Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2500/2023 10.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi 60 nömrəli evin arxasındakı sahədə yerləşən 600 kv.m torpaq sahəsinə dair cizginin verilməsini xahiş etmişdir. Cavabdeh K-17-091 saylı, xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, RİH-in sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətin müsbət həlli mümkün deyildir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini üçüncü şəxs qismində göstərməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi 60 nömrəli evin arxasındakı sahədə yerləşən 600 kv.m torpaq sahəsinə dair aktın və yeni cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 26 may 2000-ci il tarixli, 863 saylı sərəncamına əsasən fərdi ev tikdirmək üçün Hövsan qəsəbəsində, ev 60 ünvanının arxasında yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadları ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 26 may 2000-ci il tarixli, 863 saylı sərəncamına əsasən ona fərdi yaşayış evi tikmək üçün Hövsan qəsəbəsi, Çöllük küçəsi, 60 nömrəli evin arxasındakı sahədə 600 kv.m torpaq sahəsi ayrılmasına sərəncam verilmişdir. Ona yerli icra hakimiyyəti tərəfindən yalnız sözügedən sərəncamın özü təqdim edilmiş akt və cizgi verilməmişdir. O, akt və cizginin əldə edilməsi üçün Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinə müraciət etmiş, Suraxanı RİH-nin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə RİH-in sənədləri 2016-cı il daxil olmaqla AR Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi və RİH-də heç bir sənədin olmadığı bildirilmişdir. Bundan sonra o, Dövlət Arxivinin Bakı filialına müraciət etmiş, oradan isə sərəncama akt və cizginin əlavə edilmədiyi qeyd edilmişdir. Belə aydın olur ki, Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 26 may 2000-ci il tarixli, 863 saylı sərəncamının həmin vaxt akt və cizgisi tərtib edilməmişdir. Müvafiq sərəncamın Dövlət Arxivində aşkar olunması onun torpağa dair ilkin hüququnun olmasının göstəricisidir və bununla bağlı ilkin hüquqmüəyyənedici sənədlər faktı təsdiq edir. Həmçinin, həmin vaxt akt və cizginin tərtib edilməməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə iddia tələbinin mümkün sayılmaması xahiş edilmiş və göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə"də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və kordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmişdir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırda iddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Hövsan qəsəbəsi, məhəllə 12/13, ev 18, mənzil 13 ünvanında yaşayan iddiaçı xx.xx.2000ci il tarixdə ərizə ilə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək, ailə vəziyyəti nəzərə alınaraq qəsəbə ərazisində torpaq sahəsi ayrılması üzrə sərəncam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 863 nömrəli sərəncamından görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Hövsan qəsəbəsi, Çöllük küçəsi 60 nömrəli evin arxasındakı sahədə 600 kv.m torpaq sahəsi ayılmış, İddiaçı ayrılmış sahədə bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, kürsülülük 2 metr müəyyən edilmişdir. Həmin Sərəncamın 6-cı bəndinə əsasən mütəxəssis S.Məmmədzadəyə sahənin ölçülərinin naturada təyin edilməsi tapşırılmışdır. Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1/95 saylı məktubdan görünür ki, sözügüdən torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Cavabdehin K-17-091 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, RİH-in sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətin müsbət həlli mümkün deyildir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2018-ci il tarixli, 1150 nömrəli məktubunda isə qeyd edilmişdir ki, xx.xx.2000-ci il tarixli, 863 nömrəli sərəncama akt və cizgi əlavə edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan bu sənədlərdən məlum olur ki, iddiaçıya torpaq sahəsi ayırlması barədə xx.xx.2006-cı il tarixli Sərəncam hazırda qüvvədədir. İddiaçı bu sərəncam əsasında ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsini xahiş etmiş, cavabdeh həmin sənədlərin Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini göstərmiş, Filial isə həmin sərəncama akt və cizgi əlavə edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən: -1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək; 2) müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq; 3) müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil etmək; 4) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsinə kömək etmək; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin həmin dövrdə qüvvədə olan 65-ci maddəsinə əsasən: - 1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. - 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. - 3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. - 4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planının və təsvirinin hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. - 5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 13-cü bəndinə görə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutu və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutu torpağın mülkiyyətə, daimi və müvəqqəti istifadəyə verilməsi haqında səlahiyyətli orqanlar tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş 1:10 000 və ya 1:25 000 miqyasında ayrılan sahənin planı əsasında onun cizgisini torpağa mülkiyyət və istifadə hüququna dair mövcud formalarda əks etdirir. İstinad olunan normalardan görünür ki, cavabdehin xx.xx.2001-ci il tarixədək fiziki şəxslərə torpaq sahəsi ayrımaq hüququ olmuş, bu zaman torpaq sahəsinin ayrılması barədə qərara 1:10 000 və ya 1:25 000 miqyasında ayrılan sahənin planının əlavə edilməsi nəzərdə tutulmuşdur. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün onun təhvil verilməsi zamanı ayrılan sahənin planının, daha doğurusu yerləşməsini göstərən cizginin (sxemin) təqdim edilməsini torpaq ayıran qurum olan cavabdehdən tələb edir. Cavabdeh isə bu barədə hər hansı bir məlumat olmamasına istinad edərək bu müraciəti təmin etməkdən imtina edir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, nə qədər ki, mübahisəli torpaq sahəsi iddiaçıya cavabdeh tərəfindən ayrılmış, bu zaman torpaqayırma barədə sərəncamda həmin sahənin naturada təyin edilməsi cavabdehin öz əməkdaşına tapşırılmışdır, deməli, həmin torpaq sahəsinin naturada təyin edilməsini təsdiq edən sənədin, yəni torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi də həmin qurumun vəzifəsi olmuşdur. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş etsə də, əslində bununla ona torpaq ayrılan zaman tərtib edilən cizginin “dublikatı”nın (surətinin) verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh həmin sənədi torpaq ayırma zamanı tərtib etmək vəzifəsi, iddiaçı tələb etdikdə isə onun “dulikatı”nı (surətini) təqdim etmək vəzifəsi daşımışdır, həmin sənədin hazırda cavabdeh orqanda saxlanılmaması onu bu vəzifəsinin icrasından azad etmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 863 nömrəli sərəncamı ilə iddiaçı Bakı İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi 60 nömrəli evin arxasındakı sahədə yerləşən 600 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2500/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2500/2023
10.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver