Məhkəmə qərarları › İş №2-1(112)-2500/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2500/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2500/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1486 saylı bağ sahəsinin X7 məxsus olmasına dair arayışın verilməsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının nümayəndəsiinin ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1359 saylı bağ sahəsinin X7 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1486 saylı 0.25 hektar bağ sahəsinin icarəyə verilməsi haqqında keçmiş X20 ilə X9 arasında xx.xx.1968-ci il tarixdən xx.xx.1978-ci il tarixədək müddətə bağlanılmışdır. Həmin müqavilənin arxiv nüsxəsi cavabdehdə də mövcuddur. Qeyd edilən müqavilədə hər hansı dəyişiklik edilməmişdir. xx.xx.2022-ci il tarixdə Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisində iddiaçı, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında iddiaçının 31 yanvar 1992-ci ildə vəfat etmiş nənəsi - X2 adına vərəsəlik işi açılmışdır. Elə həmin tarixdə də miras kütləsinə daxil olan yuxarıda qeyd edilən əmlak barədə çıxarış və torpaq sahəsinin plan və ölçüsünü təsdiq edən sənədin iddiaçıya verilməsi barədə notarius tərəfindən cavabdehə məktub ünvanlanmışdır. İddiaçı ilk olaraq müvafiq sənədlərlə cavabdeh inzibati orqana müraciət edərək bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh həm xx.xx.2022-ci il tarixdə, həm də xx.xx.2022-ci il tarixdə müraciətin təmin edilməsindən imtina edərək, daşınmaz əmlakın təsviri barədə arayışla birlikdə müraciət edilməsini bildirdilər. xx.xx.2022-ci il tarixdə isə bağ sahəsinə dair daşınmaz əmlakın təsviri barədə arayışın verilməsi üçün müraciət edilmiş, cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli məktubla cavab verərək qeyd etmişdir ki, "Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1486 saylı 0.25 hektar bağ sahəsinin icarəyə verilməsi haqqında keçmiş X20 ilə X9 arasında xx.xx.1968-ci il tarixdən xx.xx.1978-ci il tarixədək müddətə bağlanılmış xx.xx.1968-ci il tarixli 16369 nömrəli müqavilənin arxiv nüsxəsi İdarənin arxivində mövcuddur. Qeyd edilən müqavilədə 1970-ci ildə hər hansı dəyişiklik edilməsi barədə məlumat arxiv qovluğunda aşkar olunmamışdır. Arxiv qovluğunda saxlanılan xx.xx.1970-ci il tarixli aktda bağın nömrəsi 1486 (0.25 ha), xx.xx.1972-ci il tarixdə tərtib edilmiş cizgidə və aktda isə 1486/1359 kimi qeyd edilmişdir. Həmçinin, X2 vəfatından sonra X1 bağ sahəsinin adına keçirilməsi barədə Bakı şəhəri 39 saylı dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə 7E-2616 reyestr nömrə ilə qeydə alınmış ərizə ilə X10 müraciət etmişdir. Lakin onun adına müqavilə arxiv qovluğunda aşkar olunmamışdır." Göründüyü kimi cavab inzibati orqan iddiaçının bağ sahəsi üzərində olan hüquqlarının qeydiyyatından, hətta daşınmaz əmlakın təsviri barədə arayışın verilməsindən belə imtina edir. İmtinanın əsaslarına (nömrə uyğunsuzluğu) cavab olaraq qeyd edilir ki, 16369 nömrəli müqavilənin əsli olan nüsxəsində və cavabdehin arxivində olan nüsxəsində bağ sahəsinin nömrəsinin 1486 olması barədə qeyd mövcuddur. 1359 rəqəminin isə bağ sahəsinin nömrəsi qrafası ilə hər hansı aidiyyəti yoxdur. Göründüyü kimi, cavabdeh inzibati orqan əsassız bir səbəbdən daşınmaz əmlakın təsviri barədə arayışın verilməsindən imtina edir. İmtinanın digər əsasına (digər vərəsənin müraciəti ilə bağlı) münasibətdə isə qeyd edilir ki, X4 digər nəvəsi-vərəsəsi X11 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Bununla da X4 yeganə vərəsəsi olaraq iddiaçı qalmışdır, yəni bağ sahəsi barədə vərəsələr arasında mübahisə mövcud deyil. Həmçinin, iddiaçı daşınmaz əmlakın təsviri barədə arayışın verilməsi üçün xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana yenidən müraciət etmişdir. Həmin cavab məktubu da məhkəmə araşdırmasına təqdim ediləcəkdir.

4. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1486 saylı 0.25 hektar bağ sahəsinin icarəyə verilməsi haqqında keçmiş X20 ilə X9 arasında xx.xx.1968-ci il tarixdən xx.xx.1978-ci il tarixədək müddətə bağlanılmış xx.xx.1968-ci il tarixli 16369 nömrəli müqavilənin arxiv nüsxəsi İdarənin arxivində mövcuddur. Qeyd edilən müqavilədə 1970-ci ildə hər hansı dəyişiklik edilməsi barədə məlumat arxiv qovluğunda aşkar olunmamışdır. Arxiv qovluğunda saxlanılan xx.xx.1970-ci il tarixli aktda bağın nömrəsi 1486 (0.25 ha), xx.xx.1972-ci il tarixdə tərtib edilmiş cizgidə və aktda isə 1486/1359 kimi qeyd edilmişdir. Məlumat üçün bildiririk ki, X2 vəfatından sonra X1 bağ sahəsinin adına keçirilməsi barədə Bakı şəhəri 39 saylı dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə 7E-2616 reyestr nömrə ilə qeydə alınmış ərizə ilə X10 müraciət etmişdir. Lakin onun adına müqavilə arxiv qovluğunda aşkar olunmamışdır.”

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, təqdim edilmiş 16369 nömrəli, xx.xx.1968-ci il tarixli müqavilədə hüquq sahibinin ata adı “Məşədi”, xx.xx.2022-ci il tarixli, 497 nömrəli 12 saylı notariat ofisinin məktubunda isə miras qoyan hüquq sahibinin ata adı “Məmməd” kimi qeyd olunmuşdur. Həmçinin müqavilədə yaşayış sahəsi qeyd olunan müvafiq bölmədə sonradan yazı əlavə edilmişdir. Bundan əlavə, idarənin arxiv məlumatlarına əsasən 1486 nömrəsi ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi sənəd üzrə 2500 kv.m qeyd olunsa da faktiki olaraq 2437 kv.m təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İPM-nin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilir.

6. X14 bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında xx.xx.1968-ci il tarixli 16369 nömrəli müqaviləyə əsasən, X7 Ləhiş bağ massivində yerləşən 0.25 hektar torpaq sahəsi olan 1486 saylı bağ sahəsi icarəyə verilmişdir.

7. Torpaq sahəsinin planına əsasən Ləhiş bağ massivində yerləşən 1486/1359 saylı bağ sahəsinin sxemi təsvir olunmuşdur.

8. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X11 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1486 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.

10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, bağ sahəsinin sərhədlərinin 1 tərəfi, birdə o biri tərəfinin bir hissəsi hasar, qalan tərəfləri şərtidir, döngə nöqtələrinin birinə 2 ədəd daş qovulmuş, qalanları isə 4-5 cərgə m.daşı ilə hörülmüşdür. Tikili yoxdur. Bağın müqaviləsində bağın №-si 1486 yazılmışdır, arxiv sxemində isə 1486/1359 göstərilmişdir. Yəni 1486 bağın köhnə nömrəsidir. Vətəndaşın gösdərdiyi torpaq sahəsi sxematik xəritəyə əsasən 1359-a uyğun gəlir. Bağın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 2500 kv.m., faktiki sahəsi 2437 kv.m. təşkil edir.

11. Ədliyyə Nazirliyi Əmlaklar Xidmətləri Məkanında 12 saylı notariat ofisinin cavabdehə ünvanlandığı xx.xx.2022-ci il tarixli 1025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı müraciəti əsasında, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 31 yanvar 1992-ci ildə vəfat etmiş nənəsi - X2 adına vərəsəlik işi açılmışdır. Yeni qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Qeyd olunanlarla bağlı Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Tresti tərəfindən xx.xx.1968-ci il tarixli 16369 nömrəli müqaviləyə əsasən mərhum - X2 adına ünvan 1 ünvanında ayrılmış 0.25 ha torpaq sahəsinə dair mərhumun adına dövlət qeydiyyatı haqqında daşınmaz əmlaklar barədə Dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü vərəsəsi nəvəsi İddiaçı “etibarnamə əsasənda nümayəndəsi X12) xahiş olunur.

12. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazı müdafiə edərək iddia tələbini təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.1968-ci il tarixli 16369 müqaviləyə əsasən Ləhiş bağ massivində yerləşən 0.25 hektar olan 1486 saylı bağ sahəsi X7 icarəyə verilmişdir. X9 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. 12 saylı Notariat Ofisi cavabdehə məktub ünvanlayaraq iddiaçının vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş etmişdir.

19. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

22. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

23. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

28. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, təqdim edilmiş 16369 nömrəli, xx.xx.1968-ci il tarixli müqavilədə hüquq sahibinin ata adı “Məşədi”, xx.xx.2022-ci il tarixli, 497 nömrəli 12 saylı notariat ofisinin məktubunda isə miras qoyan hüquq sahibinin ata adı “Məmməd” kimi qeyd olunmuşdur. Həmçinin müqavilədə yaşayış sahəsi qeyd olunan müvafiq bölmədə sonradan yazı əlavə edilmişdir. Bundan əlavə, idarənin arxiv məlumatlarına əsasən 1486 nömrəsi ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi sənəd üzrə 2500 kv.m qeyd olunsa da faktiki olaraq 2437 kv.m təşkil edir. X2 vəfatından sonra X1 bağ sahəsinin adına keçirilməsi barədə Bakı şəhəri 39 saylı dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə 7E-2616 reyestr nömrə ilə qeydə alınmış ərizə ilə X10 müraciət etmişdir.

29. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edilir ki, işdə olan 12 saylı notariat ofisinin məktubunda miras qoyanın adı hüquqmüəyyənedici sənəddə (müqavilədə) olduğu kimi - X9 yazılmışdır. Sonuncunun digər hüquqi varisi, bağ sahəsinə iddiası olan X11 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Odur ki, hüquq subyektinin adında yanlışlığa yol verilməmişdir, hazırda miras predmeti olan əmlaka dair hüquqların qeydiyyata alınması üçün digər şəxsin müraciəti mövcud deyil.

30. Məhkəmə xx.xx.1968-ci il tarixli 16369 saylı müqavilədə bağ sahəsinin nömrəsinə dair uyğunsuzluğun mövcudluğu ilə bağlı qeyd edir ki, sözügedən müqavilədə bağ sahəsi “1486” nömrə ilə göstərilsə də, torpaq sahəsinin planında bağ sahəsinin nömrəsi 1486/1359 qeyd edilmişdir (həmin sənədlərin arxiv nüsxəsi mövcuddur). Müəyyən olunur ki, 1486 saylı torpaq sahəsi X5 xx.xx.2007-ci il tarixli 23891 nömrəli müqavilə əsasında istifadəyə verilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, həmin bağ sahəsi ilə xx.xx.1968-ci il tarixli 16369 nömrəli müqavilə əsasında mərhum X7 icarəyə verilmiş Ləhiş bağ massivində yerləşən 0.25 hektar bağ sahəsi eynilik təşkil etmir.

31. 1486/1359 saylı bağ sahəsinin hazırkı 1359 saylı bağ sahəsinə uyğun gəlməsi məhkəmə tərəfindən aşkar olunmuşdur. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahəsinin ortofotosundan iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “1359” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur. Bu hal cavabdeh tərəfindən təqdim edilən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı ilə də təsdiq edilir, həmin sənəddə qeyd olunur ki, iddia edilən torpaq sahəsi sxematik xəritəyə əsasən 1359 saylı bağ sahəsinə uyğun gəlir.

32. “1359” saylı torpaqla bağlı hər hansı mübahisə yoxdur. İddiaçı hazırda iddia tələbini dəqiqləşdirərək “1359” saylı bağın torpaq sahəsinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.

33. Məhkəmə eyni zamanda nəzərə alır ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 2500 kv.metr, faktiki 2437 kv.metr təşkil edir. Bu səbəbdən də torpaq sahəsinə hüquqlar məhz faktiki istifadəsində olan sahə üzrə (2437 kv.m.) qeydə alınmalıdır.

34. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum atasının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

35. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1359 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X7 məxsus məxsus olması haqqında arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

36. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəbdinndə göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1359 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X7 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar