Məhkəmə qərarları › İş №2-1(112)-2503/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2503/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2503/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2018-ci ildən təyin edilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya xx.xx.2018-ci ildən təyin edilmiş əlilliyin etibarsız hesab olunduğu xx.xx.2019-cu il tarixindən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin edilmiş əlillik müddətsiz olaraq təyin edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Talassemiya-Betta heteroziqot talassemiya, davamlı anemiya ilə müşayət olunan və tez-tez baş verən hemolitik krizlərlə. Drepanotalassemiya., QDÇ 11 mərhələ, Xroniki pankreatit., Xroniki hepatoxolesistit” qeyd olunmuşdur. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Sadalanan hallardan göründüyü kimi şəxsə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə cavab verilməmişdir. İddiaçı vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bu səbəbdən cavabdehin hərəkətləri qanunsuzdur. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAD1J nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029- 13541219 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019-cu il tarixində ləğv olunmuşdur. İddiaçı tərəfindən həmin dövrdə inzibati orqanın hərəkəti mübahisələndirilməmişdir. Daha sonra isə iddiaçıya dair X3 tərəfindən 2768003AACG5 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. İddiaçı dair xx.xx.2020-ci il tarixindən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsisteminə yeni göndəriş daxil olmamış və ya həmin göndəriş əsasında əyani müayinə edilməsi ilə bağlı müraciət edilməmişdir. Göründüyü kimi iddiaçı barəsində edilmiş faktiki hərəkətlərlə razılaşaraq yenidən göndəriş rəsmiləşdirməsinə və həmin göndərişdən aldığı imtinanı mübahisələndirməməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının və onun nümayəndəsnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAD1J nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 0291354-1219 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur. Sonrakı dövrdə vətəndaşa dair X3 tərəfindən 2768003AACG5 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. İddiaçı dair xx.xx.2020-ci il tarixindən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə yeni göndəriş daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının rəhbərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 378 nəfər barəsində göndərişlərin əsaslılığının araşdırılması ilə əlaqədar müraciətə baxılmışdır. Müraciətə əlavə edilmiş siyahıda qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əlillik alt sistemindən çıxarışlardan görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2018-ci ildə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş və həmin vaxt qoyulmuş diaqnoz “Talassemiya-Betta heteroziqot talassemiya, davamlı anemiya ilə müşayət olunan və tez-tez baş verən hemolitik krizlərlə. Drepanotalassemiya, QDÇ İİ mərhələ, Xroniki pankreatit, Xroniki hepatoxolesistit” olmuşdur. xx.xx.2019-cu il tarixdə əlilliyin qiymətləndirmə nəticəsi ləğv edilmişdir. Bakı X3 tərəfindən rəsmiləşdirilmiş göndəriş əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbilə əlillik təyinatından imtina edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində “əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır (2.1.). Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). İşdən göründüyü kimi iddiaçıya ilk dəfə 2018-ci ildə ümumi xəstəlik səbəbindən müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra 2019-cu ildə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmiş və cavabdeh tərəfindən “Əlillik” altsistemində iddiaçıya dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir (2.0.6.). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir (21.1.). Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur (21.2.). İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda (21.3.). İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1.). Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir (57.1.). İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir (58.1.). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1.). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2.). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (67.4.). Qanunun yuxarıda qeyd edilən müddəalarının məzmunundan görünür ki, şəxsin hüquq və azadlıqları ilə bağlı hər hansı məsələni həll edərkən inzibati orqan tərəfindən inzibati icraat aparılmalı və müvafiq inzibati akt qəbul edilməlidir. İnzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt yalnız müvafiq inzibati icraat aparılmaqla yeni inzibati aktın qəbulu ilə ləğv edilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 2018-ci ildə cavabdeh tərəfindən təyin edilmiş əlillik dərəcəsi cavabdeh tərəfindən hər hansı inzibati icraat aparılmadan, yalnız digər inzibati orqanın məktubu əsas götürülməklə 2019-cu ildə ləğv edilmişdir. İddiaçıya təyin edilmiş əlillik dərəcəsi ləğv edilərkən hər hansı icraat aparılmamış, iddiaçı inzibati orqan tərəfindən dinlənilməmiş, onun sağlamlıq durumunun əlillik təyinatına əsas verib-verməməsinin aydınlaşdırılması üçün əyani müayinədən keçirilməmiş və bunlara rəğmən onun əlillik dərəcəsi ləğv edilmişdir. İddiaçının əlillik dərəcəsi ləğv edilərkən hər hansı inzibati akt qəbul edilməmişdir. Bununla da cavabdeh tərəfindən iddiaçını əlverişsiz vəziyyətə salan faktiki xarakterli fəaliyyət həyata keçirilmişdir. Bu isə iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin bərpası üçün əsasdır. İddiaçı ona təyin edilmiş əlillik dərəcəsinin ləğv edildiyi xx.xx.2019-cu il tarixindən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaya yazılı etirazında Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmal Məktubunun 26-cı bəndinə əsaslanmışdır. Həmin bənddə göstərilir ki, “Həmçinin o da vurğulanmalıdır ki, əlilliyi müəyyən edilmiş şəxsin əlilliyi, əlillik müddəti bitmədən TSEK tərəfindən ləğv edilmişsə və inzibati orqanın həmin hərəkətinin qanuniliyi mübahisələndirilməmişsə, bununla, əvvəlki statusa bağlı olan bütün təminatlara dair hüquqlar da aradan qalxır. Bu mənada, həmin şəxsin əlilliyin müəyyən edilməsi ilə bağlı yeni müraciətinə təkrar qiymətləndirmə kimi deyil, məhz əlilliyin ilkin qiymətləndirilməsi kimi baxılmaqla, müalicə müddəti şərtinin ödənilməsi yoxlanılmalıdır”. Cavabdeh həmçinin iddiaçının yeni göndərişlə müraciət etdiyini və onun əlillik vəziyyətinin xx.xx.2020-ci il tarixində qiymətləndirilərək göndərişin natamam doldurulması səbəbilə dövlət tibb müəssisəsinə geri qaytarıldığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əlillik dərəcəsi 2019-cu ildə ləğv edilsə də, o bunu məhkəmədə mübahisələndirməmiş, yeni göndərişlə cavabdehə müraciət etmişdir. Yeni göndəriş isə cavabdeh tərəfindən natamam doldurulma səbəbilə tibbi müəssisəsinə qaytarılmış, iddiaçının əyani müayinəsi keçirilməmişdir. Yenə cavabdehin sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsi cavabdeh tərəfindən qiymətləndirilməmişdir. Yəni, nə qədər ki, iddiaçının əlillik təyinatı ilə bağlı cavabdeh tərəfindən inzibati akt qəbul edilməmişdir o, təyin edilmiş əlilliyin ləğvi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirmək hüququnu özündə saxlamışdır. İşdə olan poçt qəbzindən görünür ki, iddiaçı ləğv edilmiş əlilliyin bərpası ilə bağlı xx.xx.2024-cü ildə cavabdehə müraciət etmişdir. Yəni, Ali Məhkəmənin mövqeyindən də görünür ki, iddiaçı həmin müraciətə qədər əlillik statusu ilə bağlı təminatlara olan hüququnu itirmişdir. Bu səbəbdən iddiaçının cavabdeh tərəfindən ləğv edilmiş əlillik dərəcəsinin onun cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixindən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən ləğv edilmiş əlillik dərəcəsinin xx.xx.2024-cü il tarixindən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar