Məhkəmə qərarları › İş №2-1(112)-2497/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2497/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2497/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ünvanda yerləşən 18 mərtəbəli binanın sonuncu (texniki mərtəbə kimi qeyd olunmuş) mərtəbəsindəki 3 (üç) otaqdan ibarət, 154 kv.m. ümumi sahəli “qeyri-yaşayış sahəsi"-nin (faktiki mənzilin) "yaşayış sahəsi" kateqoriyasına keçirilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Xətai rayonu ərazisində "xxxx" MTK tərəfindən inşa edilmiş və xx.xx.2009-cu il tarixli dövlət qəbul komissiyasının Aktı ilə istismara verilmiş Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə 5 ünvanında (əvvəlki ünvan 3 MTK-nın üzvlərinin/təsisçilərinin (payçılarının) ümumi yığıncağında yekdilliklə qəbul edilmiş Qərar əsasında, bu MTK ilə bağladığı alqı-satqı Müqaviləsi ilə (dəyəri tərəfindən tam ödənilməklə) 3 (üç) otaqdan ibarət 154 kv.m qeyri-yaşayış sahəsi almışdır. Qeyd olunan sahə alınandan bəri və hazırdada heç bir şəxsin hüquqları, ipoteka/girov ilə yüklü deyil/olmamışdır, üzərində isə hazırda heç bir məhdudiyyət/yüklülük yoxdur (heç vaxt olmamışdır). 14 (on dörd) ildir ki, Müharibə veteranının və ailə üzvlərinin daimi yaşadığı və yaşayış üçun tam yararlı olan, hazırda heç bir dəyişikliyə (yenidənqurmaya, təmirə) ehtiyacı olmayan bu sahədən o, və ailə üzvləri müvafiq texniki-sanitar normalara uyğun, tələb olunan bütün kommunal ödənişləri etməklə faktiki olaraq yaşayiş sahəsi (mənzil) kimi istifadə edir. Son dövrdə də, bu qeyri-yaşayış sahəsi sayılan, əslində isə 14 il faktiki yaşayış sahəsi/mənzil olan bu sahəyə baxış keçirilmişdir. Müvafiq səlahiyyətli orqan tərəfindən bu baxışın nəticələrinə aid tərtib edilmiş xx.xx.2021-ci il tarixli "Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış)" Aktından da göründüyü kimi: faktiki yaşayış sahəsi kimi istifadə edilən bu 3(üç) otaqdan ibarət 154 kv.m. sahə: "...mənzil kimi kommunal və texniki parametrlərə uyğun gəlir..." ( xx.xx.2021-ci il tarixli Aktəlavə edilir). Bununla belə, adı keçən binanın istismara verilməsi barədə olan xx.xx.2009cu il tarixli aktda ona məxsus və tərəfindən qanuni yolla əldə etdiyi daşınmaz əmlak: 3 otaqlı, 154 kv.m. olan sahənin (eyniliklə həmin-18-ci mərtəbədə yerləşən başqa iki mənzil/yaşayış sahələrin də) binanın "Texniki Mərtəbəsində" yerləşdiyi qeyd olunduğundan (yəni, yaşayış sahəsi kimi qeyd olunmadığından, bu faktiki mənzil olan sahəni "yaşayış sahəsi/mənzil" kimi Dövlət reyestrində qeydiyyatdan keçirməklə bu barədə müvafiq Çıxarış ala bilmir. Bununla da onun mülkiyyət hüququ məhdudlaşdırılır, mülkiyyəti üzərində sərəncam verməkdən məhrumdur. Adı keçən daşınmaz əmlakı "qeyri-yaşayış sahəsi" statusunda olan mənzil sahəsi" yaşayış sahəsi" statusuna keçirilməlidir. Bununla bağlı o, adı keçən qeyri-yaşayış kimi rəsmiyyətdə qalmış sahənin yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. 30 (otuz) gündən çox müddətin keçməsinə baxmayaraq, cavabdehə olan bu Ərizə/müraciətinə heç bir cavab verilməmişdir. Halbuki, AR Mənzil Məcəlləsinin 21.4.-21.5-ci maddələrinə görə, sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan cavabdeh, ona təqdim edilmiş Ərizənin (sənədlərin) baxılmasının nəticələri barəsində 30(otuz) gündən gec olmayaraq müvafiq qərar qəbul etməli və 3(üç) iş günündən gec olmayaraq qəbul etdiyi qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim etməli və ya ərizədə qeyd edilən ünvanına göndərilməlidir. (Göründüyü kimi, cavabdehin hərəkətsizliyilə "İnzibati icraat haqqında" AR Qanununun da tələbləri pozulmuşdur).

3. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən HALAL” MTK tərəfindən Bakı şəhəri Xocali 2 ünvanında tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi lahiyələşdirilmişdir. Həmin tikinti "xxxx"MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına keçirilir. Buna əsasən Bakı şəhəri Xocalı, ev 2 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 154,0 kv.m təşkil edən qeyri-yaşayış sahəsini “Kooperativ (saylı ) “Payçı” ya (sahəni tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini,”Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyə öz öhdələrinə götürürlər.

4. "xxxx" MTK üzvlərinin ümumi iclasının 01 №-li xx.xx.2021-ci il tarixli Protokolundan Çıxarışa əsasən Vətəndaş İddiaçı MTK-ya üzv qəbul olunmaqla və MTK-nın ünvan 5 ünvanında yerləşən 2 girişli 17 mərtəbəli yaşayış binasının 2-ci girişinin texniki mərtəbəsində yerləşən ümumi sahəsi 154 kv.m olan 3 otaqlı 117 saylı qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir.

5. "xxxx" MTK-nın 41-m nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətinə əsasən, ünvan 6 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu 2 girişli 17 mərtəbəli yaşayış binasının 2-ci girişinin texniki mərtəbəsində yerləşən ümumi sahəsi 154 kv.m. olan, 3 otaqlı 117 saylı qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam tam ödənilmişdir. MTK-ya borcu yoxdur.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli müayinə aktına əsasən mənzil 17-ci mərtəbəli binanın texniki mərtəbəsində yerləşir. İstismara qəbul aktına əsasən mənzillərin ümumi say tərkibinə daxil deyil. Mənzildən yaşayış sahəsi kimi istifadə olunur, mənzil kimi komunal və texniki parametrlərə uyğundur.

7. Hazırkı iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir: Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 5 saylı binanın 18-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 154 kv.m olan qeyri-yaşayış sahəsinin təyinatı nədir? - Həmin qeyri-yaşayış sahəsi binanın mərtəbəli planına əsasən yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına cavab verirmi və ya bu sahənin yaşayış sahəsi kimi müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkündürmü? - Həmin qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin təyinatı nədir? - Həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qonşulara hər hansı maneəçilik törədirmi? Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə texniki mərtəbə hesab olunurmu?

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə məhkəmə qərardadı əsasında tərtib edilmiş xx.xx.2024-cü il 3-16-16/2-10/8661 nömrəli ekspert rəyinə əsasən tədqiqatin nəticəsi: Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində inşa edilmiş 5 saylı binanın 18-ci mərtəbəsində yerləşən 3 otaqlı tikilinin təyinatının faktiki olaraq mənzil təyinatlı olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində inşa edilmiş 5 saylı binanın 18-ci mərtəbəsində yerləşən 3 otaqlı tikilinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş 3 №-li Qərarının 5-ci maddəsinin (Mənzillərə və onların elementlərinə dair tələblər) 5.2 və 5.7-ci bəndinin tələblərinə uyğun olduğunu nəzərə alaraq, həmin tikilinin yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına cavab verdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində inşa edilmiş 5 saylı binanın 18-ci mərtəbəsində yerləşən 3 otaqlı tikiliyə bitişik 2 ədəd tikilinin olduğu və həmin tikililərin təyinatının mənzil olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində inşa edilmiş 5 saylı binanın 18-ci mərtəbəsində yerləşən 3 otaqlı tikiliyə bitişik 2 ədəd tikilinin olduğu və həmin tikililərin təyinatının mənzil olduğunu, həmin tikililərin hər birinin ayrı-ayrılıqda giriş-çıxış qapısının, eləcə də ümumi istifadədə olan dəhlizə, pilləkən meydançasına və liftə ayrı- ayrılıqda girişçıxış yolunun olduğunu nəzərə alaraq, həmin 3 otaqlı tikilinin qonşulara hər hansı maneəçilik törətmədiyi müəyyən edilmişdir.

9. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 05 nömrəli sərəncamında dəyişikliklər edilməsi haqqında xx.xx.2011-ci il tarixli, 136 nömrəli sərəncamının 4-cü bəndində qeyd edilir ki, şəxsi mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərə məxsus olan binaların 1-ci mərtəbəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin və zirzəmilərdəki qeyri-yaşayış sahələrinin pəncərə oyuqlarının qapı və ya vitrinlə əvəz edilməsi hayihələri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldıqan sonra rayon İcra Hakimiyyəti Başçısının sərəncamları əsasında həyata keçirilə bilər. Sözügedən sərəncamın mənasından görünür ki, iddiaçı qeyri-yaşayış sahəsini yaşayış sahəsinə çevirərək uzun müddət ondan yaşayış sahəsi kimi istifadə etməzdən əvvəl Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etməli, oradan isə müsbət cavab aldıqdan sonra o, rayon İcra Hakimiyyətinə sərəncamla bağlı müraciət etməli idi, göründüyü kimi iddiaçının qeyri-yaşayış obyekti nə şəxsi mülkiyyətdə, nə də ki, mövcud qanunvericiliyin tələbinə uyğun gəldiyindən təmin edilə bilməz.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

12. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.

13. Hazırkı iddianın növü məcburetmə növündə iddiadır.

14. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır

15. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ailə üzvləri ilə birgə daimi yaşadığı, texnikisanitar normalara uyğun qeyri-yaşayış sahəsini faktiki olaraq yaşayiş sahəsi (mənzil) kimi istifadə edir.

18. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 24 may 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində inşa edilmiş 5 saylı binanın 18-ci mərtəbəsində yerləşən 3 otaqlı tikilinin təyinatının faktiki olaraq mənzil təyinatlı olduğu, tikilinin yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına cavab verdiyi, həmin mərtəbə yerləşən 3 otaqlı tikiliyə bitişik 2 ədəd tikilinin olduğu və həmin tikililərin təyinatının mənzil olduğu, həmin tikililərin hər birinin ayrı-ayrılıqda giriş-çıxış qapısının, eləcə də ümumi istifadədə olan dəhlizə, pilləkən meydançasına və liftə ayrı-ayrılıqda giriş-çıxış yolunun olduğunu nəzərə alaraq, 3 otaqlı tikilinin qonşulara hər hansı maneəçilik törətmədiyi müəyyən edilmişdir.

19. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində bir daha öz təsdiqini tapmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 5 (əvvəlki ünvan 7 ünvanda yerləşən 18 mərtəbəli binanın sonuncu (texniki mərtəbə kimi qeyd olunmuş) mərtəbəsindəki 3 otaqdan ibarət, 154 kv.m. ümumi sahəli qeyri-yaşayış sahəsinin yaşayış sahəsi keçirilməsini qanunvericiliyin məqsədlərinə uyğundur.

20. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 5 saylı binanın 18-ci (texniki) mərtəbəsində yerləşən qeyri-yaşayış yaşayış sahələri analoji sənədlər əsasında yaşayış sahələrinə keçirilmişdirlər. Lakin iddiaçıya münasibətdə cavabdeh qurum fərqli mövqe ifadə etmişdir.

21. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı ilə bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olan, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə (mənzilə) keçirən şəxslərin hüquqi vəziyyətinin qiymətləndirilməsi bərabərlik prinsipinin pozulması nöqteyinəzərindən əhəmiyyətlidir, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

23. Beləliklə, cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə, eləcə də qanunun güddüyü məqsədə mütənasib hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilir.

24. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

25. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X2 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

26. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 5 ünvanda yerləşən 18 mərtəbəli binanın sonuncu (texniki mərtəbə kimi qeyd olunmuş) mərtəbəsindəki 3 otaqdan ibarət, 154 kv.m. ümumi sahəli qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdeh Xətai Rayon İcra Hakimiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı: Adı: X1; kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN: **********; hesab: AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar