Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2508/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X21, üçüncü şəxsin nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla sərəncamın ləğvi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi Rayon İcra Hakimiyyətinin 07.04.2003-cü il tarixli, 161 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 16.09.2021-ci il tarixli, 2-1(112)-10468/2021 №-li qərardadı ilə X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 8 dövlətin mülkiyyətində olmaqla icarə əsasında mərhum qaynatası X4 adına olmuşdur. O, ailə qurduqdan sonra onun gəlini kimi həmin mənzilə köçüb orada yaşamışdır. Binəqədi Rayon Məhkəməsinin 24.02.2003-cü il tarixli qətnaməsi ilə onun həmin mənzilə istifadə hüququ təsdiq edilmişdir. Qaynatası vəfat etdikdən sonra həmin mənzildə qeydiyyatda olan baldızı X16 onun razılığı olmadan Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş və RİH-in 07.04.2003-cü il tarixli sərəncamı ilə mənzilin icarə müqaviləsi dəyişdirilmiş və A.Hüseynova mənzilin əsas icarədarı hesab edilmişdir. Əsas icarədar onun razılığı olmadan təyin edildiyi üçün Binəqədi RİH-in 07.04.2003-cü il tarixli sərəncamı qanunsuz sayılaraq ləğv edilməlidir. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Mübahisələndirilən sərəncamdan X9 ona qarşı mülki tələbi üzrə Binəqədi Rayon Məhkəməsində baxılan işdə xəbər tutmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddiaçının nümayəndəsi və vəkili X27 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili X10 iddianın mümkün sayılmamasına dair izahat verərək bildirdi ki, iddiaçı 2003-cü ildən həmin ünvanda yaşayır. İddiaçı mübahisələndirdiyi sərəncamın ona rəsmi olaraq təqdim edilmədiyini bildirsə də, Binəqədi Rayon İcra Hakimiyyətinin 07.04.2003-cü il tarixli sərəncamı ilə mənzilin icarə müqaviləsinin dəyişdirildiyi və A.Hüseynova mənzilin əsas icarədarı hesab edilməsindən xəbərdar olmuşdur. İddiaçı 2003-cü ildən məlumatlı olmasına baxmayaraq həmin sərəncamın ləğvi tələbi ilə yalnız 07.09.2021-ci il tarixdə müraciət etmişdir. Yəni inzibati aktı mübahisələndirmə müddətini ötürmüşdür. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçı məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o xx.xx.1969-cu il tarixdə doğulmuşdur. - X13 məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o 09.11.1960-cı il tarixdə doğulmuşdur. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07.04.2003-cü il tarixli, 161 №-li sərəncamının surətindən görünür ki, Bİnəqədi rayon İcra Hakimiyyətinə vətəndaş X16 ərizə ilə müraciət edərək, 7-cı mkr. 60/30 saylı binanın 29-cu mənzilinin icarə müqaviləsinin dəyişdirilərək, onun adına keçirilməsini xahiş etmişdir. Həmin mənzildə vətəndaş A.G.Hüseynova ailə tərkibi 5 nəfərlə (özü, qardaşı, bacısı, 2 bacısı uşağı) 1977ci il tarixdən pasport qeydiyyatındadır və yaşayır. Mənzilin əsas icarədarı atası X6 vəfat etmişdir (ÖHŞ İV-JQ 284920 saylı, 02.02.1991-ci il tarixli). Mənzilin icarə müqaviləsinin A.G.Hüseynovanın adına dəyişdirilməsinə ailənin üzvləri öz razılıqlarını bildirmişdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsaslanaraq 7-ci mkr. 60/30 saylı binanın 4 otaqlı, yaşayış sahəsi 55,92 kv.m, olan 29-cu mənzilinin icarə müqaviləsinin dəyişdirilməsinə və vətəndaş X9 mənzilin əsas icarədarı hesab edilməsinə sərəncam verilmişdir. - Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24.02.2003-cü il tarixli, 2-303/2003 №-li qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı X2 cavabdeh X14, X16 və X5 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X2 iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, 7-ci mikrorayon, ev 60/30, mənzil 29-a istifadə hüquqları tanınmaqla həmin mənzilə köçürülmüşdür. Həmin qətnamə Apellyasiya Məhkəməsinin MİÜMK-nın 1MK-1447/03 saylı qətnaməsinə əsasən 04.04.2003-cü il tarixdə qanuni qüvvəsini almışdır. - İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı 07.09.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, o, Binəqədi Rayon İcra Hakimiyyətinin 07.04.2003-cü il tarixli, 161 saylı sərəncamının təcili ləğv edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 01.10.2021-ci il tarixli, BA-04583-2021 №-li məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhər İcra Hakimiyətinin MKTD-nin 12.03.2003-cü il tarixli, 423 №-li Forma 2 arayışına əsasən X16, X17, X11, X26, X25 ünvan 3 daimi qeydiyyatdadırlar. ünvan 3 yaşayan X16 12.03.2003-cü il tarixli ərizə ilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək mənzilin şəxsi hesabının atasının ölümü ilə əlaqədar adına keçməsi üçün sərəncam verilməsini xahiş etmişdir. Həmin ünvanda yaşayan X17 və X11 12.03.2003-cü il tarixli ərizə ilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək mənzilin şəxsi hesabının atalarının ölümü ilə əlaqədar bacıları X9 adına keçməsinə etiraz etməmişlər. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07.04.2003-cü il tarixli, 161 №-li sərəncamı ilə 7-ci mkr. 60/30 saylı binanın 4 otaqlı, yaşayış sahəsi 55,92 kv.m, olan 29-cu mənzilinin icarə müqaviləsi dəyişdirilmiş və vətəndaş X16 mənzilin əsas icarədarı hesab edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 13.12.2021-ci il tarixli, 018-19976-1221 №-li məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı 27.06.2003-cü il tarixdən ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edilmişdir. - “Azəriqaz” İB tərəfindən məhkəməyə ünvanlanmış 19.05.2022-ci il tarixli, SOCAR222900075X00405 nömrəli məktubdan və ona əlavə edilmiş Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 09.08.2017-ci il tarixli, 07/26190 №-li müqavilənin surətindən görünür ki, ünvan 3 yerləşən mənzildə quraşdırılan qaz sayğacı “Azəriqaz” İstehsalat X1 adına rəsmiləşdirilmiş və onun adına **********00290 nömrəli istehlakçı hesabı qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən X13 ünvanlanmış 20.08.2015-ci il, 20.08.2016-cı il, 11.07.2017-ci il tarixli tədiyyə bildirişlərindən və vergi borcunun ödənilməsi ilə 08.03.2016-cı il tarixli, 8 yanvar 2017-ci il tarixli xəbərdarlıqlardan görünür ki, X7 ünvan 6 ünvanı üzrə əmlak vergisinin və bununla bağlı yaranmış borcların ödənilməsi xahiş edilmişdir. - Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş çoxsaylı mənzil-kommunal xidməti üçün mədaxil qəbzlərindən görünür ki, 2003-cü ildən başlayaraq X16 tərəfindən ödənişlər edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məkhəməsi tərəfindən məhkəməyə ünvanlanmış 14.12.2021-ci il tarixli, 2(001)-6368/2021 №-li məktuba əlavə edilmiş iddia ərizəsinə etirazın, qarşılıqlı iddia ərizəsinin və məhkəmə iclas protokolunun surətlərindən görünür ki, iddiaçı X16 cavabdehlər X15, İddiaçı, X18, X19 qarşı 27.07.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 60/30 saylı evin 29 nömrəli mənzilinə istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehlər X13 və Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 15.09.2021-ci il tarixli qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayon İcra Hakimiyyəti ilə X16 arasında bağlanmış 07.04.2003cü il tarixli icarə müqaviləsinin X9 əsas icarədar hesab edilməsi hissəsində ləğv edilməsi və A.Hüseynovanın ünvan 8 ünvanına istifadə/yaşamaq hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr. ev 60/30, mənzil 29 dövlətin mülkiyyətində olmaqla icarə əsasında İddiaçı mərhum qaynatası X4 adına olmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24.02.2003-cü il tarixli, 2-303/2003 №-li qətnaməsi ilə iddiaçı X2 cavabdeh X14, X16 və X5 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X2 iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, 7-ci mikrorayon, ev 60/30, mənzil 29-a istifadə hüquqları tanınmaqla həmin mənzilə köçürülmüşdür. Həmin qətnamə Apellyasiya Məhkəməsinin MİÜMK-nın 1MK-1447/03 saylı qətnaməsinə əsasən 04.04.2003-cü il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı 27.06.2003-cü il tarixdən ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 07.04.2003-cü il tarixli, 161 №-li sərəncamı ilə 7-ci mkr. 60/30 saylı binanın 4 otaqlı, yaşayış sahəsi 55,92 kv.m. olan 29-cu mənzilinin icarə müqaviləsi dəyişdirilmiş və X16 mənzilin əsas icarədarı hesab edilmişdir. İddiaçı son bir-iki ilədək mübahisəli mənzildə yaşamışdır. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 07.04.2003-cü il tarixli, 161 №-li sərəncamını icraat qaydasında mübahisələndirir və həmin sərəncamdan X9 ona qarşı iddia tələbi üzrə Binəqədi Rayon Məhkəməsində baxılan işə baxılan zaman məlumatlı olmasını iddia edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. - 48.3-ci maddəsinə əsasən müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir. - 48.4-ci maddəsinə əsasən inzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır. - 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İstinad edilən hüquq normalarının tələblərinə görə iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddiaçı iddiasını onunla əsaslandırır ki, əsas icarədar onun razılığı olmadan təyin edildiyi üçün Binəqədi RİH-nin 07.04.2003-cü il tarixli sərəncamı qanunsuz sayılaraq ləğv edilməlidir. Belə olan halda məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini - iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən sərəncam barəsində iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi 15.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 161 nömrəli sərəncamı isə 07.04.2003-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə baxılaraq inzibati aktın qəbul edilməsindən 18 il müddət keçdikdən sonra mübahisələndirilməsinin səbəbləri araşdırılmışdır. İddiaçı mübahisələndirilən sərəncamdan üçüncü şəxsin ona qarşı mülki qaydada məhkəmə mübahisəsi zamanı məlumatlı olduğunu bildirsə də məhkəmə araşdırılması zamanı iddiaçının 2003-cü il tarixdən son bir-iki ilə kimi mübahisəli mənzildə yaşaması, mənzillə bağlı kommunal xidmətlərin və müvafiq ödənişlərin üçüncü şəxsin adına qeydə alınması, yaşayış yeri üzrə müvafiq orqanlar tərəfindən verilmiş arayışlarda mənzilin icarədarı kimi X9 qeyd olunması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız "təqdim olunma” ifadəsindən deyil, həm də "elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, "iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021). "Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 24.1-ci maddəsinə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.4-ci maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə vurğulayır ki, İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsində nəzərdə tutulan halların (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar) mövcudluğu ilə bağlı iddiaçı tərəf hazırki məhkəmə icraatında heç bir dəlil gətirməmişdir. Odur ki, məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsi baxımdan buraxılmış prosessual müddətin bərpası ilə bağlı iddiaçı tərəfə yardım göstərilməsini məqsədə uyğun hesab etmir. Həmçinin, məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə irəli sürüldüyündən iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2508/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2508/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver