Məhkəmə qərarları › İş №2-1(112)-2511/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2511/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2511/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq komissiyasının 12.05.2009-cu il tarixli aktı və həmin akta əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsinə göndərilmiş 18.05.2009-cu il tarixli məktubla onun müharibə veteranı statusunun ləğv edilməsi haqqında qərarın ləğv olunmasını və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqlərin verilməsi üzrə komissiyanın üzərinə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 02.04.1980- 05.05.N-ci il tarixlərdə Sovet ordusunda həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının yeni müstəqillik elan etdiyi və düşmən tərəfindən hərbi təcavüzə məruz qaldığı dövrdə torpaqların azadlığı uğrunda 25.12.1993cü il tarixdə könüllü olaraq müharibəyə getmişdir və 30.03.1993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Ağdərə rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Bu fakt hərbi bilet və digər sənədlərdə öz əksini tapır. O, həmçinin Surxavənd, Çardağlı, Çüldıran, Ballıqaya yüksəkliyi, Çayka-19, Drombo, Sərsəng su anbarı, Mehmanə, Kaçaqot, Katavan, Qozlukörpü, Atek, Dovşanlı məntəqələrində döyüşlərdə iştirak etmişdir və döyüşlər zamanı mina partlaması nəticəsində aldığı pisixi travmaya görə 24.02.1993-06.03.1993-cü il tarixlərdə Qədirli adına mərkəzi Klinik Xəstəxanada müalicə almışdır. Azərbaycan Respublikası MN-nin İşlər İdarəsinin Mərkəzi Arxivinin 29.07.2020-ci il tarixli, 9/2- 7958 saylı arxiv arayışında, onun adı N saylı hərbi hissənin 01.12.N- 30.05.1993-cü il tarixli “Qurtuluş” batalyonu üzrə “Pul paylama cədvəlləri qovluğunda” yanvar 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında qeyd olunmuşdur. Azərbaycan Respublikası MN-nin N saylı hərbi hissənin 30.03.1993- cü il tarixli 287 saylı arayışından görünür ki, o, 25.12.N- 30.03.1993-cü il tarixlərdə “Qurtuluş” batalyonunun tərkibində döyüşmüşdür. O, 05.10.1998-ci il tarixdə Azərbaycan Respublikasının “Müharibə Veteranı” vəsiqəsini almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun 1 saylı Bakı Ərazi şöbəsinin 23.04.2020-ci il tarixli 20631/ 82311 saylı məktubundan məlum olmuşdur ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon idarəsi tərəfindən göndərilən siyahıya əsasən onun “ Müharibə Veteranı “statusunun ləğv olunduğu üçün , ona müharibə veteranlığına görə təyin olunan Azərbaycan Respublikasının təqaüdü dayandırılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon idarəsinin 31.05.2020-ci il tarixli , Ə/522 saylı məktubundan görünür ki, onun veteran statusu ləğv edilmişdir.O, “Müharibə veteranı” adı və vəsiqənin verilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Naziriyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına və müvafiq orqanlara dəfələrlə müraciət etməsinə baxmayaraq imtina cavabı almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş 21.01.2021-ci il tarixli 11/256 saylı etiraz ərizəsində göstərilmişdir ki, hazırkı inzibati iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh hesab edilə bilmədiyindən, iddia tələbi aşağıdakı səbəblərdən mümkünsüz hesab edilməlidir. Belə ki, inzibati iş materiallarından müəyyən edilir ki, İddiaçı “Qurtuluş” batalyonunda xidmət keçmişdir. Veteran haqqında mövcud qanunvericiliyin tələbinə əsasən özünümüdafiə batalyonlarının tərkibində xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin müvafiq Komissiyası tərəfindən verilir. Digər tərəfdən iş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsinin 31 may 2020-ci il tarixli məktubunun 3-cü bəndindən müəyyən edilir ki, mövcud qanunvericilik aktlarının tələbinə əsasən iddiaçının sənədlərinə Komissarlıqda baxılmış və xidmət müddəti barədə dəqiq məlumat olmadığına görə Veteran statusunun ləğv edilməsi qanunauyğun hesab edilmişdir. Beləliklə də inzibati mübahisə üzrə mübahisələndirilən və inzibati akt statusuna malik 18 may 2019-cu il tarixli məktub Müdafiə Nazirliyi tərəfindən deyil Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edildiyindən hazırkı inzibati iddia subyekt tərkibinin pozulması ilə verildiyindən mümkünsüz hesab edilməlidir. Həmçinin, daha əvvəl qeyd olunduğu kimi iddiaçının xidmət etdiyi “Qurtuluş” batalyonu özünümüdafiə batalyonu olduğundan və mövcud qanunvericiliyin tələbinə əsasən bu kateqoriyadan olan şəxslərə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin müvafiq Komissiyasının səlahiyyətinə aid edildiyindən iddia tələbinin iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi vəzifəsinin “Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair hissəsi də mümkünsüz hesab edilməlidir. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2016-cı il tarixli 438 nömrəli qərarına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygül (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Bərxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Sonradan iddiaçı Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizəsini məhkəməyə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini göstərməklə məhkəmədən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 08 aprel 2021-ci il tarixli 2-1(112)-2511/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzərinə qoyulması barədə verilmiş iddia tələbinin dəyişdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaya dair yazılı mülahizəsi (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; İddiaçı məxsus 10.12.2011-ci il tarixdə Yasamal RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.1961-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus NZ seriyalı ******* №li 02.04.1980-cı il tarixli hərbi biletin surətindən görünür ki, iddiaçı 18.04.1980-ci il tarixdən 05.05.1982-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş, 25.12.N-ci il tarixdən 30.03.1993-cü il tarixədək N saylı hərbi hissəsinin tərkibində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş 30.03.1993-cü il tarixli 287 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən 15.Xİİ.N-ci il tarixindən 30.03.1993-cü il tarixə kimi “Qurtuluş” batalyonunun tərkibində döyüşmüşdür. Bakı şəhəri Yasamal rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı 05.10.1998-ci il tarixli 024131 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi tərəfində İddiaçı ünvanlanmış 23 aprel 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin göndərdiyi siyahıya əsasən onun müharibə veteranlığı statusu ləğv olunduğu üçün ona Müharibə veteranlığına görə təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdü dayandırılmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı ünvanladığı 06.07.2020-ci il tarixli Ə/1889 saylı məktubunda qeyd olunmuşdur ki, Xidmətin Yasamal rayon idarəsinin arxiv-uçot sənədlərindən məlum olmuşdur ki, onun N-1993-cü illərdə N saylı hərbi hissənin “Qurtuluş” batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatı dəqiqləşdirmək məqsədilə keçmiş Yasamal rayon hərbi komissarlığı tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğular edilmişdir. Daxil olan 04.05.2009-cu il tarixli 26/2-4112 nömrəli cavab məktubuna əsasən, N saylı hərbi hissə komandirinin əmr kitablarında onun dekabr N-ci tarixlərdə hərbi hissəyə qəbul edilməyi və mart 1993-cü il tarixdən sonrakı xidmətləri barədə heç bir məlumatın olmadığı bildirilmişdir. Əlavə olaraq, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təkrar edilmiş sorğulara alınmış 03.02.2011-ci il tarixli 10/2-347 nömrəli və 09.12.2011-ci il tarixli 10/2- 3503 nömrəli cavab məktublarında N saylı hərbi hissənin sənədlərində N-1993-cü il dövrünü əhatə edən şəxsi heyətin pul təminatının ödənilməsi cədvəlində onun adının olduğu bildirilsə də, “Qurtuluş” batalyonu komandirinin nizami hissə üzrə əmrlərinin arxivə daxil olmadığı üçün həmin hərbi hissədə xidmət keçməyinə dair məlumat verə bilməyəcəkləri qeyd edilmişdir. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş arayışlarda onun nə vaxtadək hərbi xidmət keçməsi və qanuni əsaslarla ehtiyata buraxılmağı təsdiq olunmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.07.2006-cı il tarixli 174 nömrəli qərarının icrası ilə əlaqədar, keçmiş Yasamal rayon hərbi komissarlığı tərəfindən “Müharibə veteranı” statusu 12.05.2009-cu il tarixli aktla ləğv edilmiş və bu barədə 18.05.2009-cu il tarixli məktubla Yasamal rayon Əhalinin sosial müdafiəsi mərkəzinə məktub göndərilmişdir. Odur ki, onun N saylı hərbi hissənin tərkibində xidmət keçməsini nəzərə alaraq, dublikat “müharibə veteranı” vəsiqəsinin verilməsi və statusun bərpa edilməsi məsələsinə yenidən baxılması üçün mövcud sənədlərlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etməsi tövsiyə olunmuşdur. Yasamal rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı ünvanlanmış 24 oktyabr 2011ci il tarixli 4/1762 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Hərbi Komissarının müvafiq göstərişinə əsasən “Müharibə veteranı” vəsiqəsi almış vətəndaşların sənədlərinin düzgünlüyünün yoxlanılması ilə əlaqədar yaradılmış komissiya tərəfindən sənədlərinə yenidən baxılmışdır. Bununla əlaqədar xidmət dövrünün dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinə sorğular göndərilmişdir. Arxivdən alınmış məlumatda xidmət etdiyi Qurtuluş batalyonunun sənədlərinin arxivə daxil olmadığı, digər məlumatda isə N saylı hərbi hissədə xidmət müddəti barədə məlumatın olmadığı bildirilmişdir. Bu məlumatlar onun göstərilən hərbi hissələrdə xidmət müddətini və qanuni əsaslarla ehtiyata buraxılması faktını təsdiq etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı 22.09.1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əsasnamə”nin və bu “Əsasnamə”nin Silahlı Qüvvələrdə tətbiqinə dair Müdafiə Nazirinin 4 saylı 06.01.1998-ci il tarixli əmri ilə təsdiq olunmuş “Təlimat”ın tələblərinə uyğun olaraq müəyyən edilir. “Təlimat”ın 1.6. bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmış (tərxis olunmuş) şəxslərə “Müharibə Veteranı” adı və vəsiqəsi onlara hərbi hissənin şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə komandirin əmrindən çıxarışlar əsasında verilir. Bu səbəbdən 05.10.1998-ci il tarixdə ona verilmiş M/V 024131 saylı “Müharibə Veteranı” vəsiqəsinin geri alınaraq, etibarsız hesab edilməsi qanuna uyğundur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 29 iyul 2020-ci il tarixli 9/2-79558 №-li arxiv arayışının surətindən müəyyən olunur ki, N №-li hərbi hissənin 01.12.N-30.05.1993-cü il tarixli "Qurtuluş" batalyonu üzrə "Pul paylama cədvəlləri qovluğunda” (əsas: səh-161, sıra-50, məlumatda atasının adı yazılmamışdır) yanvar 1993cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin dekabr N-mart 1993-cü İ tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Qurtuluş batalyonu komandirinin nizamı hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı ünvanladığı 17.11.2020-ci il tarixli Ə/4237 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.07.2006-cı il tarixli 174 nömrəli qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Hərbi Komissarının 15.08.2006-cı il tarixli 1968 nömrəli göstərişinə əsasən “Müharibə veteranı” vəsiqəsi verilmiş vətəndaşların əsasverici sənədlərinə yenidən baxılmış və təkrar araşdırma aparılmışdır. Belə ki, onun xidmət müddətinin dəqiqləşdirilməsi üçün keçmiş Yasamal rayon hərbi komissarlığı tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu edilmişdir. Alınmış 09.12.2011-ci il tarixli cavab məktubuna əsasən, onun yalnız N saylı hərbi hissənin (“Qurtuluş batalyonu”nun) N-1993-cü illəri əhatə edən “Pul paylama cədvəlləri” qovluğunda, həmçinin hərbi biletində “Qurtuluş batalyonu”nun tərkibində Ağdərə ərazisinin azad edilməsində iştirak etməsi qeyd olunsa da, ehtiyata buraxılmağı sənədlərdə öz təsdiqini tapmamışdır. Bu səbəbdən ona 05.10.1999-cu il tarixdə verilmiş M/V 024131 nömrəli “Müharibə veteranı” vəsiqəsi keçmiş Yasamal rayon hərbi komissarlığının 12.05.2009-cu il tarixli müvafiq aktına əsasən etibarsız sayılmış və imtiyazların dayandırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müfadiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə məktub göndərilmişdir. Əlavə olaraq, onun N-1993-cü illərdə N saylı hərbi hissədə xidmət keçdiyini nəzərə alaraq, “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi (bərpa edilməsi) üçün tələb olunan sənədlərlə aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməyi məqsədəuyğundur. Qeyd olunanlar barədə Xidmətin Aparatı tərəfindən ona 06.07.22020-ci il tarixli Ə/1889 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 14.08.2020-ci il tarixli 1/Ə-10584 №-li məktubunda qeyd olunmuşdur ki, Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlanmış ərizəyə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının 18.02.2020-ci il tarixli iclasında baxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Uzrə Dövlət Xidməti tərəfindən Komissiyaya təqdim edilmiş 'Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərə və Mərkəzi Arxivin 09 12 2011-cı ıl tarixli 10/2-3003 nömrəli arayışında verilməsi barədə məlumat aşkar edilmədiyinə gorə ‘Müharibə Veteranı" vəsiqəsinin dublikatının verilməsi mümkün deyil. İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 31.05.2021-ci il tarixli Ə/522 №li məktubda müraciətçiyə bildirilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 07 aprel 2006-cı il tarixli Qanununa əsasər əvvəllər “Müharibə veteranı” vəsiqəsi almış şəxslərin yenidən qeydiyyata alınması ilə əlaqədar onun xidmət müddətinin dəqiqləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivinə sorğu göndərilmişdir. Arxivdən alınmış sorğunun cavabında N saylı hərbi hissənin sənədlərində “Qurtuluş" batalyonunun yalnız pul təminatı ödənilməsi cədvəllərində adının olduğu barədə bildirilib. Hərbi hissənin nizami hissə üzrə əmrlərinin mövcud olmadığına görə xidməti və hərbi hissənin şəxsi heyətindən çıxarılmağı barədə ətraflı məlumat verilməmişdir. Qeyd olunanlar onun göstərilən hərbi hissədə xidmət müddətin və qanunu əsaslarla ehtiyata buraxılması faktını müəyyən etmir. Bu səbəbdən mövcud qanunvericilik aktlarının tələblərinə əsasən keçmiş Yasamal rayonu Hərbi Komissarlığında sənədlərinə yenidən baxılmış, xidmət müddəti barədə dəqiq məlumat olmadığına görə müharibə veteranı statusunun ləğv olunmasının qanuna uyğun olduğu hesab edilmişdir.“Müharibə veteranı" statusunun ləğv olunması barədə 2009-cu ildə Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 2020-ci ildə isə Dövlət sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazisi şöbəsinə müvafiq məlumat göndərilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli 9/2-4761 saylı cavab məktubunda göstərilmişdir ki, N №-li hərbi hissənin 01.12.N- 30.05.1993-cü il tarixli “Qurtuluş” batalyonu üzrə “Pul paylama cədvəlləri qovluğunda” (əsas: səh-161, sıra-50, məlumatda atasının adı yazılmamışdır) yanvar 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. “Qurtuluş" batalyonu üzrə “Pul paylama cədvəlləri qovluğunda” olan məlumatda "İddiaçı” həqiqi hərbi qulluqçu və ya könüllü olması barədə müvafiq qeydiyyat aparılmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 29.06.2021-ci il tarixli 1259 saylı cavab məktubuna əlavə olunmuş Bakı şəhər Yasamal rayon Hərbi Komissarının 12 may 2009-cu il tarixli aktından müəyyən olunur ki, Azərbaycan Respublikası Hərbi Komissarının 1968 saylı 15 avqust 2006-cı il tarixli göstərişinin tələblərinə müvafiq qaydada Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən verilmiş vəsiqələrin verilməsinin düzgünlüyünü yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi arxivinə aparılmış sorğuların cavablarına əsasən aşağıda adları göstərilən, qanuni əsaslarla ehtiyata buraxılması faktı təsdiq olunmayan şəxslərin “Müharibə veteranı” vəsiqələrinin geri alınması və nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququnun ləğv edilməsini müəyyən etmişdir: İddiaçı Mayil oğlu (vəsiqə M/V 024131). Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün ordudan qanuni əsaslarla ehtiyata buraxılmasını sübut edən sənədlərə malik deyil. Bu səbəbdən də iddia sübüta yetirilmiş sayıla bilməz. İddia tələbininin əsaslarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir. Ona görə də iddia tələbi əsaslı hesab edilərək təmin edilə bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar