Məhkəmə qərarları › İş №2-1(112)-25/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-25/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-25/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə sorğusu ilə digər fiziki şəxsin kim olduğunun və hansı sənədə əsasən onun istifadəsində olan torpaq sahəsinin ona verildiyinin müəyyən edilməsi, digər fiziki şəxsə verilən çıxarışın ləğv edilməsi və ona ayrılan 1-ci yaşayış massivində 1B saylı torpaq sahəsinin onun mülkiyyətinə çıxarış verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4446/2017 saylı xx.xx.2017-ci tarixli qərardadı ilə hazırki inzibati iş üzrə X5 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-38/2019 saylı xx.xx.2019-cu tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs siyahısından xaric olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 38/2019 saylı xx.xx.2019-cu tarixli qərardadında qeyd olunur: «İşə baxılan zaman müəyyən edilmişdir ki, X5 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2014-cü il tarixli qərarla iddianı təmin etmişdir. Sonradan İddiaçı həmin qərarın ləğv olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə xx.xx.2018-ci il tarixli qərardadla vəsatəti təmin edərək 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarını ləğv etmiş, İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etmiş və iş üzrə icraatı təzələmişdir. Sonradan məhkəmə xx.xx.2018-ci il tarixli qərarla X3 iddiasını rədd etmişdir. Adıçəkilən qərar qanuni qüvvəsini almışdır. Şəmiyev Mehman hazırki işə üçüncü şəxs qsimində cəlb olunarkən 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsi tərəfindən onun iddiasına baxılmasının yekunu olaraq qəbul edilmiş qərar əsas götürülmüşdür. Lakin X3 iddiası rədd olunduğundan onun hazırki mübahisəyə heç bir aidiyyəti mövcud olmamışdır. Bununla da hazırki iddianın X3 qanunla qorunan hüquq və maraqlarına toxunmadığı məyyən edilmişdir». İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1998-ci il tarixli, 1971 saylı sərəncamla fərdi evin tikinti üçün ona ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 300 kv.m-dən ibarət 1B saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Badamdar qəsəbəsi 1-ci yaşayış massivində xx xxxxxx 1998-ci il tarixli 1971 №li Sərəncamla fərdi evin tikintisi üçün 600 kv.m-dən ibarət torpaq sahəsi ayrılmışdır. xx xxxx 2004-cü il tarixində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ona göstərilən torpağın yerləşmə cizgisi verilmişdir. O, cavabdehə müraciət etmişdir ki, ona göstərilən torpaq sahəsinə çıxarış versinlər. Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2017-ci il tarixli №**********56 nömrəli bildirişdə göstərilmişdir ki, yuxarıda göstərilən torpaq sahəsi elektron kadastr baza məlumatına əsasən digər fiziki şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Onda olan şifahi məlumatdan məlum olmuşdur ki, ona ayrılan torpaq sahəsi qanunsuz olaraq Badamdar Bələdiyyəsi tərəfindən verilən Sərəncama əsasən özəlləşdirilmişdir. O, hesab edir ki, onun istifadəsində olan 300 kv.m torpaq sahəsi digər fiziki şəxsə qanunsuz verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, qeyd olunan daşınmaz əmlakın hüquqi qeydiyyata alınması ilə bağlı İddiaçı xx.xx.2017-ci il tarxində ərizə ilə İdarəyə müraciət etmişdir. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Səbail rayon Badamdar Bələdiyyəsinin 199 saylı xx.xx.2007-ci il tarixli qərarı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4806/2014 saylı xx.xx.2014-cü tarixli qərarı əsasında ********** saylı xx.xx.2015-ci il tarixli qeydiyyat nömrəsi ilə X3 mülkiyyətindədir. Bu səbəbdən müraciətin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2017-ci il tarixli bildiriş göndərilmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə şifahi məhkəmə baxışı iclasında baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli, **********56 saylı imtina bildirişində qeyd edilir: Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2017-ci il tarixli ərizənizə baxılmışdır. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 580 nömrəli və xx.xx.2017-ci il tarixli 3130 nömrəli arxiv çıxarışlarından görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1998-ci il tarixli, 1971 saylı sərəncamına əsasən …, İddiaçı, … fərdi ev tikmək üçün Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx xxxx 2004-cü il tarixli 43 nömrəli torpaq sahəsinin yerləşmə cizgisindən görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1998-ci il tarixli, 1971 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 1B nömrəli 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1998-ci il tarixli, 1971 saylı sərəncamından görünür ki, … İddiaçı fərdi ev tikmək üçün Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 30738/32033 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı adına olan xx xxxxxx 1998-ci il tarixli aktın, xx xxxxxx 1998-ci il tarixli 1971 nömrəli sərəncamın, xx.xx.2004-cü il tarixli 43 nömrəli torpaq sahəsinin yerləşmə cizgisinin üzərlərində olan möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərinə birbaşa vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş İddiaçı adına olan xx xxxxxx 1998-ci il tarixli aktın, xx xxxxxx 1998-ci il tarixli 1971 nömrəli sərəncamların, xx.xx.2004-cü il tarixli 43 nömrəli torpaq sahəsinin yerləşmə cizgisinin üzərlərində olan imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa əllə icra edilmişdirlər. Rəyin tətqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim olunan xx xxxxxx 1998-ci il tarixli aktın, xx xxxxxx 1998ci il tarixli 1971 nömrəli sərəncamların, xx.xx.2014-cü il tarixli 43 nömrəli torpaq sahəsinin yerləşmə cizgisi sənədinin tərtib olunma tarixini, möhür və imzaların icra müddətini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 61,52 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2080/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, iddiaçı X5 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə (hal-hazırda 1 saylı Bakı Ərazi idarəsi) qarşı iddia ərizəsi ilə xx.xx.2014-cü il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şossesinin kənarında olan 270 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)- 4806/2014 saylı, xx xxxxxxx 2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesinin kənarında olan 270 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İddiaçı xx xxxxxxxx 2017-ci il tarixində vəsatətlə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, məhkəmənin xx xxxxxxx 2014-cü il tarixli qərarının ləğv edilməsi və işin mahiyyəti üzrə araşdırılaraq Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,03 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qərarı ləğv edilərək, iş üzrə icraat təzələnmiş, İddiaçı məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2381/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-1617/2018 saylı qərarı ilə iddiaçı X3 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından iddiaçı X5 və onun vəkili X1 şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2080/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(103)-1617/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmış, iddiaçı X5 və onun vəkili X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur; 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hesab olunur; 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1998-ci il tarixli, 1971 saylı sərəncamına əsasən iddiaçıya fərdi ev tikmək üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1998-ci il tarixli, 1971 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 1B nömrəli 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına çıxarışın verilməsini tələb edir. Lakin cavabdeh orqan elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin Səbail rayon Badamdar Bələdiyyəsinin 199 saylı xx.xx.2007-ci il tarixli qərarı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4806/2014 saylı xx.xx.2014-cü tarixli qərarı əsasında ********** saylı xx.xx.2015-ci il tarixli qeydiyyat nömrəsi ilə X3 mülkiyyətində olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Lakin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2381/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçı X3 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şossesinin kənarında olan 270 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-1617/2018 saylı qərarı ilə iddiaçı X3 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2080/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(103)-1617/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmış, iddiaçı X5 və onun vəkili X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, qeyd olunan torpaq sahəsi ilə bağlı X3 iddia tələbi təmin edilməmişdir. Eyni zamanda, hazırki inzibati iş üzrə X5 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilsə də, sonradan o, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs siyahısından xaric olunmuşdur, əsas kimi də məhz X3 iddia tələbinin rədd olunması və onun hazırki mübahisəyə heç bir aidiyyətinin mövcud olmaması göstərilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materialları ilə torpaq sahəsinin iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılması müəyyən edilmişdir, həmçinin həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması üçün hər hansı maneənin mövcud olduğu müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, eləcə də imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ekpsertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1998-ci il tarixli, 1971 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 300 kv.m-dən ibarət 1B saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 61,52 manat cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar