Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2486/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşıtorpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 500 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının vətəndaş İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən 500 kv.m torapq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrdən çıxarışın və texniki sənədlərin verilməsini xahiş etmişdir. Lain, cavabdeh orqan onun müraciətindən imtina etmişdir. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, “sözügedən torpaq sahəsinə dair qanunvericiliyə uyğun (hərracdan kənar ayrılıb) hüquqmüəyyənedici sənədlər əlavə edilməmiş və torpaq sahəsinə İdarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəblərdən, ərizənin icrası mümkün olmamışdır”. Torpaq sahəsinə İdarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmaması barədə imtina məktubunda qeyd edilən hal tamamilə absurd və doğru olmayan bir məlumatdır. Həmçinin imtina məktubunda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi qeyd edilmişdir. İddiaçı tərəf olaraq cavabdeh orqanın imtina məktubunun qanuni və əsaslı olmadığı qənaətindədir və həmin məktubla razı deyildir. Cavabdeh orqanın üzərinə düşən vəzifəsini yerinə yetirmədiyini hesab edir. Bu səbəbdən də, məhkəməyə müraciət etməyə qərar vermişdir. Məhkəmə iclasında iştirak edəniddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və iddianın təmin edilməməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-232/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsini vətəndaş X8 adına verilmiş xx.xx.2007-ci il tarixli, 424 saylı qərarda göstərilən 2000 rəqəminin səhv hesab edilməsi və həmin qərarda 2000 rəqəminin 2100 kimi düzəliş edilməsi, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 550 kv.m-nin vətəndaş X5, 550 kv.m-nin vətəndaş X2, 500 kv.m-nin X3 və 500 kv.m-nin İddiaçı adına sənədləşdirilməsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə həvalə edilmişdir. İşdə olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 15 nömrəli, xx xxxx 2013-cü il tarixli, “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş № 2inz(81)-232/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarının icrasının təmin edilməsi məqsədilə vətəndaş X9 mülkiyyətinə verilmiş, torpaq sahəsinin vətəndaş X6, X5, X3 və İddiaçı adına rəsmiləşdirilməsi haqqında” Qərarının surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-232/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən cavabdeh Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli, 424 saylı qərarında 2000 rəqəmi 2100 kimi düzəliş edilmiş, eləcə də, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində vətəndaş X10 fərdi yaşayış evinin tikintisi üçün verilmiş 2100 kv.m torpaq sahəsinin 550 kv.m-i X5, 550 kv.m-i X2, 500 kv.m-i X3 və 500 kv.m-i isə İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. İşdə olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “mülkiyyətində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi” haqqında 15 nömrəli, xx xxxx 2013-cü il tarixli müqavilənin surətindən görünür ki, Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 415 saylı alğı-satqı müqaviləsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 232/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarına əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. X4 və İddiaçı arasında 6-cı mikrorayonun qərb hissəsində 500 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə torpaq sahəsinin situasiya planı əlavə edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********40 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş ərizəyə sözügedən torpaq sahəsinə dair qanunvericiliyə uyğun (hərracdan kənar ayrılıb) hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi və torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmaması əsas gətirilərək onun müraciətindən imtina edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Ona görə ki, göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-232/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarının icrası ilə əlaqədar Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli, 424 saylı qərarı ilə X9 mülkiyyətinə verilmiş torpaq sahəsinin 500 kv.m-i İddiaçı adınasənədləşdirilmişdir. İddiaçı qanuni istifadəsində olan torpaq sahəsinin mülkiyyət hüququ üzrə adına qeydə alınmasını və dövlət reyestrindən çıxarış verilməsi tələbi ilə cavabdeh orqana müraciət etməsinə baxmayaraq cavabdeh orqan tərəfindən heç bir qanuni əsas gətirilmədən müraciətinin icrasından imtina edilmişdir. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-232/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarı ilə Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli, 424 saylı qərarında 2000 rəqəminin 2100 kimi düzəliş edilməsi, eləcə də, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində vətəndaş X10 fərdi yaşayış evinin tikintisi üçün verilmiş 2100 kv.m torpaq sahəsinin 500 kv.m-ni İddiaçı adına rəsmiləşdirilməsi öhdəliyinin Binəqədi Bələdiyyəsinə həvalə edilməsi qərara alındığından; habelə həmin qərarın icrası qaydasında Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxx 2013-cü il tarixli 15 saylı qərarı ilə Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli, 424 saylı Qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X10 ayrılmış torpaq sahəsinin 500 kv.m-i əlavə olunmuş situasiya planı əsasında İddiaçı adına sənədləşdirilməsi qərara alındığından, İddiaçı göstərilən torpaq sahəsinə dair hüquqlara malik olması yenidən mübahisələndirilə bilməz və həmin fakt yenidən sübut edilməməlidir. Belə ki, mübahisəli torpaq sahəsi qanuni qüvvədə olan məhkəmə qərarının icrası qaydasında İddiaçı adına rəsmiləşdirilmişdir. Odur ki, işin bu cür halında İddiaçı göstərilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə proseesində mübahisələndirilmir və yenidən sübut edilmir. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstiutusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfü deyildir ki, MPM-nin 233-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər. Habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya Bələdiyyənin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerqurluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər) şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yer qurluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən, torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerqurluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən «Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir». Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 500 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2486/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2486/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver