Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2504/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, qərarın ləğv edilməsinə dair iddia mübahisələndirmə növündə iddia olduğundan müddətlə bağlı şərtin mümkünlük baxımından yoxlanılması zamanı da iddianın mümkün olduğu öz təsbitini tapmışdır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixə aiddir. İddiaçı sözügedən qərarı məhkəmə qaydasında mübahisələndirməzdən əvvəl həmin qərarı inzibati orqanın yuxarı qurumu vasitəsi ilə mübahisələndirmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 sentyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı inzibati şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İPM-nin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Göründüyü kimi inzibati akt inzibati orqanın yuxarı instansiyasında mübahisələndirdiyi zaman, iddia müddətinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar təqdim edilənədək dayandırılır. Cavabdeh inzibati orqan İddiaçı inzibati şikayətinin təmin olunmaması barədə qərarı 05 sentyabr 2022-ci il tarixdə qəbul etdiyindən və iddiaçı iddia ərizəsi ilə məhkəməyə 14 sentyabr 2022-ci il tarixdə müraciət etdiyindən, o, xx.xx.2022-ci il tarixli qərarın mübahisələndirilməsində prosessual müddəti ötürməmişdir. Odur ki, iddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən v vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Bəhs edilən maddələrin müddəalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəysnnamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə 08 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsini arzulayır. Mübahisələndirilən qərara nəzər yetirdikdə görünür ki, həmin qərar cavabdeh tərəfindən kameral vergi yoxlamasının aparılması nəticəsində qəbul edilmiş, qərarın qəbul edilməsinə əsas olan hal isə iddiaçının hesablama metodu ilə təqdim edilmiş gəlir vergisinin bəyannaməsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləğinin hesabat dövrü ərzində iddiaçı tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən, iddiaçı tərəfindən ixrac edilmiş və elektron qaimə-faktura əsasında satılmış mallar barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 71.813,38 manat məbləğdən 71.813,38 manat az əks olunması təşkil edir. Cavabdeh inzibati orqan yaranmış vergi məbləğinin iddiaçı tərəfindən gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi ilə əlaqələndirmiş, onun vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmətlər göstərmədiyini, pərakəndə qaydada mallar satmadığını, nağd hesablaşmalar aparmadığını bildirmişdir. İddiaçı isə inzibati orqan ilə razılaşmayaraq bildirir ki, o, ödənişləri sadələşdirilmiş vergi ödəyicisi kimi həyata keçirtdiyindən və fəaliyyətini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirdiyindən, onun tərəfindən gəlir vergisi bəyannaməsinin təqdim edilməsinə zərurət yoxdur. İddiaçı hesab edir ki, cavabdeh əsassız olaraq onun barəsində vergi hesabladığından, xx.xx.2022-ci il tarixli inzibati akt ləğv olunmalıdır. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən qəbul edilən qərarın əsaslı olubolmamasının müəyyən edilməsi üçün sadələşdirilmiş vergi ödəyicisinin anlayışına nəzər yetirilməli, hansı hallarda şəxsin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olduğu, hansı hallarda isə bu hüquqa malik olmamasının əsasları müəyyən edilməlidir. Bu hissədə qiymətləndirilmənin aparılması isə aşağıdaki qanunvericiliyin müddəaları ilə həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 6.1.3. əlavə dəyər vergisi; 6.1.4. aksizlər; 6.1.5. hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; 6.1.6. hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; 6.1.7. yol vergisi; 6.1.8. mədən vergisi; 6.1.9. sadələşdirilmiş vergi; 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. 218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. 218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.1. bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər; 218.4.2. idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər; 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər; 218.4.5. mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər. 218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: 218.5.1. aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər; 218.5.2. kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar; 218.5.2-1. Bu Məcəllənin 218.5.2-ci və 218.5.10-cu maddələrinin müddəaları icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir. 218.5.3. qeyri-dövlət pensiya fondları; 218.5.4. əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər; 218.5.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri; 218.5.6. mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (bu Məcəllənin 218.1.2-ci, 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər 218.5.7. publik hüquqi şəxslər; 218.5.8. işçi rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər; 218.5.9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər; 218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla); 218.5.11. qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər; 218.5.12. xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər; 218.5.13. icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər. 218.6. Aşağıdakı hallarda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır: - 218.6.2. bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda. VM-nin XVİİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər, həmçinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləridirlər. Nəzərə alınmalıdır ki, vergi münasibətlərini tənzimləyən qanunvericilik həm sadələşdirilmiş vergi ödəyiciləri hesab olunan, həmçinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmayan şəxslərin əhatə dairəsini müəyyən etmiş və ayrıayrı müddəalar altında səciyyələmişdir. Xüsusi ilə qeyd olunmalıdır ki, hazırda qüvvədə olan VM-nin 218.5.10-cu maddəsinin normasına görə vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxs sadələşdirilmiş vergi ödəyicisi hesab oluna bilməz. Nəzərə alınmalıdır ki, qanunvericilik vergi ödəyicisinə sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnun saxlanılması üçün xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların həcminin 30 faizindən çox olmaması şərtini müəyyən etmişdir. Buna misal olaraq məhkəmə qeyd edir ki, tutaq ki, işçilərinin sayı 5 nəfər olan MMC mühasibat işləri ilə bağlı həm vergi ödəyicilərinə, həm də əhaliyə müxtəlif növ xidmətlər göstərir. MMC-nin 2020-ci ilin 1-ci rübündə göstərdiyi xidmətlərin ümumi həcmi 56.000 manat, vergi ödəyicilərinə elektron qaimə-faktura əsasında göstərdiyi xidmətlər üzrə əməliyyatların həcmi 14.000 manat, bu fəaliyyətə aid olan xərc isə 16.000 manat olmuşdur. Bu halda MMC-nin fəaliyyətini hansı formada həyata keçirəcəyini müəyyən edilməsi istiqamətində aşağıdaki hallara nəzər yetirilməlidir. Əvvəlcə MMC-nin rüb ərzində vergi ödəyicilərinə elektron qaimə-faktura əsasında göstərdiyi xidmətlər üzrə əməliyyatlarının MMC-nin xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatlarında xüsusi çəkisini müəyyən etməliyik. Bunun üçün vergi ödəyicilərinə elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatların cəmi olan 14.000 manatı xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların cəmi olan 56.000 manata bölərək xüsusi çəki məbləğinin 25% ((14.000 / 56.000) x 100 = 25%) olduğunu müəyyən edirik. Göründüyü kimi, rüb ərzində vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməklə həyata keçirilmiş əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadığından, MMC fəaliyyətini sadələşdirilmiş verginin ödəyicisi kimi davam etdirə bilər. Məhkəmə qüvvədə olan qanunvericiliyin müddəalarını hazırki işin faktiki halları ilə birgə təhlil etdikdə hesab edir ki, VM-nin 218.6.2-ci maddəsinin tələbləri baxımından sadələşdirilmiş vergi metodunun tətbiq etmək hüququ iddiaçıya şamil olunmur. Belə ki, işin mübahisələndirilməyən hallarına görə iddiaçının hesabat dövrü ərzində ümumi gəliri 71.813,38 manat (online kassa aparatı ilə 0 manat; ixrac edilmiş 0 manat və elektron qaimə-faktura əsasında 71.813,38 manat) təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının ümumi gəliri yalnız onun vergi ödəyicilərinə göstərdiyi xidmətlər ilə bağlı olduğundan, xüsusi çəki məbləğinin 30 % - dan çox olması təkzib olunmaz bir haldır. Göstərilən bu hal isə iddiaçıya münasibətdə sadələşdirilmiş vergi metodunun tətbiq etmək hüququnun saxlanılmasını istisna edir. Başqa sözlə desək, iddiaçı vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərmədiyindən, yalnız vergi ödəyicilərinə xidmət göstərdiyindən, həmçinin iddiaçı maddədə göstərilən istisna halların (VM-nin 218.4.1-ci və 220.10-cu maddələrində) əhatə dairəsinə düşmədiyindən, o, sadələşdirilmiş vergi ödəyicisi hesab olunmur. Məhkəmə həmçinin hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan VM-nin 218.5.10-cu maddəsinin norması baxımından da hesab edir ki, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi hesab olunmur. Belə ki, həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olmadığı təsbit edilmişdir. Məhkəmə hesab edir ki, istərsə hal-hazırda qüvvədə olan qanunvericiliyin, istərsə də hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları baxımından iddiaçı sadələşdirilmiş vergi ödəyicisi hesab olunmamış, VM-nin 218.5.10-cu maddəsinin əvvəlki redaksiyası yüngülləşdirici hal kimi vəziyyəti iddiaçının xeyrinə dəyişməmişdir. Çünki, iddiaçı tərəfindən göstərilən xidmətlər hər bir halda vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) olmamış, məhz vergi ödəyicilərinə olmuşdur ki, buda nəticə etibarı ilə iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olmadığını sübut edir. Məhkəmə hesab edir ki, inzibati aktların, qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu vergi orqanı tərəfindən sübut edildiyindən mübahisələndirmə növündə hazırkı iddianın təmini əsası mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə izah edir ki, iddiaçı gələcəkdə ödənilməmiş vergi borcunun hissə-hissə ödənilməsi ilə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2504/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2504/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver