Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2511/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X9 (Salyan rayonunda qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 3155/2908 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun onun mərhum anası Zakiyeva X2 məxsus olması barədə arayışın (çıxarışın) onun qanun üzrə vərəsəsinə - iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X7 və İstismarı Birliyinin xx.xx.1992-ci il tarixli, 14156 nömrəli müqaviləsi ilə iddiaçının anası Zakiyeva X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 3155/2908 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan həmin bağ sahəsindən istifadə edirlər. İddiaçının anası xx.xx.2017-ci ildə vəfat etmişdir, anasının vəfatından sonra həmin bağ sahəsindən iddiaçı istifadə edir, bağ sahəsinə sahiblik edir. Hal-hazırda iddiaçı anasına məxsus bağ sahəsini özəlləşdirmək istəyir. Bununla bağlı iddiaçı Bakı şəhəri 4 saylı ASAN Xidmət Mərkəzində notariat ofisinə müraciət etmiş, orada iddiaçı anasının vərəsəsi tanınmışdır. Notariat kontoru tərəfindən cavabdehə müraciət edilərək miras əmlak toplusuna daxil olan bağ sahəsinə çıxarışın verilməsi xahiş edilmiş, lakin cavabdeh müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi 2909 nömrəli bağın ərazisinə uyğundur. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi X10 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X17 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı zamanı dinlənilmiş şahid X5 ifadəsində göstərmişdir ki, o, bağlar təsərrüfatı idarəsində mühəndis, sonradan isə sahə rəisi işləmişdir.Bağ sahələri paylananda xəritə köhnə idi, daha sonra xəritə təzələndi, vətəndaşlar müraciət edərək müqavilələrini təzələdilər. Sadəcə hazırki iddiaçı müraciət etməmişdir. Yeni xəritədə səhvlər vardır. Hal-hazırda bağların nömrələrində yalnız uyğunsuzluq ola bilər, bağ sahələrinin üst-üstə düşməsi kimi hal yoxdur. Xəritənin əsli cavabdeh orqandadır, surəti isə onda da vardır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, təqdim edilmiş sənədləri və şahid ifadələri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlər əsasında aşagıdakılar müəyyən edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının Babayeva (Zəkiyeva) X13 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 3155/2908 nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından göstərilən torpaq sahəsinin yerinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, yəni torpaq sahəsinin 2909 saylı bağın ərazisinə uyğun olması əsası ilə imtina edilmişdir; 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2017-ci ildə ölmüş anası X1 adına vərəsəlik işi açılmışdır. Mərhum Babayeva (Zakiyeva) X16 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən daşınmaz əmlak barədə dövlət reyestrindən çıxarışın notariat ofisinə göndərilməsi xahiş edilmişdir; Cavabdehin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş cavabdehin arxivində mövcud olan xx.xx.1992-ci il tarixli 14156 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 3155/2908 nömrəli bağ sahəsi keçmiş X7 və İstismarı Birliyi ilə Zakiyeva (Babayeva) X16 icarəyə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciət ərizəsinin təmin edilməməsi üçün əsas olmuş halların araşdırılması ilə bağlı toplanmış sənədlər – inzibati icraat materialları kimi imtina məktubunun, daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktının, torpaq sahəsinin koordinatlarının, iddiaçının ərizəsinin, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 886 nömrəli cavabdehə ünvanlanmış məktubunun, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun, bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli, 14156 №li müqavilənin, bağın cizgi planının, iddiaçının nümayəndəsinin şəxsiyyət vəsiqəsinin və etibarnaməsinin surətləri təqdim edilmişdir.Eyni zamanda cavabdehin həmin məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsindəki 0,1174 hektar torpaq sahəsi olan 1209 saylı bağ sahəsi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat kontorunda qeydə alınmış 4Ə-1747 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci ildə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 2907 və 2910 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Ləhiş bağ massivində yerləşən 2909 nömrəli bağ sahəsinə dair B.Axundov ilə bağlanmış müqavilənin, sxemin, 3155/2908 nömrəli bağ sahəsinə dair X19 ilə bağlanmış müqavilənin, sxemin, 2908 nömrəli bağ sahəsinin X6 və X11 adına mülkiyyət hüququ ilə qeydə alınması haqqında çıxarışın,həmin bağla əlaqədar torpaq sahəsinin planının, miras payın bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin,torpaq sahəsinin planı və cizgisinin surətləri təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 3155/2908 nömrəli bağ sahəsi keçmiş X7 və İstismarı Birliyi ilə Zakiyeva (Babayeva) X20 arasında bağlanmış icarə müqaviləsi əsasında sonuncuya məxsus olmuşdur, həmin şəxs xx.xx.2017-ci ildə vəfat etmişdir, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir.Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 3155/2908 nömrəli bağ sahəsinə dair ölmüş adamın adına çıxarış verilməsi xahiş edilmişdir. Lakin nə notariusun, nə də iddiaçının həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrininxitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. “Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur. (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri) İşin faktiki hallarından göründüyü kimi iddiaçının qanun üzrə vərəsəsi olduğu X3 vəfat edənə qədər qanuni əsaslarla keçmiş X12 və İstismarı Birliyi ilə bağlanmış icarə müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən sahəsi 0,25 ha olan 3155/2908 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etmiş, lakin həmin hüququ təsdiq edən çıxarış almadan ölmüşdür, odur ki, yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs X2 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur. İddiaçı ona məxsus olan hüququn həyata keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının yazılı müraciətinə inzibati icraatında baxmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1.-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda və daha sonra məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında göstərilən dəlillər və əsaslar məhz inzibati icraat zamanı topladığı sənədlərə, sübutlara əsaslanmalıdır. Cavabdehin etirazında və imtina məktubunda iddiaçıya məxsus torpaq sahəsinin yerinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, torpaq sahəsinin 2909 saylı bağın ərazisinə uyğun gəlməsi barədə bildirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, əvvəla cavabdeh həqiqətən də uyğunsuzluğun olması barədə heç bir mötəbər sübutu - həm 2909 nömrəli, həm də 3155/2908 nömrəli bağ sahələrinin yerləşdiyi sahələrin koordinatlarının üst-üstə düşməsi barədə sübutu, ümumiyyətlə 2909 nömrəli bağ sahəsinin koordinatları barədə sənədi məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçının ərizəsi üzrə aparılmış və imtina üçün əsas olmuş halların əks olunduğu inzibati icraat materialları məhkəmə tərəfindən cavabdehdən tələb edilmiş və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında yenə də iddiaçının anasına məxsus olmuş 3155/2908 nömrəli bağ sahəsinin həqiqətən də başqa bir, bu halda isə 2909 nömrəli bağ sahəsi ilə üst-üstə düşməsi barədə məlumat aşkar edilmədi. Belə ki, 3155/2908 nömrəli bağın koordinatları müəyyən edilsə də 2909 nömrəli bağın koordinatları inzibati icraat materiallarında mövcud deyildir və hər iki bağın koordinatlarının üst-üstə düşməsi müəyyən edilmir. Bundan başqa qeyd edilməlidir ki, qanunvericiliklə dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1. –ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilmiş halların mövcud olması işə baxılan zaman müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 3155/2908 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun İddiaçı mərhum anası X2 məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 3155/2908 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun İddiaçı mərhum anası X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2511/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2511/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver