Məhkəmə qərarları › İş №2-1(112)-2501/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2501/2024

14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2501/2024 14.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın verilməsi” iddia tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli, 810 saylı sərəncamı ilə ona Bakı şəhəri Buzovna qəsəbəsi ərazisindən “B/97- 25” saylı torpaq sahəsindən 1200 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, keçmiş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli, 810 saylı sərəncamı ilə ona Bakı şəhəri Buzovna qəsəbəsi ərazisindən “B/97-25” saylı torpaq sahəsindən 1200 kv.m torpaq ayrılmışdır. Həmin vaxtdan bu günə kimi torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı bu torpaq sahəsinə dair sərəncamı, sərəncama dair arxiv arayışını, torpaq sahəsinin cizgisini və xəritədən çıxarışı cavabdeh orqana təqdim etsə də, cavabdeh tərəfindən ərizənin təmin edilməsindən imtina olunmuş və əsas kimi də Elektron Kadastr məlumatı bazasına əsasən həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə olduğu göstərilmişdir. Qeyd edilmişdir ki, cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13.01,2015-ci il tarixli, 439 saylı Fərmanının 2-ci bəndində göstərilmişdir ki: “Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir”. Bu torpaq sahəsi ayrılan zaman AR Dövlət Neft Şirkətinin istifadəsində olmamışdır. Ona görə də cavabdehin bu imtinası əsassız olduğu üçün mənim müraciəti təmin olunmalı idi.

3. Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 810 nömrəli sərəncama əsasən Buzovna qəsəbəsi, Vəzirov küçəsi, 2a saylı evdə yaşayan, heç bir yerdə işləməyən, ailə tərkibi 4 nəfərdən ibarət olan İddiaçı Buzovna qəsəbəsində B/97-25 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli İddiaçı nümayəndəsi X3 müraciətə baxılması barədə məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “B/97-25” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizənin icrası istiqamətində aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumat bazasına əsasən həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, SOCAR**********30490075X00479 saylı məktuba dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Dövlət Neft Şirkətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq S0CAR**********60040033B00515 saylı məktubda bildirilmişdir ki, SOCAR-ın 28 sentyabr 2021-ci il tarixli, SOCAR**********30490075X00479 nömrəli məktubu ilə sizə və etibarnamə üzrə nümayəndəyə hər hansı məlumat verilməmişdir. Həmin məktubla SOCAR tərəfindən digər şəxsə və digər ərazi ilə bağlı sorğu xarakterli məktub ünvanlanmışdır. Qeyd olunan səbəblərdən məsələnin araşdırılması məqsədi ilə hüquq mühafizə orqanlarına müraciət olunmuş və akt əsasında sizin tərəfinizdən ********** qeydiyyat nömrəli ərizəyə əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə təhvil verilmişdir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə və neft quyusunun mühafizə zonasında yerləşir. Təqdim edilən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, SOCAR21100002İ630490075X00479 saylı məktuba dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Dövlət Neft Şirkətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq SOCAR**********60040033B00515 saylı məktubda bildirilmişdir ki, SOCAR-ın 28 sentyabr 2021-ci il tarixli, SOCAR**********30490075X00479 nömrəli məktubu ilə nə İddiaçı, nə də ki, onun etibarnamə üzrə nümayəndəsinə tərəfimizdən məktub göndərilməmişdir. Həmin məktubla tam fərqli şəxsə və tam fərqli ərazi ilə bağlı SOCAR tərəfindən sorğu xarakterli məktub ünvanlanmışdır. Qeyd olunan səbəblərdən məsələnin araşdırılması məqsədi ilə hüquqmühafizə orqanlarına müraciət olunmuşdur. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin cənub-qərb hissəsindən 66 m məsafədə neft buruğu yerləşir və faktiki ölçüsü 1155 kv.m təşkil edir. Eyni zamanda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 14101/2023 saylı sərəncamında cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd olunsada, sərəncama qoşma edilən iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi göstərilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.

6. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatın təqdim edilməsi haqqında məktubda qeyd edilmişdir ki, bu məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 26 noyabr 2021 -ci il tarixdə **********9 nömrəli məktubla SOCAR-a müraciət edərək, İddiaçı tərəfindən həmin quruma təqdim edilmiş SOCAR-ın 28 sentyabr 2021-ci il tarixli SOCAR**********30490075X00479 nömrəli məktubun həqiqiliyinə münasibət bildirilməsini xahiş etmişdir. SOCAR-ın 13 dekabr 2021ci il tarixli SOCAR**********60040033B00515 nömrəli cavab məktubu ilə həmin sənədin həqiqiliyinə kifayət qədər şübhələr olduğu bildirilmişdir. Bundan sonra Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi 25 aprel 2023-cü il tarixli 3-13-44-2/2- 2806/2023 nömrəli sorğu ilə SOCAR-a müraciət edərək, istintaq zərurəti ilə əlaqədar F. Ağayev tərəfindən təqdim edilmiş SOCAR-ın 28 sentyabr 2021-ci il tarixli SOCAR**********30490075X00479 nömrəli məktubunun həqiqiliyinə münasibət bildirilməsini xahiş etmişdir. SOCAR-ın 23 may 2023-cü il tarixli 14-2/2-1946/2023 nömrəli məktubu ilə sorğuya əlavə edilən sənədlərdə göstərilən koordinatların natamam olduğu, sənədin həqiqi olmadığı, SOCAR-ın 28 sentyabr 2021-ci il tarixli SOCAR**********30490075X00479 nömrəli məktubu ilə nə İddiaçı, nə də ki, onun etibarnamə üzrə nümayəndəsinə tərəfimizdən məktub göndərilmədiyi, həmin məktub (28 sentyabr 2021-ci il tarixli SOCAR**********30490075X00479) vətəndaş X1 müraciətinin araşdırılması məqsədilə SOCAR tərəfindən “X2” LTD-nin Azərbaycan Respublikasındakı Filialına göndərilən məktub olduğu bildirilmişdir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin sənədlərin surətinin verilməsi barədə məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Y. Əbdürəhim oğlu küçəsi, 20 saylı fərdi yaşayış evinə dair arxiv sənədlərinin təsdiqlənmiş surəti təqdim edilmişdir. Məlumat üçün bildirilmişdir ki, təqdim edilən kadastr məlumatlarına əsasən məhkəmə tərəfindən qoyulmuş tələbdə qeyd olunan **********67-10301 reyestr nömrəli əmlak barədə bazada (elektron kadastr informasiya sistemində) məlumat olmadığından müqayisəli ortofotonun tərtibi mümkün olmamışdır.

9. İddiaçı (dəftəxana vasitəsilə) iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri götürülmüş sayılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

10. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

12. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

13. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

14. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

15. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

16. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

17. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

18. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

19. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

20. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

21. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

22. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

23. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

24. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar