Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2503/2023 17.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********3 saylı qərarının ona aid hissədə ləğv edilməsi və onun İ Qarabağ müharibəsi zamanı xx.xx.1993-cü il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qazandığı “sol baldırın açıq yarası, sol baldır nahiyyəsinin 1/3-ni dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, sol incik sümüyün düzgün birləşməməsi, incik sinirinin baldır səviyyəsində travması, sol incik sinirinin travmadan sonrakı nevropatiyası, sol baldır əzələlərinin atrofıyası, sol ayaq əzələlərinin funksiyasının nəzərə çarpan dərəcədə pozulması” kimi xəstəliyə görə ona üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gedən müharibədə döyüş əməliyyatlarında iştirak etmiş, İ Qarabağ müharibəsi zamanı xx.xx.1993-cü il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanmış, sol baldırın orta 1/3-ni dəlib keçən güllə yarası almışdır. Bunun nəticəsində ona sol baldırın açıq yarası, sol baldır nahiyyəsinin 1/3-ni dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, sol incik sümüyün düzgün birləşməsi, incik sinirinin baldır səviyyəsində travması, sol incik sinirinin travmadan sonrakı nevropatiyası, sol baldır əzələlərin atrofiyası, sol ayaq əzələlərinin funksiyasının nəzərə çarpan dərəcədə pozulması kimi diaqnoz qoyulmuşdur. Bu isə onun həyat tərzində və əmək fəaliyyətində bir çox çətinliklər yaratmaqdadır. Bununla da o, əmək fəaliyyətinin 40-50% hissəsini itirdiyi üçün ona 3-cü qrup əlillik təyin edilmişdir. Bu əlilliyə görə dövlət tərəfindən ona müvafiq müavinət ödənilirdi. xx.xx.2022-ci il tarixinədək o, döyüş əməliyyatlarında aldığı güllə yarası səbəbindən qazandığı xəstəliyə görə dövlət tərəfindən müvafiq müavinət almışdır. Həmin tarixdən sonra o, bir neçə dəfə müayinədə olmuş, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş rəylərdə guya onun diaqnozu əlillik əlaməti təyin etmədiyi üçün əlillik təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən ona əlilliyin təyin edilməsi ilə bağlı verilmiş imtina qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, xəstəliyi “Əlilliyin müəyyən olunması meyarlan”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarının 6.3.1.1-ci bəndində öz əksini tapmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə 12 saylı şəhər Poliklinikasının xx.xx.2008- ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M95 - Birləşdirici toxumanın və sümük-ə...; Diaqnozun mətni: Sol baldırın yuxarı 3/1 hissəsini dəlib keçən güllə yaralanmasından sonrakı hal; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: digər” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. 12 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və eyni əsasla 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 12 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S81 - Baldırın açıq yarası => S81.8 - Baldırın digər hissələrinin...; Diaqnozun mətni: Baldırın açıq yarası, sol baldır nahiyyəsinin у 1\3 nin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. İncik sinirinin baldır səviyyəsində travması, sol incik sinirinin travmadan sonrakı nevropatiyası. Sol baldır əzələlərinin atrofiyası sol a\ə funksiyasının nəzərə çarpan dərəcədə pozulması; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Baldırın açıq yarası, sol baldır nahiyyəsinin y 1\3 nin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və sonuncu diaqnoza əsasən 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 11 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixil göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol baldırın orta 1/3-nün dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, sol baldırın orta 1/3-nün iç və bayır səthlərinin kobud, ağrılı, dartıcı, kelloid çapıqları. Sol incik sümüyünün orta 1/3-nün qeyri düzgün bitişmiş sınığı, sol aşağı ətrafın dayaq hərəkət funksiyasının pozulması ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırkı vəziyyəti, əsas xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə iddiaçı əyani müayinədə olmuş və Agentlik tərəfindən Diaqnoz əlillik əlaməti təyin etmir barədə 23 avqust 2022-ci il tarixli **********3 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi isə etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2008-ci ildə “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə - xx.xx.2009-cu ilədək “Sol baldırın yuxarı 1/3 hissəsini dəlib keçən güllə yarlanmasından sonrakı hal” dianozu ilə ilkin üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə xx.xx.2015-ci il tarixinə kimi ona hər dəfə bir il olmaqla ümumi səbəbdən üçüncü dərəcə əlillik təyin edilmişdir. İşdən görünür ki, xx.xx.2015-ci il tarixdə iddiaçının əlillik səbəbi dəyişdirilərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə “Baldırın açıq yarası, sol baldır nahiyyəsinin у 1\3 nin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. İncik sinirinin baldır səviyyəsində travması, sol incik sinirinin travmadan sonrakı nevropatiyası. Sol baldır əzələlərinin atrofiyası sol a\ə funksiyasının nəzərə çarpan dərəcədə pozulması” diaqnozu üzrə 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il müəyyən edilmişdir. 2015-ci il 30 dekabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmiş, Əsasnamənin 6.1-ci bəndinə əsasən həmin Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddətinin TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılması təsbit edilmişdir. İşdən görünür ki, xx.xx.2016-cı ildə ididaçıya təyin edilmiş üçüncü dərəcə əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 6.1-ci bəndinə əsasən elektron təyinat əsasında 5 il müddətinə uzadılmış, bu zaman iddiaçıya qoyulan diaqnoz sonuncu göndərişə uyğun olaraq “Baldırın açıq yarası, sol baldır nahiyyəsinin у 1\3 nin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. İncik sinirinin baldır səviyyəsində travması, sol incik sinirinin travmadan sonrakı nevropatiyası. Sol baldır əzələlərinin atrofiyası sol a\ə funksiyasının nəzərə çarpan dərəcədə pozulması” kimi müəyyən edilmiş, həmin əlilliyin müddəti xx.xx.2021-ci il tarixədək olmuşdur. İşdən görünür ki, iddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən iki göndəriş - Forma-088 daxil olmuşdur:
1. 11 nömrəli Şəhər Poliklinikasının 2749003AAES4 nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə iddiaçının əlillik vəziyyətinə dair Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmə aparılmış və “Göndərişin natamam doldurulması- səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırkı vəziyyəti, əsas xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” əsası ilə əlillik təyin edilməsindən imtina olunmuşdur.
2. Sonuncu dəfə iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. İşdən görünür ki, iddiaçı bu qərarla razılaşmamış, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarından Agentliyə şikayət etmiş, buna görə də o, yenidən Agentlikdə əyani müayinə yolu ilə qiymətləndirilmişdir. İşdə olan Agentliyin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********3 saylı qərarından görünür ki, Bakı şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2749003AAES4 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Z.X4 Nazirliyi Daxili Qoşun Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2007-ci il tarixli Tibbi şəhadətləndirmə barədə 3 nömrəli Arayış verilmişdir. Həmin arayışda “Sol baldır nahiyəsinin yuxarı 1/3-nin dəlin keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sol incik sinirinin posttravmatik nevropatiyası” diaqnozu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə qeyd olunmuş “Sol baldırın orta 1/3-nün dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, sol baldırın orta 1/3-nün iç və bayır səthlərinin kobud, ağrılı, dartıcı, kelloid çapıqları. Sol incik sümüyünün orta 1/3-nün qeyri düzgün bitişmiş sınığı, sol aşağı ətrafın dayaq hərəkət funksiyasının pozulması ilə” diaqnozu araşdırılmışdır. Əyani baxış zamanı sağ gözündə, sol ayağında olan ağrılardan şikayətlənmiş, sağ baldırın orta 1/3-də, sol baldırda çapıq qeyd olunmuş, nevroloji statusunda ocaqlı patologiya əlamətləri aşkar edilməmiş, əzələ gücü, tonusu normal, reflekslər canlı çağrılmış, paravertebral nöqtələr ağrılı, iflic, parez qeyd olunmamış, radikulopatiya əlamətləri aşkar edilmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət müəyyən olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş qərarı iddiaçını əyani müayinə etməklə yenidən yoxlamış və bu müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. İddiaçı cavabdehin gəldiyi bu nəticəni mübahisələndirdiyindən məhkəmə tərəfindən iddiaçının əlillik vəziyyətinin cavabdeh tərəfindən düzgün qiymətləndirilməsini müəyyən etmək məqsədilə xx.xx.2022-ci il tarixli qərardad ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, İddiaçının iştirakı təmin edilərək onun canlı müayinəsi aparılmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.1975-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla müəyyən edilsin ki, Bakı şəhər 11 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 2749003AAES4 nömrəli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu?
2. xx.xx.1975-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla müəyyən edilsin ki, onda hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur (zərurət yarandıqda instrumental müayinə vasitələrində istifadə olunmaqla)?
3. xx.xx.1975-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla müəyyən edilsin ki, onun sağlamlıq vəziyyəti hansı diaqnoza uyğundur və həmin xəstəliyin beynəlxalq təsnifat kodu nədir? Təyin edilmiş ekspertiza üzrə məhkəməyə daxil olmuş T586/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Ekspert rəyində 1-ci, 2-ci və 3-cü suallarla bağlı göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən “XX sinif-xəstələnmənin və ölümün xarici səbəbləri=>Y35-Y36-qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - hərbi əməliyyatlar => Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu...Diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol baldırın orta 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət, sol baldırın orta 1/3-nin iç və bayır səthlərinin kobud, ağrılı, dartıcı, kelloid çapıqları, sol incik sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və bu hal onun xx.xx.2022-ci ildə əyani müayinəsi zamanı öz təsdiqini tapmışdır. Belə ki, əyani müayinə zamanı əzələ gücü və tonusun normal, reflekslərin canlı olması, iflic, parez əlamətləri aşkar edilməmişdir. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçı barəsində tərtib edilmiş göndərişin onun kliniki, laborator və instrumental diaqnostik müayinələri əsasında müəyyən edildiyi, yoxlama zamanı iddiaçıda əzələ gücü və tonusun normal, reflekslərin canlı olması, iflic, parez əlamətləri aşkar edilmədiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə, cavabdehin qəbul etdiyi qərarda qeyd olunan halların ekspert rəyi ilə təsdiq olunmasını, yəni iddiaçıya əlillik təyin edilməsi üçün zəruri olan iflic, parez əlamətlərinin aşkar edilməməsini, əzələ gücü və tonusun normal, reflekslərinin canlı olmasını nəzərə alaraq hesab edir ki, cavabdehin qərarı qanuni olmuşdur. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: - Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. - Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. - Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış), orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı qoyulmuş diaqnoz xəstəliyin “Y35-Y36- beynəlxalq statistik təsnifat kodu ilə göstərilsə də, yuxarıda istinad olunan meyarlarda həmin kod altında təsnif olunan xəstəliklər üzrə əlilliyin müəyyən olunması nəzərdə tutulmamışdır. Həmin kod altında təsnif olunan xəstəliklər üzrə əlilliyin müəyyən olunması həmçinin xx.xx.2022-ci il tarixli qərar qəbul edilənədək qüvvədə olan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də də nəzərə tutulmurdu. Beləliklə, sadalananlardan müəyyən olunur ki, iddiaçıya qoyulan diaqnoz əlilliyin müəyyən olunması meyarlarına cavab vermədiyindən cavabdeh iddiaçıya əlillik təyin edilməsində imtina etməkdə haqlı olmuş, bu zaman mövcud qanunvericiliyin tələblərinə uyğun hərəkət etmişdir. Buna görə də cavabdehin bu hərəkəti qanunsuz sayıla və iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova