Məhkəmə qərarları › İş №2-1(112)-2504/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2504/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2504/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əvəzləşdirmə barədə qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı məhkəməyə müraciət edərək, 2019-cu ilin iyun ayından dayandırılmış pensiyanın bərpası və düzgün hesablanmayan pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “İddiaçı barəsində artıq ödənilmiş vəsaitin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə, həmin əvəzləşdirmə barədə qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1-O- 235441/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarın “Qeyd” adlanan qrafasının ləğv edilməsi və iddiaçıya ödənilməli olan pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xəstəliyi ilə əlaqədar olaraq 2017-ci ilin yanvar ayından İ qrup əlillik pensiyası təyin olunmuşdur. Nazirlik tərəfindən 2019-cu ilin iyun ayında heç bir əsas olmadan qanunsuz olaraq pensiyası dayandırılmışdır və bu günə qədər həmin dayandırılmış pensiya bərpa olunmamışdır. Cavabdehə göndərdiyi çoxsaylı müraciətlərinin heç bir nəticəsi olmamışdır. Belə ki, axırıncı dəfə 17 yanvar 2024-cü il tarixində müraciət etmişdir və bu günə qədər pensiyası bərpa olunmamış və heç bir rəsmi cavab verilməmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3838/2021 saylı qərarı ilə İ dərəcə əlilliyi yenidən təyin olunmuşdur. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə 2-(102)- 846/2023 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Ona İ qrup əlil kimi cavabdeh tərəfindən 429,79 manat məbləğində pensiya hesablanmışdır və bu faktı təsdiq edən xx.xx.2022-ci il tarixli, **********0 saylı cavabdehin arayışında da öz təsdiqini tapmışdır. Lakin, məhkəmə qərarlarından sonra cavabdehin tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-7/2-0- 48180/202 saylı arayışında isə guya 303,75 manat məbləğində əmək pensiyası təyin olunması göstərilmişdir. Beləliklə, cavabdeh qanunsuz olaraq pensiyasının 126 manatını kəsmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də, o, bu qanunsuzluğu davam etdirir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavadehə göndərdiyi rəsmi məktuba xx.xx.2024-cü il tarixdə cavabdeh məntiqə sıxmayan cavab yazmışdır.

4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “sizə Fondun keçmiş Yasamal rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi İ dərəcə əlilliyə görə xx.xx.2017-ci il tarixindən əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2017-ci il tarixilidən müəyyən edilmiş İ dərəcə əlilliyiniz xx.xx.2019-cu il tarixində etibarsız edildiyindən sizə ödənilmiş əmək pensiyası üzrə xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3838/2021 nömrəli Qərarına əsasən xx.xx.2020-ci il tarixindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyiniz müəyyən edildiyindən sizə həmin tarixdən ümumi əsaslarla 200 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 337,77 manata çatdırılmış və hazırda ödənişi davam etdirilir. Qanunun 39.1-ci maddəsinə əsaəsn əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən bildiririk ki, 2022-ci ilin may və iyun aylarında sizə sistem tərəfindən 472,71 manat (hər ay) məbləğində əmək pensiyası ödənilib. Nəticədə əmək pensiyası üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıqödəmə müəyyən edilib. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Bildiririk ki, sizə xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödənilmiş vəsaitin bir hissəsi xx.xx.2020-ci il tarixindən hesablanmış ötən dövr məbləği ilə, həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın indeksləşdirilməsi nəticəsində ötən dövr üzrə (xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək) yaranmış fərq məbləği ilə əvəzləşdirilmişdir. Eyni zamanda bildiririk ki, hazırda əmək pensiyanızdan hər hansı tutulma aparılmır.”

5. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı ərizə ilə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti cavablandırılmış, ona xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində aylıq pensiya məbləğinin ödənildiyi bildirilmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İlk öncə, İddiaçı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə xx.xx.2017-ci il tarixdə ilkin əlillik təyin edilmiş, lakin xx.xx.2019-cu il tarixdə həmin əlillik etibarsız hesab edildiyindən ona xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12138,60 manat məbləğində artıq ödənilmiş pensiya məbləği vəsaiti müəyyən edilmişdir. Bundan əlavə, İddiaçı əlilliyə görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən yenidən bərpa edilmiş və 2022-ci ilin may və iyun aylarında aylıq 248,16 manat həddində təyin edilmiş pensiya məbləğini almalı olduğu halda, aylıq 472,71 manat almışdır. Beləliklə də, 2x472,71 - 2x248,16 = 449,10 manat məbləğində vəsaitin yenidən artıq ödənildiyi müəyyən edilmişdir. Bu baxımdan İddiaçı ümumilikdə artıq ödənilmiş vəsait 12587,70 manat (449,10 + 12138,60 = 12587,70) təşkil etmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(112)-3838/2021 nömrəli qərarına (qərarda İddiaçı 1-ci dərəcə əlilliyin təyinat tarixinin xx.xx.2020-ci il tarixdən olmasının nəzərə alınması qeyd olunmuşdur) və vətəndaşın pensiya işində olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına və Əsasnamə”yə uyğun olaraq, ona xx.xx.2020-ci il tarixdən 200 manat məbləğində orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı əlilliyinin bərpa edildiyi dövrlər üzrə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək alınmamış 3912,90 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək keçmiş dövr üzrə 4830,24 manat, həmçinin maddi yardım 200,00 manat və 2024-cü ilin indeksasiya məbləği olan 34,02 manat məbləği 12587,70 manat məbləğində artıq ödənilmiş vəsaitlə əvəzləşdirilmişdir. Dövlət Xəzinədarığından əldə edilmiş çıxarışa əsasən 945,42 manat məbləğində vəsait vətəndaş tərəfindən xx.xx.2022-ci il tarixində nağd qaydada bərpa edilmişdir. Beləliklə, iddiaçının hazırda xx.xx.2024-cü il tarixinə Fonda qalıq borcu 2665,12 manat təşkil etmişdir. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 27 il 11 ay 6 gün sığorta stajı və xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 6858,51 manat pensiya kapitalı əsasında ona 200 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluğ stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 222,80 manata çatdırılıb. Əmək pensiyanısın məbləği (222,80 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixdən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 29.1-ci maddəsinə əsasən 303,75 manata çatdırılıb. İddiaçıya 2024-cü il tarixdən hər ay 337.77 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənilir. Beləliklə, İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etriazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. İddia tələbi artıq ödənilmiş vəsaitin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi, əvəzləşdirilmiş pul vəsaitinin iddiaçıya ödənilməsi ilə bağlıdır.

9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

13. İddianın növü öhdəliyin icrası haqqında iddiadır.

14. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü ildə təqdim edilmişdir.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə müddətsiz 1ci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3838/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçının əlillik qiymətləndirilməsi əlillik altsistemində bərpa edilmişdir. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2019-cu ildən ödənilməmiş pensiya məbləğlərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən edilmiş müraciətin araşdırılması zamanı inzibati icraat aparılmış və aparılmış inzibati icraat nəticəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12138,60 manat məbləğində və əlilliyə görə əmək pensiyasının bərpasından sonra 2022-ci ilin may və iyun aylarında 472,71 manat artıq ödənilmiş pensiya məbləği vəsaiti müəyyən edilmişdir. Cavabeh artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsini həyata keçirmiş və İddiaçı əlilliyinin bərpa edildiyi dövrlər üzrə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək alınmamış 3912,90 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək keçmiş dövr üzrə 4830,24 manat, həmçinin maddi yardım 200,00 manat və 2024-cü ilin indeksasiya məbləği olan 34,02 manat məbləği 12587,70 manat məbləğində artıq ödənilmiş vəsaitlə əvəzləşdirilmişdir.

17. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətləri iddiaçının hüquqlarını pozur, ona görə də artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi və iddiaçıya ödənilməli olan pul vəsaitinin tərəfindən iddiaçıya ödənilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

18. Belə ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə uyğun olaraq ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsini həyata keçirilmişdir. İddiaçıya artıq ödənilmiş pul vəsaitinin qaytarılmasının üsul və qaydalarını tənzimləyən normalar “Əmək pensiyaları haqqında” AR Qanununun 39-cu maddəsi, AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6-cı bəndi ilə tənzimlənir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

21. Göründüyü kimi şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq artıq ödəmənin əvəzləşdirilməsi pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər.

22. İş materiallarına əlavə edilən sənədlərdən müəyyən olunur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasına iddiaçının razılığı ifadə olunmamış, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil.

23. Məhkəmə qeyd edir ki, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan tərəfindən birtərəfli qaydada ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pensiya məbləği əvəzləşdirmişdir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

25. Beləliklə, artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qərar ləğv edilməli və iddiaçıya ödənilməli olan pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı barəsində artıq ödənilmiş vəsaitin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1-O-235441/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarın “Qeyd” adlanan qrafasının ləğv edilməsi və iddiaçıya ödənilməli olan pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar