Məhkəmə qərarları › İş №2-1(112)-2509/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2509/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2509/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 və onların nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “paylarına uyğun olaraq fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı2 və İddiaçı1 (bundan sonra – iddiaçılar) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-50/2024 saylı qətnaməsində qeyd olunan paylarına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-50/2024 saylı qətnaməsinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair paylarına uyğun (İddiaçı1 3/12 hissədə və İddiaçı2 2/12 hissədə) mülkiyyət hüququnun qeydə alınmaqla ayrı-ayrı çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində X2 qarşı iddia qaldıraraq ünvan 2 ünvanda yerləşən (keçmiş adı- Serebrovski qəsəbəsi, Podqornaya küçəsi) fərdi yaşayış evində miras əmlakda paylarının naturada bölünməsi ilə müraciət etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-50/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı qətnamənin icrası üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina edərək, icra vərəqəsi ilə idarənin üzərinə hər hansı öhdəliyin qoyulmadığını bildirmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-50/2024 saylı icra vərəqəsinin icra edilməsi barədə ********** saylı, xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş və **********97 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ünvanlanmışdır. İddiaçıların iddia tələbi ilə bağlı cavabdehə rəsmi müraciəti daxil olmamışdır. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma nəticəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə ünvanlanan məktubla bildirilmişdir ki, qeyd olunan icra vərəqəsi ilə İdarə üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar və onların nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev 4 3/12 hissədə İddiaçı1, 4/12 hissə açıq saxlanılmaqla X3, 3/12 hissədə X1, 2/12 hissədə İddiaçı2 mülkiyyətindədir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-50/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X2 qarşı “fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı1 məxsus 3/12 hissədə, X5 məxsus 4/12 hissədə (açıq saxlanılan), X4 məxsus 3/12 hissədə və İddiaçı2 məxsus 2/12 hissədə payları (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılması və payların ayrılmasının fərdi yaşayış evinin faktiki olaraq mövcud vəziyyətdə təcrid formasında bölündüyü şəkildə həyata keçirilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-50/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır və icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Mülki iş üzrə apellyasiya şikayəti verilməmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsininin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-50/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, icraata başlama haqqında qərar-bildiriş qəbul olunaraq sözügedən icra sənədinin icra olunması üçün xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarında icra vərəqəsinin icra olunması üçün idarənin üzərinə öhdəlik qoyulmadığı və hüquq sahibləri tərəfindən əmlakın naturada bölünməsi ilə bağlı ümumi əsaslarla müraciət zamanı ərizələrə qanuna müvafiq qaydada baxılacağı bildirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində “paylarına uyğun olaraq fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139- 1.1.4.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.4). İşdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-50/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı1 məxsus 3/12 hissədə, X5 məxsus 4/12 hissədə (açıq saxlanılan), X4 məxsus 3/12 hissədə və İddiaçı2 məxsus 2/12 hissədə payları naturada ayrılması və payların ayrılmasının fərdi yaşayış evinin faktiki olaraq mövcud vəziyyətdə təcrid formasında bölündüyü şəkildə həyata keçirilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-50/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş, lakin cavabdeh icra vərəqəsinin icra olunması üçün idarənin üzərinə öhdəlik qoyulmadığı və hüquq sahibləri tərəfindən əmlakın naturada bölünməsi ilə bağlı ümumi əsaslarla müraciət zamanı ərizələrə qanuna müvafiq qaydada baxılacağını bildirilmişdir. İddiaçı hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-50/2024 saylı qətnaməsinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair paylarına uyğun (İddiaçı1 3/12 hissədə və İddiaçı2 2/12 hissədə) mülkiyyət hüququnun qeydə alınmaqla ayrı-ayrı çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (213.1.). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (213.2.). Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (213.3.). Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (215.1.). Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (215.2.). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4.). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5.). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçilərin razılığı ilə bölünməsi onun məhkəmə qaydasında bölünməsindən daha əvvəl gələn məsələdir. Belə ki, mülkiyyətçilər arasında razılıq olarsa əmlak onlar arasında bölünə bilər. Əgər mülkiyyətçilər arasında əmlakın bölünməsi ilə bağlı razılıq yoxdursa, bu halda mübahisə əmlakın naturada bölünməsi tələbi ilə bağlı iddia qaldırılmaqla, ümumi məhkəmədə həll edilir. Paylı mülkiyyətçilərin hər biri əmlakın bölünməsinə razıdırsa, lakin müvafiq dövlət qeydiyyatını həyata keçirən orqan həmin bölgünü qeydə almaqdan imtina edirsə, bu halda mülkiyyətçilər həmin bölgünün aparılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbi barədə idddia ilə inzibati məhkəməyə müraciət edə bilərlər. Hazırkı işdən görünür ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-50/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 4 saylı fərdi yaşayış evinin üzərində olan payların naturada ayrılması mümkün hesab edilmişdir. Belə ki, həmin qətnamədə göstərilmişdir ki, “tərəflərin paylı mülkiyyətlərində olan fərdi yaşayış evi faktiki olaraq təcrid formasında bölünmüş vəziyyətdədir. Fərdi yaşayış evinin bu cür faktiki bölgüsü ekspert tərəfindən həm tikinti-texniki və inşaat qaydalarına uyğun, həm də tərəflərin bu fərdi yaşayış evi üzərindəki paylarına əsasən (qismən kənara çıxmaqla) uyğun hesab edilmişdir”. Göründüyü kimi, iddiaçıların paylı mülkiyyətində olan 4 saylı fərdi yaşayış evi iddiaçılar tərəfindən faktiki təcrid formasında bölünmüş və istifadə olunmaqdadır. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə fərdi yaşayış evinin naturada bölünməsi qət edilmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıların müraciətinə imtina verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-50/2024 saylı qətnaməsinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçıların paylarına uyğun (İddiaçı1 3/12 hissədə və İddiaçı2 2/12 hissədə) mülkiyyət hüquqlarının qeydə alınmaqla, hər birinə ayrı-ayrılıqda çıxarışların verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar