Məhkəmə qərarları › İş №2-1(112)-249/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-249/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-249/2022 21.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 nümayəndələri X3 və X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “zəlzələ nəticəsində evin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə xx.xx.2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində onun evinin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 izahatında bildirdi ki, 2019-cu ilin fevral ayında Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə baş vermiş məlum zəlzələ nəticəsində yaşadıqları İsmayıllı rayon Xəlilli kəndində yerləşən fərdi yaşayış evi də tamamilə yararsız hala düşmüşdür. İddiaçı zəlzələdən sonra İsmayıllı rayon İcra Hakimiyyətinin Ərazi icra nümayəndəliyinə evin zəlzələdən zərər çəkməsi barədə məlumat vermişdir. Lakin ünvana gələn olmamışdır. Odur ki, iddiaçı rəsmi şəkildə İsmayıllı rayon İcra Hakimiyyəti başçısına müraciət etmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini 12 iyun 2019-cu il tarixli məktubla bildirmişdir ki, müvafiq komissiya tərəfindən zəlzələ ilə bağlı zərər çəkmiş evlərə baxış başa çatmışdır. Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyi isə xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş siyahılar üzrə evlərə baxış keçirilir. Beləliklə, Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyinin və İsmayıllı rayon İcra Hakimiyyətinin yaratdığı birgə komissiya evə baxış keçirməmişdir. Hər iki inzibati orqan üzərilərinə düşən vəzifəni icra etməmişlər. İddiaçının faktiki vəziyyətdə evi tamamilə yararsız hala düşmüş, yenidən sökülüb tikilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 nümayəndəsi X8 izahatında bildirdi ki, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında 2019-cu ilin fevral ayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində ilk növbədə müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən tabeliyində olan inzibati ərazilərdə ziyan dəymiş yaşayış və sosial obyektlərinin siyahısı tərtib olunmuşdur. Həmin siyahılar əsasında Cavabdeh1 mütəxəssislərindən ibarət komissiyalar tərəfindən bir neçə ay ərzində ziyan dəymiş yaşayış evlərinə baxışlar keçirilmişdir. Həmin baxışların nəticəsində bütün ziyan dəymiş evlər, zəlzələdən sonra düşdüyü vəziyyətə uyğun olaraq, 3 kateqoriyaya bölünmüşdür: qəzalı, bərpaya və ya təmirə ehtiyacı olan evlər. Hər bir kateqoriyaya uyğun olaraq müvafiq tədbirlər görülmüşdür. Təqdim olunmuş siyahılarda İddiaçı məxsus olan ev olmadığına görə, Komissiya tərəfindən həmin evə baxış keçirilməmiş və evin vəziyyəti araşdırılmamışdır. Eyni zamanda həmin Komissiyalar zəlzələdən sonra bir neçə ay ərzində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yerləşən yüzlərlə kəndə və minlərlə tikiliyə baxışlar keçirmişdir. Komissiyalar fəaliyyət göstərən müddətdə hazırkı iddiaçı tərəfindən məsələ ilə bağlı aidiyyəti üzrə hər hansı müraciət edilməsi faktı barədə məlumat mövcud deyil. Göstərilənlərə əsasən iddianın Azərbaycan Respublikası Cavabdeh1nə aid hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 digər nümayəndəsi X9 iddianın Azərbaycan Respublikası Cavabdeh1nə aid hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-249/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “zəlzələ nəticəsində evin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi” tələbinə dair iddiası cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə aid hissədə mümkün sayılmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X5 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Sizin, zəlzələ nəticəsində evinizə ziyan dəyməsi barədə Cavabdeh1nə ünvanladığınız ərizə araşdırılmışdır. Bildiririk ki, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində evlərinə ziyan dəymiş vətəndaşların rayon icra hakimiyyətinə etdikləri müraciətlər əsasında siyahılar tərtib olunur. Tərtib olunmuş siyahılar üzrə Cavabdeh1 komissiyaları tərəfindən həmin evlərə baxış keçirilir və müvafiq aktlar tərtib olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq evinizə zəlzələ nəticəsində ziyan dəyməsi ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyətinə müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Gəraybəyli kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 27 nömrəli İsmayıllı rayon İcra Hakimiyyətinə arayışında qeyd edilir: Məlumat üçün bildirmək istəyirəm ki, ərizə ilə RİH-ə müraciət etmiş Xəlili kənd sakini İddiaçı evinə mən və bələdiyyə sədrinin müavini birgə baxış keçirdik. Məlum oldu ki, yaşayış evi 1950-ci ildə inşa olunmuşdur. 84 kvadrat metr (7*12) ümumi sahəsi olan yaşayış evi 2(iki) otaqdan və l(bir) eyvandan ibarətdir, divarları çiy kərpic, dam örtüyü isə qədim (cır) kirəmitlə örtülmüşdür. Göründüyü kimi və ərizəçinin etirafına görə yaşayış evi və mal tövləsi zəlzələ nəticəsində deyil, baxımsızlıq ucbatından, yəni dam ötüyünün damması nəticəsində evin tavanı və divarları zədələnmiş, çatlar əmələ gəlmişdir. Həqiqətən evin və tövlənin cari təmirə ehtiyacı vardır. İddiaçı bildirdi ki, vahid gəlir yeri pensiya olduğundan kömək üçün İsmayıllı RİH-ə müraciət etmişdir. Tərəfimizdən İddiaçı izah olundu ki, xx.xx.2019-cu ildə baş vermiş zəlzələ ilə bağlı fövqəladə hallar komissiyası bir ay müddədində bütün müraciət olunmuş ünvanlarda olmuş, baxış keçirmiş və mövcud vəziyyətlə bağlı qərar vermişdir. Ərizəçiyə o da izah olundu ki, həmin vaxt icra nümayəndəliyinə müraciət olunsaydı, komissiya onun da evinə baxış keçirərdi. Tərəfimizdən ev sahibinə evini təcili sığorta etdirməsi tövsiyə olundu. Həmin məktuba əlavə edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində Sizə məxsus yaşayış evinə ziyan dəyməsi və müvafiq komissiya tərəfindən baxış keçirilərək dəymiş ziyanın müəyyənləşdirilməsinə köməklik göstərilməsi barədə İsmayıllı rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizəyə RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi ilə birgə baxıldı. Bildiririk ki, 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələdən dərhal sonra yaşadığı evə ziyan dəyməsi barədə müraciət etmiş vətəndaşların siyahısı tərtib edilmiş və həmin evlərə Azərbaycan Respubikası Cavabdeh1 müvafiq komissiyası tərəfindən baxış keçirilməsi başa çatdırılmışdır. Əlavə olaraq onu da bildiririk ki, gec müraciət etdiyiniz üçün evinizə dəymiş ziyanın müəyyənləşdirilməsi imkan xaricindədir. Həmin məktuba əlavə edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Sizin, İsmayıllı rayon icra Hakimiyyətinə ünvanladığınız eyniməzmunlu müraciətinizə cavab göndərilmişdir. Təkrar bildiririk ki, 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələdən dərhal sonra yaşadığı evə ziyan dəyməsi barədə müraciət etmiş vətəndaşların siyahısı tərtib edilmiş və həmin evlərə Azərbaycan Respubikası Cavabdeh1 müvafiq komissiyası tərəfindən baxış keçirilməsi başa çatdırılmışdır. Əlavə olaraq onu da bildiririk ki, gec müraciət etdiyiniz üçün evinizə dəymiş ziyanın müəyyənləşdirilməsi imkan xaricindədir. Həmin məktuba əlavə edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Sizə məxsus yaşayış evinə və təsərrüfat tikililərinə 05 fevral 2019-cu ıl tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəyməsini nəzərə alaraq təmir edilməsinə köməklik göstərilməsi barədə İsmayıllı rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizənizə baxıldı. Bildiririk ki, 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində yaşadığı evə ziyan dəyməsi barədə müraciət etmiş vətəndaşların siyahısı tərtib edilmiş və həmin evlərə Azərbaycan Respublikası Cavabdeh1 müvafiq komissiyası tərəfindən baxış keçirilməsi başa çatmışdır. Komissiya rayon ərazisində fəaliyyətini başa vurduqdan sonra müraciət etdiyiniz üçün evinizə baxış keçirilməsi və dəymiş ziyanın səbəblərinin müəyyənləşdirilməsi imkan xaricindədir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və oərpa etmək vəzifəsini daşıyır. Eyni zamanda İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun Xüsusi bölməsinin 2-ci fəslinin 35.2-ci maddəsinə əsasən (35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir) onu da bildiririk ki, vətəndaşların daşınmaz əmlaklarının sığortalanması icbaridir. Qanuna əsasən fiziki və hüquqi şəxslər əmlaklarını icbari qaydada sığorta etdirməyə borcludurlar. Belə olduğu halda hər hansı təbii fəlakət nəticəsində daşınmaz əmlaka dəymiş ziyan müvafiq sığorta şirkətlərinin ayırdığı vəsait hesabına aradan qaldırılır. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin 06 oktyabr 2021-ci il tarixli 2-1(112)-8956/2021 nönrəlı məktubunuzla bağl bildiririk ki, 05 fevral 2019cu il tarixdə baş vermiş zəlzələ ilə əlaqədar sosial proqramın icrası zamanı rayonun Xəlilli kəndindən İsmayıllı Rayon İcra Hakimiyyətinə hər hansı müraciət daxıl olmamış, komissiya tərəfindən Xəlilli kəndində yaşayış evlərinin texniki vəziyyətinə baxış keçirilməmişdir. Həmin məktuba əlavə edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2021-ci il tarixli 142 nömrəli arayışında qeyd olunur: Bildiririk ki, İsmayıllı rayonunda xx.xx.2019-cu il tarixındə baş vermiş zəlzələ ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti dövlət qurumlarına məlumat verilmiş, Azərbaycan Respublikasının Cavabdeh1 tərəfindən mütəxəssislərdən ibarət yaradılmış komissiya İsmayıllı rayonuna ezam edilmişdir. Komissiya tərəfindən Rayon İcra Hakimiyyətinə daxil olmuş vətəndaş müraciətləri əsasında evlərə baxış keçirilmiş, yaşayış evlərinin dayanıqlığı barədə müvafiq qərarlar qəbul edilmişdir. Sözügedən sosial proqramın icrası zamanı rayonun Xəlilli kəndindən İsmayıllı Rayon İcra Hakimiyyətinə hər hansı müraciət daxil olmamış, həmin komissiya tərəfindən Xəlilli kəndində yaşayış evlərinin texniki vəziyyətinə baxış keçirilməmişdır. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X5 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Cavabdeh1nə ünvanladığınız 06 oktyabr 2021-ci il tarixli, İş № 2-1(112)-8956/2021 nömrəli müraciətə baxılmışdır. Bildiririk ki, 05 fevral 2019-ci il tarixdə İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Cavabdeh1 komissiyaları tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında rayonun Xəlilli kəndində yeganə olaraq vətəndaş X4 ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Həmin akta əsasən vətəndaşın fərdi yaşayış evində bərpa işlərinin aparılması məqsədəuyğun hesab edilmişdir. Bununla bağlı tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1820 nömrəli nömrəli ekspert rəyində qeyd olunur: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq İsmayıllı rayonu, Xəlilli kəndində yerləşən İddiaçı məxsus yaşayış evinin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilən əlamətlər nəzərə alınmaqla tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, tavan və divarların, divar və döşəmənin birləşmə yerlərindəki aralanmaların, pəncərə və qapı boşluqlarının kənarlarında iri həcmli çatların, döşəmə örtüyünün aşağı doğru çökməsinin və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ və eləcə də söküntü, qazıntı, tikintiquraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bilər. Tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikinti-quraşdırma işləri aparılmadığını, eləcə də iş materiallarında olan məlumatlara əsasən həmin ərazidə 2019cu ilin fevral ayında zəlzələ baş verdiyini nəzərə alaraq, yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Cavabdeh1 haqqında Əsasnamə»nin: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cavabdeh1 (bundan sonra - Nazirlik) mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan (bundan sonra - fövqəladə hallar) qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. 7-ci bəndinə əsasən Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 7.1. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımı ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir; 7.2. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir. 8-ci bəndinə əsasən Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 8.3. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Konsepsiyasının və digər dövlət proqramlarının yerinə yetirilməsini təmin etmək; 8.31-3. əhalinin fövqəladə hadisələrdən qorunma qaydaları və üsullarını, eyni zamanda mülki müdafiə tədbirləri barədə maarifləndirilməsini təşkil etmək; 8.35. mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən mülki müdafiə, yanğın təhlükəsizliyi, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması ilə bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində nəzarət etmək; 8.74. fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə müvafiq dövlət orqanları ilə birgə fəaliyyət planı tərtib etmək və həyata keçirilməsi zamanı onların fəaliyyətini əlaqələndirmək. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Babayeva X1 rayonu, Xəlilli kəndində yerləşən ona məxsus yaşayış evinin xx.xx.2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində zəlzələdən zərər görmüş evlərin sırasına daxil edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Lakin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə iddiaçıya məxsus həmin yaşayış evinin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğu, yaşayış evində əmələ gəlmiş qüsurların 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Həmçinin İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ ilə əlaqədar sosial proqramın icrası zamanı rayonun Xəlilli kəndindən İsmayıllı Rayon İcra Hakimiyyətinə hər hansı müraciət daxıl olmadığı, komissiya tərəfindən Xəlilli kəndində yaşayış evlərinin texniki vəziyyətinə baxış keçirilmədiyi bildirilsə də, Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X5 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda 05 fevral 2019-ci il tarixdə İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Cavabdeh1 komissiyaları tərəfindən İsmayıllı rayonu Xəlilli kəndində vətəndaş X4 ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evinə baxış keçirildiyi və müvafiq akt tərtib edildiyi, həmin akta əsasən vətəndaşın fərdi yaşayış evində bərpa işlərinin aparılmasının məqsədəuyğun hesab edildiyi göstərilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2021-ci il tarixli 142 nömrəli arayışından da görünür ki, İsmayıllı rayonunda xx.xx.2019-cu il tarixındə baş vermiş zəlzələ ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti dövlət qurumlarına məlumat verilmiş, Azərbaycan Respublikasının Cavabdeh1 tərəfindən mütəxəssislərdən ibarət yaradılmış komissiya İsmayıllı rayonuna ezam edilmiş, Komissiya tərəfindən Rayon İcra Hakimiyyətinə daxil olmuş vətəndaş müraciətləri əsasında evlərə baxış keçirilmiş, yaşayış evlərinin dayanıqlığı barədə müvafiq qərarlar qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən araşdırılmış sübutlarla iddiaçıya məxsus yaşayış evinin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğu, yaşayış evində əmələ gəlmiş qüsurların 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Qeyd olunan hallarda isə zəlzələdən zərər görmüş evlərin müəyyən edilməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi cavabdeh Azərbaycan Respublikasının Cavabdeh1 vəzifələrinə daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı məxsus İsmayıllı rayonu, Xəlilli kəndində yerləşən yaşayış evinin xx.xx.2019cu ildə baş vermiş zəlzələ nəticəsində zəlzələdən zərər görmüş evlərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Azərbaycan Respublikası Cavabdeh1ndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar