Məhkəmə qərarları › İş №2-1(112)-250/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-250/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-250/2021 10.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçü, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, “Ləhiş bağ massivi” ünvanında yerləşən 1616 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı ildə Salyan rayonu Rəncbər kəndində doğulmuşdur. 1979-cu ildən 2005-ci ilə qədər Bakı Elektroterm İstehsalat Birliyində fəhlə işləyib. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli 10/517 qərarına əsasən ona və 21 iş yoldaşına kooperativ bağ evlərinin tikintisi üçün 'Ləhiş Bağlar" ərazisində torpaq sahəsi ayrılmışdır. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli 10/517 qərarı ilə üzv olduğu 232 saylı Bağ-Tikinti Kooperativinin siyahısında göstərilən Bakı şəhəri, Sabunçu rayonu, "Ləhiş bağ" massivində yerləşən 1616 saylı bağ sahəsi ona ayrılmışdır. Lakin 1990-cı illərdə cərəyan edən məlum hadisələrlə bağlı bağ sahəsinə dair orderi X1 ala bilməmişdir. Bu məsələ ilə əlaqədar müvafiq sənədləri toplayaraq bağ sahəsinə dair plan-ölçü sənədinin tərtib olunması və dövlət reyestirndən çıxarışın verilməsi üçün DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə müraciət etsə də müvafiq icra hakimiyyəti orqanına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından və plan-ölçünün tərtib edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan hüquqlarının dövlət qeydiyyatı və plan-ölçü sənədinin verilməsini onunla əsaslandırır ki, sözügedən “Ləhiş-Bağ” massivində yerləşən 1616 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, bağ sahəsinə dair order arxiv sənədlərində aşkar edilməmiş, torpaq sahəsi yol tərəfdən 6,1 metr məsafədən 6Kv-luq elektrik xətti keçir. Bu əsaslara görə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və plan-ölçü sənədinin verilməsi mümkün deyildir. "Ləhiş bağ" massivində yerləşən ümimi sahəsi 0,12 ha olan 1616 savlı bağ sahəsi ona ayrılması ilə bağlı 232 Bağ- Tikinti Kooperativinin siyahısı və ayrılmış torpaq sahələrini sxemi tərtib olunmuşdur. Torpaq sahəsi yol tərəfdən 6,1 metr məsafədən 6 Kv-luq elektrik xətti keçməsi ilə bağlı "xxxx" ASC-ya məsələni dəqiqləşdirmək üçün müraciət etmiş və xx xxx 2018-ci il tarixli DX- 18/1367 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, "Ləhiş bağ" massivində yerləşən 1616 saylı bağ sahəsi "xxxx" ASC-yə məxsus YS-Pirşağı -TM 580 №2-KTM 2569 budaqlanma elektrik hava xəttinin mülahizə zonasında yerləşmir. Həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına etiraz edilmir. Belə olan təqdirdə iddiaçı hesab edir ki, müvafiq icra hakimiyyəti orqanının torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və plan-ölçü sənədinin verilməsindən imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş və arxiv əsaslarında order aşkar olunmamışdır. Belə ki, sözügedən bağ sahəsinin ölçüsü və nömrəsi məlum olmadığından naturada yerləşməsini təyin etmək mümkün olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********10 saylı, xx.xx.2018-ci il tarixli, **********88 saylı, xx.xx.2019-cu il tarixli **********74 saylı, xx.xx.2019-cu il tarixli məktubları ünvanlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; İddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayon polis idarəsi tərəfindən xx.xx.2009cu ildə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* № li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı ildə Salyan rayonu, Rəncbər kəndində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2015ci il tarixli 2351 №li arxiv çıxarışından görünür ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli 10/517 №li qərarı ilə 232 saylı Bağ-Tikinti Kooperativinin siyahısında göstərilən 22 üzvünə (4 №li “Əlavə”yə əsasən) bağ sahələrinin ayrılması qərara alınmışdır. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli 10/517 №li qərarına əsasən 4 №li “Əlavə”sinə əsasən tərtib edilmiş 232 №li Ləhiş bağ-tikinti Kooperativinin üzvlərinin siyahısında ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı adı qeyd olunmuşdur (№2, ümumi növbə, qeyd 10786). Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 26 №li xx.xx.2017-ci il tarixli məktubda göstərilmişdir ki, 232 saylı X7 tərkibində vətəndaşlara ayrılmış bağ sahələrinə daxil olan 1616 saylı bağ sahəsi, keçmiş X3 tərtib etdiyi Ləhiş bağlar massivinin ərazisidir. 232 saylı BTK tərkibində kooperativ üzvlərinə ayrılmış bağ sahələrinin ölçüləri (eni 25,0 metr; uzunu 48,0 metr) olmaqla 12000 kv. metr olmuşdur. “xxxx” ASC-nin İddiaçı ünvanladığı məktubda torpaq sahəsinin “xxxx” ASC-yə məxsus YS “Pirşağı”-TM 580 №2-KTM 2569 budaqlanma elektrik hava xəttinin mühafizə zonasında yerləşməməsi və ona məxsusqeyd edilən torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmədikləri qeyd edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi **********60 saylı xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli 10/517 №-li qərarı ilə İddiaçı 232 nömrəli BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Lakin İddiaçı Sabunçu rayonu, Ləhiş bağ massivində 1616 saylı bağ sahəsinin ayrılmasına dair məlumat İdarənin arxivində aşkar olunmamışdır. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********12 №li xx.xx.2015-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli 10/517 nömrəli qərarına əsasən 232 saylı X7nin nəzdində Sabunçu rayonu, Ləhiş bağları ərazisində bağ sahəsinin ayrılmasına dair ümumi siyahıda İddiaçı adı göstərilmişdir. İdarənin arxivində vətəndaşa verilən order haqqında məlumat aşkar olunmadığından ərizənin icrası mümkün olmamışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********88 №li xx.xx.2019-cu il tarixli imtina məktubunda göstərilmişdir ki, araşdırma aparılan zaman ərizəyə hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 10/2656 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin “xxxx” ASC-yə məxsus YS-Pirşağı-TM 580 №2-KTM 2569 budaqlanma elektrik hava xəttindən 10-11 metr məsafədə yerləşdiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 voltadək və 1000 voldan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”-nın 5 və 5(a) bəndlərinə əsasən müəyyən olunmuş 20 kv qədər olan elektrik şəbəkələrinin 10 metrlik mühafizə zonasına düşmədiyi müəyyən olundu. Baxış zamanı əldə olunmuş ölçülərə və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən, “Ləhiş” bağ massivində yerləşən İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan) və naturada göstərdiyi bağ sahəsinin faktiki ölçüsü 1175 m2 təşkil edir (baxış zamanı vətəndaş tərəfindən göstərilən bağ sahəsi şərti olaraq nişanlanmışdır, torpaq sahəsinin sərhədləri hasarlanmamışdır, üzərində tikili mövcud deyil). Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən, qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin məlumatına əsasən Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli 10/517 nömrəli qərarına əsasən iddia etdiyi və naturada göstərdiyi bağ sahəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında mühəndisin təyin etdiyi koordinatlar daxilindəki torpaq sahəsi sxematik xəritəyə əsasən 1616 saylı bağın ərazisinə uyğundur. Həmin ərazidə üçüncü şəxslərə məxsus bağ sahələrinin verilməsi barədə heşbir məlumat aşkar edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına; 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, “Ləhiş bağ massivi” ünvanında yerləşən və İddiaçı faktiki istifadəsində olan 1616 saylı 1175 kv. metr bağ-torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, onun adına plan və ölçünün, Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************); 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN: ********** Hesab AZ23AİİB********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar