmasına istinad edərək pensiyanın yenidən hesablanması tələbini irəli sürür. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 1.0.6-cı maddəsinə əsasən, fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7-ci maddəsinə əsasən, fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9-cu maddəsinə əsasən, fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən; 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6, 37.3, 37.3.1 və 45-ci maddələrinin əlaqəli təhlilindən də göründüyü kimi hərbi qulluqçulara pensiya (hərbi pensiya) onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar da hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı gündə sonuncu vəzifə üzrə aldığı miqdara şamil edilir. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunduğuna dair müddəa aşkar olaraq pensiyaya çıxmış hərbi qulluqçunun hərbi xidmətini başa vurduğunu ehtiva edir. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçı (işləyən əmək pensiyaçısı) pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər. Həmin normaların tələbləri iddiaçıya tətbiq olunduqda, o, pensiya təyin edildikdən sonrakı hərbi xidmətdən tərxis olunduqdan (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən) sonra pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə əsasən, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə həmçinin vurğulayır ki, cavabdehin imtinanın əsası kimi istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsi xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 05 noyabr 2022-ci il tarixli 627-VİQD №li Qanunu ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ haquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Belə olan halda məhkəmənin qənaətinə görə xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 05 noyabr 2022-ci il tarixli 627-VİQD №li Qanunun müvafiq müddəaları iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün həmin Qanunun tələbləri onun pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmalıdır. İddiaçının istinad etdiyi norma əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan və bu hallar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən adı çəkilən norma iddiaçıya şamil edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi ümumən işləyən əmək pensiyaçılarına aid normadır və iddiaçı da həmin şəxslərin kateqoriyasına daxil olduğundan ona münasibətdə də tətbiq edilməlidir. Məhkəmənin mövqeyinə görə, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən qanunun tələblərinə əsasən pensiya yenidən hesablanmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı pensiya təyin olunduqdan sonra onun fərdi hesabının sığorta və yığım hissəsində toplanan pensiya kapitalına əsasən onun əmək pensiyasının yenidən hesablanması öhdəliyi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü İddiaçı pensiya təyin olunduqdan sonra onun fərdi hesabının sığorta və yığım hissələrində toplanan (2007-2017-ci illər) pensiya kapitalına əsasən onun əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2485/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2485/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver