Məhkəmə qərarları › İş №2-1(112)-2499/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2499/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2499/2021 20.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxx 2020-ci il tarixli **********6700 saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin onun barəsində İİ rüb 2018-ci il vergi dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablamasına dair xx.xx.2020-ci il tarixli **********492500 saylı “Vergi hesablanması” barədə qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunmuş “xx.xx.2020-ci il tarixli, **********492500 saylı” sözlərinin “xx.xx.2019-ci il tarixli, **********492500 saylı” sözləri ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı ilə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumatlara əsasən İİ rüb 2018-ci il vegi dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmışdır. Qərarın “Bəyannamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında göstərilmişdir ki, vergi Məcəlləsinin müddəalarına əsasən ona bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablanmışdır. Bina tikintisi fəaliyyəti ilə məşğul olmadığı halda belə bir qərarın verilməsi tamamilə qanunsuz və əsassızdır. Cavabdehin ona əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə həmin qərarı vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılmışdır. Onun tərəfindən xx xxxxxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli şikayətlərdə cavabdehə bildirilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, tikdiyi fərdi yaşayış evinin bütün layihə sənədlərini təqsdiqlədərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2017-ci il tarixli rəyi, Bakı şəhəri üzrə Şəhərsalma İdarəsinin icazəsi xx.xx.2018-ci il tarixli tikintiyə icazə barədə xüsusi nişanı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya mərkəzinin xx.xx.2017-ci il tarixli rəyi alındıqdan sonra Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 68 saylı çıxarışına əsasən Bakı şəhəri Xətai rayonu, İnqilab İsmayılov küçəsi 50 saylı binanın yanında fədi yaşayış tikintisinə icazə verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini tikməsi üçün əlavə olaraq Dövlət ekspertiza Baş İdarəsindən xx.xx.2017-ci il tarixli 24083 saylı rəy almışdır. Bütün dövlət orqanlarının zəruri icazə və rəylərini aldıqdan sonra sözügedən ünvanda fərdi yaşayış evinin tikitisini aparmışdır. Vergi orqanı tərəfindən ona borcunun olması bildirilmişdir. Verginin hesablanmasının nə ilə əlaqədar oduğunu soruşduqda ona tikinti aparıb, ev tikdiyi üçün vergi ödəməli olduğu bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq ona hesablanmış vergi borcunun, kameral hesablanmış məbləğin ləğv olunmasını xahiş edir. İPM- 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi, əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz olunmuş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, aparılmış araşdırmalar nəticəsində vergi ödəyicisi ünvan 1 ünvanda ümumi sahəsi 1798,40 kv. metr olan binanın 2018-ci ilin 2-ci rübündə fərdi yaşayış binası kimi təməlqoyma işlərinə başlamasında baxmayaraq, aparılmış müşahidə zamanı həmin binanın ümumi istifadə üçün nəzərdə tutulmuş yaşayış binası olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla həmin maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Eyni zamanda, həmin Məcəllənin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti lə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5-əmsal tətbiq edilməklə hesablanır. Qeyd olunanlara əsasən, vergi ödəyicisinə “Kameral vergi yoxlaması uçün zəruri olan, sənədlərin(məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********677400 saylı uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi, orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən cari vergi bəyannaməsi və ya müvafiq sənədlər təqdim edilməklə ətraflı izahat məktubu vergi orqanına təqdim edilmədiyindən xx.xx.2019-cu il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 2-ci rübü üzrə 123.822,00 manat analoji qaydada vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli qərar göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X2 ayrıayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materialları ilə müəyyən edilir ki; Xətai rayon İcra hakimiyyəti başçısının “Fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” 68 № li xx xxxx 2017-ci il tarixli sərəncamı ilə İddiaçı İ.İsmayılov küçəsi 50 saylı binanın yanında təqdim edilmiş layihəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir (notarial qaydada təsdiq olunmuş surəti). Cavabdeh inzibati orqanın iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda sonuncuya, 2018-ci ilin İİ rübü üzrə cari bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi və Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi səbəblərini izah edən məktub, yaşayış binası üçün ayrılan torpaq sahəsində tikinti işlərinin aparılması barədə icazə sənədinin, yaşayış binasının layihə üzrə ümumi sahəsini təsdiq edən sənədlərin surətlərini, təməl qoymanın vaxtını və tikinti sahəsini üzərində əks etdirən sənədlərin təsdiq olunmuş surətlərini təqdim etmək təklif olunmuşdur İddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********492500 saylı qərarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırma zamanı “Bina tikinti fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi” növü üzrə 2018-ci ilin İİ rübü üzrə iddiaçıya Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 123,822,00 manat məbləğində Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 maddəsinə əsasən; - 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən; - 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir (mübahisələndirilən qərar qəbul olunan zaman qüvvədə olan redaksiyada). Həmin Məcəllənin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyriyaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir(mübahisələndirilən qərar qəbul olunan zaman qüvvədə olan redaksiyada). Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, kameral vergi yoxlamasının 30 iş günü ərzində keçirilməsi bəyannamənin təqdim edildiyi gündən hesablanması müəyyən edilmişdir. İşin hallarına görə, iddiaçı mənzil tikintisini həyata keçirən şəxs kimi müvafiq vergi bəyannaməsini təqdim etməmişdir. Kameral vergi yoxlamasının həmçinin bəyannamə təqdim edilmədiyi halda, lakin vergi orqanında vergi ödəyicisinə aid olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilməsi müəyyən edildiyindən, bu hallara 30 iş gününə dair müddəanın tətbiqi istisna olunmalıdır. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 218.1.3-cü maddəsinin məzmunundan göründüyü kimi, həmin normanın tətbiqi (vergi ödəyicisinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə aid edilməsi) bina tikintisinin məqsədi ilə şərtlənir: bina əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün tikilməlidir. Cavabdeh qeyd edir ki, aparılmış müşahidə zamanı iddiaçı tərəfindən inşa edilən mübahisəli tikilinin fərdi yaşayış evi deyil ümumi istifadə üçün nəzərdə tutulmuş yaşayış binası olduğu müəyyən olunur. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Buna görə də, iddiaçı inşa etdirdiyi mübahisəli tikilinin hansı fərdi ehtiyaclara hesablandığını əsaslandırmaq öhdəliyi daşımır. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin) “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********492500 saylı qərarı ləğv olunmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********492500 saylı qərarı ləğv olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar