Məhkəmə qərarları › İş №2-1(112)-2500/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2500/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2500/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 14 aprel 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş günlərinə görə almadığı əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı bildirir ki, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onun barəsində əmr qəbul edilsə də, o, heç bir qanun pozuntusuna yol verməmiş, əmək funksiyalarını lazımi qaydada icra etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər ödənilmədiyindən, yəni iddiaçıya münasibətdə cavabdeh hakimiyyət səlahiyyətlərini həyata keçirmədiyindən, tərəflər fərdi əmək mübahisəsi üzrə əmək qanunvericiliyinin tələblərinə əsasən xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfləri kimi müvafiq olaraq işçi və işəgötürən hesab edildiyindən, tərəflər arasında qarşılıqlı hüquq və vəzifələr əmək qanunvericiliyi çərçivəsində realizə olunduğundan hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin tələblərinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi;əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir; 294-cü müddəsinin birinci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Sadalanan normaların tələblərinə əsasən, işəgötürən və işçi (qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxs) arasında fərdi əmək mübahisələri mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll edilir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, qurumun hətta inzibati akt qəbul etmək səlahiyyətinə malik olması belə fərdi əmək mübahisəsinə baxılmasının mütləq qaydada inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməsinə dəlalət etmir. Belə ki, inzibati akt qəbul etmək səlahiyyətinə malik olan inzibati orqan dövlət qulluqçusu, hərbi qulluqçu, xüsusi rütbəli şəxs kimi xüsusi kateqoriyaya malik olan şəxslərə münasibətdə hakimiyyət səlahiyyətlərini həyata keçirən qurum qismində çıxış etdiyindən işdən azad olunma, məzuniyyətin verilməsi və həmin şəxslərlə bağlı digər sənədləşmə çərçivəsində qəbul edilən əmr, qərar və sərəncamlar inzibati akt üçün nəzərdə tutulmuş xarakterə malikdir. Həmin qurumlarda göstərilən kateqoriyaya malik olmayan şəxslər isə tərəflər arasında qarşılıqlı razılaşma əsasında bərabərhüquqlu tərəf kimi əmək müqaviləsinə əsasən qarşılıqlı hüquq və vəzifələr daşıdığından burada hakimiyyət səlahiyyətindən və qeyri-bərabər mövqedən, dolayısı ilə işə inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından söhbət gedə bilməz. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2020-ci il tarixli əmrinə (iddiaçıya aid hissədə) əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə DİN-in Baş X3 İdarəsinə bilavasitə tabe olan Müayinə Mərkəzinin texniki-operatoru (mülki) İddiaçı ilə Baş X4 İdarəsi arasında bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Mübahisələndirilən əmrin və əmək kitabçasının surətindən aydın olur ki, iddiaçının cavabdeh inzibati orqanda icra etdiyi əmək fəaliyyəti dövlət qulluğundan irəli gəlməmişdir. Belə ki, iddiaçının işə qəbul və ya işdən azad olunması ilə bağlı dövlət qulluğunun axımı, ixtisas dərəcəsinin verilməsi, rütbə alması, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etməsi müşahidə olunmur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan hesab olunsa da, iddiaçı dövlət qulluqçusu olmadığından, onun cavabdeh ilə olan münasibətləri fərdi əmək münasibətlərindən irəli gəlir və publik hüquq münasibətləri hesab olunmur. Belə olan halda iddiaçının əmrin mübahisələndirilməsi ilə bağlı tələbinə baxılması hazırki inzibati məhkəmənin səlahiyyətində deyildir. Təkrar olaraq qeyd edilir ki, hazırkı mübahisə üzrə tərəflər bərabərhüquqlu tərəflər olmaqla işçi və işəgötürəndir. İnzibati orqanın hazırkı mübahisə üzrə tərəf olması hər bir halda mübahisənin inzibati olmasına səbəb olmur. Belə ki, İnzibati orqan təkcə publik münasibətlərinin iştirakçısı olmayıb, eyni zamanda mülki müqavilələr bağlamaqla mülki münasibətlərin, eyni zamanda xüsusi dövlət qulluğuna qəbul edilməklə aidiyyəti olmadan fərdi əmək müqavilələri bağlamaqla işçilərə münasibətdə əmək münasibətlərinin tərəfi qismində də çıxış edə bilər. Hazırkı mübahisə üzrə də iddiaçı ilə cavabdeh arasında yaranan münasibət cavabdehin publik səlahiyyətlərindən irəli gəlməyən fərdi əmək mübahisəsidir. Fərdi əmək mübahisəsi isə mülki məhkəmə icraatı qaydasında həll edilməli olan məsələdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta tərəflər arasında mövcud olan münasibətlər dövlət qulluğu münasibətlərdən irəli gəlsəydi belə, əmrin inzibati məhkəmə icraatında mübahisələndirilməsi prosessual müddətin ötürülməsi səbəbi ilə mümkün olmazdır. Belə ki, İPM-nin 2.2.1- ci, 32-cı və 38.1-ci maddələrinə əsasən mübahisələndirmə haqqında iddialar iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Qeyd olunmalıdır ki, “təqdim olunma” və “elan olunma” ilə bağlı bu mövqeyi Ali Məhkəmə tərəfindən baxılan bir çox oxşar mübahisələrdən formalaşmışdır. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 141-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Əsasnamənin 146-cı maddəsinə əsasən xidmətdən xaric edilən daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müavinət verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsində aşağıdakı qayda müəyyən olunmuşdur: -2-ci bəndinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddələrin tələbləri onu ehtiva edir ki, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına münasibətdə əmək qanunvericiliyin tələbləri o halda tətbiq edilir ki, əgər onların hüquqi statusunu tənzimələyən normativ hüquqi aktlarda, o cümlədən əmək hüquqlarına dair münasibətlər tam əhatə edilməmişir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətlərinə dair qaydalar aşağdakı kimi müəyyən edilmişdir: -2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; -3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddələrin tələblərindən göründüyü kimi, işçinin əmrinin, əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) aldığı gün onun hüququnun pozulduğu gün hesab olunur və həmin gündən etibarən 30 təqvim günü ərzində həmin şəxs məhkəməyə müraciət edə bilər. Beləliklə, iddia müddətinin axımının başlanması günü – işçiyə əmrin, yaxud əmək kitabçasının, yaxud haqq-hesab sənədlərinin təqdim etdildiyi gün hesab olunmalıdır. Bununla yanaşı, yuxarıda əks olunmuş Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirlmişdir. Göründüyü kimi, məsələ sahəvi qanunvericiliyə münasibətdə inzibati qanunvericlikdə daha məhdud dairə çərçivəsində həll edilmişdir. Lakin məhkəmə məsələnin tənzimlənməsində sahəvi qanunvericliyin müddəaların tətbiq edilməsi üstünlüyünün aşağıdakılardan irəli gəldiyini qeyd edir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -1.1-ci maddəsinə əsasən, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; -3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur; -3.3-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər; Maddənin tələbləri onu ehtiva edir ki, inzibati orqanlar onların fəaliyyətinə dair ilk olaraq xüsusi qanunları rəhbər tutmalı, inzibati icraata dair ümumi normaları isə xüsusi qanunları tamamlayan və ya onlara zidd olmayan halda tətbiq edə bilərlər. Yəni polis orqanında xidmət keçməyə dair qanunverilikdə nəzərdə tutulmuş qaydalar xüsusi qanunveriliyə aid olduğundan imperativ xarakter daşıyır, ümumi normaların tətbiqi isə inzibati orqanın seçim hüququna aiddir. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı müvafiq əmrin təqdim, elan edilmə günü ilə yanaşı, əmək kitabçasının, yaxud haqqhesab sənədlərinin təqdim edildiyi gün də hesab olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmr – sabiq əməkdaşın daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq illər ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının sözügedən əmrdən ən azı xx.xx.2021-ci il tarixdə xəbərdar olmasını təsdiq edən digər bir əsas iddiaçının ünvanladığı şikayət ərizəsidir. Belə ki, ərizənin məzmunundan görünür ki, iddiaçı 2020-ci ilin aprel ayında işdən azad olunmasından xəbərdar olmuş, bu səbəbdən də pozulmuş hüquqlarının bərpasını tələb etmişdir. Göründüyü kimi iddiaçının əmrin mövcudluğundan xəbərdar olmasını təsdiq edən rəsmi daşıyıcı qismində - xx.xx.2021-ci il tarixli ərizə təşkil edir. Məhkəmənin qənaətinə görə hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab olunsaydı belə, iddiaçı əmrin mübahisələndirilməsi üçün 30 günlük prosessual müddəti, həmçinin İPM-nin 24-cü maddəsinə əsasən prosessal müddətin bərpası barədə ərizə verilməsi üçün 1 illik müddəti ötürmüşdür. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə də bu tələblərə əməl etməklə iddiaçıya müddətin buraxıldığını bildirərək, iddianın mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticəni onun diqqətinə çatdırmış, lakin iddiaçının nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclasında iddianın mümkünlük şərtlərinin ödənildiyini bildirirək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar