Məhkəmə qərarları › İş №2-1(112)-2505/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2505/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2505/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (oğlu) X8 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Binəqədi rayon icra hakimiyyəti başçısının 11 noyabr 1999-cu il tarixli 813 saylı sərəncamının ləğv edilməsi iddia tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14 aprel 1998-ci il tarixli, 254 saylı Sərəncamını yerinə yetirmək məqsədi ilə ailəvi yataqxanaların qanunvericilikdə nəzərdə tutulan qaydada rayon mənzil-kommunal təsərrüfat birliklərinin balansına verilməsini və sakinlərin yaşadıqları mənzilləri onların adına rəsmləşdirilməsini təmin etmək məqsədilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin 22 aprel 1998-ci il tarixli, 50 saylı Sərəncamı ilə yaradılmış mərkəzi komisiyyasının 18 saylı Sərəncamı ilə 22 noyabr 2003-cü il tarixli, 18 saylı sərəncamı ilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olan 7-ci MKR, Xarici Dairəvi küçəsi 76 saylı mənzilində yaşayan İddiaçı çıxarış verilməsi qərarı alınmışdır. Həmin sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 254 saylı Sərəncamına əsasən ailəvi yataqxanalarda yaşayan ailələrə daimi çıxarışlar verilməsi Bakı Tikinti və Şəhərin İnkişafı Departamentində fəaliyyət göstərən komisiyyanın rəyi əsasında ailəvi yataqxanaların hər hansı bir mənzilində yaşayan vətəndaşları həmin mənzil üzrə sənədləşdirilməli idi. Bundan əlavə sərəncamda qeyd edilir ki, vətəndaş uzun müddət həmin mənzildə yaşadığı üçün həmin şəxsə məxsusdur. O həmin mənzildə qeydiyyatdadır. Sərəncamın 1-ci bəndinə əsasən 7-ci MKR. Xarici Dairəvi küçəsindəki 76 saylı binada yerləşən 2 otaqlı yaşayış sahəsi 39.2 kv.m olan 5 saylı mənzil İddiaçı adına çıxarış verilməsi qərara alınmışdır. Bundan əlavə, yaşayış sahəsinin icarəsi üçün 22 sentyabr 2002-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mənzil ona sentyabr 2002-ci il tarixdən yanvar 2020-ci il tarixə qədər icarəyə verilib. Səhhətində yaranmış ciddi problem ilə əlaqədar olaraq bir müddət oğlunun evində qalmağa məcbur oldu. Sonradan öz evinə qayıdarkən ona bəlli oldu ki, məcburi köçkünlər ona məxsus mənzildə məskunlaşıblar. 2020-ci ildə mənzilə dair çıxarış almaq məqsədilə müraciət etdikdə ona bildirildi ki, mənzilə dair mülkiyyət hüquqları digər şəxsin adına qeydiyyata alınıb. Verilmiş sorğular nəticəsində bəlli olur ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 noyabr 1999-cu il tarixli 813 saylı Sərəncamına əsasən Bakı şəhəri, 7-ci mkr-n. Xarici dairəvi küçəsində yerləşən 7 saylı binanın 2 otaqdan ibarət 5 nömrəli mənzilə dair X7 ailə tərkibi 4 nəfərlə daimi order verilməsi qərara alınmışdır. Hüquqların qeydə alınmasına dair çıxarışın verilməsinə əsas olmuş sənədə əsasən müəyyən olundu ki, ona məxsus mənzil cavadeh X11 digər cavadeh X4. O həmin mənzildə qeydiyyatda olduğu halda ona məxsus mənzil qanunsuz, olaraq başqa şəxsin adına qeydiyyata alınıb. Hesab edir ki, mənzil Sərəncama əsasən ona məxsus olduğu halda və o həmin mənzildə qeydiyyatda olduğu halda qanunsuz olaraq başqa şəxsə satılmışdır. İlkin olaraq mülki qaydada iddia qaldırdı və mübahisəli mənzilə dair verilmiş çıxarışın ləğvi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən verilmiş sorğulara əsasən bəlli oldu ki, mübahisəli mənzilə dair cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 11 noyabr 1999-cu il tarixli 813 saylı Sərəncamına əsasən Bakı şəhəri, 7-ci MKR-n, Xarici dariəvi küçəsində yerləşən 7 saylı binanın 2 otaqdan ibarət 5 nömrəli mənzilə dair X7 ailə tərkibi 4 nəfərlə (həyal yoldaşı X9, uşaqları X19 və Muxtarov Müşv iq Rəsul oğlu) daimi order verilməsi qərara alınmışdır. 040589 №-li 1 İ novabr İ 999-cu il tarixli mənzilə dair orderə əsasən Bakı şəhəri, 7-ci MKR, Xarici dairəvi küçəsində yerləşən 7 saylı binanın 2 otaqdan ibarət 5 nömrəli mənzil X7 və ailə üzvlərinə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvenlarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 068067 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu. Xarici Dairəvi küçəsi, 76 saylı evin 39.2 metr yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzili X6 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir, bu barədə 1146 saylı reyestr kitabında 172084 səhifədə 30\172-84 nömrə ilə 22.03.3001-ci il tarixdə qeydə alınmışdır. Sonradan bu əmlakı X2 Əfqan Əbülfəz, oğluna salmış və hal-hazırda sonuncunun mülkiyyətindədir. Hesab edir ki, Binəqədi Rayon icra Hakimiyуəti Başçısının 11 novabr 1999-cu il tarixli 813 saylı sərəncamı qanunsuz və əsassızdır. Ona görə məhkəmə qaydasında ləğv edilməlidir. 2 fevral 1994-ci il tarixli 39 saylı protokol ilə Bakı şəhəri 6 saylı Təmir tikinti idarəsində həmkarlar təşkilatının qərarı ilə ailə üzvlərinin sayı nəzərə alınmaqla mübahisəli mənzilə dair ona 125 saylı order verilmişdir. Bu isə o deməkdir ki, mənzilə dair order ilkin olaraq ona verilmişdir. Həmin mənzilə dair order onun adına olduğu halda cavdeh orqan qanunsuz olaraq 3-cü şəxsin adına sonradan order vermişdir.

3. 6 saylı Təmir tikinti idarəsində mühəndis işləyən İddiaçı 6 saylı təmir-tikinti idarəsi tərəfindən 5 nömrəli mənzil ayrılmışdır.

4. Bakı Tikini və Şəhərin İnkişafı Departameni və İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, ünvan 2 ünvanında nömrəsi göstərilməyən mənzilə dair müqavilə bağlanmışdır.

5. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 14 aprel 1998-ci il tarixli, 254 saylı Sərəncamını yerinə yetirmək məqsədi ilə ailəvi yataqxanaların qanunvericilikdə nəzərdə tutulan qaydada rayon mənzil-kommunal təsərrüfatı birliklərinin balansına verilməsini və sakinlərin yaşadıqları mənzilləri onların adma rəsmiləşdirilməsini təmin etmək məqsədilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin 22 aprel 1998-ci il tarixli, 50 saylı Sərəncamı ilə yaradılmış mərkəzi komissiyanın 22.11.2003-cü il tarixli 18 saylı 22.11.2003-cü il tarixli Sərəncamında qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 254 saylı, 14 Aprel 1998-ci il tarixli Sərəncamına əsasən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin balansında olan 24 ailəvi yataqxanaları yerləşdikləri ərazi üzrə rayon MKTB-nin balansına verilmişdir ki, belə ailəvi yataqxanalardan biridə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olan 7-ci MKR, Xarici Dairəvi küçəsindəki 76 saylı ailəvi yataqxanadır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 254 saylı Sərəncamına əsasən ailəvi yataqxanalarda yaşayan ailələrə daimi çıxarışlar verilməsi Bakı Tikinti və Şəhərin İnkişafı Departamentində fəaliyyət göstərən komissiyanın rəyi əsasında ailəvi yataqxanaların hər hansı bir mənzilində yaşayan vətəndaşları həmin mənzil üzrə sənədləşdirilməlidir. Mənzil vətəndaşa kirayə əsasında verilərək bütün şəraitlə təmin edilmişdir. Vətəndaş uzun müddət həmin mənzildə yaşadığı üçün həmin şəxsə məxsusdur. 7-ci MKR, Xarici Dairəvi küçəsindəki 76 saylı binada yerləşən 2 otaqlı, yaşayış sahəsi - 39,2 kv.m olan 5 saylı mənzili İddiaçı 1 (bir) nəfər ailə tərkibi ilə daimi sənədləşdirilməlidir.

6. Məhkəmənin sorğusuna əsasən, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin ailəvi yataqxanalarının yerləşdiyi ərazilər üzrə rayon mənzil-kommunal təsərrüfat birliklərinin balansına verilməsi haqqında 14.04.1998-ci il tarixli 254 nömrəli sərəncam qəbul edilmiş və həmin sərəncama əsasən, Binəqədi rayonu, 7-ci mkr. X.Dairəvi küç., 76 saylı binada yerləşən 6№-li ailəvi yataqxana Baş İstehsalat təmir-tikini idarəsinin balansından Binəqəi rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına əvəzsiz olaraq verilmişdir.

7. İddiaçı tərəfindən təqdim edilmiş Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.11.1999-cu il tarixli 813 saylı sərəncamının kserosurərinə əsasən, 7-ci mkr. X.Dairəvi küç., 76 saylı binanın 5 saylı mənzilinə dair X7 ailə tərkibi 4 nəfərlə (özü, h/yoldaşı, 2 uşağı) order verilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsinin kserosurətinə əsasən X11 ilə X15 arasında ünvan 4 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqviləsi bağlanmışdır.

8. Məhkəmənin sorğusuna cavab olaraq ünvan 5 ünvanının X10 adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti təqdim edilmişdir. Həmin sənədlərə əsasən müəyyən olunur ki, X21 ilə X15 arasında ünvan 4 ünvanında yerləşən mənzilə dair alqısatqı müqviləsi bağlanmışdır. Binəqədi XDS-nin 04.11.1999-cu il tarixli 790 nömrəli qərarına əsasən, 7-ci mkr. X.Dairəvi küç., 76 saylı binanın 5 saylı mənzilinə dair H.S.Hüseynovun adına ailə tərkibi 4 nəfərlə (özü, h/yoldaşı, 2 uşağı) order verilmişdir.

9. Məhkənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyi tərəfindən təqdim olunan arayışlara əsasən müəyyən olunur ki, 7 mkr. Xarici dairəvi küç. ev 76, mən. 5, hazırkı 7-ci mkr. A.Kunanbayev küç., ev 76, mən. 5 ünvanı üzrə 040648 nömrəli 04.11.1999-cu il tarixli verilmiş orderə əsaəsn C.H.Hüseynova verilmişdir. 14.11.2019-cu il tarixdən mənzil özəlləşdirilərək alqı-satqı yolu ilə X1. Mənzildə Füzuli rayonundan gəlmiş məcburi köçkün X3 yaşamışdır. Qonşuların tərtib etdiyi akta əsasən həmin ünvanda hal-hazırda X16, X17 və X18 qeydiyyatsız yaşayır.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdir ki, hazırki iddianı qaldırmaqda məqsədi onu sonradan özəlləşdirməkdir. Belə ki, hesab edir ki, həmin mənzil onun mülkiyyətinə verilməlidir.

II. İddianın mümkünlüyü

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

13. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

14. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

16. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər.

17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

18. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

19. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

20. İş materiallarına əsasən müəyyən edilir ki, 7-ci mkr. X.Dairəvi küç., 76 saylı binanın 5 saylı mənzilinə dair ilkin sənəd Binəqədi XDS-nin 04.11.1999-cu il tarixli 790 nömrəli qərarına əsasən X14 adına verilmiş orderdir. 7-ci mkr. X.Dairəvi küç., 76 saylı binanın 5 saylı mənzilinə dair X6 adına verilmiş Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.11.1999-cu il tarixli 813 saylı sərəncamının olduğu müəyyən edilməmişdir.

21. İddiaçı 7-ci mkr. X.Dairəvi küç., 76 saylı bina müvafiq icra hakimiyyətinin balansına verildikdən sonra həmin yataqxanadakı 5 saylı yaşayış sahəsində faktiki yaşamamış və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamamışdır. Məhkəmə hesab edir ki, iddiaçıya hüquqi yardım göstərilərək müvafiq orderin və sərəncamın (Binəqədi XDS-nin 04.11.1999-cu il tarixli 790 nömrəli qərarına əsasən X14 adına verilmiş orderin) mübahisələndirilməsinə dair hüquqi yardımın göstərilməsi iddianın mümkünsüzlüyünü istisna etməyəcəkdir. Odur ki, iddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.

22. Odur ki, iddiaçının həmin sərəncamın mübahisələndirməyə subyektiv hüququ yoxdur.

23. Digər tərəfdən belə hüquqi imkan mövcud olmuş olsa belə, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər ötürülmüşdür.

24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

25. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar