Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2487/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin yerinin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərmemarlayihə" İnstitutunun (keçmiş “Cənubqiproaqroprom”) xx.xx.1991-ci il tarixli qərarı ilə ona “Şimal” Dövlət Rayon Elektrik Stansiyasının (DRES) (QRES "Severnaya") zonasında 9-cu keçiddə 56 saylı 600 kv. metr torpaq sahəsinin naturada tanıdılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X3 13 iyun 1990-cı il tarixli, 4/145 saylı və 10 dekabr 1990-cı il tarixli, 7/437 saylı qərarları ilə “Azərmemarlayihə” İnstitutuna (keçmiş “Cənubqiproaqroprom") bağçılıq təsərrüfatı üçün Bakı şəhəri Əzizbəyov rayonunun “Şimal” DRES-in (QRES "Severnaya") zonasında torpaq sahəsi ayrılmışdır. Həmin müəssisənin xx.xx.1991-ci il tarixli qərarı ilə İddiaçı “Şimal” DRES-in (QRES "Severnaya") zonasında 9-cu keçiddə 56 saylı 600 kv. metr torpaq sahəsi ayrılmış və bu barədə 12 fevral 1992-ci ildə üzvülük kitabçası verilmişdir. Lakin müxtəlif səbəblərdən həmin sahədən istifadə edə bilməmişdir. Ona görə də hazırda ona ayrılmış həmin sahənin yerini müəyyənləşdirməkdə çətinlik çəkir. O, bununla əlaqədar olaraq həmin torpaq sahəsinin naturada təyin olunmasına köməklik göstərilməsi üçün ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin **********13 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilir ki, keçmiş BTİ və İB-yi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlama işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi üçün 56 saylı bağ sahəsinin dəqiq harada yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə iddia tələbinə dair yazılı münasibəti (etiraz) daxil olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş **********09 saylı xx.xx.2021-ci il tarixli yazılı etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, keçmiş BTİ və İB-yi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığı, həmçinin vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən “56” saylı bağ sahəsinin dəqiq harada yerləşməsini müəyyənləşdirmək mümkün deyil və ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********13 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhər X3 İcraiyyə Komitəsinin 4/145 №li 13 iyun 1990-cı il tarixli “Kollektiv bağların təşkili üçün torpaq sahəsinin ayrılması haqqında” qərarın surətindən müəyyən olunur ki, qeyd olunan qərarla Əzizbəyov rayonundakı massiv və bağçılıq birliklərinin ərazisində və “Şimal” DRES-in şərqində “Cənubqiproaqroprom” bağçılıq yoldaşlığının 40 üzvü üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhər X3 İcraiyyə Komitəsinin 7/437 saylı 10 dekabr 1990-cı il tarixli qərarının surətindən müəyyən olunur ki, qeyd olunan qərarla Əzizbəyov rayonundakı massiv və bağçılıq birliklərinin ərazisində və “Şimal” DRES-in şərqində “Cənubqiproaqroprom” bağçılıq yoldaşlığının əlavə 37 üzvü üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Çinar Cənubgiproaqroprom” Bağçılıq Yoldaşlıq tərəfindən verilmiş 56 №-li üzvlük kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, “Giproaqroprom” da 1980-ci ildən 1991-ci ilədək mühəndis vəzifəsində işləmiş 1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1991-ci il tarxli 2 nömrəli protokola əsasən “Şimal” DRES-in zonasında 9-cu keçiddə sahəsi 600 kv. metr olan 56 saylı bağ sahəsi ayrılmışdır. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********3 №li xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, keçmiş BTİ və İB-yİ tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən “56” saylı bağ sahəsinin dəqiq harada yerləşməsini müəyyənləşdirmək mümkün deyil. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********32 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, “Şimal” DRES ünvanında “Azərmemarlayihə” İnstitunun (keçmiş “Giproaqroprom”) bağçılıq-yoldaşlıq birliyi nəzdində 56 nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Sözügedən bağçılıq-yoldaşlıq birliyinə dair sxematik xəritə arxiv qovluğunda aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq “Azərmemarlayihə" İnstitunun (keçmiş “Giproaqroprom”) bağçılıq-yoldaşlıq birliyinin ayrıc aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 03 dekabr 2021-ci il tarixli BA-05788-2021 saylı məktubu ilə Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/145 saylı və xx.xx.1990-cı il tarixli, 7/437 saylı qərarlarının təsdiq edilmiş arxiv çıxarışları 2 (iki) vərəqdən ibarət məhkəməyə göndərilmişdir. Mübahisənin həlli ilə bağlı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikas Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin, Yerquruluşu, Layihə-Tədqiqat Mərkəzinin mütəxəssisləri cəlb olunmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı xx.xx.1991-ci il tarxli 2 nömrəli protokola əsasən “Çinar Cənubgiproaqroprom” Bağçılıq Yoldaşlıq tərəfindən verilmiş 56 №-li üzvlük kitabçası ilə ayrılmış “Şimal” DRES-in zonasında 9-cu keçiddə sahəsi 600 kv. metr olan 56 saylı bağ sahəsinin yerləşmə koordinatları (sərhədləri) yerdə (naturada) müəyyən olunsun.
2. İddiaçı xx.xx.1991-ci il tarxli 2 nömrəli protokola əsasən “Çinar Cənubgiproaqroprom” Bağçılıq Yoldaşlıq tərəfindən verilmiş 56 №-li üzvlük kitabçası ilə ayrılmış “Şimal” DRES-in zonasında 9-cu keçiddə sahəsi 600 kv. metr olan 56 saylı bağ sahəsinin digər torpaq sahəsi mülkiyyətçiləri (istifadəçiləri, icarəçiləri) tərəfindən zəbt olunma hallarına yol verilmişdirmi, əgər belə bir hal mövcuddursa, hansı hissədə zəbt olunmuşdur?
3. İddiaçı xx.xx.1991-ci il tarxli 2 nömrəli protokola əsasən “Çinar Cənubgiproaqroprom” Bağçılıq Yoldaşlıq tərəfindən verilmiş 56 №-li üzvlük kitabçası ilə ayrılmış “Şimal” DRES-in zonasında 9-cu keçiddə sahəsi 600 kv. metr olan 56 saylı bağ sahəsinin sərhədlərinin naturada müəyyən olunması mümkün olduğu halda, həmin bağ torpaq sahəsinin faktiki ölçüləri nə qədərdir?
4. İddiaçı xx.xx.1991-ci il tarxli 2 nömrəli protokola əsasən “Çinar Cənubgiproaqroprom” Bağçılıq Yoldaşlıq tərəfindən verilmiş 56 №-li üzvlük kitabçası ilə ayrılmış “Şimal” DRES-in zonasında 9-cu keçiddə sahəsi 600 kv. metr olan 56 saylı bağ sahəsinin sərhədlərinin naturada müəyyən olunması mümkün olduğu halda, həmin bağ torpaq sahəsinin yerləşmə ərazisi “Azərmemarlayihə" İnstitunun (keçmiş “Giproaqroprom”) bağçılıq-yoldaşlıq birliyinin ayrıc aktına uyğun gəlirmi?
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********13 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində vətəndaşın (iddiaçı) bağ sahəsinin yerini tanımadığından və sözügedən ərazidə hasarlanma işlərinin plan üzrə (bölgü sxeminə əsasən) aparılmadığından və bağ sahəsi koordinat sistemində verilmədiyindən bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək və bununla bağlı digər sulların cavablandırılması mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/5160 saylı ekspert rəyində də ekspert tərəfindən qeyd olunmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən vətəndaş bağ sahəsinin yerini tanımadığına, sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə əsasən) aparılmadığına və bağ sahəsi koordinat sistemində verilmədiyinə görə, bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək və qərardadın suallarını cavablandırmaq mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (Maddə 48.2). Həmin Məcəlləyə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər (Maddə 83.1). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (Maddə 65.5.). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (Maddə 65.8). Həmin Məcəlləyə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Maddə 68). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının özünə məxsus torpaq sahəsinin naturada tanıdılmasından (yerinin müəyyən olunması) imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, iş üzrə verilmiş mütəxəssis və ekspert rəyinə əsasən iddiaçı ona ayrılmış bağ sahəsinin yerini tanımadığından və sözügedən ərazidə hasarlanma işlərinin plan üzrə (bölgü sxeminə əsasən) aparılmadığından və bağ sahəsi koordinat sistemində verilmədiyindən bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev