Məhkəmə qərarları › İş №2-1(112)-2499/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2499/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2499/2025 14.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Nazirlər Kabinütinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarları” – “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”, “Əlilliyin müəyyən edilməsi meyarları”na əlavənin 6.1-ci maddəsinin 6.1.4-cü bəndinin tələblərinə uyğun olaraq 2021-ci il tarixdən etibarən 2-ci dərəcə əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Nazirlər Kabinütinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarları” – “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”, “Əlilliyin müəyyən edilməsi meyarları”na əlavənin 6.1-ci maddəsinin 6.1.4-cü bəndinin tələblərinə uyğun olaraq 2021-ci il tarixdən etibarən 2-ci dərəcə əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, 1974-cü il təvəllüdlü İddiaçı xidmət keçərkən xx.xx.1994-cü ildə düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində başından travma almış və müayinə nəticəsində “Ağır qapalı kəllə-beyin travması, beyin silkələnməsi, çanağın sol tərəfinin və sol diz oynağının travmatik əzilməsi maye toplusu ilə” diaqnozu qoyulmuşdur. Uzunmüddətli müalicə almasına baxmayaraq, səhhətində müsbət irəliləyiş müşahidə olunmamışdır. Bununla əlaqədar olaraq 2014-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş və aparılan araşdırılmalardan sonra “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi təyin olunaraq komissiya tərəfindən Qərar verilmişdir (xx.xx.2014-cü il tarixli 470 nömrəli). Səhhətində olan geridönməz və proqressivləşən beyin travmanın nəticələri ilə əlaqədar TSEK-ə müraciət etmiş, müayinələrdən keçdikdən sonra xx.xx.2015 və xx.xx.2016-cı il tarixlərində “Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Mərkəzi sinir sistemi xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər davranış, yaddaş pozuntuzu ilə. Ağır KBT (kəllə-beyin travması) sonrakı vəziyyət. Çanağın sol tərəfinin və sol diz oynağının travmatik əzilməsi, maye toplusu” diaqnozu ilə TSEK tərəfindən 2 (ikinci) qrup əlillik təyin edilmişdir. Dəfələrlə stasionar, ambulator müalicələri almışdır. Əlilliyin 5 (beş) ili tamam olduqdan sonra 2021-ci ildə imtina verilmişdir. Səbəb: ‘‘Diaqnozun əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” göstərilmişdir. İmtina qərarı verildikdə, hökmən imtina səbəbləri yazılı şəklində obyektivləşməli, əsaslandırılmalıdır. Lakin, TSEK-də müayinə aparılmadan əsassız olaraq və səbəbi açıqlanmadan ümumi ifadələrlə, heç bir müayinənin nəticəsinə əsaslanmadan imtina verilmişdir. Yəni, Tibbi-Sosial Ekspert Komissiyası yuxarı instansiya kimi TSEK-ə göndəriş verən şəhər, rayon tibb müəssisəsinə rəsmi və imtinanı ətraflı əsaslandırmaqla məktub göndərməlidir. Lakin, bunlar olunmamış və bu səbəbdən imtina əsassız kimi sayılmalıdır. İmtina ilə əlaqədar Agentliyə yazılı müraciət edilib. Agentliyin xx.xx.2024-cü il tarixli 3-17-4/2-Ç-16304/2024 nömrəli cavab məktubunda: “Müəyyən olunmuşdur ki, dövlət müəssisəsinin göndərişi və müraciətin əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmusuz. Təqdim edilən tibbi sənədlərə və sağlamlıq vəziyyətinizin obyektiv müayinə zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvaaiq olaraq əlillik təyininə əsas vermədiyindən diaqnozun- Diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə Sizə dair yeni göndəriş daxil olmamışdır. Hazırda səhhətinizdə ağırlaşma əmələ gəlmişdirsə, dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, sağlamlıq vəziyyətinizi mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir” göstərilmişdir. Lakin, bu ərizəni cavablandıran X2 sədr müavini Ramin Rzayev bilməlidir ki, verdiyi cavab kobud şəkildə ziddiyyət təşkil edir. Səhhətində olan problemlərin şiddətlənməsi ilə əlaqədar xx.xx.2023 və xx.xx.2024-cü illərdə “Psixi Sağlamlıq Mərkəzi”ndə professor Fuad İsmayılov tərəfindən müayinə olunub və “Üzvi mənşəli (travma nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları və yaddaş zəifliyi ilə F07.0” diaqnozu müəyyən edilərək müalicə təyin edilmişdir. 2015, 2016-cı illərdə TSEK tərəfindən “Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Mərkəzi sinir sistemi xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər davranış, yaddaş pozuntuzu” diaqnozu ilə 2-ci dərəcə əlillik təyin edilib, həmin xəstəlik geridönməzdir və yalnız proqressivləşməsi müşahidə oluna bilər. 2015-2016-cı illərdə TSEK tərəfindən təyin edilən və əlilliyə gətirib çıxaran diaqnoz travma mənşəli psixi təzahürlərdir. Yəni şəxsiyyət və davranış pozuntuları, mərkəzi sinir sistemi xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər davranış, yaddaş pozuntuzudur. 2023 və 2024-cü illərdə professor Fuad İsmayılovun müayinəsinin nəticələri həmin diaqnozu təsdiqləyir. Odur ki, 2021-ci ildə TSEK tərəfindən imtina verilməsi əsassız və meyarlara ziddir. Yəni 2015 və 2016-cı illərdə TSEK tərəfindən 2-ci dərəcə əlilliyin təsdiq edən əsas amili baş-beyin travmasmın psiki təzahürləri olub və həmin təzahürlər bu gündə də nəinki saxlanılmaqda, hətta proqressivləşməkdədirlər. Bu isə onu göstərir ki, Agentlik tərəfindən verilən imtina cavabı əsassız və qəbuledilməzdir. 2021-ci ildə qüvvədə olmuş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarının 2.2.9. və hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarları”- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” “Əlilliyin müəyyən edilməsi meyarlarf’na əlavənin 6.1. maddəsinin 6.1.4. bəndinin tələblərinə İddiaçı olan xəstəliklər uyğundur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Ç-16304/2024 nömrəli imtina məktubunda qeyd etmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş ’’Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar göndərişlərin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-cı il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən Diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə ona dair yeni göndəriş daxil olmamışdır. Hazırda səhhətində ağırlaşma əmələ gəlmişdirsə, dövlət tibb müəssisəsi tərəfindən müayinə olunub, sağlamlıq vəziyyətini tam şəkildə əks etdirən yeni göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Cavabdeh tərəfindən etiraz məktubu məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin mümkün sayılmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsini iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.2, 33, 35.1, 38.2). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, cavabdehin 11 iyul 2022-ci il tarixli imtina məktubundan iddiaçının daha əvvəl məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məcəllənin 24.4-cü maddəsinə görə isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Həmçinin həmin müddətdən sonra iddiaçıya münasibətdə yeni göndəriş tərtib edilməmiş, iddiaçı tərəfindən yeni göndərişin verilməsi üçün tibb müəssisəsinə müraciət edilməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinə izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və iddiaçının nümayəndəsi və vəkilinə İPM-in 13-cü maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Nazirlər Kabinütinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarları” – “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”, “Əlilliyin müəyyən edilməsi meyarları”na əlavənin 6.1-ci maddəsinin 6.1.4-cü bəndinin tələblərinə uyğun olaraq 2021-ci il tarixdən etibarən 2-ci dərəcə əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar