Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2501/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, o, 4 oktyabr 1963-cü il tarixdə doğulmuşdur. Onun 1979-ci ilin iyun ayından hal-hazıradək ümumilikdə 42 il əmək stajı vardır. Belə ki, 1 sentyabr 1983-cü il tarixdən 18 iyul 1989-cu il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, 26 sentyabr 1989-cu il tarixdən 15 mart 2019-cu il tarixədək "xxxx" (Şirvan İES və indiki Şirvan Cənubelektrik Stansiyası MMC) də qazan-turbin üzrə maşinist və 29 mart 2019-cu il tarixdən hal-hazıradək isə "xxxx" ASC-nin "xxxx" MMC-də sahil nasosxana qurğularının istismarı sahəsində qazan-turbin üzrə maşinist vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, onun 4 oktyabr 2020-ci il tarixdə 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin həmin qurum onun müraciətdə qaldırılan məsələnin həllindən imtina etmiş və imtinasını iddiaçının 1 yanvar 2006-cı il tarixədək iş stajının 25 ildən az olması ilə əsaslandırmışdır. İddiaçı hesab edir ki, onun təhsil müddəti iş stajı ilə birgə nəzərə alındqıda iş stajı 25 ildən çox təşkil edir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 60, 149-cu maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1, 4.1, 5, 9.1, 21.1, 30, 21, 32, 37.7-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21, 28, 45, 52, 61-ci maddələrinə, İPM-in 4.1, 14.3, 73.1, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, pensiya sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarına əsaslanaraq, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı 4 oktyabr 2020-ci il tarixdən (57 yaşdan) təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilir: - DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi İddiaçı iddia tələbinə etraz edir. İddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (01.01.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) 1 yanvar 2006-ci il tarixədək azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. İkinci şərt: iddiaçı tərəfindən təqdim edilmiş 9 iyun 1981-ci il tarixli NT-10771688 nömrəli əmək kitabçanızda və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı 1 yanvar 2006-ci il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 8 ay 22 gün (24 sentybar 1980-ci il tarixdən 5 oktyabr 1981-ci il tarixədək, 29 oktyabr 1981-ci il tarixdən 5 dekabr 1983-cü il tarixədək, 7 mart 1984-cü il tarixədək 21 mart 1985-ci il tarixədək, 23 aprel 1985-ci il tarixdən 15 avqust 1989-cu il tarixədək, 26 sentyabr 1989-cu il tarixdən 1 yanvar 2006-cı il tarixədək)) təşkil edir. Üçüncü şərt: Vətəndaşın əmək şəraiti zərərli və ağır İşlərdə işləməsi faktı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli siyahısına istinadən müəssisə tərəfindən təqdim edilmiş arayış əsasmda öz təsdiqini tapır. İddiaçı tərəfindən yalnız 3 noyabr 2020-ci il tarixli 13-KŞ nömrəli arayış təqdim edilmişdir ki, bu arayış onun 29 mart 2019-cu il tarixdən əmək şəraiti ağır və zərərli işlərdə işlədiyini təsdiq edir. Göründüyü kimi, qanunla tələb olunan şərtlər ödənilmir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən (01.07.2017-ci il tarixədək qüvvədə olmuş) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (57 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır İşlərdə işlədikdə. Birinci şərt: Qanunun bu normasının 1 iyul 2017-ci il tarixədək qüvvədə olduğunu nəzərə aldıqda, deməli bu norma 57 yaşı həmin tarixədək (01.07.2017-ci il) tamamlanmış şəxslərə şamil edilir. Lakin iddiaçının 57 yaşı 4 oktyabr 2020-ci il tarixdə tamam olması səbəbindən qeyd edilən şərt ödənilmir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən (hazırda qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 4 oktybar 2023-cü il tarixdə (60 yaş) yaranır. Qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki, iddia tələbi əsassızdır. Göstərilənlərə əsaslanaraq və İPMin 47-ci maddəsini rəhbər tutaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.2-cü maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan AZE seriyalı ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 4 oktyabr 1963-cü il tarixdə Əli-Bayramlı şəhərindən doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan PB № 044406 saylı diplomun surətindən görünür ki, İddiaçı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış və ona 18 iyul 1989cu il həmin təhsil müəssisısini bitirməsi barədə diplom verilmişdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxxx 1963-cü il tarixdə doğulmuşdur. O, 29.10.1981-ci il tarixdən 27.11.1983-cü illərdə (2 il 01 ay) hərbi xidmətdə olmuş, 24 sentyabr 1980-ci il tarixdən 05 oktyabr 1981-ci il tarixədək SSU-85 Trestində (01 il 12 ay), 07 mart 1984-cü il tarixdən 21 mart 1985-ci il tarixədək SSU-85 Trestində (01 il 15 gün), 23 aprel 1985-ci il tarixdən 27 iyul 1987-ci il tarixədək TPU trestində (02 il 03 ay 06 gün), 03 avqust 1987-ci il tarixdən 15 avqust 1989-cu il tarixədək Azərpromstroy komitetində (02 il 14 gün), 26 sentyabr 1989-cu il tarixdən 15 mart 2019-cu il tarixədək “X4 Stansiyası” MMC-də (29 il 05 ay 28 gün) , 29.03.2019-cu il tarixdən “X4 Stansiyası” MMC-də maşinist vəzifəsində işləmişdir. O, 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir (müvafiq sənədləri təqdim etməklə). Lakin cavabdeh orqan onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Məhkəmə mübahisə ilə əlaqədar aşağıdakı qanunvericilik normalarını diqqqətə çəkir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsindı 2140000a – 13790 kodu ilə “qazanxana, turbin (qaz turbini) avadanlığının təmiri ilə maşğul olan kran maşinistləri (krançılar)” nəzərdə tutulmuşdir. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Nəzərə alınmalıdır ki, hər iki şərtin, yəni ümumi iş stajı və güzəştli iş stajının hər ikisinin mövcudluğu pensiya təyini üçün əsas hesab edilir və qeyd olunan şərtlərdən hərhansı birinin mövcud olmamağı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. Məhkəmə qeyd edir ki, İddiaçı əmək kitabçasına əsasən əmək fəaliyyətinə 24 sentyabr 1980-cı il tarixdən başlamış və 1 yanvar 2006-cı il tarixədək ali təhsil almış, hərbi xidmətdə olmuş və ayrı ayrı müəssisələrdə çalışmışdır. Lakin əmək kitabçasının surətindən məlum olur ki, həmin müddət ərzində onun fəaliyyətində fasilələr də mövcud olmuşdur. Belə ki, iddiaçı 5 dekabr 1983-cü il tarixdə hərbi xidmətdən qayıtmış və ondan 3 ay sonra, yəni 7 mart 1984-cü il tarixdə işə qəbul olmuşdur. Bundan başqa, o, 21 mart 1985-ci il tarixdən 23 aprel 1985-ci il tarixədək, yəni 1 ay 02 gün hər hansı təşkilatda işləməmişdir. Eləcə də, iddiaçı 1989-cu il 15 avqust tarixdə işdən azad olunmuş, digər vəzifəyə 1 ay 11 gün sonra, yəni həmin ilin 26 sentyabr tarixində qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, 24 sentyabr 1980-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan 25 il 3 ay 6 gün müddətin ən azı 5 ay 13 gün hissəsində iddiaçı əmək fəaliyyəti ilə məşğul olmamış, eləcə də bu, onun təhsil və ya hərbi xidmət dövrünə təsadüf etmir. Ümumilikdə əmək kitabçasına əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixədək 24 il 8 ay 22 gün iş stajı toplanmış olur. Belə olan halda, İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinı münasibətdə isə, onun 57 yaşı 4 oktyabr 2020-ci il tarixdə, yəni 1 iyul 2017-ci il tarixdən sonra tamam olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 57 yaş deyil, 60 yaşın tamam olması tələb olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddiaçının müraciət etdiyi vaxt, yəni 2021-ci ilin aprel ayında nə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, nə də həmin Qanunun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığında, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. Odur ki, iddiaçının “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. İddiaçının ikiinci tələbi, yəni “keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2501/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2501/2022
31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver