Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2496/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 (hüquq məsləhətçisi, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 6 mkr-nun Qərb hissəsində uzun müddət bağ sahəsi kimi abadlaşdırlıb, yararlı vəziyyətə salınmış və hazırda istifadə etdiyi 700 və 200 kv.m. torpaq sahələrinin hüquqi qeydiyyata almaqla müvafiq çıxarışların verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20 oktyabr 2007-ci il tarixli 545 saylı və 26 oktyabr 2007-ci il tarixli 630 saylı Qərarlarına əsasən Bakı şəhəri, 6 mkr-nun Qərb hissəsində uzun müddət bağ sahəsi kimi abadlaşdırlıb, yararlı vəziyyətə saldığı və hazırda istifadə etdiyi 700 və 200 kv.m. torpaq sahələri mənzil şəraitinin genişləndirilməsi məqsədiylə fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmışdır. Ayrılmış torpaq sahələrinin yerləşmə cizgiləri müvafiq qaydada Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin tərəfindən tərtib və təsdiq edilərək ona verilmişdir. Müvafiq qaydada sənədlərini toplayıb sözügedən torpaq sahələrinə dair çıxarışların verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ********** saylı ərizə ilə Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etsə də, cavabdeh təşkilat xx.xx.2020-ci il tarixli, **********09 saylı məktubu ilə torpaq sahələrinin alqısatqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş və əriziyə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi və bank tərəfindən qəbz əlavə edilmədiyini, həmçinin torpaq sahələrə idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaratmadığı üçün çıxarışın verilməsindən imtina etmişdir. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən iddiaçıya məxsus torpaq sahələrinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi torpaq sahələri qanuna müvafiq iddiaçıya ayrılmış, həmin sahələri müvafiq Bələdiyyə qərarları əsasında 425 saylı və 347 saylı alqı-satqı müqavilələrə əsasən əldə etmişdir və torpaq sahələrini daş hasarla əhatəyə almaqla hal-hazıra kimi faktiki sahiblik hüquqları həyata keçirir. Ayrılmış torpaq sahələrinin yerləşmə cizgiləri müvafiq qaydada Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin tərəfindən tərtib və təsdiq edilərək ona verilmişdir . Cavabdeh təşkilatın imtinada qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, torpaq sahələri uzun müddətdir ki onun istifadəsindədir. Bu səbəbdəh hesab edir qanuni istifadəsinə olan torpaq sahəsinə dair iddiaçının adına müvafiq çıxarış verilməlidir. Əlavə olaraq qeyd edir ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2013- cü il tarixli, 2(001 )-3537/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia tələbi təmin edilərək qanuni əsaslarla ona ayrılmış torpaq sahəsində cavabdeh X1 inşa etdiyi özbaşına tikili sökülmüş və həmin torpaq sahələrinə iddiaçının sahiblik və istifadə hüquqları bərpa edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, qərb hissəsində yerləşən 700 və 200 kv.m torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. Bildirilirk ki, İddiaçı sözügedən məsələ ilə bağlı 1 saylı Bakı Ərazi idarəsinə rəsmi müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi ilə bağlı Memarlıq və Şəhərsalma İdarəsinin rəyi ərizəyə əlavə edilməmişdir. Həmçinin torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və vətəndaşa **********09 saylı, xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri- kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ilki öncə qeyd edir ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi Bakı şəhəri, 6 mkr-nun Qərb hissəsində yerləşən 700 və 200 kv.m. torpaq sahələri biri digərinin yanında yerləşdiyindən, sözügedən tələblərə prosessual qənaət prinsipi baxımından eyni icraatda baxılmaqla vahid qərar qəbul edilməsinin daha məqdsədəmüvafiq olduğunu müəyyən etmişdir. Belə ki, işdə olan, - Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 630 saylı qərarından görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, 6-cı mkr., Qərb hissəsində uzun müddət bağ sahəsi kimi abadlaşdırıb, yararlı vəziyyətə saldığı və hazırda istifadə etdiyi 200 kv.metr torpaq sahəsinin mənzil şəraitinin genişləndirilməsi məqsədilə fərdi yaşayış evinin tikilməsi üçün onun mülkiyyətinə ayrılmasını xahiş etmiş və Binəqədi rayon Bələdiyyəsi tərəfindən Binəqədi rayonu, 6-cı mkr, Qərb hissəsində 200 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçının adına sənədləşdirilməsi qərara alınmış, qeyd olunan torpaq sahəsinin situasiya planı tərtib edilərək Bələdiyyə tərəfindən təsdiq edilmişdir. -xx.xx.2007-ci il tarixli, 425 saylı müqavilədən görünür ki, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində istifadə etdiyi 200 kv.metr torpaq sahəsinə dair fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ilə Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmışdır. - Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 545 saylı qərarından görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, 6-cı mkr., Qərb hissəsində uzun müddət bağ sahəsi kimi abadlaşdırıb, yararlı vəziyyətə saldığı və hazırda istifadə etdiyi 700 kv.metr torpaq sahəsinin mənzil şəraitinin genişləndirilməsi məqsədilə fərdi yaşayış evinin tikilməsi üçün onun mülkiyyətinə ayrılmasını xahiş etmiş və Binəqədi rayon Bələdiyyəsi tərəfindən Binəqədi rayonu, 6-cı mkr, Qərb hissəsində 700 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçının adına sənədləşdirilməsi qərara alınmış, qeyd olunan torpaq sahəsinin situasiya planı tərtib edilərək Bələdiyyə tərəfindən təsdiq edilmişdir. -xx.xx.2007-ci il tarixli, 347 saylı müqavilədən görünür ki, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində istifadə etdiyi 700 kv.metr torpaq sahəsinə dair fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ilə Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İşdə olan Binəqədi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-3537/2013 saylı qətnaməsinin surətindən görünür ki, ilə iddia tələbi təmin edilərək, Bakı şəhər Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 545 saylı qərarı və Binəqədi Bələdiyyəsinin Ərazisində olan X4-satqı Yolu ilə Mülkiyyətə verilməsi haqqında 347 saylı, xx.xx.2007-ci tarixli müqaviləsi əsasında fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş Binəqədi rayon 6-cı mkr Qərb hissəsində yerləşən 700 kv.m. torpaq sahəsində və Bakı şəhər Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 630 saylı qərarı və Binəqədi Bələdiyyəsinin Ərazisində olan X4-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 425 saylı, xx.xx.2007-ci tarixli müqaviləsi əsasında fərdi yaşayış evinin tikintisi üçün Əhədov (sonradan Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3537/2013 saylı qərardadı əsasında qətnamədə buraxılan yanlışlıq düzəldilərək “Əhədov” soyadı “Əhədov” soyadına dəyişdirilmişdir) Cəbrayıl Akif oğlunun mülkiyyətinə verilmiş Binəqədi rayon 6-cı mkr Qərb hissəsində yerləşən 200 kv.m. torpaq sahəsində X1 inşa etdiyi özbaşına tikilinin sökülməsi, həmin torpaq sahələrinə İddiaçı sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, həmin torpaq sahələrinin İddiaçı istifadəsinə və sahibliyinə qaytarılması qət edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********09 saylı, xx.xx.2020ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr qərb hissəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, sözügedən torpaq sahəsinin təqdim edilmiş torpaqların alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş və əraziyə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi və bank tərəfindən qəbz əlavə edilməmişdir. Həmçinin torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmişdir “Torpaqların alqı-satqısı” qaydarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlan”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. İşdə olan AZE 00582034 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur, ünvan 3 ünvanında qeydiyyatdadır. Beləliklə iş materiallarından görünür ki, iddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 630 saylı qərarı və xx.xx.2007-ci il tarixli, 425 saylı alqı-satqı müqaviləsinə əsasən 200 kv.metr torpaq sahəsinin, həmçinin Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 545 saylı qərarı və xx.xx.2007-ci il tarixli, 347 saylı alqı-satqı müqaviləsinə əsasən 700 kv.metr torpaq sahəsinin qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh müraciətin təmin edilməsindən **********09 saylı, xx.xx.2020-ci il tarixli məktubla imtina etmişdir. İmtinanın əsası kimi ilk növbədə ləğv edilmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktının təsdiq edilmədiyinə istinad edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən əsasla iddiaçıya imtina edilməsi əsaslı olmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 425 saylı və xx.xx.2007-ci il tarixli, 347 saylı alqısatqı müqavilələrinə əsasən 200 və 700 kv.metr torpaq sahələrinin İddiaçı verilməsi qərara alınsa da, lakin qeyd olunan müqavilələr ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Yalnız bələdiyyənin sədrinin və iddiaçının imzası ilə təsdiq edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsini tərəfindən iddiaçının adına sənədləşdirilmiş torpaq sahələrsinin situasiya planı tərtib edilmişdir. Lakin torpaq sahəsi ilə bağlı iddiaçının adına sənədləşdirilən dövrdə (2007-ci il) mövcud olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin alındığı iş materialları ilə müəyyən edilmir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazıranmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir; 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5ci maddəsində nəzərdə tutulmıış «müvafıq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini DTXK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsələri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisəyə tətbiq edilməli maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3). Belə ki, Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli, 630 saylı qərarı ilə iddiaçının adına sənədləşdirilmiş 200 kv.metr, 20 oktyabr 2007-ci il tarixli, 545 saylı qərarı ilə iddiaçının adına sənədləşdirilmiş 700 kv.metr, o cümlədən xx.xx.2007-ci il tarixli, 425 saylı alqı-satqı müqaviləsinə əsasən 200 kv.metr, xx.xx.2007-ci il tarixli, 347 saylı alqı-satqı müqaviləsinə əsasən 700 kv.metr torpaq sahələri ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Bundan əlavə, mübahisəli torpaq sahələrinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerlərin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmır. İddiaçı daşınmaz əmlakın uzun müddətdir onun istifadəsində olmasına, həmçinin məhkəmə qətnaməsi əsasında sahiblik və istifadə hüquququnun tanınmasına əsaslansa da, məhkəmə bununla bağlı qeyd edir ki, sahiblik və istifadə hüquqlarının olması əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınması üçün əsas deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar adlanmaqla, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sübutların dairəsini müəyyənləşdirir. Həmin normada əks olunan əsaslardan isə hər hansı biri iddiaçı tərəfindən nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2496/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2496/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver