Məhkəmə qərarları › İş №2-1(112)-2514/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2514/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2514/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı «paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus avtomobilin qeydiyyata alınması və qeydiyyat şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı «paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus avtomobilin qeydiyyata alınması və qeydiyyat şəhadətnaməsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçının əri X1 2 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra **-FP-*** dövlət nömrə nişanlı “Opel Astra” minik markalı avtomobil mərhumdan miras qalmışdır. İddiaçı mirası rəsmi qəbul etmək üçün 12 saylı Notariat Ofisinə müraciət etmiş və 14 iyun 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən iddiaçı və övladları X3, X2 həmin əmlakdan 1/3 hissədə irs almışlar. Bundan sonra iddiaçı həmin şəhadətnaməni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə təqdim edərək, həmin avtomobilə dair onlara nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini verilməsini xahiş etmişdir. Cavabdeh 6 sentyabr 2021-ci il tarixli məktubla onun müraciətində qaldırılan məsələnin həllindən imtina etmişdir. İmtinaya əsas kimi isə qanunvericilikdə qeydiyyat şəhadətnaməsində vəfat etmiş şəxsin vərəsələrinin adlarının qeyd olunmasının nəzərdə tutulmaması göstərilmişdir. Göründüyü kimi, cavabdeh bir dövlət orqanı kimi qeyd edilən nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılmasına borclu olduğu halda onun bu barədə müraciətindən imtina etmişdir. “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə Təlimat”ın 5.2-ci bəndinə əsasən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ya çıxdaş edilməsi ilə əlaqədar olaraq uçotdan çıxarılması işi, bu Təlimatın 2.15 və 2.16-ci bəndlərində göstərilən məhdudiyyət və qadağalar olmadıqda görülə bilər. Həmin təlimatın 5.3-cü maddəsinə əsasən “Əsasnamə”nin 5.1-ci bəndini 3-cü hissəsindən nəzərdə tutulmuş hal istisna olmaqla, nəqliyyat vasitələri uçotdan çıxarıldıqda dövlət qeydiyyat nişanları təhvil alınır və “tranzit” nişanları verilir. Bu zaman nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin iç tərəfində “Nəqliyyat vasitəsi hesabdan çıxarılıbdır” qrafasında uçotdan çıxarılmanın səbəbləri (nəqliyyat vasitəsinin sahibinin yaşayış yerinin dəyişməsi, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallar, komisyon mağaza vasitəsilə satılması, alqı-satqı, dəyişmə, bağışlama, vərəsəlik və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla əlaqədar başqa şəxsin mülkiyyətinə keçirilməsi, nizamnamə fonduna pay şəklində verilməsi, dövlət və digər orqanların mülkiyyətinə keçirilməsi və sair) qısa şəkildə qeyd edilir, dövlət qeydiyyat nişanlarının təhvil alınması, verilmiş “tranzit nişanlarının seriyası və nömrəsi, qeydiyyat məntəqəsinin adi, uçotdan çıxarılma tarixi göstərilir və uçotdan çıxarılma barədə qərar qəbul etmiş vəzifəli şəxs tərəfindən imzalanaraq qeydiyyat məntəqəsinin möhürü ilə təsdiq olunur. Göstərilənlərə və İPM-in 2.2.3, 34.1-ci maddələrinə əsaslanaraq, **-FP-*** dövlət nömrə nişanlı “Opel Astra” minik markalı avtomobilə iddiaçının paylı mülkiyyət hüququnun dövlət qeydiyyatı üzrə uçota alınması və bu barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı Həsənalı qızı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə bu Əsasnamə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa, “«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması qaydalarını müəyyən edir. Əsasnamənin 1.3-cü bəndinin ikinci hossəsinə görə nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Əsasnamənin 2.1-ci bəndinə görə vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur. Əsasnamənin 2.9-cu bəndinə görə nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: - qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr. Əsasnamənin 4.1-ci bəndinə görə aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır: 1) fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə; 2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə; 3) sahibinin soyadı, adı, atasının adı dəyişildikdə; 4) avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə. Əsasnamənin 4.7-ci bəndinin (dəyişikliklər edilməsi və rəsmiləşdirilmə qaydası) 6-cı hissəsinə görə əgər bağışlama müqaviləsində, yaxud vərəsəlik hüququ şəhadətnaməsində bir neçə şəxs göstərilmişdirsə, bağışlanmış, yaxud vərəsəliyə görə alınmış nəqliyyat vasitəsi mülkiyyətçilərin hamısının yazılı razılığı ilə onlardan birinin adına qeydə alınır. Göründüyü kimi müvafiq normativ hüquqi aktın tələblərinə görə nəqliyyat vasitəsinin sahibinin dəyişdiyi təqdirdə, onun təkrar qeydiyyata alınmasını, eləcə də ümumi mülkiyyətdə olan nəqliyyat vasitəsinin mülkiyyətçilərdən birinin adına qeydə alınmasını nəzərdə tutur. Lakin mərhumun sahibliyində olmuş nəqliyyat vasitəsinin təkrar qeydə alınmasını vərəsəlik hüququ haqqında şəhadətnamədə bir neçə şəxsin adının göstərildiyi halda, onların hamısının razılığı ilə birinin adına qeydə alınması mümkündür. Hazılrkı işin hallarına görə iddiaçının mərhim ərinin sahibliində olmuş və miras qalmış avtomobilə dair vərəsəlik hüququ haqqında şəhadətnamədə iddiaçıdan başqa adları göstərilən digər iki şəxsin razılığı mövcud deyil. Belə olan halda, məhkəmə hesab edir ki, həmin avtomobil nə təkcə iddiaçının adına, nə də başqa vəırəsələrlə birlikdə paylı mülkiyyət kimi qeydə alına bilməz. Odur ki, cavabdehin imtinası qanuna zidd sayılmamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçının tələbi əsassızdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı «paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus avtomobilin qeydiyyata alınması və qeydiyyat şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı «paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus avtomobilin qeydiyyata alınması və qeydiyyat şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar