Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2502/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X6) “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi 4 ünvanında yerləşən 306 saylı mənzil iddiaçıya məxsusdur. Qeyd olunmalıdır ki, bu fakt Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən mənə təqdim edilmiş RX seriyalı, ******* saylı Çıxarışla bir daha təsdiq olunur. Həmin mənzil xx.xx.2017-ci il tarixində alınmışdır. Bundan savayı, həmin əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən iddiaçının adına texniki pasport da təqdim edilmişdir. Qeyd olunmalıdır ki, sözügedən mənzil iddiaçının və ailə üzvlərinin istifadəsindədir. Belə ki, iddiaçı həmin mənzildə ailə üzvləri ilə birlikdə birgə təsərrüfat aparır, yaşayır. İddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinə etiraz: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********77 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 4 saylı evin, 306 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli daimi istifadə hüququnun satılmasına dair ilkin müqaviləyə əsasən X6 ünvan 1 ünvanda yerləşən mənzilə dair daimi istifadə hüququnu İddiaçı satmışdır. RX seriya ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak üzərində İddiaçı istifadə hüququ qeydiyyata alınmışdır. (11 saylı notariat kontorunun xüsusi notariusu X7iunun təsdiqlədiyi 3M-114 reyestri: xx.xx.2017-ci il tarixli Daimi istifadə hüququnun satılmasına dair müqaviləyə əsasən) Daşınmaz Əmlakın Kadastrı və X1 tərəfindən mənzilə dair xx.xx.2017-ci il tarixdə texniki pasport verilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 4 saylı evin, 306 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə ünvan 3 ünvanına dair müvafiq sənədlər təqdim olunmuşdur. Sənədlərə əsasən: -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2016-cı il tarixli, 11/2 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Qədir Məmmədov küçəsində yerləşən 4 saylı evin, yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 306 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, qızı və oğlu) X3 adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, iddiaçı tərəfindən əmlaka dair yuxarıda adıçəkilən Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas istifadə hüququnun qeydiyyata alınması barədə çıxarışın mövcudluğuna istinad edir ki, həmin çıxarış məhkəmə hesab edir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab edilmir. Bununla əlaqədar qeyd edilməsi zəruri hesab edilir ki, Mülki Məcəllənin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi əmlakdan istifadə hüququ əmlak hüququnun bir növü kimi müəyyən edilsə də, mülkiyyət hüququndan fərqləndirilir. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ hesab edilir ki, aydın məsələdir ki, istifadə hüququnun subyektinin əmlaka sərəncam vermək hüququnun mövcudluğundan söhbət gedə bilmədiyi üçün, həmin hüquqlar arasında fərqləndirmənin müəyyən edilməsi zəruridir. Məhkəmə iş materiallarını təhlil edərək müəyyən edir ki, daimi istifadə hüququnun satılmasına dair müqavilənin mövcudluğu və bu əsasda iddiaçının istifadə hüquqlarının qeydiyyata alınması, onun mülkiyyət hüququnun tanınması və qeydiyyata alınması üçün hüquqi əsas təşkil etmir. Çünki qeyd olunduğu kimi, iddiaçı yalnız əvvəlki mülkiyyətçinin istifadə hüquqlarını əldə etmişdir və hazırkı mərhələdə mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmək hüququ yalnız mənzilin əvvəlki sahibi X4 məxsusdur. Qanunvericiliyin tələblərini və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq, Məhkəmə bildirir ki, mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlər sırasına order, kirayə müqaviləsi və onun verilməsinə dair sərəncam daxildir. Hüquqi baxımdan bu sənədlərin hər üçünün eyni vaxtda təqdim edilməsi məcburi deyildir – onların hər hansı birinin mövcudluğu mənzilə dair hüququn təsdiqi üçün yetərli hesab edilə bilər. Bununla yanaşı, qanunvericilik tələb edir ki, sözügedən sənədlər xx.xx.2009-cu ilədək – Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək mövcud olmalıdır. Hazırkı işdə Məhkəmə müəyyən etmişdir ki, mənzilin əvvəlki sahibi X6 1995-ci ildən həmin mənzildə yaşamaqla bağlı hüquqi əsaslara malik olmuş və bu səbəbdən onun barəsində kirayə müqaviləsinin bağlanması üçün müvafiq sərəncam verilmişdir. Bu isə o deməkdir ki, mənzilə dair hüquq münasibətləri iddiaçının deyil, məhz mənzilin əvvəlki sahibi X2 adına xx.xx.2009-cu ilədək formalaşmışdır. Qeyd olunmalıdır ki, daimi istifadə hüququna dair müqavilənin bağlanması xx.xx.2009-cu ilədək həmin mənzil üzərində münasibətlərin mövcudluğu ilə əlaqədar vəziyyətin keçidi anlamına gəlməməkdədir. Yəni, iddiaçı mənzilə dair istifadə hüququnun sahibi olsa da, mülkiyyət hüququnun verilməsi üçün əsas olan xx.xx.2009-cu ilədək həmin mənzillə bağlı hər hansı hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmir. Halbuki, mövcud məhkəmə təcrübəsi göstərir ki, xx.xx.2009-cu il tarixdən sonra tərtib edilsə belə, sərəncamların hüquqmüəyyənedici sənəd qismində çıxış etməsi əsası hüquqmünasibətlərin göstərilən tarixdən əvvəl olması ilə əlaqədardır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda xx.xx.2009-cu il tarixdən əvvəlki tarixli sərəncamlar mülkiyyət hüququnun qeydiyyatı üçün əsasdır. Mövcud məhkəmə təcrübəsində isə formalaşmış mövqeyi onunla əlaqədardır ki, xx.xx.2009-cu il tarixdən sonra olsa da, həmin mənzillə bağlı hüquqmünasibəti əvvələdir. İddiaçıda isə nə sərəncam xx.xx.2009-cu il tarixdən əvvəllə, nədəki hüquqmünasibətləri daha əvvəllədir. Bu hüquqi və faktiki halları nəzərə alaraq, Məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədlərə malik olması müəyyən edilmədiyindən, cavabdeh orqanın onun mülkiyyət hüququnun qeydiyyatına dair müraciətinə imtina etməsi qanuni və əsaslı olmuşdur. Bununla yanaşı, Məhkəmə izah edir ki, mənzilin əvvəlki sahibi X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra, bu hüquqlar mülki-əqd əsasında iddiaçıya keçə bilər. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2502/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2502/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver