Məhkəmə qərarları › İş №2-1(112)-2494/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2494/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2494/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yeni məlumat vərəqi əsasında yenidən hesablanması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yeni məlumat vərəqi əsasında yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 1992 – 2006-cı illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində müxtəlif zabit vəzifələrində xidmət keçmiş və 4 avqust 2006-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən Silahlı Qüvvələrdə hərbi xidmətdən polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmışdır. İddiaçıya 5 avqust 2006-cı il tarixdən sonuncu xidmət keçdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən əmək pensiyası təyin edilmişdir. Daha sonra o, 29 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təkrarən hərbi xidmətə xidmətə çağırılmış və müxtəlif vəzifələrdə xidmət keçdikdən sonra Nazirliyin 16 iyun 2017-ci il tarixli 0425 nömrəli müvafiq əmri ilə 30 iyun 2017-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılmaqla xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. 2-ci xidmət müddəti ərzində (29 noyabr 2013-cü il tarixdən 30 iyun 2017-ci il tarixədək) ona polkovnik hərbi rütbəsi və “usta” məharət dərəcəsi verilmişdir. İddiaçı 10 iyul 2023-cü il tarixdə (nümayəndə vasitəsilə) Müdafiə Nazirliyinıə ərizə ilə müraciət edərək, «Əmək pensiyaları haqqında» Qanuna 1 yanvar 2023-cü il tarixədək edilmiş dəyişikliklər nəzərə alınmaqla onun 30 iyun 2017-ci il tarixdə ehtiyata buraxılarkən aldığı aylıq pul təminatı növlərinin bu günə mövcud olan təminat xərcliyinin normaları (vəzifə maaşı, rütbə maaşı, “usta” məharət dərəcəsinə görə əlavə, xidmət illərinə əlavə, ərzaq payı əvəzinə kompensasiya və s) göstərilməklə yeni məlumat vərəqinin tərtib edilərək DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir. Müdafiə Nazirıliyinin 17 iyul 2023-cü il tarixli cavab məktubda göstərilmişdir ki, Nazirlik xətti ilə yaşa görə əmək pensiyasının yenidən təyin olunması məqsədi ilə onun tutduğu sonuncu vəzifəsinin təminat xərcliyini (Azərbaycan Ordusunun Hərbi Oyunları Mərkəzinin rəisi vəzifəsinin vəzifə maaşı – 980 manat, polkovnik hərbi rütbəsinə görə – 159 manat, xidmət illərinə görə 30% əlavə – 341,70 manat, “usta” məharət dərəcəsinə görə 35% əlavə – 343 manat və ərzaq payı əvəzinə pul kompensasiyası – 64 manat) əks etdirən ZE-58049 nömrəli 17 iyul 2023-cü il tarixli “məlumat vərəqi” DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Yeni məlumat vərəqi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərildikdən sonra 27 iyul 2023-cü il tarixdə iddiaçı həmin quruma ərizə ilə müraciət edərək, həmin məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona 25 avqust 2023-cü il tarixdə imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin qüvvədə olan redaksiyasına əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; ali zabit heyətinə aid şəxslər. Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş yeni məlumat vərəqində qeyd olunan məlumatlara əsasən yenidən xidmətə qayıtdıqdan sonra 72 ay işləmədiyindən, həmin məlumat vərəqi üzrə əmək pensiyasının yenidən hesablanması mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Belə ki, cavabdehin imtina cavabında istinad etdiyi «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin bu günə qüvvədə olan redaksiyası ona şamil edilə bilməz. Cavabdeh həmin Qanunun 9.6-cı maddəsini səhv təvsir edir. Çünki, həmin maddənin bu gün qüvvədə olan tələbləri 2022-ci ildə qəbul edilmişdir. O (iddiaçı) isə, 30 iyun 2017-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin 1 iyul 2017-ci il tarixə qüvvədə olan redaksiyası onun əmək pensiyasının yenidən hesablanmasını qadağan etmirdi. Əmək pensiyasının yenidən hesablanması isə «Əmək pensiyaları haqqında» Qanuna edilmiş müvafiq dəyişikliyə əsasən yalnız 1 iyul 2017-ci il tarixdən qadağan edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİV hissəsinə əsaslanaraq, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması məqsədi ilə 30 iyun 2017-ci il tarixdə ehtiyata buraxılarkən tutduğu “Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzinin rəisi” vəzifəsinin bu günə mövcud olan təminat xərcliyinin (Azərbaycan Ordusunun Hərb Oyunları Mərkəzinin rəisi vəzifəsinin vəzifə maaşı – 980 manat, polkovnik hərbi rütbəsinə görə – 159 manat, xidmət illərinə görə 30 % əlavə – 341,70 manat, “usta” məharət dərəcəsinə görə 35% əlavə– 343 manat və ərzaq payı əvəzinə pul kompensasiyası– 64 manat) əks etdirən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən cavabdehə göndərilmiş ZE-58049 nömrəli “məlumat vərəqi”nə əsasən və «Əmək pensiyaları haqqında» Qanuna 1 yanvar 2023-cü il tarixədək edilmiş dəyişiklər nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddia ilə bağlı yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunda yeni məlumat vərəqi əsasında əmək pensiyasının yenidən hesablanaraq ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin əvvəlki redaksiyasıda tələblərinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərciiyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: (9.6.1) hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər, (9.6.2) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər, (9.6.3) hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər, (9.6.4) ali zabit heyətinə aid şəxslər. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı aid olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş yeni məlumat vərəqində qeyd olunan məlumatlara əsasən yenidən xitmətə qayıtdıqdan sonra 72 ay işləmədiyindən, həmin məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq hesab olunur ki, İddiaçı əmək pensiyasının sonuncu təminat xərcliyinə əsasən yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Odur ki, məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyni bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazı müdafiə etdiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1.-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllini təmin edilmədiyindən (imtina olunduğundan), tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, hazırkı iddia “məcburetmə haqqında” iddiaya aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (maddənin ikinci cümləsinin) tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri kimi Bakı şəhərinin Qaradağ rayonu üzrə müvafiq məhkəmə qismində Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: (9.6.1) hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; (9.6.2) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; (9.6.3) hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; (9.6.4) ali zabit heyətinə aid şəxslər. Həmin Qanunun 9.6-cı maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Həmin Qanunun 22.4-cü maddəsinə görə hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 37.3-cü maddəsinə görə işləyən əmək pensiyaçılarına (37.3.1) yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın müddəalarına görə: - (1-ci bənd) Bu Qaydalar «Əmək pensiyaları haqqında» Qanunun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; - (2-ci bənd) Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır; - (3-cü bənd) Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Hazırkı işin faktiki hallarına görə İddiaçı 2006-cı ildə hərbi xidmətdən xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmış və 5 avqust 2006-cı il tarxdə ona əmək pensiyası təyin edilmişdir. 29 noyabr 2013-cü il tarixdən təkrarən hərbi xidmətə çağırılmş və 30 iyun 2017-ci il tarixədək xidmət olduqdan sonra yenidən ehtiyata buraxılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan müddəaları (9.6-cı maddəsi) yenidən işləyən hərbi qulluqçulara münasibətdə ehtiyata buraxıldıqdan sonra yeni məlumat vərəqinin verilməsini istisna edən müddəa olmamışdır. Nəzərə alınmalıdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə hərbi qulluqçuların əmək pensiyasının yeni məlumat vərəqi əsasında yenidən hesablanmasının qadağan edilməsini nəzərdə tutan dəyişikliklər 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə 30 iyun 2017-ci il tarixdə ehtiyata buraxıldığından, iddiaçıya münasibətdə həmin dəyişikliklər tətbiq oluna bilməz. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yeni məlumat vərəqi əsasında yenidn hesablanmasından imtinası qanuna zidd qiymətləndirilir və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı əmək pensiyasının Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilmiş ZE-58049 nömrəli 17 iyul 2023-cü il tarixli məlumat vərəqi (mövcud təminat xərcliyini əks etdirən) əsasında yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilmiş ZE-58049 nömrəli 17 iyul 2023-cü il tarixli məlumat vərəqi (mövcud təminat xərcliyini əks etdirən) əsasında yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar