Məhkəmə qərarları › İş №2-1(112)-2492/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2492/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2492/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı, "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə “adın müvafiq siyahıya salınması və kompensasiyanın hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə 30.11.2010-cu il tarixli, AK054/Y/2010 saylı müqavilə üzrə kredit borcunun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, devalvasiya olduğu dövrdə "xxxx" ASC-də olan 5000 ABŞ dolları kredit borcu 23.09.2016-cı il tarixində tam ödənilmişdir. Lakin həmin kredit borcuna görə kompensasiya verilməmişdir. Bununla əlaqədar, yazılı müraciətinə cavabdehin Apellyasiya Komissiyasında baxılmışdır. Komissiyanın yazılı cavab məktubuna əsasən, onun ümumi kreditlərinin həmin devalvasiya tarixlərində qalıq dəyəri 10 000 ABŞ dollarından artıq olduğu üçün “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının əhatə dairəsinə düşmədiyi qeyd olunmuşdur. Buna səbəb "xxxx" ASC-də adına aktiv kreditin olmasıdır, baxmayaraq ki, həmin kreditlə bağlı "xxxx" ASC ilə arasında 08.02.2017-ci il tarixdə barışıq sazişi bağlanmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2393/2017 saylı, 21 fevral 2017-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Sözügedən qərardad üzrə ondan müvafiq vəsaitin adıçəkilən bankın xeyrinə tutulmasını nəzərdə tutan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-490/2016 saylı, 02 mart 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişi və onun təsdiqinə dair qeyd olunan qərardadla həmçinin onun 30.11.2010-cu il tarixli, AK054/Y/2010 saylı kredit üzrə "xxxx" ASC-yə olan borcunun silinməsi nəzərdə tutulmuşdur. Silinmə sənəd üzərində göstərilsə də bank tərəfindən müvafiq məlumatın maliyyə bazarlarına nəzarət orqanına (hazırda - cavabdeh) təqdim olunmaması və ya təqdim olunsa belə cavabdehin etinasız münasibəti səbəbindən borc real olaraq Mərkəzləşdirilmiş Kredit Reyestrində qalmışdır. Bunun bariz nəticəsidir ki, hazırda "xxxx" ASC üçün devalvasiya dövrünə təsadüf edən icraya görə kompensasiyanı ala bilmir. Çünki təkcə "xxxx" ASC qarşısında 25 000 ABŞ dollarından çox aktiv krediti mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə, "xxxx" ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Məhkəmənin 18 fevral 2022-ci il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq fərman çərçivəsində adının kompensasiya alacaq şəxslərin sırasına daxil edilməsi və kompensasiyanını hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən müəyyən edilir ki, "xxxx" ASC ilə İddiaçı (FİN: xxxxxxx) arasında bağlanmış 01.12.2010-cu il tarixli kredit müqaviləsinə görə sonuncuya 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə iddiaçının hər iki devalvasiya günlərinə (21.02.2015-ci və 21.12.2015-ci il tarixlərinə) 12.471,89 ABŞ dollan məbləğində əsas kredit borcu qalmışdır. Fərman ilə fiziki şəxslərə müvafiq kompensasiyaların verilməsi yalnız devalvasiyaların baş verdiyi günə (21.02.2015-ci və ya 21.12.2015-ci il tarixlərə) banklarda 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) əsas kredit borcları olduğu təqdirdə onlara şamil edilir. Göründüyü kimi, borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə əsas borcu devalvasiya tarixlərinə 10.000 ABŞ dollarından artıq olduğundan Fərmanın əhatə dairəsinə düşməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPMin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaçının müraciətinə cavab məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində Fərmanı ilə fiziki şəxslərə müvafiq kompensasiyalar yalnız devalvasiyaların baş verdiyi günə (21.02.2015-ci və ya 21.12.2015-ci il tarixlərə) banklar və digər kredit təşkilatlarında əsas kredit borcları üzrə qalıq məbləğləri cəmi 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) olduğu təqdirdə verilir. Həmin tarixlərə iddiaçının ümumi qalıq borcu 10.000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) artıq olduğu üçün Fərmanın əhatə dairəsinə düşməmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: LPO "xxxx" ASC-nin 06 aprel 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 5000 (beş min) ABŞ dolları məbləğində olan 17.04.2015-ci il tarixli 03-MK/01243 saylı Kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixinə 1827,15 (bir min səkkiz yüz iyirmi yeddi dollar 15 sent) ABŞ dolları əsas, 5,89 (beş dollar 89 sent) ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 1833,04 (bir min səkkiz yüz otuz üç dollar 4 sent) ABŞ dolları məbləğində borc öhdəliyi mövcud olmuşdur; "xxxx" ASC-nin 17.01.2022-ci il tarixli, 095 nömrəli arayışından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 30.11.2010-cu il tarixli, AK054/Y/2010 saylı müqaviləyə əsasən devalvasiya tarixlərinə borc məbləğləri aşağıdakı kimi olmuşdur: 21.02.2015-ci il tarixə borc – 12.471,89 ABŞ dolları əsas, 30 manat məhkəmə rüsumu, 21.12.2015-ci il tarixə borc – 12.471,89 ABŞ dolları əsas, 30 manat məhkəmə rüsumu. "xxxx" ASC-nin 31.03.2022-ci il tarixli məktubunda görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2968/2011 saylı, 02.09.2011-ci il tarixli qətnaməsinin icrası məqsədi ilə Lənkəran rayonu Kərgəlan kəndində yerləşən fərdi yaşayış evi 11.09.2012-ci il tarixli, 93/02 saylı hərrac protokoluna əsasən 14662,5 manat qiymətə açıq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Hərrac nəticəsində əldə edilmiş vəsait borc məbləğindən silindikdən sonra İddiaçı banka olan borcu 12471,89 ABŞ dolları təşkil etmişdir. Bankla İddiaçı arasında əldə olunmuş razılaşmaya və Bakı Apellyasiya Məhkəməsinin 2 (103)- 2393/2017 saylı, 21.02.2017-ci il tarixdli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən, yuxarıda göstərilmiş 12471,89 ABŞ dolları qalıq borc məbləği tam güzəşt tətbiq edilməklə silinmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı ilə "xxxx" ASC arasında 17.04.2015-ci il tarixli kredit müqaviləsi bağlanılmış və iddiaçıya 5.000,00 ABŞ dolları kredit verilmişdir. İddiaçı hazırda həmin kredit müqaviləsi üzrə devalvasiya tarixlərinə olan əsas kredit borcuna kompensasiya məbləğinin hesablanması tələbini irəli sürmüşdür. Cavabdeh tərəfindən istə iddiaçının həmin tarixlərə əsas kredit borcunun (“Bank of Baku” ilə olan kredit müqaviləsi üzrə borcla birlikdə) 10.000 ABŞ dolları olması əsas gətirilərək, iddiaçının müraciəti təmin edilməmişdir. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının (bundan sonra mətndə - Fərman): 1-ci hissəsinə əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. 2-ci hissəsinə əsasən, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli qərarı ilə təsdiqedilmiş, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.2-ci bəndinə əsasən, kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. 4.1-ci bəndinə əsasən, kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir; 4.2-ci bəndinə əsasən, Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasiya məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (21.02.2015-ci il və 21.12.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasında, iddiaçının kredit müqaviləsi üzrə devalvasiya tarixlərinə əsas kredit borcu 10.000 ABŞ dollarından çox olmuşdur. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşaraq, qeyd edir ki, iş materiallarında olan sənədlərlə də təsdiq edilir ki, iddiaçının devalvasiya tarixlərinə təkcə "xxxx" ASC ilə olan kredit müqaviləsi üzrə əsas kredit borcu 10.000 ABŞ dollarında çox (12.471,89) olmuşdur. Həmin borc hərrac vasitəsilə iddiaçının fərdi yaşayış evi 11.09.2012-ci il tarixdə satıldıqdan sonra qalıq borc kimi qalmışdır və Bakı Apellyasiya Məhkəməsinin 21.02.2017-ci il tarixli qərardadı ilə barışıq sazişinə əsasən silinmişdir. Başqa sözlə, devalvasiya tarixlərində həmin borc mövcud olmuşdur. Daha sonradan məhkəmənin qərardadı ilə barışıq sazişinə əsasən borcun silinməsi devalvasiya tarixlərində həmin borcun olmaması qənaətinə gəlməyə əsas vermir. Belə olan halda isə, iddiaçının 21.12.2015-ci il tarixində digər banka olan 1827,15 ABŞ dolları əsas borcunun məbləği də nəzərə alındıqda, həmin tarixə 14299,04 (12.471,89+1827,15) ABŞ dolları əsas kredit borcu olmuş olur ki, həmin borc nəticə etibarilə yuxarıda qeyd olunan əsaslara görə Fərmanın təsir dairəsinə düşmür. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı, "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə “adın müvafiq siyahıya salınması və kompensasiyanın hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar