Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2510/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 03.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının 57 yaşının tamam olduğu 24.09.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyətinə ilk dəfə 1979-cu il tarixdən 2-ci dərəcəli elektrik montyoru kimi Mərkəzi Elektrotökmə zavodunda başlamışdır. Hərbi xidmətə getmiş və daha sonra 18.01.1982-ci il tarixdən 04.02.2003-cü ilədək Mərkəzi Elektrotökmə zavodunda elektrik avadanlıqlarının təmiri və qulluğu üzrə elektrik montyoru kimi zərərli işdə işləmişdir. 2003-cü ildən "xxxx" firmasında, "xxxx" və "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləmişdir. Adlar fərqli olsa da, bu şirkətlər bir müəssisədir. Hal-hazırda da "xxxx" MMC-də çalışır. Hazırda 41 il ümumi, ondan da 37 il (1982-ci ildən bugünədək) əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə stajı vardır. Belə hüququ yarandığı üçün, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədi ilə 24.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, 26 oktyabr 2020-ci il tarixli, **********1 saylı imtina məktubu ilə iddiaçının təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il ümumi və 12 il 6 ayını güzəştli şərtlərlə sığorta stajının yaranmadığı bildirilməklə ərizəsi təmin edilməmişdir. İT-l ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının ümumilikdə 41, zərərli və ağır işlərdə isə 37 il stajı vardır. Məktubda dövlət sosial sığorta ödənişlərinin ödənmədiyi bildirilmişdir. Halbuki, bütün ödənişlər vaxtı-vaxtında ödənilmiş və bu faktı təsdiq edən elektron portaldan çıxarış vardır. Cavabdeh inzibati orqan üzərinə düşən vəzifələri yerinə yetirmədən müraciətinə qanuni şəkildə baxmamışdır. İddiaçı uzun illərdir ki, əziyyət çəkir və sağlamlığı əldən getmişdir, lakin inzibati orqan haqqında qanunsuz qərar çıxararaq onun hüquqlarını pozmuşdur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, iddia əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin, iddiaçının filiala təqdim etdiyi sənədlər araşdırılarkən, müəyyən edilmişdir ki, onun ümumi sığorta stajı qanunda qeyd edilən müddətlərdən azdır. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40.800 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 27.465,62 manatdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 10 oktyabr 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında 05.02.2003 - 01.06.2008-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Firmasında, 25.08.2008-15.02.2016-cı il tarixləri arasındakı dövr "xxxx" MMC-də, 28.05.2016-cı il tarixdən bu günədək "xxxx" MMC-də işləməsi qeyd edilmişdir. Adıçəkilən müəssələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisələrin X3 Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrləri onun ümumi is stajına daxil etmək mümkün deyil və buna görə də onun ümumi iş stajı 24 il 02 ay 13 gün olmaqla qanunda nəzərdə tutulmuş 25 il müddətindən azdır. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçının şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1960-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 26.10.2020-ci il tarixli **********1 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-cı maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən 10 oktyabr 1979-cu il tarixli ИT-l ******* nömrəli əmək kitabçasında 05.02.2003-01.06.2008-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Firmasında, 25.08.2008-15.02.2016-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də, 28.05 2016-cı il tarixindən bugünədək "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrləri ümumi iş stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 25 ildən az (24 il 2 ay 13 gün) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27465,62 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - İddiaçıya məxsus 21.07.1979-cu il tarixli 6956 saylı attestatdan görünür ki, o, 01.09.1978 - 21.07.1979-cu il tarixlərdə Bakı şəhəri 81 №-li texniki məktəbdə elektrik maşınlarının təmiri üzrə əl montyoru sarıyıcısı və izolyaedicisi peşəsi üzrə təhsil almışdır. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, 25.10.1979cu il tarixdən 14.12.1981-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - "xxxx" MMC-nin 10/38 saylı 29.10.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı 25.08.2008-ci il tarixindən 15.02.2016-cı il tarixədək və 28.05.2016-cı il tarixindən bu günədək "xxxx" MMC (VÖEN **********) (əvvəlki adı "xxxx" MMC (VÖEN ********** 27.10.2015-ci il tarixli qərar) şirkətində elektrik vəzifəsində işləyir. İddiaçı işlədiyi dövrlərində Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyata alınmışdır və məcburi dövlət sosial sığorta haqları tam ödənilmişdir. - Bakı "xxxx" ASC-nin 11 saylı 26.04.2017-ci il tarixli araşdırıcı arayışından görünür ki, iddiaçı 18.01.1982-ci ildən (əmr 19, 18.01.1982) 04.02.2003-cü ilədək (əmr 12, 04.02.2003) Bakı "xxxx" ASC-də işləyib. 18.01.1982-01.01.1987-ci ilədək Metaləritmə və tökmə sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə zərərli əmək şəraitində, tam iş günü rejimində elektrik montyoru peşəsində çalışıb. 01.01.1987-04.02.2003-cü ilədək zərərli əmək şəraitində, tam iş günü rejimində əlvan metal əritmə və tökmə tökmə sexinin, qəlibləmə sexinin, qəlib qarışığı hazırlama sexinin (zirzəmilərinin də) elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində çalışıb. İşlədiyi müddət ərzində qəza zamanı sıradan çıxmış yüksək gərginlikli kabellərdə birləşdirici muftaların qoyulmasını da həyata keçirib. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 savlı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın Xİ bölüm, “Metal emalı”, “Tökmə istehsalı” 2150100a bəndi üzrə (kod 2150100a - 19861) təqaüdə çıxmaq hüququ qazanır. 29.10.2001-dən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektriktökmə” zavodunun bazasında Bakı "xxxx" ASC yaranmışdır. - "xxxx" MMC-nin 08/02 saylı 07.07.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı 25.08.2008-ci il tarixindən 15.02.2016-cı il tarixədək və 28.05.2016-cı il tarixindən həqiqətən "xxxx" MMC (VÖEN **********) ((əvvəlki adı "xxxx" MMC (VÖEN ********** 27.10.2015-ci il tarixli qərar)) şirkətində elektrik vəzifəsində işləyir. İşlədiyi müddətdə yayma sexinin, metal əritmə-tökmə sexinin bütün elektrik avadanlıqlarını və ventilyasiya sisteminin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində zərərli əmək şəraitində tam iş günü rejimində çalışır, həmçinin, işlədiyi müddət ərzində qəza zamanı sıradan çıxmış yüksək gərginlikli kabellərdə birləşdirici muftaların qoyulmasını da həyata keçirir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”-nın 3.Metallurgiya istehsalı (qara metallar) və 3.2 Polad və ferroərintilər istehsalatı üzrə qərarına uyğundur. - "xxxx" MMC-nin 11/02 saylı 02.11.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı 28.05.2016-cı il tarixindən "xxxx" MMC (VÖEN **********) şirkətində elektrik vəzifəsində işləyir. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı 10.10.1979-cu il tarixli əmək kitabçasından görünür ki, iddiaçı 01.08.1979-cu il tarixdən 09.10.1979-ci il tarixə qədər 8 №-li enerji sahəsinə 2-ci dərəcəli montyor (27.07.79 tarixli əmr №362), 18.01.1982-ci il tarixdən 01.11.1984-cü il tarixə qədər 8 №-li enerji sahəsinə №16 elektrik avadanlıqlarının saxlanılması və qulluğu üzrə montyor (18.01.82 tarixli əmr 43 №19), 01.11.1984-cü il tarixdən 4 №-li əlvan metal tökmə sexində 4-cü dərəcəli montyor (13.11.84 tarixli əmr №679), 08.08.1986-cı il tarixdən qədər elektrik avadanlıqlarının saxlanılması üzrə 5-ci dərəcəli montyor (11.08.86 tarixli əmr №836) 01.01.1987-ci il tarixdən həmin yerdə komplekt briqadasına elektrik avadanlıqlarının saxlanılması və təmiri üzrə 5-ci dərəcəli montyor (22.01.1987 tarixli əmr №6305), 06.12.1993-cü il tarixdən elektrik avadanlıqlarının təmiri və saxlanması üzrə elektromontyor (07.12.93 tarixli əmr №415) peşələrində işləmiş, 04.02.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (04.02.2003 tarixli əmr №12). 05.02.2003-cü il tarixdən 01.06.2008-ci il tarixə qədər "xxxx" Firmasında elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru (əmr № 5, 05.02.2003), 25.08.2008-ci il tarixdən 15.02.2016-cı il tarixə qədər "xxxx" MMC-də elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru (əmr №4, 25.08.2008), 28.05.2016-cı il tarixdən "xxxx" MMC-də elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru (əmr №05/X, 28.05.2016) işləmişdir. - "xxxx" ASC-nin 26 saylı 31.08.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı, 01.08.1979-cu il tarixindən (əmr №362, 27.07.1979) 09.10.1979-cu il tarixinədək (əmr №511, 09.10.1979) və 18.01.1982-ci ildən (əmr №19, 18.01.1982) 04.02.2003-cü il tarixinədək (əmr №12, 04.02.2003) Bakı "xxxx" ASC-də işləyib. 18.01.1982-01.01.1987-ci ilədək Metaləritmə və tökmə sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində zərərli əmək şəraitində çalışıb (əmr №19, 18.01.1982). 01.01.1987-04.02.2003-cü ilədək Əlvan metal əritmə və tökmə sexinin, Qəlibləmə sexinin, Qəlib qarışığı hazırlama sexinin (zirzəmilərinin də) elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəşində zərərli əmək şəraitində çalışıb (əmr №63, 22.01.1987). İşlədiyi müddət ərzində təcrübəli elektrik montyoru olduğu üçün qəza zamanı sıradan çıxmış yüksək gərginlikli kabellərdə birləşdirici muftaların qoyulmasını da həyata keçirib. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın XİV bölüm “Metal emalı” , “Tökmə istehsalı”nda 2150100a bəndi üzrə (kod 2150100a - 19861) 2-ci siyahı ilə təqaüdə çıxmaq hüququ qazanır. 29.10.2001-ci il tarixindən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektriktökmə” zavodunun bazasında Bakı "xxxx" ASC yaranmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 30.08.2021-ci il tarixli **********355800 saylı məktubundan görünür ki, 29.07.2002-ci ildə dövlət qeydiyyatına alınmış “S.Steel Company“ Məhdud Məsuliyyətli Cəmiyyətinin (əvvəlki adı “Hüseyn Ltd“ Məhdud Məsuliyyətli Cəmiyyəti) (VÖEN **********) hüquqi ünvanı ünvan 2 dövlət qeydiyyatına alınmış “Saxara“ Firmasının (VÖEN **********) hüquqi ünvanı isə ünvan 3əti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 24.08.2021-ci il tarixli **********9 saylı məktubundan görünür ki, 2008-2021-ci illər üzrə sığortaolunan, İddiaçı (SSN: **********593) Nazirliyin “X1 Sistemi”nin "Sığorta” (Hesabat) altsistemininin “Statistika” bölümündəki ödənilmiş məcburi dövlət sosial sığorta haqlarını özündə əks etdirən məlumatlara əsasən „S.Steel Company“ MMC tərəfindən iddiaçıya 01.09.2008- 01.01.2009-cü il tarixlərdə, 01.04.2009-01.01.2011ci il tarixlərdə, 01.03.2011-01.04.2021-ci il tarixlərdə 52.116,64 manat məbləğində əmək haqqı hesablanmış, 13.046,86 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Monitorinq) altsistemində “Sığortaedənlərin reyestri” bölümündə sığortaedən, “S.Steel Company“ MMC **********8 saylı SUN-la və ********** saylı VÖEN-lə uçota alınmışdır. Sığortaolunan, İddiaçı fərdi şəxsi hesabında "xxxx" və “Hüseyn” LTD-lə bağlı məlumatların qeyd olunmadığı müəyyən olunmuşdur. İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, 24.09.2017-ci il tarixdə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stanın 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 2 ay 13 gün) təşkil etdiyini və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının az olmasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, 01.01.2006-cı il tarixədək İddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 24.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 21500000 XİV. Metal emalı bölməsinin 21501000 1. Tökmə istehsalatı yarımbölməsində 2150100a—19861 elektrik avadanlığının xidməti və təmiri üzrə elektrik montyorları peşəsi təsbit olunmuşdur. İddiaçı da 18.01.1982-ci ildən 04.02.2003-cü il tarixinədək Bakı "xxxx" ASC-də elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. İddiaçı 01.01.2006-cı il tarixdək 21 il 17 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli stajı toplamışdır. Ümumiyyətlə, isə cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı nə imtina məktubunda, nə də ki məhkəməyə təqdim edilmiş etirazda mübahisələndirilməmişdir. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajının guya 25 ildən (24 il 2 ay 13 gün) az olmasını əsas gətirməsini məhkəmə qanunsuz və əsassız hesab edir. Belə ki, iş materiallarında olan sənədlərə (attestat, əmək kitabçası, güzəştli arayış) əsasən iddiaçının: 01.09.1978 - 21.07.1979-cu illərdə təhsil müddəti (10 ay 21 gün) 25.10.1979 - 14.12.1981-ci illərdə həqiqi hərbi xidmət müddəti (2 il 1 ay 20 gün) 01.08.1979 - 09.10.1979-ci illərdə 8 №-li enerji sahəsinə 2-ci dərəcəli montyor (2 ay 9 gün) 18.01.1982-04.02.2003-cü illərdə Bakı "xxxx" ASC-də elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (21 il 17 gün) işlədiyi dövr hesablanaraq ümumilikdə 24 il 3 ay 7 gün ümumi iş stajı toplanır. Bundan başqa, məhkəmə araşdırması iddiaçının 05.02.2003-cü il tarixdən 01.06.2008-ci il tarixə qədər "xxxx" Firmasında elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru peşəsində işlədiyi dövrün cavabdeh tərəfindən əmək stajına hesablanmamasının qanunsuz olduğu müəyyən edilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 30.08.2021-ci il tarixli **********355800 saylı məktubu ilə qeyd edilmişdir ki, "xxxx" Firması (VÖEN **********) 13.03.1998-ci ildə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı isə ünvan 4nuni əsaslarla fəaliyyət göstərən müəssisə olan "xxxx" Firmasında iddiaçının elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru işlədiyi 05.02.2003-cü il tarixdən 01.06.2008-ci il tarixə qədər olan dövrün 01.01.2006-cı il tarixə qədər olan hissəsi cavabdeh tərəfindən nəzərə alınmalı idi. Buna görə də, onun işlədiyi 2 il 9 ay 27 gün iş stajı da iddiaçının ümumi iş stajına hesablanmalıdır. Beləliklə, əmək kitabçası, hərbi bilet, diplom və arxiv arayışlarına əsasən iddiaçının ümumi iş stajı qanunvericiliklə 01.01.2006-cı il tarixədək tələb olunan 25 ildən artıqdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının , "xxxx" Firmasında iddiaçının elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru işlədiyi dövr “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının həmin müəssədə işlədiyi dövrlə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə əmək kitabçası ilə təsdiqləndiyindən sözügedən dövr üzrə hesablanan sıgorta stajı müddəti iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, cavabdeh tərəfindən, guya iddiaçının 01.01.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması barədə mülahizəsi öz təsdiqini tapmamışdır. Bundan başqa, cavabdehin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının az olması barədə mülahizəsi əsasssızdır. Belə ki, iddiaçıya tətbiq edilməli hüquq normasının dispozisiyasında həmin tələb nəzərdə tutulmadığı üçün iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının 24.09.2017-ci il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 24.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 24.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2510/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2510/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver