Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2497/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı **********9 nömrəli xx.xx.2021-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim olunan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 20 il 9 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 18 il 6 ay sığorta stajına uyğun olaraq 14098,29 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 440,29 manat olmaqla ümumilikdə 14538,58 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Sözgedən Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bır il azaldılmaqla hesablanır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzi Filialda aparılan araşdırmaya əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" restoranının, həmçinin xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək “Eleqan Со" şirkətinin faktiki ünvanları məlum olsa da, arxiv sənədləri saxlanmadığına görə sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Sığorta stajını təsdiq edən əlavə sənəd təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri zərurət olduğu halda araşdırıla bilər. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Ona xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim etdiyi əmək kitabçasında göstərilən xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" restoranında və xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Elegant” şirkətində əmək fəaliyyəti dövrünün sığorta stajına qəbul edilməsini və ona yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, iddia ərizəsinin giriş hissəsində cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kimi oxunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" restoranında və “Sevinc firmasında” işlədiyi dövrün əmək stajına daxil edilməklə ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin məsələ müsbət həllini tapmamış, buna səbəb kimi xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" restoranında və xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Elegant” şirkətində işlədiyi dövrü sığorta stajına aid edilmədiyi göstərilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi ******* nömrəli hərbi biletə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət keçdiyi 1 il 11 ay 28 gün, xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti dövrü olmaqla xx.xx.2006-cı il tarixədək 18 il 6 ay 9 gün, eyni zamanda X1 Sisteminin Pensiya altsisteminə müvafiq olaraq 2018-cil ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək 2 il 8 ay müddətdir ki, ümumilikdə 21 il 2 ay 9 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "Sevinc” firmasında işlədiyini iddia etdiyi 5 il 5 ay 8 gün, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Eleqant-Co şirkətində işlədiyini iddia etdiyi 4 il 11 ay 25 gün müddətdir ki, ümumilikdə 10 il 5 ay 3 gün təşkil edir. Həmçinin, inzibati orqanda şübhə yaradan hallar İddiaçı məxsus xx.xx.1977-ci il tarixli əmək kitabçasında iddiaçının xx.xx.1995-ci il tarixdə işə daxil olması barədə qeyddə işəgötürənin imzası və müəssisənin möhürünün olmaması, habelə iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "Sevinc” firmasında olan əmək fəaliyyəti ilə bağlı qeydlərin kiril qrafikalı əlifbada olmasıdır. Bu səbəbdən əmək kitabçasındakı sözügedən dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu tarixədək Eleqant- Co şirkətində olan əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhə yaranmışdır. Bu səbəbdən xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci maddəsinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə pensiya təyin edilməsi yaşı 65 yaşdır. Beləliklə, qeyd olunan normalardan görünür ki, 2021-ci ilin dekabr ayı üzrə kişilərə yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 65 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuş, 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur. İşdən görünür ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi 2021-ci ilin sentyabr ayında artıq 65 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərt, yəni yaş tələbi ödənilir. İkinci şərtə gəldikdə, iddiaçının pensiya hüququnun yarandığı tarixə tələb olunan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı 28800 manat təşkil edir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin işdən görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cavabdehin mübahisələndirmədiyi xx.xx.2006-cı il tarixinədək 18 il 6 ay sığorta stajına uyğun olaraq 14098,29 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2019cu il tarixinədək 440,29 manat olmaqla, ümumilikdə 14538,58 manat təşkil edir (iddiaçının əmək kitabçasındakı bütün dövrlər qəbul edilsə belə, onun pensiya kapitalının 28800 manata çatdırılması mümkünsüzdür). Belə olan halda aydın olur ki, iddiaçının sığorta stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977xx.xx.1977-cı il tarixlərdə Bakı TARA müəssisəsi “Azmeyvətərəvəzsənaye” qapaq sexində 2-ci dərəcəli kəsici vəzifəsində, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı şəhəri Nərimanov rayonu meyvə-tərəvəz ticarəti kontorunda, xx.xx.1981-xx.xx.1995-ci il tarixlərdə “Azərtəkraresurs” Təkrar resurslarının istehsal tədarük birliyində tədarükçü vəzifəsində işləmiş, xx.xx.1995-ci il tarixdə "xxxx" restoranına 3-cü dərəcəli bufetçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1999-cu il tarixdə "xxxx" Firmasında həmin vəzifəyə keçirilmiş, xx.xx.2000-ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2001xx.xx.2009-cu il tarixlərdə “Eleqant-Co” şirkətində menecer vəzifəsində, xx.xx.2009xx.xx.2009-cu il tarixlərdə "xxxx" MMC-də satıcı vəzifəsində, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi və xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinə kimi "xxxx" ASC-də daxili nəzarət qrupunun nəzarətçisi peşəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 12 dekabr 2022-ci il tarixli məktubuna əsasən xx.xx.1999-cu il tarixdə F-2290 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Firması (VÖEN **********) xx.xx.1994-cü il tarixdə 925 nömrə ilə dövlət qeydiyyatına alınmış "Sevinc” Restoranının özəlləşdirilmiş əmlakının bazasında yaradılıb və onun hüquqi varisidir. "xxxx" Firmasının hüquqi ünvanı ünvan 1ar edilməmişdir. "xxxx" Firmasının 10 aprel 2023-cü il tarixli arayışına əsasən xx.xx.1999-cu ildə (ƏMR №1) Sevinc restoranı Sevinc firması (VÖEN: **********, hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 6) olaraq yaradılmışdır. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı həqiqətən, xx.xx.1999-cu ildən (ƏMR №2) xx.xx.2000-ci ilədək (ƏMR №5) "xxxx" firmasında 3 dərəcəli bufetçi vəzifəsində işləmişdir. İşdə olan "xxxx" Firmasının xx.xx.1999-cu il tarixli 2 nömrəli əmrinin surətindən görünür ki, Sevinc restoranın adının Sevinc firmasına dəyişməsi ilə əlaqədar İddiaçı "xxxx" Firmasında həmin 3-cü dərəcəli bufetçi vəzifəsinə təyin edilmişdir. "xxxx" Firmasının xx.xx.2000-ci il tarixli 5 nömrəli əmrinin surətindən görünür ki, 3-cü dərəcəli bufetçi İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda işdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq hesab cədvəllərindən görünür ki, "xxxx" kafesi 1995-1997-ci illərdə əmək ödəniş fondu üzrə məlumatları Fonda təqdim etmişdir. Beləliklə, iddiaçının mübahisələndirmədiyi 21 il 2 ay 9 gün və iddiaçının "xxxx" restoranında və "xxxx" Firmasında işlədiyi cəmi 5 il 5 ay 9 gün nəzərə alındıqda, aydın olur ki, iddiaçının xx.xx.2021-ci il tarixə cəmi 26 il 7 ay 18 gün sığorta stajı olmuş, bu staj ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət etmişdir. Lakin işdən görünür ki, cavabdeh bunu qəbul etməmiş, iddiaçıya pensiya təyin edilməsindən imtina haqqında xx.xx.2011-ci il tarixli **********5 nömrəli qərarında xx.xx.1995-xx.xx.2006-cı illər təsdiq olunmadığından tələb olunan sığorta stajı və pensiya kapitalı olmaması əsası ilə iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, iddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericilik, şəxsin iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasını nəzərdə tuturdu. İşdən görünür ki, cavabdeh bu normaların tələblərini nəzərə almamış, iddiaçının "xxxx" restoranı və "xxxx" Firmasında işlədiyi xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrü onun sığorta stajına daxil edilməməklə iddiaçının hüquqlarının pozulmasına yol vermişdir. Cavabdeh etirazında həmin dövrün qəbul edilməməsi əsası kimi iddiaçının xx.xx.1995-ci il tarixdə işə daxil olması barədə qeyddə işəgötürənin imzası və müəssisənin möhürünün olmamasına, habelə iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "Sevinc” firmasında olan əmək fəaliyyəti ilə bağlı qeydlərin kiril qrafikalı əlifbada olmasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işin yuxarıda istinad olunan hallarından məlum olur ki, "xxxx" Firması xx.xx.1999-cu il tarixdə xx.xx.1994-cü il tarixdə "Sevinc” Restoranının özəlləşdirilmiş əmlakının bazasında yaradılmış, onun hüquqi varisi olmuş, iddiaçının işdən çıxması barədə qeyd həmin firmanın möhrü və vəzifəli şəxsin imzası ilə təsdiq edilmişdir. Buna görə də iddiaçı işə qəbul edilərkən əmək kitabçasında yazılan qeyddə müəssisənin möhrünün olmaması, həmin qeydlərin qanunsuz olması qənaətinə gəlmək üçün əsas deyil. Bundan başqa, əmək kitabçasındakı qeydlərin kiril qrafikalı əlifba ilə yazılması həmin qeydlərin şübhəli olması üçün kifayət sayıla bilməz. Belə ki, Azərbaycan SSR zamanında uzun müddət kiril qrafikalı əlifbadan istifadə edildiyi və həmin dövrdə təhsil almış şəxslərin bu yazı vərdişlərini müstəqillik əldə edildikdən sonra da davam etdirməsi tez-tez rast gəlinən hal olmaqla, həyatına normal axarına uyğun olmuşdur. Eyni zamanda, əmək kitabçasında qeydlər işçi deyil, işəgötürən tərəfindən aparıldığından və onun məsuliyyətində olduğundan, bu hal iddiaçının hüquqlarından mərhum edilməsi üçün əsas təşkil edə bilməz. Beləliklə, işin istinad edilən halları ilə iddiaçının işlədiyi dövrdə "xxxx" restoranının, daha sonra isə "xxxx" firmasının mövcudluğu, iddiaçının həmin müəssisədə işləməsi iş mayerialları ilə öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, cavabdehin bu dəlilləri əsasız olmuşdur. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" restoranında və "xxxx" Firmasında işlədiyi dövrlər onun sığorta stajına daxil edilməli və iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövr sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2497/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2497/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver