Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2499/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və s” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum yoldaşı M.Əliyev 1965- 1993-cü il tarixlərində dövlət qulluğu sahəsində müxtəlif dövlət orqanlarında fəaliyyət göstərmişdir. Həmçinin, o, 24 noyabr 1971-ci il tarixdən 13 sentyabr 1990-cı il tarixədək Nəsimi Rayon Məhkəmə İcraçıları şöbəsində məhkəmə icraçısı, 13 sentyabr 1990-04 iyul 1992-ci il tarixlərdə Nizami Rayon Məhkəməsin hakim vəzifəsində, 04 iyul 1992-20 avqust 1993-cü il tarixlərdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. M.Əliyev 10 sentyabr 2001-ci il tarixdə vəfat etmişdir. Lakin, cavabdeh dövlət qulluqçusunun ailə üzvü kimi iddiaçıya pensiya təyin edərkən mərhum yoldaşının hakim kimi işlədiyi illəri və aldığı məvacibi nəzərə almadan aşağı məbləğdə pensiya təyin etmişdir. Odur ki, mərhum yoldaşının hakim kimi işlədiyi illər nəzərə alınmaqla 21 yanvar 2003-cü il tarixdən pensiyanın mərhum ərinin işlədiyi son 5 il hesablanmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında yenidən hesablanması və 01 sentyabr 2005-ci il tarixədək tam miqdarda həmin tarixdən bugünədək qalıq hissəsinin birdəfəlik ödənilməsi cavabdehə həvalə edilməlidir. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, M.Əliyevin hakim stajı 5 ildən az təşkil etmidir ki, bu səbəbdən də sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının iddiaçıya təyin edilməsi mümkün hesab edilməmişdir. Tərəflər izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin iddiaçıya ünvanladığı məktubdan görünür ki, “Məhkəmə və hakimlər haqqında” Qanunun qüvvədən düşmüş redaksiyasına əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlər hakim kimi pensiya hüququna malikdir. M.Əliyevin hakim kimi iş stajı isə 5 il təşkil edir. Ölüm haqqında şəhadətnamədən görünür ki, M.Əliyev 2001-ci il tarixdə vəfat etmişdir. M.Əliyevə məxsus əmək kitabçasının surətindən görünür ki, 13 sentyabr 1990-cı il tarixdən məhkəmə icraçısı vəzifəsinidən azad edilmiş, Nizami rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, 22 sentyabr 1992-ci il tarixdən isə başqa işə keçməsi ilə əlaqədar həmin vəzifədən vaxtından əvvəl azad edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinin icrası isə 04 iyul 1992-ci il tarixdən 20 avqust 1993-cü il tarixləri arasında olmuşdur. Pensiya işindən görünür ki, iddiaçı dövlət qulluqçusunun ailə üzvü kimi pensiya alan şəxs statusundadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 avqust 2012-ci il tarixli qərarından görünür ki, iddiaçının DSMF-nun Nəsimi Rayon Şöbəsinə qarşı iddiaçının mərhum yoldaşının dövlət qulluğu vəzifələrində işlədiyi müddət, eləcə də məhkəmə icraçısı və icra hakimiyyəti başçısı vəzifələrində işlədiyi müddət və əmək haqqı nəzərə alınmaqla əmək pensiyasının iddiaçıya təyin edilməsi və ödənilməsinə dair iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, həmin qərar apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmış, kassasiya instansiya məhkəməsi də apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını qərara almışdır. Həmin qərardan da göründüyü kimi M.Əliyevin məhz xx.xx.1971-xx.xx.1990-cı il tarixlərində məhkəmə icraçısı və xx.xx.1992-xx.xx.1993-cü il tarixlərdə icra hakimiyyəti başçısı vəzifələri dövlət qulluğu vəzifələri hesab edilməklə alınmış orta aylıq əmək haqqı nəzərə alınmaqla ailə üzvünə pensiyanın təyin edilməli olması barədə mövqe nümayiş etdirilmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrinin qərarlarından da göründüyü kimi iddiaçının mərhum həyat yoldaşının məhz 18 il 09 ay 18 gün məhkəmə icraçısı və 01 il 01 ay 16 gün icra hakimiyyəti başçısı vəzifəsi dövlət qulluğu vəzifəsi kimi müəyyən edilmiş və həmin illər və alınan əmək haqqı əsasında pensiyanın hesablanmalı olması qeyd edilmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, iddiaçının pensiya məbləği 841,06 manatdan artırılaraq 930,89 manat məbləğinə artırılmışdır. Həmin artım 01 fevral 2022-ci il tarixli vəzifə maaşının artımı ilə əlaqədar olmuşdur. Məhkəmə sorğusuna əsasən X1 məktubundan görünür ki, hakim vəzifəsinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmamışdır. 1991-cı ilin oktyabr 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən sonra “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən vəzifələrə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılır ki, Siyahının 1-ci və 2-ci bəndlərində hakim vəzifəsi nəzərdə tutulmamışdır. Pensiya işinə daxil olan sənədlərdən görünür ki, iddiaçıya ilkin olaraq əlilliyə görə pensiya təyin edilmiş, daha sonra dövlət qulluqçusunun ailə üzvü kimi verilən pensiya ilə əvəz edilmişdir. Məhkəmə sorğusuna təqdim edilən cavabdehin cavab məktubundan görünür ki, iddiaçıya dövlət qulluğunda 19 il 11 ay 05 gün olmuş staj nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya hesablanmışdır. 01 yanvar 2023-cü il tarixdən əmək pensiyasının məbləği artırılaraq 1174,50 manata çatdırılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: -23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; [111] 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Dövlət qulluğu haqqında” Qanunun 17.1-ci maddəsinə görə, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın:
6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Qeyd olunur ki, 1991-ci il oktyabr 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahı”na əsasən aparılır. xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun -5.1.müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) -5.1.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır.(28 iyul 2005-ci il tarixdən sonra dəyişiklik) 5.1.Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3.Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. 7.1. Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Hazırkı inzibati mübahisənin mahiyyətindən görünür ki, inzibati mübahisə dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyin edilmiş şəxsə pensiya təyin edilərkən müəyyən dövrün nəzərə alınıb-alınmaması ilə bağlıdır. Belə ki, məhkəmə qərarları da nəzərə alınmaqla iş materialları ilə müəyyən edilir ki, cavabdeh M.Əliyevin dövlət qulluğu stajı illərini, o cümlədən onun məhkəmə icraçısı və icra hakimiyyəti başçısı işlədiyi dövrləri nəzərə almaqla iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyin etsə də, iddiaçının hakimlik stajına daxil olan dövrün nəzərə alınmaqla əmək pensiyasının məbləğinin hesablanmasını həyata keçirməmişdir. İddiaçı isə iddia edir ki, mərhum M.Əliyevin hakim vəzifəsində işlədiyi müddət də nəzərə alınmalı, həmin vəzifədə olarkən aldığı orta aylıq əmək haqqı da əsas götürülməli, nəticədə ümumilikdə 5 illik orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya məbləği müəyyən edilməli və ödənilməmiş pensiya məbləği 01 sentyabr 2005-ci il tarixədək tam miqdarda, həmin tarixdən bugünədək qalıq hissəsi birdəfəlik ödənilməlidir. Cavabdeh isə iddiaçının hakimlik stajının 5 ildən az olmasına istinad edərək həmin müraciətin təminindən imtina etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müraciətin təminindən imtina dəlili səhv olsa da, ümumilikdə həmin müraciətin təminindən imtina qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdehin imtinasından da görünür ki, cavabdeh ümumiyyətlə iddiaçının müraciətinin mahiyyətini məhkəmənin sorğusuna cavab verilənədək anlamamış, müraciətin iddiaçının hakimlik stajının dövlət qulluğu vəzifələrindən biri hesab edilməsi və pensiyanın dövlət qulluqçusunun ailə üzvü kimi həmin dövr üzrə əmək haqqı nəzərə alınmaqla ödənilməli olmasını müəyyən etməmiş, iddiaçının hakim vəzifəsində olmuş şəxsin ailə üzvü kimi pensiya təyini ilə bağlı olması barədə yanlış mövqedə olmuş və buna uyğun olaraq da imtina məktubu iddiaçıya ünvanlamışdır. Lakin, qeyd olunmalıdır ki, imtinanın dəlilinin səhv olması imtinanın da səhv olması anlamına gəlmir və həmin dəlilin səhv olması hazırkı növ iddia üzrə iddianın təmini istisna edən halın mövcudluğu hesab edilməməlidir. İnzibati məhkəmə icraatı üzrə məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/2020 saylı İcmal məktubunda da qeyd edilmişdir ki, məhkəmələr imtina və etirazın dəlillərinə münasibət bildirməli olsalar da, yalnız dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyətinə təsir edən hissədə, yəni iddiaçının arzuladığı pensiya təyini və pensiyanın yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli, onlara tətbiq edilməli olan hüquq normaları əsasında qiymətləndirməlidir. Bu səbəbdən də yalnız həmin dəlillərin araşdırılması ilə kifayətlənilməməlidir. Məhkəmə də hazırkı iş üzrə də imtinanın dəlili ilə kifayətlənməmiş və apardığı araşdırma zamanı müəyyən etmişdir ki, iddianın təminini istisna edən hal mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı da müəyyən edilir ki, hazırkı iddianın təmini, yəni hakimlik stajının və alınmış əmək haqqının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması üçün ilk növbədə hakim vəzifəsinin dövlət qulluğu vəzifəsi hesab edilməsi və ya dövlət qulluğu vəzifələrindən birinə uyğunlaşdırılması mütləqdir. Yuxarıda sadalan qanunvericilik aktlarından görünür ki, dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibi pensiya məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Göründüyü kimi məhz vəzifənin dövlət qulluğu vəzifəsi olması həmin vəzifə üzrə alınan əmək haqqıya münasibətdə dövlət qulluqçusu və ya onun ailə üzvü kimi pensiya təyininə, yenidən hesablanmasına əsas verir. Hakim vəzifəsi isə dövlət qulluğu vəzifəsi hesab edilmədiyindən, həmin vəzifənin dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması da aparılmadığından həmin dövrdəki iş stajı və ödənilmiş əmək haqqı dövlət qulluqçusunun ailə üzvünə təyin edilmiş pensiyanın məbləğinə heç bir təsir etməyəcəkdir. Hakimlik vəzifəsinin dövlət qulluğu vəzifəsinə aid olmaması ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Məhkəmə və hakimlər haqqında” Qanunun 92-ci maddəsinə görə hakim ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxsdir. “Dövlət qulluğu haqqında” Qanunun: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi Ümumiyyətlə dövlət qulluğunda mövcud olan inzibati və yardımçı vəzifələrin təsnifatları və adları Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” ilə müəyyən edilir. 1991-ci ilin oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən sonra “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (31 avqust 2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Hakim vəzifəsi isə nə adıçəkilən Təsnifat Toplusunda dövlət qulluğu vəzifəsi kimi göstərilməmiş, nə də adıçəkilən Siyahının 1-ci və 2-ci bəndlərində həmin vəzifə nəzərdə tutulmamışdır. Eyni zamanda, qeyd edilməlidir ki, hazırda qüvvədən düşmüş olan 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunu, SRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli Qanun, Vətəndaşların pensiya təminatı haqqında” Qanununda da hakim vəzifəsinin dövlət qulluğu peşəsi ilə uyğunlaşdırılmasına dair hər hansı müddəa müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, X2 verilmiş sorğuya cavab məktubunda da Mərkəz hakim vəzifəsinin dövlət qulluğu vəzifəsi olmaması ilə bağlı mövqe nümayiş etdirmişdir. Nəzərə alınmalıdır ki, X3 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X3 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X3 publik hüquqi şəxsin Nizamnaməsi) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X1 məktubu əsasında mümkündür. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, əsas iddia tələbinə münasibətdə rədd edilməli olduğundan, ondan asılı olan ödənilməmiş məbləğin ödənilməli olması hissəsində də rədd edilməlidir. Belə ki, pensiyanın yenidən hesablanaraq artırılması üçün əsas mövcud deyildirsə həmin artım məbləğinin ödənilməmiş dövrlər üzrə ödənilməsindən də söhbət gedə bilməz. Odur ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov