Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2503/2024 04.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı Bakı şəhəri İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçının Cavabdeh qarşı “binanın zəbt olunmuş mansarda hissəsinin boşaldılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, ev 1 ünvanında yerləşən yaşayış binasının 17 mərtəbəsində zəbt olunmuş mansar hissəsinin (liftin şaxtası, qeyri- yaşayış sahəsi) Cavabdeh və ailə üzvləri tərəfindən boşaldılması və onların oradan çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin Baş planına uyğun olaraq, abadlıq-quruculuq işlərinin davamı olaraq Bakı şəhərinin görünüşünə xələl gətirən binaların fasadlarının təmir edilməsi, özbaşına aparılmış, tikinti normalarına uyğun olmayan tikililərin sökülməsi, fasadların rənglənməsi Yasamal rayonunda iddiaçı tərəfindən həyata keçirilir. Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, ev 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında şəhərsalma və tikinti normalarına uyğun olmayan, qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla qeyd olunan binanın mansar hissəsi (liftin şaxtası) zəbt edilmişdir. Qeyd olunan hissədə binanın yan və fasad divarlarını zədələməklə qəzalı və təhlükəli vəziyyət yaranmış, həmin binanın 17-ci mərtəbəsində mansar hissəsini (liftin şaxtasını, qeyri-yaşayış sahəsi) Cavabdeh qanunsuz zəbt etmiş və yaşayış sahəsi kimi istifadəsindədir. Belə ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə uzun illər ailə üzvləri ilə birlikdə yaşayır. Sonradan qeyd olunan binanın 17 mərtəbəsində mansar hissəsini (liftin şaxtasını) əlavələr dəyişikliklər edərək və buna dair heç bir razlılıq sənədi texniki pasport tərtib edilməyərək zəbt etmişdir. Dəfələrlə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq qeyd olunan sahəyə dair aparılmış dəyişikliklərin qanuniləşdirilməsi edilmiş dəyişikliklərə dair heç bir razılıq sənədi (texniki pasport) təqdim etməmişdir. Həmçinin 07 iyul 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi tərəfindən Cavabdeh qeyd olunan binanın 17 mərtəbəsində zəbt olunmuş mansard hissəsinin 1 həftə ərzində boşaldılması tələb olunsa da, hal-hazıradək cavabdeh tərəfindən zəbt olunmuş hissə boşaldılmamışdır. Eyni zamanda Yasamal Mənzil Kommunal-Təsərrüfat Birliyinin 40 saylı MKİS-nin arayışına əsasən ünvan 2 bina 16 mərtəbəli 63 mənzildən ibarətdir. Binanın 17-ci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla texniki və liftin şaxtası üçün nəzərdə tutulmuşdur. İddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 0.4, 23.1, 12.2, 24.1, 27.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmiş, lakin cavabdehin iddiaya münasibəti (etirazı) daxil olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymışdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini olduğu kimi müdafiə edərək hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildiridi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən, inzibati akt– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.1-ci maddəsinə əsasən, Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). Qeyd olunan Plenum qərarının 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı inzibati orqanın hüquqi marağı Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan ünvan 2 ünvandakı 16 mərtəbəli yaşayış binasının 61 nömrəli mənzilində yaşayan Cavabdeh tərəfindən zəbt olunduğu hesab edilən həmin binanın 17-ci mərtəbəsində yerləşən mansarda mərtəbəsinin və ümumi əmlakının (liftin şaxtası və s.) boşaldılması və cavabdehin ailə üzvləri iə birlikdə həmin hissədən çıxarılmasından ibarətdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından işə inzibati qaydada baxıla bilməz. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 3.1-ci bəndində göstərilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.2-ci bəndində göstərilmişdir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, inzibati orqanlar ilə fiziki şəxslər arasında olan xüsusi hüquq münasibətlərindən irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulur. Hazırkı halda iddiaçı inzibati orqan cavabdehə münasibətdə inzibati funksiyasını yerinə yetirməklə bağlı deyil, binanın balansaxlayıcısı kimi cavabdehə qarşı zəbt edilmiş sahənin boşaldılması ilə bağlı tələb irəli sürmüşdür. Başqa sözlə, indiki halda tərəflər bərabər mövqedədir və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Bu baxımdan iddiaçı hazırkı tələbi irəli sürərkən hüquqi marağına nail olmaq üçün əlverişli iddia növündən istifadə etməmişdir. İddiaçı məqsədinə nail olmaq üçün cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə həll etmək hüququ vardır. Məhkəmə iddiaçının Mənzil Məcəlləsinin 23-27-ci maddələrinə istinadı ilə bağlı məsələyə münasibətdə bildirir ki, qeyd olunan normalar yaşayış sahəsinin yenidən planlaşdırılması və yenidən qurulması ilə bağlı qaydaları, əsasları ehtiva etdiyindən hazırkı mübahisəyə tətbiq edilə bilməz. Belə ki, konkret halda yaşayış sahəsinin yenidən planlaşdırma və yenidən qurulması ilə qanunvericiliyin tələblərinə əməl edilməməsindən deyil, yaşayış sahəsi olmayan və binanın ümumi istifadəsindəki zəbt olunan sahənin boşaldılmasından söhbət gedir. Beləliklə, aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddianın mümkün sayılmamasını nəzərə alaraq iddiaçının işə üçüncü şəxsin cəlb edilməsi ilə əlaqədar vəsatətinə münasibət bildirməyə zərurət görmür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2503/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2503/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver