Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2507/2021 04.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə iddiaçı “X6” İctimai Birliyinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Cavabdeh2nə, Bakı Şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Mustafayeva Gövhər Eldəniz qızına qarşı «qeyriyaşayış sahəsi ilə bağlı icazə qərarının, layihənin, reyestrdən çıxarışın və digər hüquq müəyyənedici sənədlərin ləğv edilməsi və mülkiyyət hüququna dair qeydiyyat yazılarının pozulması»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X6” İctimai Birliyi cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Cavabdeh2nə, Bakı Şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Mustafayeva Gövhər Eldəniz qızına qarşı «qeyri-yaşayış sahəsi ilə bağlı icazə qərarının, layihənin, reyestrdən çıxarışın və digər hüquq müəyyənedici sənədlərin ləğv edilməsi və mülkiyyət hüququna dair qeydiyyat yazılarının pozulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, R.Rüstəmov küçəsi, 41/43 saylı evlərin həyətində 1978-ci ildə 104,2 kv.m sahəsi olan “Xeyir-şər evi” adlanan köhnə tikili inşa edilmişdir. Sözügedən tikili həmin evin bir qrup sakininin vəsaiti hesabına inşa olunmuş və onlar xx xxxxxxx 2006-cı il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrinə əsasən sahiblik hüququ ilə istifadəsini və idarə olunmasını “X6” İctimai Birliyinə vermişlər. İctimai Birlik tərəfndən həmin tikili təmir edilmiş, oraya bir sıra avadanlıqlar alınmışdır. Tikilinin təyinatlı üzrə istifadə olunması ilə yanaşı İctimai Birlik bəzi tədbirlərini orada keçirmişdir. Bir müddət əvvəl İctimai Birlik həmin tikilidə tədbir keçirmək istədikdə, birdirilmişdir ki, artıq qeyriyaşayış sahəsi başqa şəxsin mülkiyyətindədir. İddiaçı həmin qeyri-yaşayış sahəsinə dair arayış və hüquqmüəyyən edici sənədlərin verilməsi ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli arayışından məlum olur ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 43C saylı ünvanda yerləşən 104,2 kv.m qeyri-yaşayış binası Bakı şəhəri Nizami RİH başçısının “Tikinti obyektinin istismarına dair” 010 nömrəli xx xxxxxx 2016-cı il tarixli icazə qərarı əsasında Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihəyə əsasən ilkin olaraq xx xxxxxx 2019-cu il tarixdə Mustafayeva Gövhər Eldəniz qızının adına qeydiyyata alınıb və hal-hazırda adıçəkilən şəxsin mülkiyyətindədir. Həmin arayışda müvafiq hüquqmüəyyənedici sənədlərin yalnız məhkəmə qərarı əsasında verilə biləcəyi göstərilmişdir. Cavabdehin məktubundan da görünür ki, Bakı şəhəri Nizami RİH başçısının 010 nömrəli icazə qərarı qanunsuz və əsassız olmuşdur. Nəticədə həmin qərar əsasında əldə olunmuş digər hüquqmüəyyən edici sənədlər əsasında mübahisəli obyekt Gövhər Mustafayevanın adına digər cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq qeydə alınmışdır. Bunun da nəticəsində iddiaçının əmlaka sahiblik və ondan istifadə hüquqları pozulmuşdur. Buna görə də qeyri-yaşayış sahəsi ilə bağlı Bakı şəhəri Nizami RİH başçısının “Tikinti obyektinin istismarına dair” 010 nömrəli xx xxxxxx 2016-cı il tarixli icazə qərarı, həmin qərar əsasında Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Mustafayeva Gövhər Eldəniz qızının adına verilmiş mülkiyyət hüququna dair xx xxxxxx 2019-cu il tarixli reyestrdən çıxarış ləğv edilməsi və həmin şəxsin mülkiyyət hüququna dair qeydiyyat yazıları pozulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1, 152.2, 157.8-ci maddələrinin tələblərinə əsasən iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olmasa da, o, sakinlərin verdiyi ərizə əsasında əmlaka sahiblik etmiş və uzun müddət həmin əmlakdan istifadə edib, buna görə də əmlakı başqasının sahibliyindən geri tələb etmək hüququ ona da məxsusdur. Buna görə də qeyri-yaşayış sahəsi ilə bağlı Bakı şəhəri Nizami RİH başçısının “Tikinti obyektinin istismarına dair” 010 nömrəli, xx.xx.2016-cı il arixii İcazə qərarı, həmin qərar əsasında Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Mustafayeva Gövhər Eldəniz qızının adına verilmiş mülkiyyət hüququna dair xx xxxxxx 2019-cu il tarixli reyestrdən çıxarış ləğv edilməli və sözügedən əmlakla bağlı həmin şəxsin hüququna dair qeydiyyat yazılan pozulmalı və iddiaçının həmin qeyri-yaşayış sahəsindən istifadə üçün maneələr aradan qaldınlmalıdır. Beləliklə, yuxarıda qeyd edilənləri və Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, İPM-in 2.2.2, 33, 34, 73.1-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, «Dövlət rüsumu haqqında» AR Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, Baki şəhəri, R.Rüstəmov küçəsi, 43C ünvanında yerləşən 1978-ci il arixində inşa edilmiş 104,2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi ilə əlaqədar Bakı şəhəri Nizami RİH-in “Tikinti obyektinin istismarına dair” 010 nömrəli, xx xxxxxx 2016-cı il tarixli icazə qərarının, həmin qərar əsasında Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihəsinin ləğv edilməsi, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Mustafayeva Gövhər Eldəniz qızının adına verilmiş mülkiyyət hüququna dair xx xxxxxx 2019-cu il tarixli reyestrdən çıxarışın və digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi və sözügedən əmlakla bağlı həmin şəxsin mülkiyyət hüququna dair qeydiyyat yazılarının pozulması öhdəliyinin sözügedən cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehlərə təqdim olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli məktuba əlavə edilmiş iddiaya qarşı yazılı etirazda aşağıdakılar bildirilmişdir: - “X6” İB-nin iddiası etirazla qarşılanır. Bakı şəhəri, R.Rüstəmov küçəsi, 43C saylı ünvanda yerləşən qeyri-yaşayış binası xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Mustafayeva Gövhər Eldəniz qızının adına ilkin qeydiyyatdan keçmişdir (hal-hazırda da mülkiyyətindədir). Əmlakın qeydiyyata alınması üçün “Tikinti obyektinin istismarına dair” 010 nömrəli xx xxxxxx 2016-cı il tarixli icazə və Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə əsas olmuşdur. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.3, 2.4, 8, 10, 11-ci maddələrinə və İPM-in 48.2-ci maddəsinə əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili gəlmişlər, cavabdehlər (nümayəndələri) və üçüncü şəxs gəlməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddianı müdafiə etdi və bildirdi ki, işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdi və bildirdi ki, işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). İPM-in 30-cu maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Hazırkı işin hallarından belə məlum olur ki, hazırkı iddiaçı mübahisə obyekti olan qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı hüquqa malik deyil və bu səbəbdən də onun sözügedən daşınmaz əmlakla bağlı inzibati məhkəmə icraatında hazırkı tələbləri irəli sürmək üçün subyektiv hüququ yaranmır. Bu qənəat ondan irəli gəlir ki, həmin qeyriyaşayış sahəsi ilə bağlı iddiaçının adına “tikintiyə icazə”, “torpağın ayrılması”, “layihənin təsdiqi”, “istismara icazə (və ya qəbul)” və s. barədə hər hansı sənəd, eləcə də daşınmaz əmlakın icarəyə verilməsinə, alqı-satqısına, bağışlanmasına dair və ya bu qəbuldən olan digər sənədin mövcudluğu məhkəmə icraatında müəyyən edilmir. Bundan başqa, məhkəmə vurğulayır ki, iddiaçının bir neçə tələbdən ibarət olan iddiası bir daşınmaz əmlakla bağlı olsa da, hazırkı işdə İPM-in 37-ci maddəsində göstərilən hallar mövcud olmadığından, habelə cavabdehlər və tələblər İPM-in 30-cu maddəsində təsbit edilmiş “həmiştirakçılıq” kriteriyaları ilə uzlaşmadığından, müxtəlif cavabdehlərə qarşı yönəlmiş bu tələblərin bir iddiada birləşdirilməsi yolverilən deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 7.2, 9 və 17-ci bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2507/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2507/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver