Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2489/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli Poliklinikaya və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına qarşı düzgün diaqnozun təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdeh tərəfindən ona əlillik təyin edilməsindən imtina olunmasının qanunsuz hesab edilməsi və İddiaçı əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı xəstəliyi ilə əlaqədar ona düzgün tibbi diaqnoz təyin edilməsi öhdəliyinin Azərbaycan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli Poliklinikaya və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəqiqləşmiş iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı Piriyev X2 Respublikası Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə Tabe olan 1 nömrəli Poliklinikasında müayinə olunmuş, sonuncu tərəfindən 4399003AAAMF nömrəli göndəriş tərtib olunaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Azərbaycan Respublikası Səlhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təsdiq edilmiş göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən baxılaraq, “X1: XİV Sinif – Sidik – cinsiyyət sisteminin xəstəlikləri =˃ N17 – N19 – Böyrək çatışmamazlığı =˃ N18 – Xroniki böyrək çatışmamazlığı =˃ N18.8 – Xroniki böyrək çatışmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Böyrək və sidik axarı daşları, Yeganə sağ böyrəyin xroniki kalkulyoz pielonefriti. Böyrək daşı xəstəliyi. Sol tərəfli nefrektormiyadan sonrakı vəziyyət (2009). Xroniki böyrək çatışmazlığı İİİ dərəcə. İİ-li toksiki anemiya, nefrogen hipertoniya. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Xroniki böyrək çatışmazlığı İİİ dərəcə Başqa rubrikalarda təsnif edilən xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, İİ-litoksiki anemiya, nefrogen hipertoniya. Böyrək çatmamazlığı ilə müşaiyət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv (hopertoniya) xəstəlik (-yi), İİ-li toksiki anemiya, neftogen hipertoniya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İddiaçının nümayəndəsi və vəkilinin hazırki qənaətinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə Tabe olan 1 nömrəli Poliklinika və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatlar əsasında ona əlillik təyin edilməsindən imtina edildiyi bildirildiyindən, iddiaçıya xəstəliyi ilə əlaqədar düzgün tibbi diaqnoz təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə Tabe olan 1 nömrəli Poliklinikasına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına həvalə edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin sözügedən dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 2-ci bəndinin müddəalarına əsasən: - 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. - 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. - 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. - 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. - 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. - 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. - 2.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. - 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İşin hallarının qanunvericiliyin yuxarıda sadalanan normaları ilə birgə təhlili nəticəsində müəyyən edilir ki, iddiaçının müraciəti əsasında onun barəsində cavabdehlər tərəfindən göndəriş tərtib edilərək Komissiyanın üzvləri tərəfindən təsdiq edilmiş və elektron sənəd formasında Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmiş, iddiaçı barəsində göndərişin göndərilməsindən imtina edilməsi barədə Komissiya tərəfindən hər-hansı bir əsaslandırılmış qərar qəbul edilməmiş, əksinə iddiaçının müraciəti təmin edilərək, onun barəsində tərtib edilmiş göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirilərək, iddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı ona təyin edilmiş tibbi diaqnozdan narazı qaldığı üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə Bilavasitə Tabe olan 1 nömrəli Poliklinikaya düzgün diaqnozun təyin edilməsi və bu barədə yeni göndərişin göndərilməsi barədə müraciət etməli, 1 nömrəli Poliklinika və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının müvafiq qərarı əsasında iddiaçı barəsində göndərişin göndərilməsindən imtina edildiyi təqdirdə, həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verməlidir. Hazırki işin materialları ilə isə iddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli Poliklinikaya belə bir müraciətin edilməsi, Poliklinika və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının müvafiq qərarı əsasında iddiaçı barəsində göndərişin göndərilməsindən imtina edilməsi barədə qərarın olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunduğundan, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2489/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2489/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver