Məhkəmə qərarları › İş №2-1(112)-2505/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2505/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2505/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Azərbaqqaliyyə” kontorunda işlədiyi əmək stajının bərpa olunub sığorta stajına əlavə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun pensiya yaşı çatdığına görə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 1 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmişdir. Beş il ali təhsil və institut təhsili ilə “Azərməişət” İB-də işlədiyi 15 iş stajı (ümumilikdə 21 il) qəbul edilmişdir. Ancaq əmək kitabçasında qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Azərbaqqaliyyə” kontoru arxiv sənədləri "xxxx" SC təhvil vermədiyi üçün həmin müəssisədə əmək haqqı alıb-almamağını müəyyənləşdirmək mümkün olmadığından qeyd edilən staj dövlət sığorta stajına daxil edilməmişdir. Əgər “Azərbaqqaliyyə” kontoru arxiv sənədlərini təhvil verməmişsə bunda onun günahı yoxdur. "xxxx" SC onun əmək kitabçasında qeydiyyat aparıb möhür vurmuşdur. Məhkəmənin 28 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunaziddir. İddiaçını mübahisələndirilən sığorta stajını xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Azərbaqqaliyə” kontorunda işlədiyi dövr təşkil edir. “X3” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə riayət edildiyi təqdirdə iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranacaqdır. “X3” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Lakin İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İddiaçı ümumi iş stajı 19 il 8 ay 4 gündür. Həmin sosial sığorta stajına uyğun olaraq, pensiya kapitalı 15865,06 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 21,13 manat olmaqla qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır. Belə ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyini iddia etdiyi “Azərbaqqaliyə” kontorunun arxiv sənədləri "xxxx" SC-nə təhvil verilmədiyindən həmin müəssisədə əməkhaqqı alıb-almamasını müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd edilən illər sığorta stajına daxil edilməmişdir. "X3" Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölüm ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçının əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illərin iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İddiaçı "yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. İlkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29 avqust 2022-ci il tarixli, **********1 saylı məktubda bildirilmişdir ki, “X3” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi əmək kitabçası və diplomun surətlərinə, məhkəmə qərarına və digər sənədlərə əsasən sığorta stajı 19 il 8 ay 4 gün təşkil edir. Eyni zamanda, xx.xx.2006cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 6 ay 4 gün sığorta stajına uyğun olaraq 15865,06 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 21,13 manat olmaqla, ümumilikdə 15886,19 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34 560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X1 və araşdırma şöbəsinin müvafiq aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Azərbaqqaliyyə” kontorunun arxiv sənədləri "xxxx" SC-yə təhvil verilmədiyi üçün həmin müəssisədə əməkhaqqı alıbalmamağını müəyyənləşdirmək mümkün olmadığından qeyd edilən dövrlər sığorta stajınıza daxil edilməmişdir. Əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Həmin Qanunun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş iddiaçının 29 iyun 2022-ci il tarixli ərizəsinə əsasən o, yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi iddiaçıya ünvanlanmış 29 iyul 2022-ci il tarixli **********8 saylı məktubda bildirilmişdir ki, “X3” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilmişdir. Təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" SC-nin “Azərbaqqaliyyə” topdansatış kontorundakı əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma bitdikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 10 avqust 2022-ci il tarixli sosial sığortanın araşdırılması haqqında akta əsasən “Azərbaqqaliyyə” kontorunun arxiv sənədləri "xxxx" ASC-yə təhvil verilmədiyi üçün İddiaçı sığorta stajını araşdırmaq mümkün olmamışdır. Cavabdehin **********3 saylı, 16 avqust 2022-ci il tarixli Qərarına əsasən əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında **********3 saylı, 16 avqust 2022-ci il tarixli qərarına əsasən imtina səbəbləri haqqında bildirilmişdir ki, minimum pensiya təminatı üçün tələb olunan 25 il sığorta stajı, fərdi hesabın sığorta hissəsində minimum pensiya təminatına imkan verən kapitalı olmadığı üçün X3 qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış sorğunun cavablandırılması haqqında xx.xx.2022-ci il tarixdə daxil olmuş xidməti məktubda bildirilmişdir ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi “Azərbaqqaliyyə” topdansatış kontorunun arxiv sənədləri "xxxx" SC-yə təhvil verilmədiyi üçün sözügedən müəssisədə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Cavabdehin “Əmək pensiyasının təyin edilməsi haqqında” **********3 saylı, 16 avqust 2022-ci il tarixli qərarına əsasən İddiaçı minimum pensiya təminatı üçün tələb olunan 25 il siğorta stajı, fərdi hesabın siğorta hissəsində minimum pensiya təminatına imkan verən kapital olmadığı üçün X3 Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilməmişdir. Cavabdehin “Sosial müavinət təyinatı üzrə” 38705 saylı, 18 avqust 2022-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2022-ci ildən ömürlük yaşa görə müavinət təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş iddiaçının İV seriyalı, 027280 saylı diplomuna əsasən o, 1977-1982-ci ildə Azərbaycan İnşaat Mühəndisliyi İnstitutununda iddiaçının “mühəndis texnoloq” ixtisası üzrə ali təhsil almışdır. İddiaçı İT seriyalı, ******* saylı əmək kitabçasında qeyd olunmuş iş haqqında məlumatlara əsasən onun “Azərbaycanmebel” TİB-nə qəbul olunana qədər əmək stajı olmamışdır. xx.xx.1982-ci il tarixdə istehsalat – təşkilat şöbəsinə mühəndis – texnoloq vəzifəsinə təyin olunmuşdur. xx.xx.1993-cü il tarixdə mühasibat uçotu və nəzarəti şöbəsinə mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü il tarixdə TİK firma “Mebel” adı dəyişdirilərək “Azərbaycanmebel” Respublika Birliyi adlandırılmışdır. xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası ƏMQM 38-ci maddəsinin 1-ci bəndinə əsasən birliyin ləğv edilməsi ilə əlaqədar işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 01-sm-521 saylı, 20 dekabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaqqaliyyə” topdansatış ticarət kontorunun arxiv sənədləri "xxxx" ASC-də mövcud olmadığı üçün İddiaçı həmin kontorda fəaliyyət göstərməsi, fəaliyyət növü və illəri barədə hər hansı bir məlumatın verilməsi mümkünsüzdür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən 06 oktyabr 2022-ci il tarixli, **********212700 saylı məktubla bildirilmişdir ki, "xxxx" X6 Cəmiyyəti (VÖEN **********) xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" ATSC-nin qeydiyyat qovluğuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 191s nömrəli sərəncamı ilə “Azərbaqqaliyə” Topdansatış Kontoru "Azərkontrakt” X6 Cəmiyyətinin strukturuna daxil edilmişdir. Bundan başqa, hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması mərkəzi depozitarın fəaliyyətinə aid edildiyindən əlavə məlumat əldə edilməsi məqsədi ilə aidiyyəti üzrə müraciət edilə bilər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş “"xxxx" Səhmdar Cəmiyyətinin müəssisə və obyektləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 588 nömrəli, 24 iyun 1997-ci il tarixli sərəncamı ilə: 1. Azərkontrakt” Səhmdar Cəmiyyətinin dövlət mülkiyyətində qalmalı olan müəssisə və obyektlərinin siyahısının 10 gün müddətində müəyyən olunması; 2. "xxxx" Səhmdar Cəmiyyətinin digər müəssisə və obyektləri özəlləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sərəncamına verilməsi; 3. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi onun sərəncamına keçən müəssisə və obyektlərin səhmdar cəmiyyətlərə çevrlməsi və özəlləşdirilməsinin təşkil edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 191 saylı, 05 iyul 1997-ci il tarixli sərəncamı ilə; 1. müəyyən edilmişdir ki, "xxxx" Səhmdar Cəmiyyətinin və keçmiş Ticarət Nazirliyinin bu sərəncama əlavə edilmiş siyahıda göstərilən müəssisə və obyektləri "xxxx" Səhmdar Cəmiyyətinin strukturuna daxil edilməklə dövlət mülkiyyətində qalsın. 2. nəzərə alınmışdır ki, "xxxx" Səhmdar Cəmiyyətinin və keçmiş Ticarət Nazirliyinin bu sərəncamın əlavəsində göstərilən siyahıya daxil olunmayan digər müəssisə və obyektləri özəlləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sərəncamına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərərk məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “X3” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“X3” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “X3” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı xx xxxxxx 1959-cu il tarixdə doğulmuşdur. İddiaçının xx.xx.1982-ci il tarixdə doldurulmuş əmək kitabçasında xx.xx.1982xx.xx.1997-ci illərdə, xx.xx.1997-xx.xx.2004 və xx.xx.2021-xx.xx.2021-ci illərdə işləməsinə dair qeydlər var. İş materiallarında olan iddiaçının İV seriyalı, 027280 saylı diplomuna əsasən o, 1977-1982-ci illərdə Azərbaycan İnşaat Mühəndisliyi İnstitutununda “mühəndis texnoloq” ixtisası üzrə ali təhsil almışdır. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixə ən azı 25 il sığorta stajı var (26 il 04 ay 01 gün). Mübahisəli sosial sığorta stajı xx.xx.1997-xx.xx.2004-cü illər ərzində “Azərbaqqaliyyə” kontorundakı əmək fəaliyyəti dövrüdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, dövlət reyestrində "xxxx" X6 Cəmiyyəti (VÖEN **********) xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" ATSC-nin qeydiyyat qovluğuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 191s nömrəli sərəncamı ilə “Azərbaqqaliyə” Topdansatış Kontoru "Azərkontrakt” X6 Cəmiyyətinin strukturuna daxil edilmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə tərəfindən “Azərbaqqaliyə” Topdansatış Kontoru iddiaçı ilə əmək münasibətlərinə daxil olmamışdan əvvəl hüquqi şəxs kimi qeydə alındığı müəyyən edilmiş, iddiaçının əmək kitabçasında xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Azərbaqqaliyə” Kontoru xəzinədar vəzifəsində işləməsinə dair qeydlər mövcuddur. Odur ki, “Azərbaqqaliyə” kontorunun arxiv sənədlərinin saxlanılmaması iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə qeyd edir ki, inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən pensiyanın yenidən hesablanmasından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Nəticə etibarilə, iddiaçının yaşa görə pensiyanın yenidən hesablanması hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X4 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). “X3” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. İddai təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. 1 iyul 2021 – 30 iyun 2022-ci il arası dövrdə qadınlar üçün pensiya yaşı 62 il 6 aydır. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1959-cu ildə doğulduğu üçün xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar